adalet.az header logo
  • Bakı -°C
09 Iyul 2026 10:43
70
MƏDƏNİYYƏT
A- A+

ƏMƏKDAR JURNALİST FAİQ QİSMƏTOĞLUNUN YUBİLEYİ AŞIQLAR BİRLİYİNDƏ QEYD OLUNUB

2026-cı il iyulun 8-də Azərbaycan Aşıqlar Birliyində “Ədalət” qəzetinin əməkdaşı, Əməkdar jurnalist Faiq Qismətoğlunun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Giriş sözü ilə tədbiri açan AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Faiq Qismətoğlunun keçdiyi ömür yolundan və yaradıcılığından söz açıb, yubilyarı 50 il bundan əvvəldən – hələ tələbəlik illərindən tanıdığını, elə o zamandan da aralarında səmimi və doğma münasibət yarandığını vurğulayıb, onu yüksək insani keyfiyyətləri ilə fərqlənən bir qələm adamı, işıqlı ziyalı kimi dəyərləndirib. 

Aşıqlar Birliyinin katibi və eyni zamanda “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu 70 illik ömrünün əlli ildən çoxunu Azərbaycan mətbuatının inkişafına həsr edən yubilyarın bir jurnalist kimi peşəkarlığını və jurnalist etikasına böyük önəm verməsini,  aralarındakı dostluq münasibətlərini xüsusi ilə vurğulayaraq onu bu günkü mətbuatımızın abırı kimi dəyərləndirib. 

AAB-nin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Altay  Məmmədli də yubilyarı təbrik edərək ünvanına xoş sözlər söyləyib. 

Çıxışlarda həmçinin o da vurğulanıb ki, Faiq Qismətoğlunun aşıq sənətinin təbliği istiqamətində də böyük xidmətləri var. Həm Azərbaycan Aşıqlar Birliyi, həm də “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyi ilə davamlı əməkdaşlıq edərək hər iki təşkilatın həyata keçirdiyi tədbirlərin respublika mətbuatında işıqlandırılmasında yaxından iştirak edir.

Sonda AAB-nin sədri Məhərrəm Qasımlı Azərbaycan Aşıqlar Birliyinin fəxri üzvlüyünə qəbul olunması münasibəti ilə Faiq Qismətoğlunu təbrik edərək üzvlük biletini təqdim edib. 

Yubilyar həmçinin həm Azərbaycan Aşıqlar Birliyi, həm də “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin “Fəxri diplom”ları ilə təltif olunub.
Faiq Qismətoğlu ünvanına deyilən xoş sözlərə və “Fəxri diplom”lara layiq görüldüyünə görə hər iki təşkilatın rəhbərliyinə minnətdarlığını bildirib.