adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Dekabr 2020 10:40
208512
MÜSAHİBƏ
A- A+

Qazi Qaffar Axundov: “Komandirimin o son halını unutmayacağam...” - MÜSAHİBƏ

Qonşumuz, yaxın rəfiqəmin yeganə oğul övladı Qaffar Axundov əslən Ağdam rayonunun adını eşidib, üzünü görmədiyi Seyidli kəndindəndir. Onunla sonuncu dəfə 2019-cu ilin isti iyul günlərində -Azərbaycan Ordusuna çağırışçı kimi getmək ərəfəsində Quzanlı I Köçkün Qəsəbəsində görüşmüşdük. Onda Azərbaycan Dövlət Aqrar Universitetindən yenicə məzun olmuşdu. Söhbət əsnasında anladım ki, əslində müsahibimin ruh yaşı elə də az deyil. Qurduğu cümlələr, açdığı samballı mövzular, ağır oturuşu-duruşu onu yaşından xeyli böyük göstərir. O vaxt bu gəncin söhbəti məni təsirləndirmişdi deyə söhbətimizi qələmə alıb mətbuatda da işıqlandırmışdım: “ Mənim valideynlərim Ağdam rayonunn Seyidli kəndindəndirlər. Düz 26 il əvvəl Ermənistan Silahlı Qüvvələri Qarabağı işğal etdiyi üçün onlar da məcburən öz doğma yurdlarından köç ediblər. Heç uzağa da getməyiblər. Elə Ağdamın işğal olunmamış Quzanlı kəndinə pənah gətiriblər. Mən burda doğulmuşam, burda böymüşəm, burda orta məktəbi bitirmişəm. Elə buradan da Azərbaycan Dövlət Aqrar Universitetinə ali təhsil almağa getmişəm. Sözümün canı odur ki, Azərbaycanımın hər bucağı kimi Quzanlı da mənə əzizdi, doğmadı. Amma gözümü açandan, ağlım kəsəndən bizim evdə Seyidlinin adı tez-tez çəkilib, kəndin həm təbii gözəllikləri, həmdə xalqına-millətinə ləyaqətlə xidmət göstərmiş elm, mədəniyyət, ədəbiyyat xadimləri haqqında söhbətləri çox olub.

İndi mən bir neçə gün sonra ordu sıralarında vətənə xidmətə başlayacam. Silah tutmağı, döyüşə girməyi, döyüşməyi və nəhayət qələbə calmağı öyrənəcəm. Mən bir vətəni sevdiyim qədər, düşmənə də nifrətim var! Mən bir əsgər olmalıyam! Mən ölməyə yox öldürməyə tələsirəm! Mən o cənnət yurdumu düşməndən xilas etməliyəm! Bu mənim andımdı! Mənə uğur diləyin, əziz həmvətənlərim! Gedirəm, əsgər gedirəm!”

Qazi Qaffar

İndi yenə onun görüşünə gedirəm. Bu dəfə həm sevincək, həm də qürurla! Çünki Qaffar əbədi haqqımızın müdafiəsi olan Böyük Vətən Müharibəsi sonda Azərbaycanın tam qələbəsi ilə nəticələnməsində zəhməti olan igidlərdəndi. Bildiyiniz kimi, 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Ağdam, Kəlbəcər, Laçın rayonlarında bizə qarşı döyüşən Ermənistan ordusu döyüşsüz təslim olaraq, həmin rayonları Azərbaycan Ordusuna təhvil verdi.

Müharibə müddətində düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Hazırda məğlub ordu Azərbaycan dövlətinin şərtlərini qəbul edir və etmək məcburiyyətindədir.

Bu şanlı tarixi bizə yaşadan igid oğullarımıza ömrümüz boyu minnətdar və borcluyuq. Qeyd etdiyim kimi belə oğullardan biri də Qaffardı. O, Dövlət Sərhəd Xidmətində hərbi xidmətə başlayanda nizam-intizamı, təlimlərdə göstərdiyi bacarıq savaş başlayanda, necə deyərlər, köməyinə gəlib. Xasiyyətinə, bacarığına eyni zamanda vətənpərvərliyinə görə həm əsgər yoldaşlarının, həm də komandirin hörmətini qazanıb. Sentyabrın 27-dən oktyabrın 27-nə qədər şərəfli bir yol keçən gənc qazimiz döyüşlər haqqında danışarkən yaralandığı günü də xatırladı:

 

Kapitan Elməddin Meydanovun o son halını heç vaxt unutmayacağam...

-Bizim batalyon Zəngilan rayonu Vejnəli kəndi uğrunda döyüşlərə qatılmışdı. Komandirimiz, Naxçıvanın Şərur rayonunun Vərməziyar kəndindən olan kapitan Elməddin Meydanov gənc olmasına baxmayaraq təcrübəli və savadlı idi -deyə, əsgərləri dəfələrlə ölümün pəncəsindən qurtarmışdı. Döyüşün qızğın çağında qəflətən erməni dronunun səsi gəldi. Kapitan yerindən tərpənmədən ucadan əmr elədi:”Durduğunuz yerdən dərhal uzaqlaşın!” Əsgərlər həm komandir kimi, həm böyük qardaş kimi onun xətrini o qədər çox istəyirdilər ki, əmrini dərhal yerinə yetirməyə çalışdı. Amma çatdıra bilmədik. Bombardman başladı. Bizim artilleriyaçılar Ermənstan Silahlı Qüvvələrinin dronlarını vurub sıradan çıxardandan sonra gözümü ilk açanda gözüm komandiri axtardı. Qəlpələr onun vücudunu parçalamışdı. Kapitan Elməddin Meydanovun o son halını heç vaxt unutmayacağam... Allah bütün şəhidlərimizə, o cümlədən Elməddin Meydanova rəhmət eləsin!...Nə qədər çalışdım ki, ayağa qalxım, komandimə tərəf gedim...qalxa bilmədim və onda hiss elədim ki, vurnuxaraq qalxmaq istədiyim yer qanın içindədir. Bel hissəmdən, sol yanımdan, sol ayaqlarımdan qan axdığının fərqində oldum. Hazırda bədənimdə 13 ədəd müxtəlif ölçülü qəlpə var...

- Xəstəxanaya çatdırıldın..

- Vəziyyətim pis olduğu üçün bir başa Bakıya gətirildim və Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına yerləşdirildim.Var olsun hospitalın şəxsi heyətini, həkimlərimizi, tibb bacılarımızı! Onların göstərdikləri qaygı, doğmalıq yaralılara sanki məlhəm olurdu. Həm də yüksək keyfiyyətli tibbi xidmət, dəqiq müayinə, diaqnostika, müalicə neçə-neçə igidi həyata qaytardı.

Qazi valideyni olmaq məsuliyyəti

Qazimizin ata-anası ilə söhbətləşmək, onların da yeganə oğulları ilə bağlı ürək sözlərini oxucularımla bölüşmək maraqlı olar, deyib, sual verirəm:

-Ülviyyə xanım, oğlunuzun yaralandığını nə vaxt bildiniz?

- Noyabrın 26 -da hospitaldan evə gələndə bildim ki, yaralanıb. Hətta onda bildim ki, 27 sentyabrdan savaşdaymış. Mənimlə hər danışanda deyirdi ki, ana, biz Xızıda sərhəddəyik, biz döyüşə girmirik.

- Bu müddətdə telefonla danışa, əlaqə qura bilmirdiniz? Yəni topun, artilleriyanın səsi...

- Axırıncı dəfə danışanda oktyabrın təxminən 24 ya 25 idi. Dedi. ana tez-tez danışa bilmirəm. Komandirlər icazə vermir. Mən də ona inandım...Amma 26 oktyabr idi, gecəni səhərə qədər gözümə yuxu getmədi. Elə bil yerimə qor dolmuşdu. 27 –si günü əlim qoynumda pəncərənin qarşısında qaldım. Süst- taqətsiz, kefsiz.. Elə bilirdim dünya uçub altında qalmışam. Atası evə gələndə , dedim, Xaliq, bəlkə Qaqaşa (babasının adını qoymuşduq deyə , çox vaxt elə bu adla çağırırıq) bir zəng edəsən? Dedi, o gün eşitmədin, deyir komandir tez-tez telefonla danışmağın əleyhinədir. Hər gün gözləyirdim zəngini. Aradan 10 gün keçmişdi, zəng elədi, halımızı soruşdu. Danışdığı yerdə qəflətən”uff” elədi. Dedim: “Anaqurban nə oldu?” Dedi, ayağım çuxura düşdü burxuldu.

Sən demə, bizimlə hospitalda danışa-danışa qəflətən yerindən qalxmaq istəyib və yarası ağrı verib. Bir neçə gündən sonra bacım oğlu Turqutun vassap statusunda Qaffarın xəstəxana paltarında fotosunu görəndə havalandım ki, bu burada neyniyir? Yığdım, soruşdum. Dedi bəs, bura yaralı gətirmişəm..

-Ay bala DSX müharibəyə qoşulub ki, yaralı olsun?

- Ana o yaralıdan yox ee, əli-ayağına qaşınma düşüb, onu gətirmişəm.

-Bəs niyə xəstəxana geyimindəsən?

- Ay ana, axı xəstəxanaya hərbi paltarda buraxmırlar, qayda-qanun var...

Məni yenə aldatdı. (gülür) Mən də inandım. Bilirsən də, ağır dərəcəli şəkər xəstəsiyəm. Düşünürəm ki, Qaffar bu səbəbdən gerçəyi məndən gizlədib. Evə gələndə uşaqlar qoluna girib gətirirdilər. Onda bildim gerçəyi...Şükür ki, salamatdır, şükür ki, Vətənə olan borcunu layiqincə yerinə yetirib.

Atası Xaliq uzun illərdi Ağdam Yangından Mühafizə İdarəsinin əməkdaşıdır. Deyir ki, oğlumla fəxr edirəm:”Həmişə Qaffarı mənimlə tanıyıblar, “Xaliqin oğludu” deyiblər. İndi həddən çox sevinirəm! Çünki indi məni görənlər deyəcəklər ki, “qazimiz Qaffarın atası Xaliqdir”. Övladı haqqında xoş söz eşitmək bütün valideynlərin ən böyük arzusudur. Qaffar bizim bu arzumuzu reallaşdırdı. İgid oğulların qədrini bilmək isə boynumuzun borcudur. Allah bütün qazilərimizə cansağlığı, uzun ömür əta eləsin! Bütün şəhidlərimizin də ruhu qarşısında baş əyirik! “

 

Xüsusi qeyd:Qazimiz Qaffar Axundovun hərbi rütbəsi gizirdi. Amma bir neçə günə leytenant rütbəsi ona təqdim olunacaq. Bu rütbəyə görə, Qaffarı səmimi qəlbdən təbrik edir , ona uzun ömür, can sağlığı arzulayıram.

 

Əntiqə Rəşid

“Ədalət” qəzetinin Qarabağ üzrə xüsusi müxbiri