adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Aprel 2021 12:52
38342
ƏDƏBİYYAT
A- A+

 Mənalı ömür yolu

Hər zaman  milli qəhramanlarla yanaşı, həm də müdrik tarixi şəxsiyyətlər, yazıçılar, alimlər, din xadimləri, vətənpərvərlər oğullar yetişdirib Azərbaycan. Hər bir xalqın tarixində elə görkəmli simalar olmuşdur ki, zaman ötdükcə onların gördüyü iş, xalq üçün, hətta bir çox millətlər üçün iftixar hissi yaradıb. Xalqımızın belə parlaq ziyalılarından biri - Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Qoca oğlu Sadıqovdur.

T. Sadıqov 13 fevral 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1997 -1999 – cu illərdə Misir Ərəb Respublikasının əl- Əzhər Universitetində təhsil almışdır. 2002- ci ildə BDU-nin Şərqşünaslıq fakultəsinin ərəb filologiyası şöbəsinin  bakalavr, 2004-cü ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmiş və  BDU –nin Fəxri fərmanı ilə təltif olunmuşdur.

Gənc alim ərəb və yəhudi dillərinin qarşılıqlı əlaqələrinin müxtəlif sahələri üzrə 20 – dən çox elmi tezis və məqalənin müəllifidir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent T. Sadıqovun ilk elmi işi “ Ərəb və ibri dillərində müəyyənlik və qeyri –müəyyənlik kateqoriyalarının müqayisəli təhlili” mövzusunda dissertasiyasi olmuşdur.

... Ta qədimdən insanlar həmişə dünyanın, yerin və insanların necə yaranması haqqında məlumat əldə etmək istəmişlər. Bu anlayışlar Allah –Təala tərəfindən peyğəmbərlərə müqəddəs kitablar nazil etməklə öyrədilmiş və bütün xalqlara, millətlərə çatdırılmışdır. “Ya Məhəmməd ! O kəslər ki, Sənə, göndərilənlərə ( Tövrata, Zəbura, İncilə və s. ) iman gətirir və axirətə inanırlar, onlar Rəbbiləri tərəfindən doğru yola yönəldilənlər və nicat çatanlardır.           “( Quran, Əl- Bəqərə surəsi, 4-5 – ci ayələr).

Doğurdan da Peyğəmbərimiz Məhəmməd əleyhissəlam Quranı Kərimdə yəhudi və xristian dinlərinin, ilahiyyat kitablarının və onların müqəddəs simalarının adlarını dəfələrlə çəkməklə, müsəlmanların Onlara münasibəti barədə gələcəkdə yarana biləcək bütün mübahisələrinə cavab vermişdir.   

Dil və din hər bir millətin, xalqın varlığı olmuşdur.

İslam inancına əsasən 4 səmavi kitab vardır : Zəbur, Tövrat, İncil və Qurani-Kərim.

Azərbaycan dilində müqəddəs “Qurani- Kərim”i, “İncil”i oxusam da “Tövrat”ı oxuya bilməmişdim. Bu yaxınlarda Teymur Sadıqovun orijinaldan tərcümə etdiyi  nəfis formada nəşr olunmuş “Tövrat”ı əldə etdim. “Tövrat” indiyə kimi orijinal mətni ilə müqayisəli şəkildə tərcüməsi mövcud olmayıb. Akademik səviyyədə yerinə yetirilən bu tərcümədən sonra Azərbaycan şərqşünaslıq elmində yeni müqayisəli mövzular üzrə tədqiqat işləri davam etdiriləcək.

T. Sadıqov tanınmış elm adamı olmaqla bərabər  həm də dərin ədəbiyyat, incəsənət, folklor, tarix, müxtəlif xalqların adət-ənənəsini bilən xiridar, gözəl tədqiqarçı-alimdir .  

 Kitaba “Ön söz”ü BDU-nun Şərqşünaslıq fakultəsinin müəllimi, professor Nəsrulla Məmmədov və mərhum akademik Vasim Məmmədəliyev yazmışdır. Yeni nəşrin məsləhətçisi Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının ravini Avraam Yakubovdur.

Teymur Sadıqov dedi:  “Tövrat” dünyanın bir çox dillərinə tərcümə olunub. Lakin Azərbaycan dilində “Tövrat”ın ibri dilində orijinal mətni ilə müqayisəli şəkildə tərcüməsi mövcud deyildi. Hesab edirəm ki, bu tərcümədən sonra istər şərqşqnaslıq elmində, istərsə də Yəhidi tarixindən yenu-yeni elmi-tədqiqat işləri meydana çıxacaqdır.”

T. Sadıqov  bu müqəddəs “Tövrat” ın tərcüməsinə beş il çalışıb. Teymurun dediyinə görə tərcümə zamanı bir çox çətinliklərə baxmayaraq,  ibri, türk, ingilis, ərəb və rus dillərini mükəmməl bilməsi ona yəhudi dilinə aid təfsirlərə, şərhlərə və bu mövzu ilə bağlı əsərlərə müraciət etməsi bu çətinlikləri aradan qaldırıb. Əlbəttə, bu işdə yəhudi alimlərinin, ravinlərinin və müdriklərin də tövsiyələri əsas tutulmuşdur.

Bir çox yerlərdə olduğu kimi Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında da kitabın təqdimatı keçirilib. Tədbirdə AMEA Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, professor Qəzənfər Paşayev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər xanım Cavadlı Azərbaycanda tarixən mövcud olmuş tolerantlıq ənənələrindən və multikultural dəyərlərdən söz açıb, “ Tövrat”ın tərcüməsinin bu dəyərlərə böyük löhfə olduğunu bildiriblər və eyni zamanda “Tövrat”ın tərcümə layihəsini yüksək qiymətləndiriblər.

 Kitab MEK-in Nadir kitab fonduna yerləşdirilib.

Tövratın tərcüməsi və nəşri geniş oxucu kütləsinə, tələbələrə, ruhanilərə faydalı olacaqdır. Bu mənada Azərbaycan oxucusunun, dindar və mömin qardaşlarımızın faydalı və mənəvi zənginliyinin artması üçün maraq kəsb eləmişsə, gənc alim Teymur Sadıqova minnətdar olmalıdır. Onun tərcüməçilik fəaliyyəti təkcə azərbaycanda deyil, bir çox xarici ölkələrdə də yüksək qiymətləndirilir. O, tərcümə məsələləri ilə bağlı müşavirələrdə və yaradıcılıq tədbirlərində tez-tez iştirak edir.

Hər hansı bir dili, onun rəng və çalarlarını yaxşı bilmədən səslərin uyarlığını, sözlərin müxtəlif mənalarını yerinə görə işlətməyə nail olmaq mümkün deyil. Teymur müəllim müqəddəs “Tövrat” dilini – ibrit dilini mükəmməl bilir və bu xəzinədən məharətlə istifadə edir. O, bu dili mükəmməl bilməsəydi onun tərcümələri bu qədər sevilməzdi. Bu tərcümələrdə milli keyfiyyətlər itirilmir  və tərcümədə yaxşı alınır. T. Sadıqov həm də bir çox publisistika, elmi-nəzəri və monoqrafiyalarının da tərcüməçisi olmuşdur. 

Teymur Sadıqovun « Сопоставлене определенного артикля, слитных местоимений с именами и предлогами, а также употребление имен в сопряженной конструкции в арабском языке и в иврите»  kitabı 2017- ci ildə Gürcüstan Elmlər Akademiyasında nəşr olunub və Gürcüstan Elmlər Akademiyası tərəfindən tanınıb.  Akademiyanın rektoru, akademik Lamara Qiorqaşvili, rəyçilər -  akademik Ketevan Baxtadze, akademik Nelli Cafıdze və başqaları gənc azərbaycan aliminin bu dəyərli əsərini yüksək qiymətləndiriblər.

2015 ci ildə Teymur Sadıqovun ilk elmi əsəri AMEA –nın fəxri üzvi akademik Vasim Məmmədəliyevin redaktorluğu ilə “ Ərəb və ibri dillərində müəyyənlik və qeyri-müəyyənlik kateqoriyalarının qarşılıqlı əlaqələri” adlı kitabı  olmuşdur.

Dünyanı heyrətə salan 44 günlük müharibədə möhtəşəm qələbə çaldıq. Düşmən bundan sonra heç də aranı gərginləşdirib arxayınlaşmasın, bundan sonra daha heç kimdən qorxmuruq, çünki gücümüz də, güclü siyasətimiz də, güclü silahımız da, güclü iqtisadiyyatımız da, hələ desəm güclü qardaşlarımız da, güclü dostlarımız da var.

Azərbaycan tarix boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə  olmadan yaşadığı məmləkətdir. Uzun əsrlər boyu azərbaycanlılar və yəhudilər yaşadığı bu müddətdə Azərbaycan xalqı ilə o qədər assimilyasiya olmuşlar ki, bu gün onları ayırmaq çətindir. Həmin müddətdə hətta qohumluq əlaqələri yaradılmış, bir-birlərinə qız verib, qız almışlar. Yəhudi xalqı Azərbaycan dövlətinin tarixi proseslərdə yaxından iştirak etmiş, Qarabağ müharibəsində şəhid də vermişdir. Milli Qəhraman Albert Aqarunov kimi.

Qürur verici bir haldır ki, çıxışlarının birində  M. Yevdayev deyib: “Azərbaycanlılarla yəhudiləri peyğəmbərlər atası İbrahim peyğəmbər qardaş edib. Biz dünyanın hər yerində həm də azərbaycanlıyıq. Hansı dövlətdə oluruqsa-olaq, soruşanda ki, haralısan, azərbaycanlı deyəcəyik, özü də təmiz, səlis Azərbaycan dilində.”

 Quba dünyada yəhudilərin kompakt yaşadığı ikinci ən böyük yaşayış məskənidir. Elə təsadüfi deyil ki, “Tövrat”ın Azərbaycan dilində tərcüməsində yəhudi elm adamları, eləcə də yəhudi din xadimlər gənc alim T. Sadıqova məsləhətlər vermiş, kitabın təqdimatı ilə əlaqədar tədbirdə çıxış etmişlər. 

Gənc alim həm də nəcib, sadə, mənəvi-əxlaqi keyfiyyətləri özündə çəmləşdirən şəxsiyyətdir.

Teymur müəllimin amacı müqəddəs dini dəyərlərə, müqəddəs kitablara sevgi və rəğbət hissi aşılamaqdan ibarətdir.

T. Sadıqov şərqşünaslıq elmində gənc olmasına baxmayaraq tanınmış  bir şəxsdir və arzulayaq ki, bu tanınmış şəxs daha gözəl günlər, aylar, illər yaşayaraq yazıb yaratsın və azərbaycan elminə yeni-yeni uğurlar gətirsin.

Bu günlərdə eşitdim ki, gənc alim “Peyğəmbərlər” kitabı üzərində çalışır. Bi işdə ona uğur, can sağlığı və yeni-yeni elmi yaradıcılıq nailiyyətləri arzulayırıq.

                                   

Sabir Nemətzadə,

AYB -nin, AJB-nin üzvü

Prezident mükafatçısı