SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: BİR ÜMİD İŞIĞI

  13949   |  
Şriftin ölçüsü  

Əslində hər bir xoş xəbər, hər bir uğur, eləcə də hər qazanılan zəfərin özü ayrı-ayrılıqda bir ümiddi! Amma toplum halında götürüləndə bu ümidlər bir evin, bir ailənin, hətta bir elin-obanın varlığına hopursa, o, artıq bir ölkənin, bir məmləkətin də ümidi olur. Bu mənada mənim üçün ümid işığı anlayışı həm iç dünyamla, yəni ürəyimlə həm də böyük çevrəmlə bağlıdır. Bir az da dəqiq ifadə etsəm, işıq mənim üçün həyat deməkdi, yaşamaq deməkdi. Ona görə də gözüm, könlüm həmişə işıq axtarır. Təbii ki, o işığı mənim üçün yandıran Allahım və bir də sənsən. Bax, bu bütövlüyün içərisində mən öz ümidimi, yəni öz işığımı qorumağa, onun daha da gur olmasına həsr etmişəm özümü. Şükürlər olsun ki, bu günə qədər o işıq ömrümü də, həyatımı da, evimi də nurlandırıbdı. Və...


Bəli, iki il bundan öncə ölkə tarixində əlamətdar bir gün idi. Azərbaycan prezident seçkiləri keçirilirdi. Məhz o seçim günündə Tanrı bizi şərəfləndirdi. Ailəmiz ən böyük mükafatını aldı. Adı özündən öncə doğulmuş Atilla dünyaya gəldi. Bu sevinci təkcə bir baba olaraq necə yaşadımsa, onu ifadə etməyə nə söz tapa bilmirəm, nə də gücüm çatmır. Və bu gün də o sevincin ətrini də duyuram, nəfəsini hiss edirəm. Hətta hərdən mənə elə gəlir ki, bu böyük mükafat mənim ağrı-acılarımı unutdurmaq üçün, mənə bir az da yaşamaq üçün verilən stimuldu. Ona görə də hər dəfə sığındığımız ocağa qayıdanda gözüm öncə onu axtarır. Qollarını açıb körpə yerişiylə üstümə yüyürən, "baba” sözünü özünəməxsus şəkildə deyib sevincini gizlətməyən Atillaya sarılıram. Bax, həmin anın içərisində məndən güclü, məndən arxalı, məndən ümidli bir kimsə gözümə görünmür, ağlıma gəlmir. Doğrudur, min illər bundan öncə atalar "övladda nəvə” deyiblər. Bu nəvənin şirinliyini təsdiq edən tarixi möhürdü. Amma onu yaşamaq, onun dadını, tamını, şəkərini, duzunu, hətta istiotunu canında, qanında, hətta damarında hiss etmək özü başqa bir aləmdi. Təbii ki, bunu yaşayanlar bilir. Hələki qapısını nəvə nəfəsi döyməyənlərə də Allah nəvə nəsib etsin. Onlar da babaların, nənələrin yaşadığını yaşasınlar, özü də sevinclə və sevgi dolu ürəklə!



Mən Atillanın etdiyi hərəkətləri, ətrafa səpdiyi təbəssümü, tək-tək dediyi sözləri, bu yaşında verdiyi əsgər salamını və Azərbaycan adlı məmləkətin himni səslənəndə əlini ürəyinin üstünə qoyub televizorun önündə dayanmasını Allahın evimizə, ailəmizə göndərdiyi bir lütf hesab edirəm. Və bir də onun musiqi duyumu məni tamam çaş-baş salır. Qəribədir, həzin musiqilər səslənən kimi heç kimə heç nə demədən yerindən qalxıb sufilər kimi rəqs edir. O rəqsin adını unutmuşam. Amma kənardan bunu kimsə izləsə, bəlkə də elə bilər ki, evdə, ailədə öyrədiblər. Amma şəxsən mənim rəqsə heç bir həvəsim yoxdu. Və ümumiyyətlə, bu rəqsə evdə kimsə maraq göstərmir. Atilla isə öz rəqsini seçib. Deməli, bu da bir nişandı, bu da bir əlamətdi. Allah uğura yazsın! Və mən onun doğum günündə nəvələrim Nigarla Aysunun canfəşanlığını, gündə azı on dəfə küsüb-barışan bu qızların onu necə əzizləmələrini izləyə-izləyə bir bacı ürəyinin pıçıltısını da hiss edirəm. Tez-tez Atillanı öpüb sonra öz aralarında doğum günündə necə bəzənəcəklərini müzakirə edirlər. Bu əlamət isə əl boyda olan bacıların özəl dünyalarının işartısıdı. Allah bütün qızların bəxtini versin! Və bu yerdə mən Atillanın doğum gününə yazdığım misraları dilə gətirirəm.


Yurdun düşmən çəpəri -

Evin ərköyün oğlu!

Ümidlə aç səhəri –

Babanın şəkər-noğulu!


Bir qaladı hər nəfər

Qolda güc, dizdə təpər!

Qazandığın zəfərlər –

Ömrümə işıq səpər.


Ailənin oğul payı –

Bacın Aysu və Nigar...

Səni bir qardaş kimi –

Gözləri üstə tutar.


Doğum günün xoş bir an

Sağlam böyü bu adla...

Sənsən sinəmdə vuran –

Bu ürəyim – Atilla!


Bəli, əslində kiçik bir ailəmin özünəməxsus olan, yəni ailə üçün əlamətdar sayılan bir günü bütün oxuculara çatdırılması hardasa doğru sayılmaya bilər. Amma söhbət burda təkcə Atillanın doğum günündən yox, bütövlükdə insanların indiki psixoz durumunda olmaları baxımından bir sevinci bölüşməyi ürəyim istədi. Elə bil ki, mən öz ailə sevincimi hər kəslə bölüşüb bu yazını oxuyacaq hər kəsə də öz sevincimdən pay vermək istədim. Könlümdən keçdi ki, məmləkətin bütün evlərində yaşanan sıxıntıları ancaq sevinc əvəz etsin. Ona görə də Azərbaycanda yaşayan hər bir soydaşıma onun hüdudlarından kənarda Azərbaycanlı adını daşıyan hər bir insana bu bəlli virus bəlasından uzaq olmağı, sevincli, toylu-büsatlı günlərin ömürlərini bəzəməsini Allahdan dilədim. Necə deyərlər, Atillanın doğum günü mübarək olmaqla bahəm, hər birimizin də ömründə həmişə sevinc hakim olsun!



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK