SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: TALAN

  33717   |  
Şriftin ölçüsü  

... Bir çox yüksək vəzifəli şəxslər bu ölkəyə, bu məmləkətə, bu dövlətə yağlı quyruq kimi baxıblar. Və çalışıblar ki, vəzifə kreslosuna keçən kimi gözlərinə nə göründü hamısını ələ keçirsinlər, yeyib üstündən də su içsinlər. Heç düşmən belə münasibət bəsləsə, bizi o qədər yandırmaz. Çünki bilirsən ki, o düşməndi, sənin məmləkətini və ölkəni yağmalamaq istəyir.

Ən böyük düşmən isə mələk cildinə girib şeytan sifətilə vəzifədə əyləşmiş xalqın, dövlətin və millətin qanını içmiş və bugünlərdə həbs olunmuş yüksək vəzifə sahibləridir. Onların bir məqsədi olub: ölkəni talamaq, hər şeyin axırına çıxmaq və öz qohum-əqrəbasına bir gün ağlamaq!

İstedadlı jurnalist Rüstəm Əbülfətoğlunun bu günlərdə qəzetimizdə "Belə-belə işlər” məqaləsi dərc edilib. Həmin məqalədə müəllif Mədəniyyət Nazirliyində baş verən rüşvətxorluqdan, korrupsiyadan və ölkənin mədəniyyət sahələrini talamaqdan söz açır. Təkcə məqalədən bir faktı xatılatmaq bəs eləyir: "Biləsuvar Regional Mədəniyyət İdarəsi yalnız dəftərxana xərcləri üzrə ötən il 391795,98 manat vəsait xərcləyib. Məncə pis rəqəm deyil...”

Məgər dövləti bundan da artıq aldatmaq və talamaq olar?! Məgər dövləti talamağın və dağıtmağın buynuzu var?! Tək bu nazirlikdə deyil, əksər nazirliklərdə yoxlamalar keçirilsə, bəlli olar ki, onlar büdcədən pul oğurlamaq üçün nə qədər şişirtmələrdən və əyri yollardan istifadə ediblər.

Mədəniyyət sahəsində hansı yerdə bir balaca saf-çürük edilsə, görmək olar ki, həmin ünvanlarda nə qədər mənimsəmə, nə qədər dövlətdən pul oğurlamalar və nə qədər də saxta sənədlərlə büdcəni talamaq faktları ortaya çıxar. Hamı da yaxşı bilir ki, regionlarda, qəsəbələrdə, kəndlərdə əksər kitabxanaların, musiqi məktəblərinin və digər mədəniyyət ocaqlarının adı var. Adı olub özü fəaliyyət göstərməyən bu ünvanlarda nələr baş verir, onu hamıdan yaxşı o qurumlarda yoxlama və araşdırma aparacaq təşkilatlar dəqiq bilər. Hər halda, görünən odur ki, bu gün mədəniyyətimiz də, onun əksər sahələri də çox bərbad gündədi.

Cənab prezident İlham Əliyev İmişli və Ağstafa rayonlarına yeni icra başçısı təyin edib. Və onların hər ikisini onlayn formatda qəbul edib, öz tapşırıqlarını, tövsiyələrini verib. Və cənab prezident qeyd edib ki, bundan sonra da ölkədə korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaqdı. Bəzi icra hakimiyyətinin başçıları özlərini ağa kimi aparıblar, bir daşı daş üstünə qoymayıblar. Ancaq başları qarışıb var-dövlət toplamağa. Cənab prezident onu da qeyd edib ki, mübarizə sözdə yox, əməldə aparılır. Hətta yeni başçılara prezident bildirib ki, onların da fəaliyyəti nəzarətdə saxlanılacaqdır. Ona görə də yeni təyin olunmuş icra başçıları nəticə çıxarmalı, əhaliylə görüşlər keçirməli, onların problem və çətinliklərini həll etməlidilər.

Görəsən, indi bir çox icra başçıları cənab prezidentin bu mesajından bir nəticə çıxarırmı? Hər halda, bu suala birmənalı cavab vermək o qədər də asan deyil. Çünki nəticə çıxaranlar da var, çıxarmayanlar da. Ən azından ona görə ki, elin gözü tərəzidi. Təbii ki, hər bir vəzifəli şəxs indiki durumda ən azından köhnə əməlindən əl çəkməli, insanları incitməməli və onları dövlətdən narazı salmamalıdır. Belə ki, bu adamlar Allahına şükür eləməlidilər ki, onlar yüksək postda əyləşiblər. Təəssüf ki, onlar şükür eləmək əvəzinə, hələ də xalqın dərisini soyurlar. İçinə sapand təpmirlər ha, elə dərisini soyub atırlar çölə!

Bu gün də elə icra başçısı var ki, hələ də bəd əməllərindən əl çəkməyib. Heç icra başçısının minlərlə qoyun-quzusu olar? Bir o qədər də iribuynuzlu heyvanları üzə çıxar? Bunu heç kim bilməsə də, o rayonda yaşayan camaat yaxşı bilir. Bəzi icra başçıları dövlət fondundan olan torpaq sahələrini hər rayonda 5-6 adama veriblər. Və 5-6 adamın hər birinə 1000 hektar torpaq sahəsi verilib. Və bu 5-6 adam da rayondakı torpaq sahələrini əkib-becərirlər. Yəni icra başçıları hər adama yox, ancaq inandıqları və etibar elədikləri sahibkarlara torpaq sahəsini verir. Hər hansı rayonda isə 5-6 sahibkar yox, ən azı yüzlərlə sahibkar var. Elə olmazmı ki, 1000 hektarlarla torpaq sahəsi torpağı olmayan və yaxud az olan sahibkarlar arasında bölüşdürülsün. Məsələn, hər sahibkara 20-25 hektar torpaq sahəsi verilsin. Qoy onlar da əkib-becərsin, bolluq yaratsın, dövlətin hesabına qazanclarından vergi ödəsinlər. Bax, bu cür qanunsuzluqlar bir çox rayonlarda mövcuddur.

İndi-indi üzə çıxır ki, İmişlinin keçmiş icra başçısı bir çox sahibkarların torpağını əlindən alıb rüşvət müqabilində başqa sahibkarlara satıb. İndi o sahibkarlar da öz haqlarını tələb edirlər. Sözümüzün canı odur ki, digər rayonlarda olan bu cür haqsızlıqlar sosial partlayış olmamış öz halal sahiblərinə qaytarılsın. Ay başınıza dönüm, Bakıda yaşayan iş adamı gedib hər hansı kənd rayonunda rüşvət müqabilində camaatın otlaq və əkin sahələrini ələ keçirib. İndi həmin adamlar da deyirlər ki, bizim zəbt olunmuş torpaq sahələrimizi geri qaytarsınlar. Bayaq dedik axı, bu cür qanunsuzluqlar məmləkətimizin bir çox rayonlarında var.

Xalq şairi Sabir Rüstəmxanlının gözəl bir ifadəsi var: "Kiçik padşahlar”. O, bu ifadəni rayon icra hakimiyyətlərinin başçıları haqqında işlədib. Cənab prezident də dedi ki, bəzi icra başçıları özlərini ağa kimi aparırlar.

Amma çox nahaq yerə! Kim xalqa, dövlətə, millətə xidmət eləməyəcəksə, onlar tutduqları vəzifədə əyləşə bilməyəcəklər. Çünki xalqın sərvətini, dövlətini, büdcəsini talan edib dağıdanlar bu dövlətə, bu xalqa artıq cavab verməyə başlayıblar. Bu cavab elə də asan olmayacaq. Yəni korrupsiya, rüşvətxorluqla məşğul olan vəzifəli şəxslərin yeri həbsdir. Cənab prezident hər bir icra başçısını təyin edəndə deyir ki, gedin, xalqa xidmət eləyin, camaatla görüşün, onların problemlərini, çətinliklərini həll edin. Bax, bu mesaj bütün icra başçıları üçün bir dərs olmalıdır.

Əgər hər hansı icra başçısı uzun müddət bu vəzifədə işləyibsə və köhnə metodlarla idarəçilik sistemini həyata keçiribsə, indi tamamilə fərqli bir qaydada işləməlidir. Yəni onlar əvvləki kimi deyil, prezidentin tövsiyə etdiyi kimi, xalqa və dövlətə xidmət etməlidilər. Təbii ki, bu xidməti etməyənlər gec-tez o kreslolarla vidalaşmalı olacaq və törətdikləri əmələ görə cavab verəcəklər. Xalqın gözü isə tərəzidir. Bu tərəzinin gözünü düz saxlamaq üçün isə haqlı, ədalətli yol tutmaq, millətə xidmət etmək ən yaxşı çıxış yoludu...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-20
2020-09-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK