SON DƏQİQƏ:

Naxçıvanda Novruz ənənələri

  36069   |  
Şriftin ölçüsü  

(əvvəli ötən sayımızda)

Dünyanın türk erası da buradan başlanğıc götürmüşdü. Türklər hər yerə yayılıb gündoğanda da, günbatanda da mədəniyyət ocaqları qalamışdılar. İki çay arasına köçənlər də, Altayda bayraq qaldıranlar da, İtil boyunda at çapanlar da Gəmiqayanı unutmamışdılar. Türkün ədalət üstündə qurulan böyük dövlətlərinin mayası Əshabi Kəhfin haqq xəmirindən yoğrulmuşdu.

Dünyanın xəritəsinə baxanda Naxçıvan Muxtar Respublikasının sahəsi başqa bölgələrlə nisbətdə çox kiçikdir, əhali də burada çox deyildir.

Lakin yer üzünün ümumi xəritəsində nöqtə boyda görünən bu diyarın tarix boyu yetirdiyi şəxsiyyətlərin sayı-hesabı yoxdur.

Stefan Sveyq özündən sonra şan-şöhrət, iz qoyan yaradıcı insanların, qüdrət və zəka sahiblərinin doğulduğu çağları dünyanın ulduzlu və ən işiqli günləri sayırdı. Əgər əsrlərə baş vursaq, təkcə son min ildə Naxçıvanın yetişdirdiyi belə simaları sadalamağa vaxt darlıq edər və bu diyarın ulduzları Yer üzünü günəş qədər işıqlandıra bilər.

Azərbaycan türklərini gəlmə, köçəri tayfalar hesab edən bəzi alimlərin uydurmalarına cavab Naxçıvanın qədim qalaları və memarlıq abidələridir. Bu qalalar folklorumuzda nağıl və əfsanənərdə gen yaddaşına düşmüşdür.

Təsadüfi deyildir ki, nağıllarda qəhrəman həmişə alınmaz qala divarlarını aşır,şər üzərində qələbəsini başa çatdırır. Ümümilikdə Naxçıvan Azərbaycanın alınmaz qalasıdır, bu gün də tarixi yolunu uğur və qətiyyətlə davam etdirir.

Ordubadda xanbəzəmə mərasimi Min il

lərdir, el-obamız Novruza ürəyinin başında, gözünün üstündə yer verib, ağ gününü, sevincini, şadlığını, bəxtəvər çağını, inamını, sevgisini, gümanını, ruzi-bərəkətini onun adıyla bağlayıb. Bənövşə ətirli, nərgiz qoxulu Novruz ən uzun dövranı olan bayramdır; bizlərdə deyərlər, tut sovuşanacan, gilas ağaranacan Novruzdur. El-oba Novruzun bayram taxt-tacına ürəkdolusu, gözdolusu məhəbbətlə baxıb; bəlkə, buna görə Novruza "bayramların sultanı" deyilib. Həmin günlər torpaqdan boylanan çiçəyə "Novruz gülü", əsən küləyə "Novruz yeli" (bayram yeli, vədə yeli), yandırılan tonqala "bayram tonqalı", açılan süfrəyə "bayram süfrəsi" deyilib. Beləcə, olan-qalanı, necə deyərlər, özününküləşdirib, əzəlləşdirib, gözəlləşdirib bu bayram. Çillələrdən keçə-keçə qışın çiləsi sovuşub, gələn yaz ilaxır çərşənbələrin su, od, yel, torpaq müqəddəsliyi ilə qışa öz qalib, məğrur sifətini göstərib. Su, od, yel, torpaq sevindikcə gələn yazın da sevincdən çiçəyi çıtlayıb.


Naxçıvanda belə bir inanc var: "Xızır peyğəmbər kiçik çillənin ilk günlərində atını havaya çıxarır. Atın ayaqları torpağa dəyən kimi aləm dəyişir". Qarşıdan gələn yazın hələ qışın oğlan çağında "aləmi dəyişmək" gücünə də beləcə inanıblar. Bu bayramla bağlı nə varsa, elin nəzərində əzizdir, müqəddəsdir. İnanclara görə, Nuh Peyğəmbər quruya Novruz günü çıxıb.

Elə ki, elimizə, obamıza yaz gəlir, gəlişi ilə elə biləsən ulu dağların dilinə söz gəlir, sözünə avaz gəlir. Çaylar, çeşmələr də qoşulur buna. Sanki hərəsi bir tərəfdən naz-qəmzə nəğməsi oxuyur. Oxunan nəğmələr də cümlə-cümlə, söz-söz cilalanıb bütün mahala yayılır. Mahala yayılan bu sözlər qar altından çıxan çiçəklərdən bənövşətək rəng alır, əsən mehdən ahəng alır.

Sanki ana təbiət qış yuxusundan oyanan bu nəğməyə qoşulur. Sanki bütün təbiət insanlara naz satır. Beləcə, nənə-babalar bütün bunlardan ilham alıb təbiətin səsinə səs verirlər.

Nəğmələr, bayatılar, deyimlər yaradırlar. Demək, xalqın yaratdıqlarında təbiətin də öz payı var.

Zaman-zaman yaratdığı söz düzümünə rəng verən ulularımız bu nümunələri füsunkar dağ otlarının ətri, boynu bükük bənövşənin düzümüylə ərsəyə gətirib.

Elə ki yaz gəldi, Azərbaycanımızın incisi Ordubadda meydan açılır. Al-əlvan rənglərlə bəzənən meydana ilkkim gəlir, əlbəttə ki, xan gəlir. Hər il olduğu kimi, bu ildə qışın tar-mar etdiklərini, yazın təbiətə və insanlara bəxş edə biləcəklərini uzaqgörənliklə öz ələyindən keçirmək üçün xan meydana üz tutacaq. Bu adətə qədim Ordubad elində "xanbəzəmə" deyirlər.

Geyinib keçinən xan əvvəlcə Ordubadı gəzib-dolanır, sonra isə meydanda onun üçün hazırlanmış taxtına çıxır. Elə ki xan öz yerini aldı, şənlik başlayır. Cəngi havaları altında pəhləvanlar uz-uzə dayanaraq öz məharətlərini göstərməyə çalışırlar. Pəhləvanları dövrəyə alan ordubadlılar bu nəgməni oxuyurlar:

İki iyid çıxdı meydana,

İkisi də bir-birindən mərdana.

Həzrəti Həmzə pirimiz,

Aradıq, tapdıq bir-birimiz.

Əl başda, diz yerdə,

Güləşəyim düz yerdə.

Pəhləvanlar məharətlərini göstərəndən sonra meydana kosa çıxır. Kosa gülməli oyunları ilə bayram iştirakcılarını əyləndirir.

Yerli sakinlərdən ibarət vəzir-vəkil, yaraqli-yasaqlı fərraş, qırmızı geyimli, əli baltali cəllad əmrə muntəzir dayanaraq, xanın gözlənilməz əmrlərini yerinə yetirməyə calışırlar. İki nəfər xanın başının üstündə dayanaraq onu yelpiklə yelləyir.

Həmin gün könüllü olaraq hər kəs xana qulluq edir. Xanın ətrafına bəzədilmiş xonçalar, səmənilər düzülür. Xan əmr verir, hamı çalıb-oynayır; rəqs edən kim, mahnı oxuyan kim; hər kəs çalışır ki, xanı əyləndirsin. Kosayla təlxək də tez-tez meydana girib xanı güldürməyə çalışırlar. Adətə görə, xan gülməməli, qaş-qabaqlı oturmalıdır.

Əgər gülərsə, onu taxtdan salıb suya basarlar. Ona görə də xan taxtından düşməmək üçün bütün şənlik boyu qaş-qabaqlı oturur, taxt-tacıni kimsəyə verməməkdən ötrü adətlərə əməl etməyə çalışır.

Xanbəzəmə mərasimində maraqlı bir cəhətdə vardır. Əgər xan üç gün vəzifəsinin öhdəsindən yaxşı gələrsə, meydana düzülmüş xonçalar, gətirilmiş xalatlar ona çatacaq.

Yox əgər gəlməzsə, bu xalatlar şənlik iştirakçılarına paylanılır və xan yeni xanla əvəz olunur. İncilər-incisi qədim Ordubadın xanbəzəmə mərasimi beləcə maraqlı səhnəciklərlə düz üç gün davam edir.

Novruz "hesab-kitabında" yeddi hökm-fərmandır. Ordubadda axır çərşənbəyə "yeddiləvin" deyilir. Yeddi ləvində günün batmağını gözləyən ordubadlılar tonqal qalayıb, od yandırmaq adətini də unutmurlar. Tonqalınüstündən tullanaraq deyərlər: "ağırlığım, uğurluğum bu tonqalın ustünə".

Elimizdə, obamızda bayram adətlərinin gələn Novruzacan xeyir-bərəkət, uğur gətirəcəyinə inanılıb. Biz də elimizin, ulusumuzun söz çələnginə qoşulub deyirik: ilimiz uğurlu, ruzili-bərəkətli olsun!

Şölə Qadirqızı


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK