SON DƏQİQƏ:

Mehriban düşmənlər

  43007   |  
Şriftin ölçüsü  

Siyasətdə əbədi dost yox, əbədi maraqların olması fikrini çoxları səsləndirsə də, sözün ilk müəllifi İngiltərənin XİX əsrdə yaşamış məşhur siyasətçisi və dövlət xadimi Henri Palmersondur: “... hər hansı bir ölkəni daimi müttəfiq və ya əbədi düşmən saymaq korafəhmlikdir. Bizim daimi müttəfiqimiz və əbədi düşmənimiz yoxdur. Bizim yalnız dəyişməz və əbədi maraqlarımız var ki, onlara da əməl etmək borcumuzdur”.

Tarixdə sırf praqmatik maraqlara dayanan bu cür əməkdaşlığın xeyli örnəkləri olsa da, çətin ki, onun Putin-Ərdoğan tandeminin qarşılıqlı münasibətləri səviyyəsində mükəmməl nümunəsinə rast gəlmək mümkün olsun. XXI əsrin lap başlanğıcında, təxminən eyni vaxtda siyasi olimpin ən yüksək zirvəsinə ucalmış bu iki siyasətçinin nə vaxtsa bir-biriylə bu dərəcədə yaxından dil tapıb anlaşacığını heç kim ağlına gətirməzdi. Başında durduqları ölkələrin ağız-ağıza yatan hərbi düşərgələrdə qərar tutması kimi obyektiv, birinin konkret ideologi kimliyi, digərinin xalis praqmatizmi, üstəlik, xaraktercə tam fərqli psixoloji tipə mənsubluq kimi subyektiv amillər bunu apriori mümkünsüz edirdi.

Burda qısa tarixi ricətə ehtiyac yaranır. Bu iki dövlətin imperiya keçmişi bitmək bilməyən müharibələrlə zəngin olub. Mütləq əksəriyyəti rusların qələbəsiylə başa çatan həmin müharibələrin hər birinin çoxsaylı siyasi, iqtisadi və geopolitik səbəblərini sadalamaq olar, ancaq onların heç biri bunu bütün klassik imperiya savaşları üçün keçərli olan “iki qoçun başı bir qazanda qaynamaz” misalı qədər dəqiq ifadə edə bilməyəcək.

Müharibələr arasındakı dinc dövrlərdə isə hər iki dövlət arasındakı iqtisadi münasibətlər yüksək səviyyədə inkişaf edib. Bunsuz mümkün deyil. Ta qədimdən bu günə kimi dünya tarixini vərəvurd etsəniz görəcəksiniz ki, bir-biriylə ən çox savaşan da, savaş bitən kimi alış-veriş meydanında qol-boyun olub bir-birinə ən çox sarmaşanlar da məhz qonşular olublar. Məişətdə də belədir, dövlətlərarası münasibətlərdə də. Çünki başqa cür, sadəcə, mümkün deyil.

Bugünkü Türkiyə-Rusiya münasibətlərini cəlbediciyi ondadır ki, bu iki dövlətin hazırkı siyasi hədəfləri arasında bir dənə də olsun kəsişən nöqdə yoxdur. Daha doğrusu, belə nöqtələr çoxdur, amma onların istisnasız olaraq hamısı əməkdaşlıq yox, yumşaq desək, sərt rəqabət nöqtələridir. Türkiyə keçmiş Sovet məkanındakı bütün konfilikt ocaqlarında birmənalı olaraq Rusiyaya əks mövqedədir. Abxaziya, Cənubi Osetiya məsələsində Gürcüstanın, Krım və Ukraynın son illər işğal edilmiş digər regionlarına münasibətdə rəsmi Kiyevin, Dnestryanında Moldovanın tərəfini saxlayır. Dağlıq Qarabağ münaqişəsiylə bağlı rəsmi Anqaranın siyasətindənsə danışmaq artıqdır. Nə qədər qəribə də olsa, Ərdoğanın bu mövqeyi Putini qətiyyən qıcıalandırmır və bunu Türkiyənin daxili işi sayır.

İki ölkə arasındakı qarşıdurma səviyyəsinə çatan daha kəskin ziddiyyətlər başqa geopolitik məkanda cərəyan edir. Suriya Türkiyənin düz qulağının dibində yerləşdiyinə görə orda baş verənlər həm də onun şəxsi təhlükəsizlik məsələsidir. Rusiya üçünsə bu ölkə təkcə Sovetin son yadigarlardan biri kimi yox, həm də onun dünyanın geopolitik xəritəsində itirdiyi çoxsaylı satellitlərinin təsəllisi kimi əzizdir. Liviyaya gəlincə, bu ğölkə rəsmi Anqaranın Aralıq dənizi hövzəsindəki maraqlarını qorumaq baxımından vazkeçilməzdir, çünki bir vaxtlar Osmanlı imperiyasının az qala daxili dənizinə çevrilmiş bu vacib iqtisadi və geopolitik akvatoriyada möhkəmlənmək onun üçün həyati əhəmiyyət daşıyır. Üstəlik, Ərdoğanın öz ölkəsinin keçmiş siyasi irsinə Putindən heç də az bağlı olmadığını da nəzərdən qaçırtmaq olmaz.

Türkiyənin həmin bölgələrdəki davranışları həm də ona görə çətindir ki, orda öz müttəfiqləri tərəfindən də təpkilərə və ciddi müqavimətə rast gəlir. PKK-nı terror təşkilatı kimi tanıyan NATO ölkələrinin mütləq əksəriyyəti onun Suriyadakı qolunu himayə edir, beynəlxalq hüququ ayaqları altına atıb tapdalamağa adətkərdə olmuş Makron Liviyanın BMT tərəfindən tanınmış hökumətinə qarşı general Həftarla eyni səngərdə yer alır. Oxşar münasibətin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də şahidi oluruq. ABŞ başda olmaqla əksər Qərb ölkələri problemin beynəlxalq hüquq normaları çərçivəsində cözülməsinin vacibliyini hər addımda vurğulayır, əməldəsə başqa cür hərəkət edirlər. Nə qədər acınacaqlı olsa da, bu məqamda Makronun

səmimiyyətini qeyd etmədən ötüşmək olmur. O, həmkarlarının bir çoxundan fərqli olaraq, beynəlxalq hüquqa tüpürdüyünü heç özü də danmır və ürəyindəkini olduğu kimi söyləməkdən çəkinmir.

Münaqişə bölgələrindəki bu qədər problemlər yaşayan və vaxtaşırı bir-birləriylə vuruşmaq həddinə çatan Rusiyayla Türkiyənin günbəgün genişlənən və strateji xarakter alan əməkdaşlığı isə bir ayrı söhbətdir. Əslində, bu iki qonşu dövlətin indikindən daha ciddi əməkdaşlıq etdikləri, necə deyərlər, öz münasibətlərinin “bal ayı”nı yaşadıqları zamanlar da olub. Sadəcə, həmin vaxt onların əməkdaşlığı tarixi zərurət ucbatından baş vermişdi. Birinci Dünya Müharibəsindən məğlub çıxmış hər iki imperiyanın xarabalıqları üzərində qurulmuş yeni dövlətlər eyni səmtdən gələn təhlükəyə qarşı birləşməyə, sadəcə, məhkum idilər.

Bu gün Ərdoğan-Putin dostluğunun mayasında duran başlıca amil onların iqtisadi əlaqələr sahəsində əldə etdikləri mühüm nailiyyətlərdir. Əslində, bu əlaqələrin mahiyyətinə varanda, miqyasını göz önünə gətirəndə hər şeyin heç də sırf iqtisadi müstəvidə baş vermədiyi üzə çıxır. Ölkələr arasındakı illik mal dövriyyəsinin həcmi 26 milyard dollara çatır. Tekstil, tikinti, kənd təsərrüfatı, turizm və s. bu qəbildən olan sırf iqtisadi əməkdaşlığı da bir kənara qoyaq. Hətta, imkanlı rusların Türkiyənin sahil bölgələrində və böyük şəhərlərin bahalı məhlələrində aldıqları bahalı əmlaklarla, hər il minlərlə cütlüyün kəsdidiyi kəbinlər hesabına xalqlar arasında yaranmağa başlayan sıcaq münasibətlərlə də işimiz yoxdur.

Daha ciddi layihələr energetika və hərbi əməkdaşlıq sahəsində gerçəkləşdirilir. Həmin layihələr nə qədər böyük iqdisadi dividentlər gətirsə də, bunun ilk növbədə siyasi, geopolitik hadisə olduğu heç kimə sirr deyil. Ukraynayla pisləşən münasibətlərdən, müxtəlif səbəblərdən ardıcıl tətbiq olunan sanksiyalardan dolayı Rusiya qazının Qərb bazarına çıxardılmasında Türkiyə ərazisi alternativsiz marşrutdur və bu marşrutla xeyli uğurlu layihələr artıq həyata vəsiqə alıb. Bu il isə Türkiyədəki yeganə Atom Elektrik Stansiyasının ikinci blokununnın inşasına başlanılıb.

Yeri gəlmişkən, Suriya səmasında Rusiyaya məxsus Su-24 qırıcı təyyarəsinin vurulması iki ölkə arasındakı münasibətləri ən gərgin nöqtəyə gətirmişdi. Həmin gərgin günlərdə Rusiyanın bir çox sahələrdə Türkiyəyə qarşı tətbiq elədiyi sanksiyalar belə energetika sektorundan yan keçdi. Ərdoğanın az qala bir il gecikən yarımçıq üzrxahlığından sonra bütün münasibətlər tədricən qaydaya düşdü, hətta Rusiya səfirinin Anqarada güllələnməsi belə sonrakı münasibətlərə kölgə sala bilmədi. Halbuki bir vaxtlar belə qətillər böyük müharibələrə vəsilə ollurdu.

Qərbin, birinci növbədəsə ABŞ-ın öz hərbi müttəfiqinə qarşı səbr kasasını daşdıran isə “S-400” hava hücumundan müdafiə silahlarının alınması oldu. Bundan ötrü Ərdoğana hədsiz təzyiqlər olmasına, hətta Türkiyənin “F-35” qırıcı təyyarələri layihəsindən kənarlaşdırılmasına baxmayaraq, geri durmadı. Haqlıydı, çünki onu bu addımı atmağa məhz ABŞ-ın yeni nəsil “Patriot” raketlərini satmaqdan imtinası məcbur eləmişdi. Təsadüfi deyil ki, fleqmatik Putini də ürəyindəkiləri açıb-tökməyə, Türkiyə prezidentini “sözünə düz adam”, “etibarlı partnyor” adlandırmasına vadar edən də məhz bu cür qətiyyətli davranışlardır.

Bu da tarixin başqa bir ironiyasıdır. Vaxtilə, II Dünya Müharibəsindən qalib çıxan Stalinin Türkiyənin bir sıra şərq ölkələrinə ərazi iddiası irəli sürməsi onu NATO-nun qucağına sürüklədisə, indi NATO müttəfiqləri tərəfindən hər fürsətdə dışlanması Rusiya ilə daha da yaxınlaşmasına səbəb olur.

NATO-nun həmin blokda heç bir funksional əhəmiyyəti olmayan, ora yalnız sığınacaq kimi baxan çoxsaylı üzvlərindən fərqli olaraq Türkiyə bu qurumun dayaqlarından biridir. Təkcə blokun şərq cinahındakı strateji mövqeyinə görə yox, həm də hərbi potensialına və gücünə görə. Amma bu vacib tərəfdaşı hansısa bic doğulmuş Kipr kimi birisinin ayağına verəndə, Avropa ölkələrini topa-topa Aİ-na qəbul eləyib Türkiyəni onun kandarına belə yaxın buraxmayanda sanqvink Ərdoğan nəinki onların rəyilə hesablaşmadan tam müstəqil siyasət yeritməyə, həm də sərt və çılğın ritorikayla danışmağa haqq edir.

Ərdoğanla Putinin əməkdaşlığı yolunda iki dövlətin fərqli geopolitik məqamlarının nə qədər böyük əngəl olduğundan yuxarıda bəhs etdik. Dağlıq Qarabağ problemi ətrafındakı son, lap elə əvvəlki proseslərdə də Ərdoğanın həm siyasi, həm də diplomatik müstəvidəki çabaları iki ölkənin dostluq və qardaşlıq tarixinin ən parlaq səhifələrindən biri kimi tarixə düşəcək. Bu münaqişənin həllində o bütün postsovet məkanını hələ də özünün toxunulmaz mülki sayan Putinlə çox ciddi əməkdaşlığa nail oldu. Əsl sürpriz olan həmin əməkdaşlıq Azərbaycan cəmiyyətində elə bir eyforiya doğurdu ki, hətta “2+2” fantastik formulunu gündəmə gətirdi.

Türkiyəni Qafqaza buraxmamaq Rusiya siyasətinin təməl prinsiplərindən biridir. Hətta bu ölkənin 1735-ci ildə regionda daimi qovğada olduğu cənub qonşumuzla bağladığı məşhur “Gəncə müqaviləsi”nin bir bəndi Osmanlı qoşunlarının buralara gəlməsinə yol verməməklə bağlıydı.

Amma hazırda biz birgə hərbi təlimləri nəzərə almasaq, Nuru paşanın məşhur yürüşündən sonra türk ordusunun ölkəmizə ikinci gəlişinin intizarını yaşayırıq. Lap kiçik monitorinq qrupu halında olsa da belə bu gəliş gələcək böyük əməkdaşlığın möhkəm bünövrəsi kimi çox mühüm hadisədir. Bunun da çox vaxt düşmənçilik səviyyəsinə çatan ziddiyyətli məqamlar içində ortaq maraqlar tapıb onu real əməkdaşlıq formatlarına çevirməyi bacaran Putinlə Ərdoğanın siyasi çevikliyinin nəticəsində mümkün olduğunu unutmaq lazım deyil.

M. Cavadoğlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-03
2021-03-02

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 02,
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK