SON DƏQİQƏ:

AY İŞIĞI

  52598   |  
Şriftin ölçüsü  

… İnsanları həyata qovuşduran və onları istədiyi məkana yetirən işıqdı. İşıq olmasa, dünyamız bir dəqiqə, bir saat, bir gün yaşaya bilməz. İşığın dünyanı özünə bələməsinə heç kimin sözü ola bilməz. Əgər dünya həmişə qaranlığa qərq olsa, həmişə dünya zülmətin içində qalsa və biz də bu zülmətin içində yaşasaq adamın ürəyi partlayar…

Və nə yaxşı ki, bu dünya var, onun işığı var. İşıq deyəndə biz ən çox günəşi nəzərdə tuturuq. Əlbəttə, günəş olmasa nəinki dünyamız qaranlığa çevrilər, hətta soyuqdan, şaxtadan həyai donar. Və həyat donan zaman bütün canlı aləm məhv olar…

Sözümüz heç də gün işığından danışmaq deyil. Amma gün işığına da qurban olaq, onun nuruna da! Bir neçə gün bundan əvvəl astroloqlar dedilər ki, Ay yerə yaxınlaşacaq və günəşin qarşısını kəsəcək. Mən bu anları, bu dəqiqələri öz gözümlə gördüm. Belə ki, avqustun 8-də səhər saat 4:15 dəqiqədə həmişə olduğu kimi, yuxudan qalxıb yaxınlıqdakı stadionda idman etməyə gedirdim. Və bu vaxt gözlərimə inanmadım. Elə bildim göy üzündəki Ay deyil, Günəşdi. Yəni səhər açılmamışdı və dan yeri də hələ sökülməmişdi. Göy üzünə baxdım və göy üzündə Günəşi görmədim. Və göy üzündə Günəşə oxşar Ayı gördüm. İnanın, bu Ay göstərdiyim anlarda və dəqiqələrdə Günəş kimi Yer üzünə işıq saçırdı…

… Əlimi gözümün üstünə qoyub yenidən hər tərəfi işığa qərq edən Aya baxdım. Və hiss elədim ki, bu adi Ay deyil, qeyri-adi möcüzədi. Və bu möcüzə düz mənim içimdəydi. Elə bilirdim kimsə məni Aya aparır və orda gəzdirir. Düşündüm ki, bəlkə yuxu görürəm. Bir balaca özümü ələ alıb sakitləşdim. Və ətrafımda da heç kəs yox idi. Çünki bu vaxtlar stadiona idmana gələn yeganə mən idim. Düzdür, məndən savayı bir xanım da gəlir. Amma o, saat 5-ə 10 dəqiqə qalmış stadiona daxil olur…

…Yenə göy üzünə baxdım və başımın üstündə hər tərəfə işıq saçan o möhtəşəm Ayı gördüm. O Ay ki, işığıyla qəlbimdən, ürəyimdən, içimdən keçirdi… O Ay ki, məni götürüb aparmışdı öz yanına… O Ay ki, ömrüm boyu onu bu qədər işıqlı, nurlu görməmişdim… O Ay ki, öz nurunu, işığını bizə paylayırdı və Günəşlə sanki yarışa girmişdi…

Mobil telefonumu çıxarıb həmin anları video görüntüyə yazmaq istədim. Amma nə illah elədimsə, heç birində alınmadı! Çox çətinliklə onun fotosunu çəkdim və həmin şəkildə də Ay çox möhtəşəm görünürdü. Həmin görüntünü kimə göstərirdim məəttəl qalırdı və inanmırdı ki, bu Ay işığıdı. Allahın möcüzəsinə və böyüklüyünə heç kəs şübhə eləyə bilməz! Və mən də həmişə Allahıma inanmışam və onun möcüzəsinə bel bağlamışam. Və bu inam və möcüzə həmişə məni ən çətin anlardan, sıxıntılı məqamlardan xilas eləyib…

… 61 yaşım var. Və bu 61 yaşa qədər Allahın göstərdiyi möcüzə nəticəsində 15 dəfə ölümdən xilas olmuşam. Dənizə getmişəm. Çiməndə batmaq üzrə olmuşam. Amma bir anlıq qeyri-adi bir qüvvə məni xilas edib. Çayda çiməndə boğulmuşam və son nəfəsimdə məni qonşum İbrahim xilas eləyib… 2-3 dəfə avtomobil qəzasına düşmüşəm, onda da ölümün pəncəsindən qurtulmuşam. 2-3 dəfə də «tok» məni vurmamış ölümdən xilas olmuşam… Mən bunların hamısını Allahın möcüzəsi sayıram. Və Allahın möcüzəsinə inanmayanlar çox nadan və cahildilər…

… Ayın 8-də də gördüyüm Ay Allahın möcüzəsi idi. Və o möcüzəni mən ömrüm boyu yadımdan çıxarmayacam. O möcüzəni bir gözəl an, bir gözəl məqam kimi Allah-Təala mənim ömrümə, yaddaşıma yazıb… O möcüzəni görmək və o işığın, nurun içində olmaq bəlkə də mənim kimi tək-tük insana qismət olub…O möcüzəli Ay işığından nur almaq, işıq almaq mənim taleyimə yazılıbmış… Çünki o günü mən başdan-ayağa işığa, nura bələnmişdim. Və o günü mən özümü elə o işığın, nurun, Ayın içində hiss eləyirdim…

… Ay işığına baxa-baxa yadıma istedadlı şair Ramiz Rövşənin «Ay işığı» şeiri düşdü.

Ay işığı düşdü göydən,

canımdan-qanımdan keçdi.

Gözümün içindən keçdi,

Özümün içindən keçdi,

keçdi, dabanımdan keçdi,

Az qaldı ki,

İki yerə bölə məni,

Başımdan göyə mıxladı,

dabanımdan yerə məni,

ha istədim,

addım ata bilmədim…

…Bax, mənim də Ay işığı belə öz ağuşuna, öz hərarətinə alıb aparmışdı öz yanına. Və düşünürdüm ki, bu Ay mənim üçün çox doğmadır. Və bu Ayı bir zamanlar mən elə bu şəkildə, bu formada yuxumda görmüşdüm. İndi yuxumda gördüyüm o işıqlı, o nurlu Ayı həyatda görürəm.

Bu, Ay işığından çox bir Allah sevgisiydi. Çünki Allah sevdiyi bəndələrini həmişə möcüzələriylə təəccübləndirir və sevindirir! Və mən də Ulu Yaradanın Ay işığında onun nuruna bələndim, təəccübləndim, sevindim. Və sevindim ki, İlahi, bu açılan səhəri, bu nurlu Ay işığını görməyimə şükürlər olsun! Şükürlər olsun ki, Ay işığının nuruna bələndim, sənə bir addım da yaxınlaşdım… Axı, insan Allaha yaxınlaşanda içindəki şeytan, qara qüvvələr ondan uzaq olur. İnsan Allaha bir köynək də yaxın olanda qəlbi, ürəyi bax belə işıqla, nurla dolur…


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-02-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 25, 23, 20, 18, 16, 13, 11, 09, 06, 04,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK