SON DƏQİQƏ:

 ANAR MƏSƏLƏSİ - MEHMAN CAVADOĞLU yazır

  131527   |  
Şriftin ölçüsü  

1988-ci ilin fevral ayında çalışdığım redaksiyanın tapşırığı ilə müsahibə dalınca o vaxtlar “Domsovet” adıyla məşhur olan indiki “Hökumət evi”ndəki nazirliklərdən birinə gedirdim. Zaman o zaman idi ki, 70 il ərzində ermənilərin müxtəlif hiyləgər bəhanələrlə ardıcıl olaraq Kreml rəhbərlərinin masaları üstünə yatızdırılan və hər dəfəsində də təxminən “sərhədlərin dəyişdirilməsi zəncirvari reaksiyaya çevrilərək bütün ölkəni bürüyər” tipli arqumentlərlə rədd edilən Qarabağın ilhaq planı kabinetlərdən çıxaraq Yerevanın və Stepanakertin meydanlarına sıçramışdı. Bu açıq-saçıq həyasızlığa isə Azərbaycan hələ susqunluq nümayiş etdirir, Bakı çayxanalarında yaranmış  canlanmalardan və bir də Akademiya alimlərinin vərəqələr şəklində həmin çayxanalarda yayılan etiraz bəyanatlarından başqa, demək olar ki, heç bir əməli addım atılmırdı.

“Hökumət evi”nin qarşısındakı meydana çatanda Leninin o vaxtkı heykəlinin qarçısında təxminən 200-300 adamın toplaşdığını gördüm. Tribunada bir neçə nəfər dayanmış, kimsə də nəsə danışırdı. Məsafə xeyli uzaq olduğundan sözləri tuta bilmirdim, açığı, yaxınlaşdıqca ağlıma gələn ilk fikirdən də lap dəli olmaq dərəcəsinə gəlir, ayaqlarım az qala tutulurdu. “Yəni, bunlar o dərəcədə həyasızlaşıblar ki, artıq Bakının ortasında...” Yaxşı ki, bu fikir tamamlanmamış danışanın tək-tək kəlmələri aydın eşidilməyə başladı və azərbaycanca olan bu kəlmələrin içimə səpdiyi sərinlikdən sonra addımlarımı yeyinlətdim. Bu bizim erməni seperatçılarının aylarla davam eləyən mitinqlərinə ilk cavabımız idi və onun kimlər tərəfindən təşkil olunduğu bu gün də mənə müəmma olaraq qalır. Nə danışanların, nə də iştirakçıların arasında tanıdığım bir kimsə yox idi.

Mitinqçilərin sayı az olsa da, coşqusu böyük idi. Bir azdan ölkə komsomolunun başçısı və indi adlarını xatırlamadığım daha bir neçə şəxs tribunanın arxa qapısından peyda olub adamları sakitləşdirməyə çalışsalar da, onları heç ağızlarını açmağa qoymayaraq fıştırığa basdılar. Daha sonra həmin arxa qapıdan Anar çıxdı və elə tribunada görünən kimi meydanı əvvəcə ölü bir sükut, sonrasa gurultulu alqışlar bürüdü. Üzlərdə ümid və sevinc qığılcımları alışmağa başladı. Anar çıxışında özünün də bu proseslərdən bərk narahat olduğunu, elə burdan birbaşa Mərkəzi Komitəyə gedib ciddi söhbət edəcəyini bildirdi. O, gurultulu alqışlar altında arxa qapıdan çıxdıqdan sonra mitinqçilər də “Neftçilər” prospekti boyu şüarlar səsləndirə-səsləndirə MK-ya tərəf üz tutdular. MK-nın qarşısında yürüş iştirakçılarını artıq ölkə rəsmiləriylə müzakirələr aparmış Anarın özü qarşıladı və nitqinin elə üçüncü-dördüncü cümləsindən sonra bayaqkı hökumət adamlarının vəziyyətinə düşdü – sərt etirazlara tuş gəldi. Cəmi bir saatın içində insanlar iki Anarla üz-üzə qalmışdı. Ümidlə, imdadla baxdıqları ziyalı Anar və hökumət sözçüsü Anar!

Əlbəttə, bu cür milli-siyasi problemlərin həlli bir yazıçının, ziyalının gücü və imkanı daxilində olmasa da, bəzən biz onlardan imkanlarından artıq fədakarlıq umuruq. Xalq sevdiyi, inandığı ziyalını hər gün, hər saat öz yanında görmək istəyir. Amma unudur ki, ziyalı xalqın lideri deyil, kütlənin flaqmanı heç deyil, həlledici məqamlarda sözünün eşidilməsi üçün o, hökumət yanında da üz saxlamalıdır. Doğrudur, ziyalı daha çox xalqın  dərdləriylə yaşayan, daim onun yanında duran, onun ağrı-acılarını dilə gətirib sağaltmaq üçün özünü fəda edən bir missoner, ictimai fenomendir. Amma xalqla hakimiyyət arasında kəskin ziddiyyətlərin hökm sürdüyü cəmiyyətlərdə bəzən açıq qarşıdurmalardan qaçmaq, daxili harmoniyanı mümkün qədər qoruyub saxlamaq elə bir zəruri tələbata çevrilir ki, bu tələbatı ödəmək üçün ziyalı sözü və vasitəçiliyi əvəzsiz rol oynayır və yaxud oynamalıdır. Onu sırf elm, sənət, ədəbiyyat adamlarından fərqləndirən, onların fövqünə qaldıran da məhz bu məqamdır.Təsadüfü deyil ki, xalq-hakimiyyət münasibətlərinin birbaşa tənzimləndiyi məmləkətlərdə elm və sənət adamlarının əlavə olaraq ziyalılıq yüküylə də yüklənməsinə ehtiyac qalmır.   

Bu gün az qala cəmiyyətin bütün eybəcərliklərində yerli-yersiz qınaq obyektinə çevrilməsinə, min bir dərdin əlacı sayılaraq nişangah kimi hədəfə götürülməsinə rəğmən Anar həmişə olmasa da bir çox həlledici məqamlarda öz ziyalı missiyasına sadiq qalıb, dar ayaqda xalqının yanında olub, onun sözünü deyib. Amma adamlar ondan haqlı olaraq daha çoxunu umub, çünki bu haqqı onlara bir başqası yox, istedadlı yazıçı, publisist, dramaturq, senariçi, rejissor kimi rəngarəng mövzularda yaratdığı, yüksək bədii dəyərləriylə yanaşı, ağır ictimai yükü olan əsərləriylə o özü verib. Başqa istedadlı yazarlarımızın haqqına girmədən deyim ki, ötən əsrin 60-cı illərindən başlayaraq bu ölkənin neçə-neçə nəslinin gözü daha çox onun əsərləriylə açılıb, zövqü və dünyagörüşü onun yazıb-yaratdıqlarıyla formalaşıb.  Uzun illər qabaq yazdığım bir fikri yenə də təkrar edirəm ki, elə bu sətirlərin müəllifinin ilkin dünyagörüşünün formalaşmasında da Azərbaycandan olan az sayda yazıçılardan biri, bəlkə də birincisi Anardır.

Son illər, daha doğrusu, son dövrlər onun adının daim mətbuatın gündəmini zəbt etməsi daha çox Yazıçılar İttifaqının sədri vəzifəsini tutmasıyla bağlı olsa da, hirsi-hikkəsi soyumayanlar ara-sıra əsərlərinə çamur atmaqdan da çəkinmirlər. Özü də daha çox bir əsərinin qulpundan yapışır, xalqımızın Sovet rejimi tərəfindən ayaqlar altına atılmış milli-mənəvi dəyərlərinə, arkadaşlar demiş, kəndinə qayıtmağa başladığı dönəmlərdən sonrakı hər keçən gün daha da aktuallaşan Təhminə obrazına ilişirlər. Düzdür, indiyədək dünyanın heç bir yerində tənqidin fövqündə durası hər hansı bir əsər yazılmayıb, hətta bundan sonra da yazılacağı gözlənilmir. Amma heç kimə sirr deyil ki, bu tənqidlər əsərin özündən, onun bədii məziyyətlərindən çox müəllifə, daha doğrusu, onun oturduğu posta münasibətdən qaynaqlanır.

Yeri gəlmişkən, elə onun özü də bəzən dolayısıyla bu xora qoşulur. Məsələn, bu günlərdə cəmiyyətin gündəmini büsbütün zəbt eləmiş Tofiq Yaqublunun müdafiəsinə yayğın bir cümləylə münasibət bildirən Təhminə obrazının yaradıcısı elə öz qəhrəmanı kimi mentalitet şəhidi olan Elina adlı balaca qızcığazın ölümündə ən azı mənəvi məsuliyyət daşıyan bir xanımı ayrıca məqaləylə müdafiə etməkdən  çəkinmir. Hərçənd, elə burdaca ölkədəki bir çox siyasi məhbusların müdafiəsində, azadlığa çıxmasında onun oynadığı həlledici rolu vurğulamaq da, necə deyərlər, boynumuzun borcudur.

Anarın əsərlərinin təhlili və qiymətləndirilməsi bu yazının predmeti olmadığı üçün ədəbi-bədii yaradıcılığının yuxarıda misal çəkdiyim zahirən xırda, əslindəsə çox vacib detalını xatırlatdıqdan sonra keçək başqa məsələyə – bitib-tükənməyən bu Yazıçılar Birliyi söhbətinə. Əslində, sərlövhəyə rəğmən elə məqalənin əsas mövzusu da daha çox  həmin qurumla bağlıdır. Bu qurumun, eləcə də onun ekizləri sayılası digər təşkilatların vaxtilə bütün yaradıcı insanları eyni ideologiyanın çətiri altına toplamaq və bir mərkəzdən idarə etmək məqsədilə yaradıldığı heç kimə sirr deyil. Xatırlayırsınızsa, Rusiya və bəzi başqa respublikalarda SSRİ-nin dağılma prosesi ilk öncə elə həmin “monstr”lardan başladı. Onların adını və varisliyini qoruyub saxlayanlar da mahiyyətini dəyişdilər, üstəlik, çoxsaylı alternativ qurumlar yaratdılar. Tək biz və özümüzə qardaş saydığımız bizim kimi federasiya subyektləri cəmiyyətin orqanizmində çoxdan rudimentə çevrilmiş həmin birliklərdən hələ də yaxa qurtara bilmir, daha dəqiqi, yaxa qurtarmaq istəmirik. Bunun sözü gedən ölkələrdəki siyasi ab-havadan tutmuş ələbaxımlılıq psixologiyasına kimi saysız səbəblərini sadalamağa çalışsaq, bu səbəblərin arasında “yaradıcılıq amili” deyə bir şey olmayacaq. Çünki söhbət lap binədən yalnız dövlət qurumu və həmkarlar təşkilatının simbiozu kimi fəaliyyət göstərən, azad yaradıcı mühitdən uzaq bir məkandan gedir.

Burdakı ədəbi müzakirələr də həmişə eyni lada köklənib – təriflər, alqışlar, xətrə dəyməyən növbətçi tənqidi fikirlər və ya yüngül iradlar! Əsl amansız çəkişmələr isə pərdə arxasında, həm də ədəbiyyatdan kənar müstəvidə gedib. Çəkişmədən söz düşmüşkən,  “siyasət murdar peşədir” kimi min illərin çeynənmiş bir ifadəsi var ki, eşitməkdən  qulaqlarımız yağır olub. Hər fürsətdə bu fikri çeynəyənlər unudurlar ki, siyasətçilər arasında bəzən əndazəsini aşan şəkişmələr, “alıb-aldatmalar” əslində insan xislətinin təzahürləridir və bu cür münasibətlər sistemi dövlət idarələrindən tutmuş ictimai təşkilatlara, hətta bəzən nə bilim “nəyinsə məbədi” kimi təşbehlərlə bəzənib-düzənmiş qurumlara kimi bütün sahələrdə mövcuddur. Sadəcə, başqa yerlərdəki çəkişmələr məhdud maraq qruplarının arasında baş verdiyi üçün hamının dilinə düşmür, kənar adamları o qədər də ilgiləndirmir. Siyasi proseslərsə siyasətlə məşğul olanların da, ona nifrət eləyib gen gəzənlərin də marağındadır deyə orda baş verənlər dərhal hamının gözünə girir, dedi-qodulara səbəb olur, əfsanələrə və dastanlara çevrilir. Ən azından biz hələ heç bir siyasi partiya rəhbərinin öz kabinetindəcə ürəyinin partladılıb öldürülməsinə gətirib çıxardan bir “intriqa”nın və qatı düşmənçiliyin şahidi olmamışıq.

Azərbaycanda tək Rasim Qaracanın yaratdığı AYO ədəbiyyat və sənət naminə az qala bir əsrlik tarixi olan AYB-dən xeyli çox iş görüb. AYB isə 30 illik müstəqillik dövründə adındakı kosmetik dəyişiklikdən başqa heç bir islahata getməyib, əksinə yarandığı gündən boyuna biçilmiş mühafizəkar xislətini daha da gücləndiməkdə davam edib. Liberallaşma isə yalnız tövbə qapısını daim açıq saxlamasında, tez-tez acıq eləyib gedən və təbii ki, yaradıcı ehtirasının tüğyan etməsindən yox, orda müntəzəm olaraq paylanan müxtəlif təyinatlı pay-pürüşlərdən əli çıxdığına görə yenidən geri qayıdan üzvlərinə təkrar qucaq açmasında özünü göstərib. Əlbəttə, bir vaxtlar üzvlükdən çıxarılanların Sibirə və ya edam kürsüsünə göndərildiklərini nəzərə aldıqda “qəlbləri riqqətə gətirən” bu cür humanizmi qiymətləndirməmək nankorluq olardı. Vaxtilə Kommunist Partiyasının sıralarından qovulanlar da eyni taleyi yaşayırdılar. Amma bu partiya heç olmasa özünü buraxmaqla öz günahlarını azacıq da olsa yumağa cəhd göstərdi.

Yazıçılar Birliyi isə əksinə, gündən-günə sıralarını genişləndirərək böyüməklə məşğuldur. Bu isə təkcə istedadlı yeni nəslin hesabına baş vermir, daha çox mental xüsusiyyətimizlə bağlıdır. Axı, başqa qövmlərdən fərqli olaraq bizim ilahi istedadımız təkcə yeniyetməlik və gənclik illərində yox, həm də pensiya yaşlarında üzə çıxır. Amma bir anlıq ağlınıza Yazıçılar Birliyinin elə növbəti qurultaydaca özünü buraxacağı kimi fantastik versiyanı gətirin. Bu ölkədə özünütəşkil yoluyla neçə yaradıcı qrupun, dərnəyin, klubun, nə bilim, adına nə istəyirsiniz deyin, yaranmaq potensialı var. Mən heç qorxudan həmin qurumların müxtəlif ədəbi cərəyanlar əsasında yaradılacağı versiyasını  dilimə gətirmirəm. Qələm əldədir deyə hər fürsətdə kiçik partiyalara rişxənd eləməklə deyil ha!..

Son günlər Yazıçılar Birliyi ətrafında diskussiyalar yenə də mətbuat səhifələrini bürüyüb. Təbii ki,  diskussiyalar sağ ikən ömrünü başa vurmuş bir qurumun gələcək taleyindən, onun islahatlar yoluyla funksional bir orqanizmə çevrilməsindən və yaxud çoxdan ömrünü başa vurduğu üçün fəaliyyətinin xətm olunmasından getmir, didişmə  ildən-ilə yubadılan, acı bağırsaq kimi uzadılan qurultayda kimin sədr olacağı, daha doğrusu, Anarın öz yerində qalıb-qalmayacağı üstündədir. Daha sadə desək, diskussiyanın predmeti Yazıçılar Birliyi deyil, sədr kreslosudur.  Mən bu qurumun üzvü olmadığım üçün həmin diskussiyada, özü də onun belə bir həssas mərhələsində iştirak eləmək, təklif vermək haqqına sahib deyiləm. Amma açığını deyim ki, Anarı bir daha həmin vəzifədə görmək istəmirəm. Çünki “Anar” imzası “Yazıçılar Birliyinin sədri” titulundan qat-qat böyükdür,  “fatihəsi” çoxdan oxunmalı olan bir qurumdan ötrü bu imzanın bir daha kiçilməyinə qıymıram.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK