adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 Yanvar 2021 16:45
82383
MÜSAHİBƏ
A- A+

“Qəhər məni boğurdu” - Zəngilan təəssüratlarını danışır - MÜSAHİBƏ

Çox az hallar olar ki, mən nəyinsə təsirinə düşərəm və uzun müddət çıxmaram. Ki, bu dəfə də bir reportaj məni kövrəltdi və hər gün həmin reportaja baxmaqdan doymuram. Onunla müsahibə etməyimə səbəb də məhz hazırladığı reportajdır. O qədər təsirlidir ki...“Ədalət” qəzetinin qonağı ATV-nin İdman xəbərlərinin aparıcısı, xüsusi olaraq Zəngilandan repotaj hazırlayıb minlərlə insanın qəlbinə yol tapan Vüsal Qurbanovdur.

-“Röyamda gördüm səni, Çağırırdın hey məni”...Bu illər ərzində Zəngilan tez-tez yuxunuza girirdi?

-İlk olaraq onu deyim ki, “Zəngilan” mahnısı mənim ürəyimdən, hisslərimdən xəbər verir. Həqiqətən, Zəngilanı, evimizi, məhləmizi xatırlayıram o mahnını dinləyəndə.

Zəngilanı yuxularımda tez-tez görürdüm. Hətta evdə danışanda da ki, Zəngilanı bu gecə yuxumda gördüm, deyirdilər ki, necə olur ki, sən tez-tez yuxunda görürsən? Məcburi köçkün olan qohumlarımdan, dostlarımdan soruşurdum ki, sizdə də olur bu hal? Söyləyirdilər ki, xeyr.

Reportajı çəkməzdən öncə, Zəngilana gedib-getməyəcəyim bəlli deyildi, mahnı axtarırdım Zəngilana aid. Zakir Əliyevin ifasında olan “Zəngilan” mahnısı qarşıma çıxdı və bəyəndim:

“Mənə qaçqın söyləmə, adımı düzgün çağır,

Arazı üzdüm keçdim, adımı üzgün çağır”.

Şair bu misraları dərin hisslərlə qələmə alıb. Bu şeirin yazılma tarixi 20 ildən çoxdur. Şeiri məcburi köçkün düşəndən sonra yazıb. O zamanlar “qaçqın” kəlməsini heç kim istəmirdi ki, ona deyilsin. Sanki bu ifadə bir damğa idi. İnsanlar o sözə qarşı çox həssas idi. Balaca olsam da, bunu duyurdum. Məktəbdə, başqa yerdə deyiləndə ki, bu uşaq qaçqındır, pis təsir edirdi.

Zəngilanlılar Cəbrayılın və Qubadlının işğalından sonra təqribən iki ay mühasirədə qalıblar. Daha sonra Araz çayını keçməyə məcbur olublar. Mənə deyilənlərdən bilirəm, o qədər qocaları, körpələri çay aparıb ki...

“Zəngilanı yuxularımda tez-tez görürdüm”

-Vüsal bəy, Zəngilandan çıxarılanda nəsə götürmüşdünüz özünüzlə?

-Atamın yük Kamazı vardı ki, onunla bəzi əşyalarımızı götürmüşdük. Biz Arazı keçməmişik. Bunun səbəblərini də izah edim. Atam həmin Kamazla Bakıdan Zəngilana yük daşıyırdı. Zəngilan mühasirədə idi. Hər gün atəşə tuturdular. Zəngilanda uzun müddət idi ki, işıq yox idi. Ona görə ki, ermənilər evi işıqlı görüb vurmasınlar. Ermənilər Zəngilanı çox atəşə tutduqları və atam Bakıda olduğu üçün bizi də işğaldan 15-20 gün əvvəl Bakıya gətirmişdi.

-Mən məcburi köçkün olan hansısa məşhur bir sima, bir xanəndə və ya başqa sənət nümayəndəsi ilə müsahibə edəndə onlar deyirdilər, inanırıq ki, bir gün torpağımıza ayağımız dəyəcək. Amma bunun tezliklə olacağına kimsə inanmırdı. Ali Baş Komandanın uğurlu siyasəti, Müzəffər Ordumuzun səyi nəticəsində biz torpaqlarımızı yağı düşməndən azad etdik. Həmin gün-“Zəngilan bizimdir, Qarabağ Azərbaycandır!” cümləsini eşitdiniz an, yəqin ki, duyğulandınız...

-Əvvəllər hamı çox inanırdı. Adam vardı, qapısını qıfıllayıb gəlmişdi ki, onsuz da tezliklə geri qayıdacağıq. İllər uzandıqca, ümid var idi, amma güman azalırdı. Ki, nə vaxt geri dönəcəyik, necə olacaq? Bax bu suallar yaranırdı. O ki, qaldı, “Zəngilan bizimdir, Qarabağ Azərbaycandır!” cümləsini eşitdiyim məqama, mən idman jurnalisti olsam da, döyüşlər başlayanda rəhbərliyə müraciət etdim ki, cəbhə bölgəsinə çəkilişlərə getmək istəyirəm. Çox sağ olsunlar ki, göndərdilər.

Gəncədə baş verən terrorları çəkib göstərdim, Goranboyda, Cəbrayılda, Füzulidə oldum. Zəngilanın alınması xəbərini Ali Baş Komandan elan edəndə biz Gəncədə idik. Həmin an necə hayqırdığımı oradakı dostlar bilir. Onlar eşitdilər, onlar gördülər. Cənab Prezident elan etdikdən 3-4 dəqiqə sonra mənim “ATV Xəbər”ə canlı bağlantım oldu. Həmin videogörüntüdə özümü güclə saxladım ki, ağlamayım. Çox kövrəlmişdim. Həmin bağlantı zamanı da demişdim ki, Zəngilanı yuxularımda tez-tez görürdüm (köksünü ötürür).

“İki gün o qədər qısa gəldi ki”

-Bilirəm, sözlərlə ifadə etmək sizə çətin olacaq. Amma 6 yaşından çıxdığınız, daha doğrusu, məcburi çıxarıldığınız yurdunuza ayağınız yenidən dəyəndə hansı hissləri keçirdiniz?

-6 yaşımdan çıxdığım Zəngilanı görəndə məğrur idim, qürurlu idim, sevincli idim. Sevincdən qəhər məni boğurdu. Duyğularım bir-birinə qarışmışdı. Özüm də bilmirdim ki, nə hisslər keçirirəm. Zəngilana yaxınlaşdıqca qəribə olurdum, Arazı gördükcə qəribə olurdum. Orada Mincivandan Zəngilana gedən yol var, biz onun yaxınlığında düşdük. Məhz həmin yolu tanıdım. O yolda çinar ağacları vardı. Əfsuslar olsun ki, ermənilər onu kəsib aparıblar. Çox az sayda ağac qalıb.

-Reportajınızda belə bir cümlələrniz oldu: “Çay daşından tikirdik. Atam öz əlinin zəhməti ilə tikdirdi”. Məhz o cümlələr reportaja emosional bir ton verdi ki, iki cümlə ilə demək olar, ağrı-acılarınızı izah etdiniz...

-Biz Zəngilanda bir gecə qaldıq. Evimizə səhəri gün getmişdim. Sonuncu olaraq gedib həyətimizi tapmışdım. Bir anlıq hər şey mənim üçün alt-üst oldu. Tanıya bilmirdim, tapa bilmirdim ki, hansı evin divarı bizimdir, hansı evin divarı başqasının. Evimizi tapanda hər şey gözümün önündən lent kimi gəlib keçdi. Həmin gün Bakıya qayıtdım. Evə gəldikdən sonra hər şey mənə yuxu kimi gəldi ki, doğrudanmı, mən Zəngilanı gördüm?! İki gün o qədər qısa gəldi ki. Dərk edə bilmirdim ki, 27 il sonra mən Zəngilanda olmuşam. Evə qayıtdıqdan 1 gün sonra yenidən hər şeyi təhlil etdim, müqayisələr apardım. Kaş ki hər şey mənim uşaqlıqda yadımda qalan kimi olardı. Zəngilanı mümkün qədər talayıblar. Həyətimizdə olan tut ağacına qədər kəsiblər.

-“Vüsal Qurbanov, ATV Xəbər xüsusi olaraq Zəngilandan”...Mən sizin simanızda bütün Zəngilanlılara öz ata-baba torpaqlarına tezliklə qovuşmalarını arzu edirəm. Hər biri getsin və “Zəngilandayam” kəliməsini dilinə gətirsin. Dəvətimi qəbul etdiyiniz üçün təşəkkür edirəm…

-Mən sizə dəvətiniz üçün təşəkkür edirəm. Elə mən də bütün Zəngilanlılara tezliklə doğma torpaqlarına qayıtmalarını arzu edirəm. İnanıram ki, bir neçə aydan sonra hər kəs gedib oraları görəcək.

Gələndə hamı məndən təəssüratlarımı soruşurdu. Hətta deyirdilər ki, orada yaşayacaqsanmı? Bəli, mən gedib Zəngilanda yaşayacam. İnşaAllah, hər şey qaydasına düşsün, mən orada yaşayacam. O Həkəridən, Oxçu çaydan, Arazdan qarmaq atıb balıq tutacam (səsi titrəyir).

Bunlar gözəldir. Mənim xəyalımda elə qalmışdı ki, Oxçu çayının eni 15 metr olar, amma gördüm ki, ən ensiz hissəsi belə azı 15 metrdir. O çaylar bol sulu çaylardır. Hər zaman Vətənimizin bol nemətli, çörəkli olması diləyilə Vüsal Qurbanov, “Ədalət” qəzeti üçün.

Rövşən Tahir