adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Sentyabr 2020 16:21
46650
LAYİHƏ
A- A+

XANLIĞIN  QAPISI

Azərbaycan tarixinin önəmli səhifələrindən biri də bu məmləkətin arxitektura, tikinti, ümumiyyətlə, daş yaddaşımız olan abidələridi. Bu daş yaddaşımız sirli olduğu qədər də uzun ömürül və bir də tarixə bizi tikib-qurmaq qabiliyyətimizi köçürən digər xalqlara  bu sahədəki  bacarığımızı, məharətimizi nümayiş etdirən bir nümunədir.

Yəni həmin daş yaddaşımız həm danışır, həm də göstərir. Bax, bu mənada bizim tariximizin ayrıca bir bölümü olan qalalar təkcə mühafizə üçün, təkcə sərhəd üçün və nəhayət tikinti üçün nəzərdə tutulmayıb. Yəni bu qalaların hər birinin öz tarixi olmaqla bahəm, həm də bu qalaların hər birinin öz missiyası olmuşdu. Üstəlik, bu qalaların hər biri həm də arxitektura nümunəsi kimi möhtəşəmdir. Tariximizin qala abidələri sırasında Qarabağ bölgəsinin abidələrinin özünəməxsus yeri var. Doğrudur, məkrli düşmənlərimiz zaman-zaman Qarabağın, xüsusilə Dağlıq Qarabağ ərazisindəki abidələrimizi erməniləşdirməyə, özününküləşdirməyə cəhd göstəriblər. Hətta ermənilər bunun üçün tarixi saxtalaşdırmaqdan çəkinməyiblər və onlar abidələr üzərində bərpa işləri aparmaq adı altında "erməni izləri" qoymağa, xaç işarələri çəkməyə cəhd göstəriblər və bəzən bununla da tarixi abidələrimzə köklü zərbələr vurublar. Bu başqa bir mövzudur. Yəqin ki, buna da qayıdacağıq. Bu gün isə Qarabağ xanlığının şərq qapısı olan Əsgəran qalasından  söz açırıq.

Tarixi mənbələrə üz tutanda məlum olur ki, hələ XVIII əsrdə Pənahəli xan özünə aid xanlığın sərhədlərində böyük tikinti işləri aparmaq barədə göstəriş verib. Məhz onun göstərişilə Əsgəran qalasının tikintisinə başlanılıb. Və bu qala bugünkü Ağdam rayonundan, daha doğrusu, rayon mərkəzindən 12 km bir məsafədə yerləşir. Həmin qala Şuşa şəhərindən 24 km, Xocalı şəhərindən isə 5 km bir məsafədədir. Qalanın tikildiyi ərazi Qarqar çayının sağ və sol sahillərindəki dağlıq hissəsindən keçir. Özü də bu qala elə bir formada tikilibdir ki, Qarqar çayının həmin hisədə eni təqribən 500 metrə yaxındır.

Yəni çayın 500 metrə yaxın olan bu yatağını qalanın divarları əhatəyə alıbdı və keçilməz dərə hissəsinə qədər gedi çatıbdı. Bunu da qalanı tikənlər bilərəkdən ediblər. Çünki həmin keçilməz hissəni nəzarətdə saxlamaq mümkün idi. Bundan başqa qala divarlarının eni, onun bürcləri, həmçinin müşahidə yerləri göstərir ki, Əsgəran qalası xanlığın sərhədini qorumaq, onun təhlükəsizliyini təmin etmək üçün bir növü sərhəddi, səngərdi. Elə yerin relyefinə uyğun bir şəkildə tikilmiş bu qalanın mühafizəçilərinin yerləşdiyi otaqlar da elə bir formada tkilib ki, o, qalaya bir kompleks görkəmi də verir. Hətta bu otaqlar ikiqat daş otaqlardan ibarətdir.

Hətta istehkam bürcləri də davamlı, dözümlü olması üçün ikiqat daşdan hörülmüşdü. Əsgəran qalasının bütün bürcləri ikimərtəbəlidi və bürclərdən bir-birinə keçmək üçün dəhliz də hörülmüşdü. Ümumiyyətlə, bu qalanın özündə bir müdafiə vəziyyətini, müdafiə görkəmini ifadə edən tikinti üslubu ilk baxışdan diqqəti çəkir və aydın olur ki, qalanın sol sahil hissəsi düzbucaqlı formasındadı. Və bu da onun istehkam qalası olduğunu bir daha büruzə verir. İstər  Qarqar çayının, istər həmin relyefin özünün yaratdığı gerçəklikləri nəzərə almaqla tikilən Əsgəran qalası həm də bir qapalı həyət formasını da özündə ehtiva edir.  Demək olar ki, bu qaladakı bürclər özü-özlüyündə  döyüşçünün lazımi anda öz vəzifəsini yerinə yetirmək üçün rahat ola biləcək kvadrat şəkilli istehkamdı. Həmçinin qalanın köndələn divarlarında üstü tağlı darvazalar da var. Ümumiyyətlə isə qalanın hər iki divarı yalnız çayın özünə qədər gedib çatıb. Və istinad etdiyimiz tarixi ədəbiyyatda göstərilir ki, "istehkamın sol sahilindəki altı bürcün hər biri kiçik taxt-tavanla iki mərtəbəyə ayrılır, üçüncü mərtəbə yalnız mazğallara qədər müdafiə olunur".

Göründüyü kimi Əsgəran qalasının müdafiə xarakterli olduğu birmənalıdı. Və buradakı qala divarının hündürlüyünün 9 metr, qalınlığının 2 metrdən ibarət olması da onun davamlı olmağa hesablandığını göstərir.

Maraqlı həm də burasıdır ki, qala divarlarının üst hissəsi  çox mükəmməl işlənmiş çay daşlarından tikilmişdir. Təəssüf ki, bu günun işğal altında olan torpaqlarımızdakı digər tarixi abidələrimiz kimi Əsgəran qalası da özünün əsirlik dövrünü yaşayır.

Ona görə də ermənilər bizim mədəniyyət və arxeoloji abidələrimizi istədikləri şəkilə salmağa, istədikləri formada təqdim etməyə bu gün açıq şəkildə cəhdlər edirlər. Dövrü mətbuatın, eləcə də beynəlxalq təşkilatların vasitəsilə əldə edilmiş bilgilərdən məlum olur ki, ermənilər bu gün Əsgəran qalasını Mayrabert kimi göstərirlər. Bu adı da qalanın yaxınlığında olan erməni kəndinin adından götürüblər. Amma qondarma və yalançı məlumatlara istinad edən ermənilər unudurlar ki, Əsgəran qalası barəsində  kifayət qədər sanballı elmi, tarixi məlumatlar mövcuddur.

Əgər  biz onlara üz tutsaq, onda birmənalı şəkildə görərik ki, qalanın tikintisi ilə bağlı iki fikir var. Onlardan birinin iddiasına görə, qalanı Mehrəli xan, digər bir qisminin isə Pənah xan tərəfindən tikildiyini iddia edirlər. Məsələn, Rzaqulu bəy Mirzə Camal oğlunun "Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri" əsərində göstərir ki, "mərhum İbrahim xanın yadigarlarından üçüncüsü hər iki Əsgəran qalasıdır. Bu qalaları hicri 1203, miladi 1786-cı ildə tikdirmişdir".

Digər tarixi Mirzə Vəli bəy Baharlı isə özünün "Əhvalati-Qarabağ" əsərində göstərir ki, "Pənah xan qalanı tamam edib və Pənahabad adı qoyub. Sonra yenə fikrə düşüb ki, qaladan bir neçə ağac aşağıda bir qalaça qoşundan ötrü təmir etsin. Belə ki, həmin Əsgəran adlanan qalaçaları ki, biri Qarqar çayının o tərəfində və birisi  digər tərəfində təmir olub, həmin qalaçaları təmir elədi və bir cəm qoşun həmişə qalalarda durarmışlar".

 

(ardı gələn sayımızda)

 

ƏBÜLFƏT MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.