adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Fevral 2021 11:40
43378
MÜSAHİBƏ
A- A+

Alik Əlioğlu"Bu mühit mənə xoş deyil, vəssalam" - MÜSAHİBƏ

Adalet.az şair Alik Əlioğlu ilə müsahibəni təqdim edir.

- Alik, ədəbi mühitin hamısı səni tanıyır. Bu da kifayət qədər istedadlı olduğuna işarədir. Amma nədənsə, ortada görsənmirsən. Bəzən yaradıcılığın haqqında kifayət qədər ciddi adamlar da yüksək fikirlər deyir. Amma vecsiz yanaşırsan bir az. Bütün yaradıcı adamların içində şöhrət hissinin olduğunu nəzərə alsaq səndə niyə yoxdur?

- Ədəbiyyata iş kimi baxmıram. Ədəbiyyat mənim hobbimdir. Tam səmimi deyirəm, şair kimi şöhrətli olmaq kimi bir istəyim yoxdur. Ümumiyyətlə çox gözə girməyi xoşlamıram. Daha çox sıravi adamlara qarışmağı, elədiklərimin üstüörtülü qalmağını istəyirəm.

 - Yəni, belə çıxır ki, özün üçün yazırsan ancaq?

- Bu barədə heç vaxt fikirləşməmişəm. Yazı yazanda yadıma belə düşmür ki, oxucu da mövcuddur. Kim oxuyursa, sağ olsun. Yaxşı musiqi, yaxşı şeir adamın özünə lazımdır. Oxucunu fikirləşib yazı yazan adam toy tutmaq üçün oxuyan müğənniyə bənzəyir. Əsl sənətə kommersiya marağı girirsə, hər şeyi korlayır.

 

"Ciddi oxucuların sayının azlığı heç vaxt imkan verməyəcək ki, yazıçı yaxşı pul qazansın"

 

- Amma ədəbiyyat həm də müasir dövrdə biznes sahəsi kimidir. Yazıçı, şair öz təxəyyülündən pul qazanmalıdır, kapitala çevrilməlidir. Bu məntiqlə gərək dünyada heç bir yazar yazanda heç nə düşünməsin, pul qazanmasın. Axı, tək bacardığı yazmaq olan adamlar var, başqa sahədə işləyə bilmirlər. Yoxsa necə? Bunları ancaq özünə aid edirsən?

- Azərbaycan mühitində bu mümkün deyil. Ciddi oxucuların sayının azlığı heç vaxt imkan verməyəcək ki, yazıçı yaxşı pul qazansın. Ya kütləvi əsər yazmalısan, ya da dünyaya çıxmalısan. Birinci variant artıq ciddi ədəbiyyat sayılmır, ikinci variant isə çətindir. Dünya praktikasında, əhali sayı çox olan ölkələrdə, təbii ki, ədəbiyyat biznes - hətta ciddi biznes hesab oluna bilər, çünki o ölkələrdə ciddi oxucuların sayı milyonlarladır. Adamlar kitab oxumağa həvəslidirlər. Azərbaycanda isə, dediyim kimi, kitabları tanışa-yoldaşa satmaqla, uzağı köşə yazılarından aldığın 5-3 manat qonorarla birtəhər dolana bilərsən.

- Sənin kimi mühitdən, ədəbiyyatdan bir qədər uzaq duran yazarlar, həm də onu misal gətirir ki, ədəbiyyatdan uzaq olmağımın səbəbi mühitdir. Yəni, ədəbi mühitdən. Sənin belə bir səbəbin var? Ədəbi mühitdən diksinmək və.s

- Var, amma bu barədə gileylənmək istəmirəm. Sadəcə bu mühit mənə xoş deyil, vəssalam. Onsuz da hühitdə olmasam belə, o çevrədən xeyli dostlarım, tanışlarım var.

 

"Əsl səbəbini, bəlkə, heç özüm də bilmirəm"

 

- Ədəbi proseslərə də buna görə susqunsan? Ən azı bir vaxtlar daha çox parlamısan, ən ciddi imzalar haqqında yüksək fikirlər deyib, yazıb və elə indi də söz düşəndə deyirlər. Dolayısı ilə heç nə etmirsən, amma haqqında danışırlar...

- Bir dəfə Mövlud Süleymanlı ilə söhbət edəndə gözəl bir fikir səsləndirdi: İş görən adam gərək öz külüngünün səsini eşitməsin. Mən heç vaxt öz külüngümün səsini eşitməmişəm. Mənim haqqımda xoş sözlər deyəndə də, təəccüb etmişəm ki, görəsən, mən bu təriflərə həqiqətən layiqəmmi?! Susqunluq deməzdim, ara-sıra yazıram. Sadəcə ortalığa çıxmaq, çap olunmaq istəyim sıfırdır. Əsl səbəbini, bəlkə, heç özüm də bilmirəm.

- "Sandıq ədəbiyyatı"? Şeirlər kitabın var, amma o da çoxdan çıxıb. Yenisini çıxarmaq fikrin var? Amma çıxartsan, haqqında bu fikir də ola bilər; Özünə şair deməyə-deməyə kitab çıxardır..

- Öz təşəbbüsümlə heç bir kitabım çap olunmayıb. Yeni kitab çıxarmaq fikrim də yoxdur. Çap olunmuş hər iki kitabımın bir xeyli nüsxəsi evimdə yer tutur. Üst-üstə toplasan, mənim cəmi 100-200 oxucum var. Onları da şəxsən tanıyıram. Kitab kimin nəyinə lazımdı? Təzə şeir yazanda oxucularıma şəxsən oxuyuram. 

 

"Yaxşı bir roman, yaxşı hekayə və yaxud gözəl bir şeir ədəbiyyat hadisəsidir"

 

- Ədəbi proseslərə susqunluq deyəndə, daha çox ədəbiyyatda baş verən hadisələrə, çaxnaşmalara münasibəti nəzərdə tuturam... İstər ədəbi qurumlar olsun, istərsə də fərdlər..

- Vallah nə deyim?! Mənim üçün o çaxnaşmaların, qalmaqalların ədəbiyyata yaxından-uzaqdan heç bir dəxli və əlaqəsi yoxdur. Heç bir ədəbi qurum istedadsız adamı yaxşı yazıçı kimi formalaşdıra bilməz. Bu mənim subyektiv fikrimdir. O ki, qaldı hadisələrə, ədəbiyyatda ciddi hadisə nə ola bilər ki?! Yaxşı bir roman, yaxşı hekayə və yaxud gözəl bir şeir ədəbiyyat hadisəsidir. Ədəbiyyatda bundan o yana hadisə ola bilməz. Bunun üçün də nə toplaşmaq lazımdır, nə qurum yaratmaq, nə də ki, çaxnaşma salmaq. Yaxşı əsər sakitcə yaranır, bu da olur hadisə

- Qıraqdan müşahidə elədiyin qədər son illər yaxşı roman, hekayə yazan kimlər var? Hansı ki, özün onları mütəmadi oxuyursan.

- Mütəmadi oxumaq deyəndə ki, hamısını sosial şəbəkələrdən izləyirəm. Xeyli istedadlı və cavan adamlar var. Yeni kəşf elədiyim və dostlaşdığım yazıçılar var. Tanıdığım və rastıma çıxsa, oxumadan ötüb keçə bilmədiyim imzalar var: Aqşin Evrən var, Sərdar Amin var, Qismət var, Səlim Babullaoğlu var, Aqşin Yenisey var, Şəhriyar del Gerani var, sən varsan, Orxan Həsəni var, Eminquey var, Ulucay var, İlham Əziz var, Mübariz Örən var, Ataqam var, Fəridə var, Kəramət var, Ayxan var, Oğuz var, Rəbiqə var, Cəlil Cavanşir var, Bahar Zamanı və neçə-neçə adını unutduqlarım var. Mənə elə gəlir ki, Azərbaycan ədəbiyyatında heç vaxt bu qədər istedadlı imza eyni vaxtda bir yerdə olmayıb.

- Amma yenə də bəyənilmir, feysbukdakı oxucular narazılıq edir, hətta adını çəkdiklərinin bir çoxuna qarşı "yaza bilmirlər, hamısı eyni şeyi yazır" və.s kimi fikirlər də var. Yaxud da, şəxsiyyətlərlə bağlı. Səbəb nədir bu qədər istedadlı adamın görülməməsinə?

- Təbii ki, yazılanların hamısı yaxşı ola, bir əsəri hamı bəyənə bilməz. Bir tərəfdən də küyə getmək məsələsi var. Bizdə sürü təfəkkürü qabarıq olduğu üçün, bir adam bir əsəri pisləsə, əksəriyyət pisləməyə başlayır, tərifləsə, qalanları da tərifləyir. Ona görə də, kütləvi reaksiyalar önəmli deyil.

- Müsahibə üçün təşəkkür edirik, Alik.

- Çox sağ olun, mən də.

 

Orxan Saffari