Hə... Buda yay... Gözləyirik, görəsən , yay nə vaxt gələcək, çoxlarımız da yır- yığış edib gəzməyə gedək! Nə gözəl! İndi, maşallah, kimi dindirirsən deyir ki, istirahətə gedirəm...
Özü də bilirsiniz hara??? Sizcə , hara gedərlər? Qəbələyə , İsmayıllıya, Qaxa, Zaqatalaya? Yox ey , ay rəhmətliyin oğlu, düz Antalya, ya da Dubaya ! Day, çoxları heç Antalyanı da bəyənmir... Deyir ki, Quş adaları, Braziliyadakı istirahət yerləri daha gözəldi. Görürsünüz, hərənin bir seçimi var! Və buna görə həmin insanlara hörmətlə yanaşırıq! Qoy kimin ürəyi haranı istəyirsə, oranı da seçim eləsin! Və hər şeyin başında pul dayanır!
Pulun , imkanın varsa, lap dünyanın o başına gedib kef eləyə bilərsən. Varlığa nə darlıq ! Bir tanışım var deyir ki, uzun müddətdir ki, pul yığıram! Düşünürdüm ki, o pula ya ev tikərəm, ya da hazır ev alaram. Bir evim var ey, pis deyil, amma birini də almaq istəyirdim. Özü də səksən yaşda! Amma çox fikirləşəndən sonra ev almaqdan vaz keçdim və ağlıma bir ideya gəldi. O pulları götürüb Amerikaya gedim. Bu pulla Amerikada bir ay kef edəcəyəm, həm də o ölkənin gözəl yerlərin görəcəyəm. Artıq təyyarə bileti də sifariş eləmişəm .
Bu ayın axırı İnşallah, gedərəm. Bəlkə də çoxları məni qınayır ki, bu kişinin ağlına yəqin at təpib, ya da ağlı qaçıb... Yoxsa , bir evin pulunu aparıb Amerikada xərcləməzdi! Bax görürsünüz evdən də üstün nəsə varmış... Amerikaya gedən Nərbala kişinin dili ilə demiş olsaq, " adama ev- eşik yol, gəzmək qalacaq! Bir əmioğlum var- Zülfüqar müəllim. Şükür Allaha yaxşı da imkanlı oğlandı. Deyir ki, mənim üçün ən gözəl yer Bəhmənlidi. Ondan gözəl yer tanımıram ! Antalıya, Quş adaları, Avropa, hətta Amerika Bəhmənlinin yanında çox balaca və kasıbdı.
Ona görə də , Zülfüqar əmioğlu hər il yayda kənddə tikdirdiyi evdə istirahət edir. Özü də bütün yayboyu! Həyət - bacaya düşür, meyvə ağaclarını, balaca bostanını sulayır. Sonra da həyətdə yetişən məhsullardan bala- bala yeyir! Nə təzyiqi , nə şəkəri qalxır, nə də ürəyi ağrıyır! Bax belə kimi yayda istirahətini dünyanın ən gözəl yerində keçirir, kimi də mənim əmioğlum kimi öz kəndində ! Görəsən, bunun hansı yaxşıdı? Əlbəttə, kimin ürəyi necə istəyir , elə də olanda !!!


Bakı -°C
