SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: BİZİ QARABAĞDA GÖZLƏYƏN RUH

  96451   |  
Şriftin ölçüsü  

O günlər indiki kimi gözümün önündədi. Hətta mərmilərin də səsini, qradların da uğultusunu eşidirəm... əsgərlərin bağırtısını da, komandirlərin hayqırtısını da yenidən yaşayıram... Və belə bir məqamda tarixə diqqət yetirirəm. Bu bəlli tarix - 20 iyun 1993-cü ildi! Döyüş Ağdamın Boyəhmədli kəndi ətrafında gedir. Ermənilər havadarları və muzdlu döyüşçülərlə birlikdə hücuma keçiblər. Belə bir vaxtda Qarabağın bu bölgəsində yer, göy od tutub yanır. Adamlar bir çaşqınlıq içərisində paytaxtdan gözləyə-gözləyə necə bacarırlarsa vuruşurlar. Heç kəs səngəri tərk etmir. Onların arasında qarayanız, cəldliyi ilə seçilən və hamının da xətrini çox istədiyi bir oğlan da var. Bu, Boyəhmədli kəndində doğulmuş Elçin Müzəffər oğlu Baxşəliyevdir. Doğulduğu kənddə, oxuduğu məktəbdə hamıdan fərqlənən, istiqanlı, bir az da müdrik görkəmli bu oğlan elə bil xeyirxahlıq üçün doğulmuşdu, adamlara əl tutmaq, qayğı göstərmək üçün dünyaya gəlmişdi. Ona görə də onunla bağlı həmyerlilərindən, Elçini tanıyanlardan nəsə soruşanda hər kəs birmənalı şəkildə vurğulayır ki, heyf Elçindən, o başqa bir oğul idi!..

Bəli, mən Elçin Müzəffər oğlu Baxşəliyevin keçdiyi döyüş yoluna yaxşı bələdəm. Onun silaha necə sarılmasından, necə döyüşməsindən, hətta yaralı döyüş dostları üçün özünü necə güllə qabağına verməsindən yazmaq, danışmaq mənim üçün şərəfdir. Çünki söhbət bu millətin, bu torpağın ər oğlundan, igidindən gedir. Və həyat yoluna bələd olduğum Elçin orta məktəbi bitirəndən sonra Sovet ordusunda xidmət etməsi, xidməti başa vurduqdan sonra Gəncədə İnşaat Texnikomunda təhsil alıb təyinatla Ağdama gəldi. Onu rayonun "Qarabağ” adın sovxozunda işə götürdülər. Sahib olduğu ixtisasdan əlavə, Elçin Baxşəliyev Boyəhmədlidə rəssam-şair kimi də tanınırdı. Hələ orta məktəbdə çəkdiyi şəkillər, yazdığı şeirlər sinif yoldaşlarının, müəllimlərinin diqqətini çəkmişdi, sonra bu xəbər kəndə yayılmışdı. Və beləcə, bütün kənd Elçinin adı gələndə söhbətin şair-rəssamdan getdiyini analyırdı. Elçin isə böyük xəyallarla, arzularla yaşayırdı. O, ali təhsil almaq, Allahın verdiyi bu fitri-istedadı daha da şaxələndirmək üçün boş vaxtlarını qələmə, fırçaya həsr edirdi. Amma görünür, onun saydığını fələk saymırmış. Çünki...

Bəli, ermənilərin torpaq iddiası hamı kimi Elçini də silaha sarılmağa məcbur etdi. O da vətənin harayına səs verdi. Elə ilk könüllülərdən biri kimi ön cərgədə yer tutdu. Ağdamın Papravənd kəndi ətrafında gedən döyüşdə, yəni 1993-cü ilin sentyabr ayının 11-də ağır yaralandı. Onu Bakıya Topçubaşov adına Ekperimental Cərrahiyyə İnstitutunda müalicəyə götürdülər. Müalicə başa çatandan sonra Elçin 3-cü dərəcəli əlil kimi ailəsinin yanına qayıtdı. Amma bu qayıdış ailəni başına yığmaq üçün deyildi. Görüşüb, səngər dostlarının sırasına dönmək üçün idi. Elçin xəstəxanadan evə gəlib yenicə doğulmuş oğul payı Altunbəyi bağrına basdı, onu öpüşlərə qərq etdi. Ata-oğulun bu görüşü hamını heyrətləndirdi. Sanki vida görüşü idi. Altunbəyin anası da, digər doğmaları da nəfəslərini tutub heç nə demədən baxırdılar. Əl boyda uşaq səsini də çıxarmırdı. O da atasıyla vidalaşırdı. Belə məqamda Elçinin anası Validə xanım bir az irəli keçib əlini onun çiyninə vurdu: "Uşağı belə möhkəm sıxma sinənə, nəfəsi tıncıxar” – dedi. Amma hiss olunurdu ki, ana ürəyi də nə isə duyub. Çünki onun kipriklərinin ucu nəm idi.

Bəli, həmin gün Elçin ailə üzvlərilə sağollaşıb səngərə döndü. Onun arxasınca Validə xanım, bacıları Aytəkin, Şəhla, Şəfəq su atsalar da, göz yaşları da səpdilər. Çünki əl boyda Altunbəy atası gedəndən sonra elə bir qışqırtıyla ağladı ki, onu təsəvvür etmək mümkün deyil. Bir neçə gündən sonra acı xəbər qapını döydü. Gedən ağır döyüşlərdə şair-rəssam, 3-cü qrup əlil Elçün Müzəffər oğlu Baxşəliyev qəhrəmancasına həlak oldu. Bəlkə də bu bir alın yazısıdı... bəlkə də bir möcüzədi. Amma ən dəhşətlisi odur ki, nə Elçin dəfn olunanda, nə də bu 40 günlük mərasim müddətində Altunbəy kimsəyə narahatlıq yaşatmadı. Hamı heyrətlənir, bu oğul atasıyla sanki görüşə hazırlaşırdı. Və Ağdamın işğalından bir az sonra Altunbəy 2 yaş 6 aylığında atasına qovuşdu. Məhz həmin gün hər kəs Elçinin öz oğlunu bağrına necə sıxdığı o anları bir daha xatırlayıb, bir daha yaşadı. Üstəlik, həmin anda yanıqlı-yanıqlı üzünü Qarabağa tutub için-için ağlayan Validə ananın bayatıları oğul yanğısına, oğul həsrətinə sanki yağ damızdırdı. O tonqal bir az da gur yandı.


Dağlarda duman ağlar,
Yaxşılar yaman ağlar.

Şəhid Elçinim laylay,

Sənsiz qəlbim qan ağılar.


Yaxınlar uzaq oldu,

Qış gəldi sazaq oldu.

Getdin, bir də gəlmədin,
Yolun nə uzaq oldu.


Əzizim gül açıbdı,

Yaz gəlib gül açıbdı.

Torpağa axıb qanın,

Elə bil gül açıbdı.


Haray, ay ellər, haray,

Dərd var sinəmdə lay-lay.

Uçdum Haqq dərgahına,

Laylay Elçinim, laylay.


Bu gün Bakıda bir ünvan var... Respublika Hərbi Prokurorluğunun binasında yerləşən memorial muzeydə şəhid şair-rəssam Elçin Müzəffər oğlu Baxşəliyevin guşəsi yaradılıb. Bu guşəyə ilk dəfə məni Elçinin bacısı oğlu Elgiz dəvət etmişdi. Burada mən onu salamlayarkən anası Şəhla xanımı da, bacısı Nərgizi da, atası şair qardaşım Adil Şirini də görüb öncə nə deyəcəyimi təxmin edə bilmədim. Sonra köməyimə "VƏTƏN SAĞ OLSUN!” imzası gəldi. Elə indi də onlara necə təsəlli verəcəyimi bilməsəm də, Elçin Baxşəliyevin bütün doğmalarına, döyüş dostlarına, həm də xalqımıza üzümü tutub deyirəm:

- VƏTƏN SAĞ OLSUN!

... Bəli, bu gün Elçin Baxşəliyevin şəhidlik zirvəsindəki yaşı 27 rəqəmiylə ifadə olunur. Amma onun Qarabağda, Ağdamda dolaşan ruhu elə Ağdamdakı yaşındadı və bizi də elə o yaşında gözləyir!..


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK