adalet.az header logo
  • Bakı -°C
09 Iyul 2026 12:30
90
MƏDƏNİYYƏT
A- A+

Gənc taleyi zülmətə dönən aktrisa -  Əntiqə Kərimzadə yazır…

İnsan bəzən başına gələcək hadisələri hiss edir. Ancaq aktyorlar isə həmin hadisələri özləri də bilmədən  kinolarda ifa edirlər. Həyatının bəzi kədərli məqamlarını obrazlarında canlandıran aktrisa Almaz  Əsgərovanı da ömrünün cavan çağında gül kimi yolan sənət adamları sırasında qeyd etmək olar.

O, 1949-cu il yanvarın 23-də Bakıda anadan olub. Ə. Əzimzadə adına rəssamlıq məktəbində təhsil alır. Füsünkar əl bacarığı ilə diqqət çəkir, gözəl rəsmləri göz oxşayır.  Ancaq bir gün heç kimin gözləmədiyi halda o, rəssamlıq məktəbini atıb, sənədlərini Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə verir və qəbul olunur.

Verdiyi qərarla peşəsini dəyişən gənc qız, təkcə peşəsini yox, həm də taleyini dəyişir. Universitetdə oxuyarkən Azər Süleymanovla tanış olur və ailə həyatı qurur.  Bu evlilikdən onların İlham adlı bir oğulları olur.

Azər Moskvada kinorejissorluğu bitirib Bakıya qayıtmışdı. Təsadüfən tanış olduğu Almaza aktrisa olmağı  məsləhət görür.
Və beləliklə  Kinostudiyada Adil İsgəndərovun kursuna daxil olan Almaza ustadı “Sən gözəl aktrisa olacaqsan”, - deyir.

Bu evlilik aktrisanın həyatının məhvinə səbəb olur. Belə ki, aktrisa ailə münaqişələrinə tab gətirə bilmir. Çox sevdiyi həyat yoldaşı  Azərlə ayrılırlar. 
Şeyx Əbdül Mahmudbəyovun  dediklərinə əsasən, bu ayrılığa səbəb Azərin anası olur. O, oğlunu qısqanır, Almazla heç cür yola gedə bilmirdilər. Onlar ayrılandan sonra Almaz Əsgərova yeganə övladı olan İlhamla yaşayır.

Deyilənə görə onlar ayrıldıqdan sonra  Almaz Əsgərova ilə ailə qurmaq istəyən şəxs olur. Ancaq bu münasibət baş tutmur.

Almaz kinoda bir-birinin ardınca maraqlı obrazlar yaradır. “Qanun naminə”də Salamatovun xanımı, “Mən ki gözəl deyildim”də Elmira, “Ulduzlar sönmür” də Fatimə. Daha sonra “Bir cənub şəhərində”, “Məhəbbət, məhəbbət”, “İstintaq davam edir”, “Uşaqlığın son gecəsi” filmlərinə çəkilir.

Adil İsgəndərov onu çəkəcəyi “Vaqif” filmində Xuraman obrazı üçün hazırlayır. Lakin, İsgəndərovun ölümü bu ideyanın həyata keçməsinə mane olur. Həmin illərdə aktrisa “Tacikfilm”də “Rüstəm və Söhrab” filmində baş rola çəkilir. Nəhayət, Almaz həyatın diktəsi ilə kinoda ən yaddaqalan son obrazına həyat verir – “Nəsimi” filmindəki Şəmsə. Həsən Seyidbəyli Şəms obrazı üçün Almazı sorğu-sualsız dəvət etmişdi.

1983-cü ildə Azər iş üçün Moskvaya yollanır və geriyə tabutda qayıdır. Azərin Moskvada vəfat etməsi Almazı sarsıdır. O, dost-tanışdan, qohum-əqrəbadan, sənətdən ayrılıb özünə qapanır. Milli Dram Teatrına dəvət edilsə də, bu təklifi qəbul etmir. “Mən sənətdən getmişəm”, - deyə cavab verib.
Almazın bacısı Səmayə xatırlayır ki, Azərlə Almaz bir-birilərini əfsanəvi məhəbbətlə sevirdilər, yeganə övladları, İlham, hər ikisinin canı idi. Bütün çəkilişlərə bir yerdə gedirlərmiş. Azərin tənqidini də Almaz ürəklə qəbul edər, məsləhətlərinə qulaq asarmış. Hər yerdə həmişə birlikdə olublar.
Qapalı həyatı isə onu məhvə sürükləyir. 11 ayın içində amansız xəstəliyə düçar olan Almaz Əsgərovanın gözləri 1988-ci ilin qızmar avqustunda dünyaya əbədi qapanır.