Rəmişin ölümü, Gülü və mənəvi antisanitariya - Eminqueyyazır

EMİNQUEY AKİF
81993 | 2021-04-06 12:37

O gün biri yazmışdı ki, Rəmişi o qədər öldürdülər, adam düz-əməlli kədərlənə də bilmir. Bu söz lap sümüyümə işlədi. Necə yəni kədərlənə bilmir? Ölüm elə bir ağır xəbərdi ki, bunun harasından da nə götürsən, yüngülləşmir. Necə ola bilər ki, insanlar bu qədər ruhsuzlaşsınlar? 

Rəmiş kotançı Əhməd, pampıqçı Gülnaz, çilingər Rasim deyildi ki, onun ölümü də sırada olsun. Rəmiş idi o. Gitaranı Ciminin əlindən alıb azərbaycanlıya bəxş edən. Məsələn, Amerikanın Mayk Ceksonu öldü, ölənə kimi xeyli saxta ölüm xəbəri yayıldı, ölümü ətrafında xeyli söz-söhbət dolaşdı. İndiyə kimi Səddam Hüseynin sağ olmasını iddia edənlər var. Hələ də Hüseyn Dəryanın basdırılarkən sağ olduğu iddia olunur. Aktrisa Gülşən Qurbanovanın ölümü barədə bəs qədər dedi-qodu yayıldı. 

Yəni bir insan ölkə çapında dəyərli biridirsə, onun ölüm xəbəri belə də olmalıdır. Nə Hüseyn Dəryadan bir damla apara bildi o ölüm dedi-qoduları, nə Gülşəb Qurbanovada, nə də Ceksondan. İndi Rəmişdən aparacaq? 

Rəmiş mənim uşaqlıq illərimin kumiridir. Atam məhz onun sayəsində gitaranı sevmişdi, ifa etməyi öyrənmişdi. Mən də atama baxa-baxa barmaqlarından götürmüşdüm ifa etməyi. Atamla mən Rəmişin barmaqlarında birləşirdik. 

Rəmiş o bayağı çadırların, bayağı toyların ən təbii, ən səmimi, ən təmiz hissəsi, parçası idi. Mən roka da qulaq assam, popa da qulaq assam, rep də dinləsəm, bir gün gəlib Rəmişin barmaqlarında dincimi almışam. Bu gün atam üçün darıxıram, açıb Rəmişin ifalarını dinləyirəm. Yəni onun yeri əzizdir. 

Həyat tərzi haqqında elə ağız dolusu ağız büzürlər ki, guya hamısı idealdı, bir nöqsanları yoxdu, saflıq mücəssiməsidirlər. Allah Rəmişdən aldığı oğlunun, normal olmayan həyat tərzinin, Ağdamın, ağrıların müqabilində qızıl barmaqlar, xalq sevgisi bəxş etmişdi. Siz elə bilirsiniz ki, bu qədər şeyi itkisi qazanmaq mümkündür? 

Bir yazısı ilə xalqı ayağa qaldıra bilməyən adamlar Rəmiş haqqında "sənəti haqqında çox da yüksək fikirdə deyiləm" kimi cümlələr qururlar. Mən ölüm, bu eqonun mənbəyini hardan alırsınız və mənsəbi hardadı? Deyin, qidalanaq da. 

Gitaranı Ciminin əlindən alıb azərbaycanlılaşdıran, sevdirən, o vaxtkı nəslin evinə piano ilə yanaşı bir gitara da saldıran adam haqqında 21-ci əsrdə oturub danışmaq çox rahatdır. Əlində bu qədər resurs ola-ola çıx da öz sənətinlə geniş arenaya. Təsəllin var, guya dəhşət səviyyəli işlə məşğulsan, xalq başa düşmür. Mahiyyətcə kimin kim olduğu tez aydın olur. Rəmişi arvadı Gülüylə vurmaq, Gülünü qınamaq (guya), elə Rəmişə çamur atmaq kimi şeydir. 

Birinin şalvarı cırıq olar, heç kim görməz bəlkə də, sən adam içində "şalvarın cırıqdı" deyib guya məsləhət verməyə çalışarsan, amma artıq hamı bilər onun şalvarının cırıq olduğunu. Rəmişin üstünə Gülü ilə gəlmək də eynən bunun kimi bir şeydir. Guya Rəmişin adının qeydinə qalırlar. 

Rəmiş həyatını istədiyi kimi yaşayıb. Allah da onu necə sevirmişsə, əvəzində Gülünü hədiyyə edib. Gülünü bir-iki söhbətlə kənara tullamaq olmaz axı. Üstəgəl, sizə nə? Mütəfəkkirliyiniz Gülüyə qalıb? 

Koronavirus sizə təkcə fiziki təmizliyi öyrədə bilib, amma mənən yenə də antisanitariya içindəsiniz...

TƏQVİM / ARXİV