Miladi təqvimlə 2020- ci ilin may ayında, dərya kənarında
bir məmləkət… Ya da hicri təqvimlə 1441-
ci ilin Ramazan ayında, yenə eyni məkanda… Əslində bunu demək
istəmirdim – nə zamanın, nə də məkanın fərqi olmayacaq. Məkan Şərqdədisə… İnkişaf yoxdu… Təbii, deyirik biz Şərqdə ilk cümhuriyyət qurmuş bir ölkəyik. Amma… Nə demək istəyirdim??? Karantin günləri
beynimi qarışdırıb…
Neçə illərdi Şərq yiyəsiz itlərin
durumundadı. Hərə bir daş atır. Neçə milyard əhalisi olan bu böyük planetdə
yaşamağa yer, içməyə su tapmayan, vətənində vətənsiz qalan millətlərin
hayqırtısını heç kim eşitmir. Super millətlərin super maraqları üzündən qaçqın
düşərgələrində yaşayıb öz halal haqqını tələb edənə terrorçu deyirlər. Böyük
dövlətlərin də, böyük adamların da prinsipi budur. Amma günlərin bir günü
qaralar da zəncirini qırıb yaşam haqqını istəyə bilər. Tale birinə süpürgə
verir, birinə hakimiyyət. Amma bəzən taleyin ironiyası yerdəyişmələr də edir.
Çinin sonuncu imperatoru bir vaxtlar taxtda oturduğu sarayın həyətini süpürməyə
məhkum olunmuşdu. Günlərin birində onun da güvəndiyi dağlara qar yağdı.
Allahım, niyə kimsə ibrət almır?
Abşeronda bitən-qurtaran Qafqaz dağlarının
son zəncirlərin xatırlayıram. Böyük zirvələrin ətəyinə yapışıb sıralanan təpələr
nədənsə mənə qoluzorlu adamın çoxsaylı qohum-əqrəbasını xatırladır. Amma
vulkanik proseslər davam edir. Təbiətdə də, cəmiyyətdə də. Sahibsiz, yiyəsiz
itlərə daş atmayın, dağlara bəzən qar da yağır.
***
İndinin indisində bütün parametrlərə
cavab verə biləcək kadr qıtlığı mövcuddur. O ki ola XX əsrin başlanğıcında, əhalinin
böyük əksəriyyətinin hətta yazmağı-oxumağı bacarmadığı bir dövrdə dövlət
yaratmaq fikrinə düşəsən. O vaxt da, lap indi olduğu kimi müxtəlif istiqamətlərə
meyllənən qüvvələr mövcud idi. Rusiya yönümlü, Avropa yönümlü, Osmanlı, İran
yönümlü. Üstəlik də dünya yenidən bölüşdürülməyə çalışılırsa, sən də bu dünyada
"yağlı tikə" statusundasansa necə olacaq? Təbii, cümhuriyyəti
yaradanlar ağır yükün altına girmişdilər. Tam olmayan iki ildə onların çəkdiyi əziyyət
heç nə ilə müqayisə olunası deyil.
Müstəqillik
elan etməklə ADR beynəlxalq münasibətlərin iştirakçısına və beynəlxalq hüququn
subyektinə çevrilmişdi. Və Rəsulzadə öz çıxışlarında dəfələrlə qeyd etmişdi ki,
Azərbaycan məsələsi beynəlxalq bir məsələdir. Bu gün dünyada baş verən hadisələrin
fonunda bu sözlərin nə qədər doğru deyildiyinə bir daha əmin oluruq. Bu dövləti
quranların hər biri partiya mənsubiyyətindən, meyllərindən asılı olmayaraq
böyük arzu və ideallarla yaşayırdılar. Rəsulzadə "Əsrimizin Səyavuşu"
əsərində yazırdı:
"Azərbaycan cümhuriyyətinin əsas idarəsi,
bütün vətəndaşlarının bərabər hüquqla yaşaması üzərində qurulmuşdu. Burada hər
bir insanın möhtərəm şəxs, Azərbaycan vətəndaşı olduğu üçün hüququ
saxlanılırdı. Kişi-qadın, müsəlman-xristian, türk-türk olmayan, cins və milliyyət
fərqi qoymadan, varlı-kasıb, sahibkar- işçi, torpaq sahibi-muzdur, öyrətmən-tələbə,
möhtərəm-cahil, sinif, məslək, təbəqə, rütbə, vəzifə, nəsil, bilgi imtiyazı
aramadan bütün vətəndaşlar məmləkətin idarəsində iştirak edir, qanun verən
qurumlara girmək haqqına sahib idilər. Burda bir sinif digər sinfə hakim
deyildi. İnsan nə varına görə haqlı, nə də yoxsulluğuna görə haqsız görünürdü.
Bunun kimi nə yoxsulluğu üçün sayğılanır, nə də zənginliyi üçün alçaldılırdı.
Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib dövlətin
tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz,
heç bir barışıq bağlanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə
düşürdü. Ortada hakim olacaq vasitə - vəzifə də yox idi. Parlament hakimi -
mütləq idi. Burada Avropada tətbiq edilməyən həqiqi bir xalq cümhuriyyəti
qurulmuşdu”.
Bu
fikirlərə inansaq düşünmək olar ki, o zaman Azərbaycanda utopik sosialistlərin
belə xəyalına gətirə bilməyəcəyi bir rejim qurulmuşdu. Amma arzu və ideya bir
şeydir, həyat - başqa bir şey. Ordusu və dövlətçilik tarixi olmayan bir məmləkətdə
bütün bunları yaratmaq üçün uzun zaman lazım idi. Və nəzərə alsaq ki, bu məsələlərin
həllində müttəfiq demək olar ki, yox idi, hər kəs enerji ehtiyatları ilə zəngin
bu ölkədən nə isə qoparmağa çalışırdı, onda beynəlxalq münasibətlər müstəvisində
də vəziyyətin nə qədər gərgin olduğu aydın görünür.
Yoox, bu
da deyil…Nə demək istəyirdim???
***
Vəzifə… Bir
şəxsin üzərinə qoyulan və onun mütləq yerinə yetirməli olduğu iş; borc...
- Hansı dildən keçib dilimizə bu söz? -soruşuram. Ərəb dilindən deyirlər. Təbii – fikirləşirəm, Şərq
aləmində dövlətçilik terminləri əksərən ərəb dilindən gəlib. Amma "vəzifə”yə təkcə dövlətçilik termini
kimi baxmayaq da. Bunun
bir "borc” semantikası da var axı.
Köhnə vaxtlarda (sovetin
köhnəsi) Mədəniyyət Nazirliyində ziyafət vaxtı
görkəmli aktyorumuz Şahmar Ələkbərovu nazirə təqdim edirlər. Bu filankəsdi, filan rolları oynayıb və sairə... Alınır sənətkar. Cəsarətli olmaq üçün yardım edir
özünə və deyəsən, artıq olur dozası... Qayıdır nazirin yanına və indiyə
qədər ürəyinə yığışmış çox sözləri
deyir ona. Deyir ki, sənin vəzifəndi məni
tanımaq!!! Görünür, nazir də mədəni adammış, çox ağartmır söhbəti...
Amma təbiidi aktyorun reaksiyası – nazirə borcunu yada
salır.
***
Məndə belə bir təəssürat
var ki, yaşadığımız dövr Yer kürəsinin indiyə qədər keçib gəldiyi inkişaf
yolunun bütün özəlliklərini özündə cəmləşdirib. Ətrafımızda dinozavrlar da var,
birhüceyrəlilər də, həşəratlar da. Güclülər zəifləri yeyir. Uyğunlaşa bilib rəngdən-rəngə
düşə bilənlər xəta-bəlanı öz üstlərindən sovuşdura bilirlər. Kaynozoyun son
dövrü insanın yaranıb formalaşdığı dövrdü - antropogen. Alimlər yəqin ki, elmi
araşdırmalara əsaslanıb fikir yürüdürlər - yeni dövr yeni yaranacaq məxluqatların
adı ilə adlandırılacaq. Siz bilən nə ola bilər?
Otuz ildən çoxdur ki, laboratoriyalarda
yetişdirilən klonlar, mutantlar yeni dövrün canlıları olacaq kimi görünür. Və
kim zəmanət verə bilər ki, ətrafımızda gördüyümüz, hər gün salamlaşıb hal-əhval
tutduğumuz klon deyil. Kim zəmanət verə bilər ki, bura elçi, səfir, missioner
adı ilə gələnlər mutant deyil. Böyük dövlətlər bütün eksperimentləri, təcrübələri
bizim üstümüzdə keçirirlər. Bütün xəstəlikləri, bütün dərmanları bizim üstümüzdə
yoxlayırlar. Çox ola bilər ki, yeni dövrün məxluqatlarının ətraf mühitə
uyğunlaşmasını da bizim vasitəmizlə öyrənsinlər.
Dedim ki, dövrümüz əvvəlki coğrafi
dövrlərin özəlliklərini saxlamaqdadır. Mezozoyda dinozavrlar yaşayıb, kaynozoyda
bizlər. Onlardan çoxmu fərqlənirik? Robot düşüncəli, dinozavr iştahalı, buqələmun
xislətli canlılar yeni dövrün canlıları sayıla biləcəkmi? Zəmanənin rejim,
formasiya dəyişmələrinin şokundan hələ özümüzə gələ bilməmişik. Hansı dəyişikliyin
bizə xeyiri olub ki? Alimlər deyirlər yeni dövr gəlir. Bir təskinlik var - fərziyyələrə
görə, dinozavrlar, mamontlar çox yekə olduqlarından məhv olublar, bir dövrdən o
biri dövrə keçə bilməyiblər. Yəni nə demək istədiyimi anladınız. Bəzi hallarda
xırım-xırda olmağın da faydası var.
***
Üzündən oxuya bilmir, nitqi yoxdu, ümumiyyətlə, heç nədən xəbəri yoxdu. Hə, ən önəmlisi, şəxsiyyəti yoxdu. Quldurdu şıq
geyimli. Və yüksək kürsüdən xitab
edir bizlərə. Və barışıq yaşayırıq bunlarla. Və sonra məlum
olur ki, talançı imiş... Nə demək istəyirdim??? Bu da deyil..
***
Yevgeni
Şvartsın əsəri əsasında bir film
çəkib Mark Zaxarov – «Əjdahanı
öldürmək». Qısacası belədi. Bütün günü özünü xoşbəxt göstərən şəhər əhalisinə
bir əjdaha qənim kəsilir. Lanselot adlı bir cəngavər əjdahanı öldürmək qərarına
gəlir. Əjdaha onu yanına çağırıb deyir ki, bunu niyə eləyirsən, görmürsənmi
onlar öz hallarından necə xoşbəxtdilər? Mənəviyyatları necə şikəstdi? Lanselot
deyir ki, onları şikəst eləyən sənsən, mən səni öldürəcəm və hamı xilas olacaq.
Əjdahayla vuruşur və qələbə çalır. Bütün şəhər toy-bayram eləyir və şəhərin
burqomisterinə dua eləyirlər ki, əjdahanı o öldürüb. Lanselot deyir ki, axı siz
gördünüz, o əjdahanı mən öldürdüm?! İnsanlar cavab verirlər ki, bunu biz evdə
deyə bilərik, küçədə yox. Və Lanselot başa düşür ki, insanların hərəsinin içində
bir əjdaha var, o, həmin əjdaha ilə mübarizə aparmalı, onu öldürməliymiş. Burda
hər adamın içində bir əjdaha var və o əjdahaları bir-bir öldürmək mümkün
deyil.
Deyəsən, bunu demək istəyirdim…Vəzifə
bu olmalıdı…