adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Fevral 2021 14:21
56668
MÜSAHİBƏ
A- A+

“Bütün neqativ halların qarşısını almaq üçün dövlət-cəmiyyət həmyərliyi olduqca labüddür” - MÜSAHİBƏ

Müsahibimiz deputat Könül Nurullayevadır.

 

- Könül xanım, hər bir dövlətin, cəmiyyətin formalaşmasında ailə institutu böyük əhəmiyyət kəsb edir. Təsadüfi deməyiblər ki, ailə özü bir dövlətdir. Bu səbəbdən dövlətimizin həyata keçirdiyi tədbirlər sırasında ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi xüsusi əhəmiyyətə malik məsələlər sırasında yer alır. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü kimi ölkəmizdə bu istiqamətdə həyata keçirilən siyasəti necə qiymətləndirirsiniz?

- Azərbaycanda mənəvi dəyərlərə sadiq, sağlam təməl üzərində qurulan ailə institutu formalaşıb. Əsrlər boyu Azərbaycan ailələri milli-mənəvi dəyərlərin daşıyıcısı olub. Bu gün də dövlət səviyyəsində ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Bu gün Azərbaycanda qadın və uşaq hüquqları ölkə başçısının sərəncamları ilə təsdiq edilən dövlət proqramları, konsepsiyalar vasitəsilə təmin olunur. Ailə institutunun daha da gücləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadın və uşaqların hüquqlarının müdafiəsi üçün ölkəmizdə geniş imkanlar var.

- Azərbaycan qadını cəmiyyətdə, ölkənin ictimai-siyasi həyatında, dövlət idarəçiliyində aktiv təmsil olunur. Bu fəaliyyət fonunda dövlət qadın siyasətinin xüsusiyyətlərini necə xarakterizə edərdiniz?

- Ölkəmizdə həyata keçirilən uğurlu qadın siyasətinin nəticəsidir ki, qadınlarımız sərbəst təhsil alır, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Səhiyyə, elm, idman, demək olar ki, bütün sahələrdə uğura imza atan qadınlarımızın sayı ilbəil artır. Yeri gəlmişkən, ISESKO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də keçirilən videokonfransda da Birinci Vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan qadınlarının uğurlarından danışdı. Bütün sahələrdə olduğu kimi, qadınların elm və təhsildə rolu, eyni zamanda təhsil sahəsində gender bərabərliyinin təmin olunması sahəsində Azərbaycan əsl nümunə sərgiləyir. Cəmiyyətimizdə qadınların savadlılıq səviyyəsinə dair statistikaya nəzər salmaq kifayətdir. Belə ki, dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizini qızlar təşkil edirsə, ölkəmizdə bu rəqəm 40 faizdir. Bu, çox ciddi göstəricidir, Azərbaycan qadınının intellektinin ilbəil artması deməkdir. Beynəlxalq platformalarda da səsləndirildiyi kimi, qadınların, xüsusilə təhsil və elmdə üstünlüklərə malik olması bəşəri problemlərin həlli üçün vacibdir.

Bu gün Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edirlər. Təsadüfi deyil ki, bu gün Azərbaycanın Birinci Vitse-prezidenti, eyni zamanda bir sıra icra hakimiyyəti başçılarının müavinləri qadındır. Bununla yanaşı, Milli Məclisdə spiker başda olmaqla 22 qadın millət vəkili təmsil olunur. Yəni, bütün sahələrdə, o cümlədən dövlət idarəçiliyində qadınların mühüm rol oynaması Azərbaycanda dövlət olaraq uğurlu qadın siyasəti ilə şərtlənir.

- Təmsil olunduğunuz komitədə ailədaxili münaqişələr, boşanmalar, intihar hadisələri ilə bağlı müzakirələr keçirilirmi? Bu problemlərin həlli istiqamətində Sizin öz baxışınız, təklifləriniz varmı?

- Hazırda Azərbaycanda iki milyon yüz mindən çox ailə var. Sadaladığınız neqativ hallar əslində bütün cəmiyyətlərdə mövcuddur. Boşanmalar, məişət zorakılığı, azyaşlı qızların erkən nikaha cəlb olunması və s. Əsas məsələ bu problemlərin həlli və onların qarşısının alınması istiqamətində intensiv tədbirlərin görülməsidir. Bu mənada Parlamentin də müvafiq komitəsində geniş müzakirələr aparılır, qanunvericilik sahəsində təkmilləşdirilmə müşahidə olunur. MM-in Ailə, qadın və uşaq məsələləri komitəsi olaraq aktual məsələləri, bu sahədə mövcud olan boşluqları və narahatedici məqamları diqqətdə saxlayırıq. Ailədə meydana çıxan çətinliklərin vaxtında üzə çıxarılması, böhranlı mərhələlərdə düzgün qərarların qəbul olunması olduqca vacibdir. Son vaxtlar, xüsusilə COVID-19 pandemiyasının bütün dünyada ailədaxili münasibətlərə də birbaşa təsir etdiyini müşahidə edirik. Konkret olaraq, Azərbaycana gəlincə, müvafiq dövlət qurumları, o cümlədən Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək mərkəzləri, qeyri-hökumət təşkilatları ailədaxili problemlərin həlli istiqamətində tədbirlər görür. Xüsusilə məişət zorakılığının qarşısının alınması istiqamətində vətəndaş cəmiyyəti ilə birgə əməkdaşlıq səmərəli hesab olunur. Əlbəttə ki, ailələrin sosial-psixoloji durumunun yaxşılaşdırılması sahəsində maarifləndirmə də olduqca vacibdir. Yəni, bütün neqativ halların qarşısını almaq üçün dövlət-cəmiyyət həmyərliyi olduqca labüddür.

Ailənin güzgüsü uşaqdır. Dövlətimiz hər zaman uşaq problemlərinə, onların sosial müdafiələrinə xüsusi diqqət ayırır. Ölkəmizdə uşaq hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazası hansı səviyyədədir?

- Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biri də uşaqların təhlükəsiz və etibarlı gələcəyinin təmin edilməsidir. Ölkəmizdə uşaq hüquqları tam şəkildə qorunur. “Uşaq hüquqları haqqında” Qanun çərçivəsində milli qanunvericilik və normativ-hüquqi aktların təkmilləşdirilməsi dövlətin məsələyə həssas yanaşmasının göstəricisidir. Uşaqların müdafiəsi istər milli, istərsə də beynəlxalq səviyyədə hər zaman Azərbaycan dövləti üçün prioritet olub. Ölkə qanunvericiliyinə uyğun olaraq hər bir uşağın ailədə yaşamaq və böyümək hüququna zəmanət verilir. Bəzi hallarda ailə mühitindən məhrum olan azyaşlıların sosial müdafiəsini təmin etmək istiqamətində də dövlət kompleks tədbirlər həyata keçirir. Uşaq hüquqlarının qorunması istiqamətində Heydər Əliyev Fondunun və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolunu xüsusi qeyd etməliyik. Uşaqların hərtərəfli inkişafı, onların sosial qayğılarının həlli, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində xidmətlər göstərilir, uşaqların sağlamlığının qorunması, onların layiqli vətəndaş kimi yetişmələrinə təkan verən çoxsaylı proqramlar icra edilir.

- Bir ildən artıqdır ki, deputat mandatı daşıyırsınız. Mütəmadi olaraq seçicilərinizlə görüşləriniz mətbuatda yer alır. Çox güman ki, bu görüşlərə gələn insanların müəyyən problemləri olur. Seçiciləriniz əsasən Sizə hansı problemlərlə üz tuturlar? Bu problemlərin həlli nə kimi çətinliklər yaradır?

- Bəli, seçicilərimlə görüş, onların qayğı və problemlərinin həlli hər zaman diqqətdə saxlanılır. Mən Prezident İlham Əliyevin 6-cı çağırış parlamentinin ilk iclasında deputatlara tövsiyəsini xatırlatmaq istəyirəm. Cənab prezident ilk növbədə deputatlara dairələrdə fəal olmağı, seçicilərlə daim təmasda olmağı tövsiyə etdi. Bu çıxış əslində bizim üçün, xüsusilə yeni seçilmiş millət vəkilləri üçün yol xəritəsi idi. Həqiqətən də millət vəkili öz fəaliyyətini ilk növbədə seçiciləri ilə qurmalı, parlamentdə seçicilərinin səsi olmalıdır. Mən də millət vəkili kimi fəaliyyyətə başladığım ilk gündən seçicilərimlə sıx təmasdayam. Müraciətlər əsasən məişət qayğıları, sosial problemlərlə bağlı olur. Hər bir seçicinin müraciətinə fərdi yanaşılır, problemlərin həlli istiqamətində operativ tədbirlər görürük. Pandemiya şəraitinə baxmayaraq, onlayn qəbullarımız, eyni zamanda karantin qaydaları yumşaldıqdan sonra səyyar görüşlərimiz davam edir. Mənim üçün əsas prioritet - seçicilərimin mənə göstərdiyi etimadı doğrultmaq, millət vəkili kimi hər zaman dövlətçilik maraqlarını uca tutmaqdır.

 

Nicat NOVRUZOĞLU