Kəmalə Abiyeva Aydın qızının - ŞEİRLƏRİ
Bu gün Dəyərlimiz, sevilən nəğməkar ŞAİRİMİZ, tanınmış publisist Kəmalə xanımın DOĞUM günüdür. Onu ürəkdən təbrik edir, yeni uğurlar diləyirik!
UNUT
Boynubükük bir atanın
gözlərindən cığır salan
bir ananın saçlarında dən-dən olan
dərd gördünmü?
O saçlarda dolandınmı?
O gözlərdən həyatına boylandınmı?
Sən kədəri gördünmü heç?
Bilirsənmi necə olur?
kədər vətən yarasıdı,
kədər torpaq ağrısıdı.
Bəs sevinci gördünmü sən?
Hələ gizlənqaç oynamaq arzusunun
torpaq üçün
Şəhid olmaq arzusunda ölməsində,
atasının daş şəklinə qucaq açan
bir körpənin gülməsində
ağrı içində qıvrılan,
kədərlə qolboyun olan
o sevinci gördünmü sən?
dərdlərini, kədərini yığ üst-üstə
Bax sevincin gözündəki
o qürürlu kədərə bax protez üstə
və
həyatdan sevinc istə.
gör olurmu?
Olmasa da, heç darılma.
Bir də qar soyuqluğunu duymayacaq
uşaqlığın
qartopu oynamaq istəyinin əlindən tut.
bütün dərdlərini unut.
SORUŞMAYIN
Soruşmayın halımı, soruşmayın necəyəm,
Daha bir az fərqliyəm əvvəlki tək deyiləm
bir az gecə kimiyəm, bir az gündüz kimiyəm.
ömrümü tüsdülədən sönməyən köz kimiyəm.
Baxışları didərgin yurdsuz bir göz kimiyəm.
Daha hər şey fərqlidi, əvvəlki tək deyil ki.
Dəniz də həmin deyil, dərdlidi elə bil ki.
Göylər də həmin deyil, buludlar da həminki
Mən də bir az başqayam, mən də bir az fərqliyəm
Soruşmayın halımı, soruşmayın necəyəm
Sevinməyi tərgidən, dilimdə çoxdan ölən
Ürəyimə gömülən söz kimiyəm bir az da.
Bəlkələr ovutmayan, təsəllisi olmayan,
ümidi tapılmayan döz kimiyəm bir az da.
ŞİKAYƏTİM VAR
Daha səbr etməyə səbrim də çatmır
Sənin yaratdığın dünya dağılır,
Nə ağac ağaca oxşayır daha,
Nə yamac yamaca oxşayır daha.
Tikanla çiçəyin fərqi bilinmir.
Suala qarışıb bütün cavablar
Tanrı, mənim sənə şikayətim var.
Əzrail bir idi, dönüb min olub.
Şeytana uyanlar artıb çoxalıb.
Şeytanı daşlayan başlar çoxalıb.
Şeytana uymayan çarəsiz qalıb.
Şeytanla mələyin fərqi bilinmir
Cavaba dönübdü bütün suallar.
Tanrı mənim sənə şikayətim var.
Həyat həyat deyil, tilsim olubdu,
Yaxşılar yamana təslim olubdu.
Sevgi də, nifrət də batıb günaha
Haqq da, həqiqət də batıb günaha
Yalanla gerçəyin fərqi bilinmir
cavabsız qalıbdı bütün suallar.
Tanrı mənim sənə şikayətim var.
ÇARƏSİZLİK
İllər ötüb keçdi məni qocaltdı
Bir az yaşamağa macal tapmadım.
Mənim arzularım mənlə qocaldı
Cavan saxlamağa gücüm çatmadı.
Mənimlə qocalan arzularıma
sığınıb yatıram hərdən gecələr.
Məndən qabaq ölən neçə arzuma
Ağlayıb yatıram hərdən gecələr
Hər gecə yaxamdan bir ümid tutar
məni sabahlara dartıb aparar.
ümid edə - edə ümidlərimə
bilmədim ümidlər məni aldadar.
ElƏ DARIXDIM Kİ
Elə darıxdım ki bu yer üzündə
Buludlara dönüb çəkildim göyə.
Göyə də sığmadım səpildim yerə
bəlkə bir damcımı tapasan deyə.
Elə darıxdım ki, elə darıxdım,
Nə yerə, nə göyə sığa bilmirəm.
Elə darıxdım ki, darmadağınam,
Özümü bir yerə yığa bilmirəm.
Günlər ilə döndü, darıxdı zaman
ayların, illərin yaddaşı oldun.
Mən bir dünya qurdum xəyallarımdan
sənsə o dünyanın yad daşı oldun.
Elə darıxdım ki, mən bu şəhərdə
bir küçə, bir qapı olmaq istədim,
dedim o küçədən keçib yenə də
bəlkə o qapını döymək istədin.
Döndün mənim gerçək bir yalanıma,
sənli həqiqəti görmədim ki, heç.
Özümü aldatdım öz yalanımla
əgər günahdısa bu günahdan keç.
Elə darıxdım ki, sənli qəlbimi
darıxan əlimlə sökmək istədim.
Elə darıxdım ki, mən səni deyil,
başqa birisini sevmək istədim...
QARĞIŞ
Istəyirəm
Yuxunu tapmayasan.
gecəni gəzə-gəzə qalasan.
Yatmayasan...
səssizcə ağlayasan,
harayını göz yaşında boğasan
İstəyirəm özünü gecədən atasan,
küçəyə atasan,
Gedib o tənha skamyada oturasan...
tökəsən xatirələri qarşına
peşiman olasan
və mən çıxam qarşına...
YENƏ YANIMA GƏL SƏN
Qapımı döy qəfildən
Yenə yanıma gəl sən...
Qapını döyməyindən
Bilim ki, gələn sənsən.
Tut əlimdən ehmalca
Yenə də əvvəlki tək.
Sıx köksünə bir azca
Saçlarıma sığal çək.
Yenə yanıma gəl sən
Yenə kefimi soruş.
Bir az olub-bitəndən,
Bir az özündən danış.
Bu sevgidən dəyərli
Axı var ki nəyimiz.
Ayrılanda dərd-qəmli
Birlikdə xoşbəxtik biz.
Axı ayrılmaq üçün
Bəhanə var, səbəb yox.
Amma ayrılmamaqçün
Bəhanə yox, səbəb çox...
Yenə yanıma gəl sən
Heç nə olmamış kimi.
Yenə yanıma gəl sən
Heç ayrılmamış kimi.
Biz xöşbəxt olmuruq ki,
Ayrılırıq nafilə.
Niyə gəlməyəsən ki,
Sən bunu bilə-bilə?..
Günahkar axtarmayaq,
Nə olubsa unudaq.
Yenə yanıma gəl sən
Sadəcə xoşbəxt olaq.
BAKIM
Səhərlər Xəzərdə güzgülənərək,
Qızılı saçların darayır Günəş.
Sevgidən alışıb yanan ürək tək
Bakımla göz-gözə dayanır Günəş.
Doymayır hüsnündən hər gün görsə də
Mənimtək Bakıma olubdu vurğun.
Bəlkə də qəlbinin Günəş Xəzərdə
Səma həsrətini ovudur hər gün...
Şirin yuxusundan Günəş hər səhər
Odlu öpüşlərlə oyadar onu.
Bakım min naz ilə durub geyinər
Onun bəxş etdiyi qızılı donu.
Təbəssüm səpərək nurlu üzündən
Qızılı saçların darayır Günəş.
Bəlkə də Bakımın mavi gözündə
Sevgisinə cavab arayır Günəş…
Digər Xəbərlər
06 Avqust 2026 14:07
Əbülfət Mədətoğlu: Bir də mən...
06 Avqust 2026 10:58
“Müsəlman olmaqla ərəb millətçisi olmaq fərqli düşüncələrdir”
05 Avqust 2026 13:07
“Rəmiş” dastanı - Tural Cəfərov yazır
05 Avqust 2026 13:05
KƏRƏM VƏ ƏSLİ - Qafar Cəfərli yazır
05 Avqust 2026 12:08
BÜTÜN DİNLƏRİN VƏ FƏLSƏFƏNİN ORTAQ MƏFHUMU SEVGİDİR
05 Avqust 2026 11:32
Əbülfət Mədətoğlu: Dünənlə söhbətin ŞEİRİ
05 Avqust 2026 11:26
“Tarix istəyirdi ki, öz yalanı ilə muzeydə məni də xamlasın”
04 Avqust 2026 11:23


Bakı -°C

