SON DƏQİQƏ:

BİR KİTAB HAQQINDA

  44027   |  
Şriftin ölçüsü  

Daha doğrusu, "Bitməmiş son"a mənim münasibətim

Təbii ki, oxucu, xüsusilə söz adamları hər gün axtarışdadı, hər gün nəyisə arayır, hər gün nəyisə soraqlayır və əlinə keçən, yaxud da ona təqdim olunan hər hansı bir yazıda, hər hansı bir kitabda öz düşüncələrinin əksini, öz xəyallarının rəsmini görmək istəyir. Bax, dediyim nöqtələri oxucu kitab səhifələrində özü ilə üz-üzə görəndə içindən məmnunluq hissi keçir, sanki rahatlanır. Amma bunun əksi olanda həmin o kitaba, həmin o vərəqlərə yönələn baxışını, üzündəki ifadəni təsvir etmək, xəyala gətirmək şəxsən mənim üçün heç də arzuedilən deyil. Amma neyləyim ki, mən bir oxucu olaraq hər gün yeni nə isə axtarıram və xoşbəxtliyimdən də hər gün həmin yeni kitab təqdim olunur. Bax, bu yeni kitablar da məni sözün içindən çıxıb harasa getməyə qoymur. Bəzən öz-özümü kitab xəstəsi adlandırıram. Getdiyim, gördüyüm hər yerdə təkcə almaq yox, həm də bir az yumşaq desək, kitab çırpışdırmaq istəyirəm. Bu, məsələnin bir tərəfi. O ki qaldı yazacağım yazıya...

Xasiyyətimdi, bir kitabı oxumağa başladımsa, onu yarımçıq saxlamağa hövsələm çatmır. Hətta iş vaxtı da beş-üç dəqiqə fürsət olanda qayıdıram həmin kitaba. Oxuyuram və düşünürəm. Özü də oxuduğum istənilən əsəri həmişə içimdə paralelləşdirirəm. Onun oxşarını, bənzərini yadıma salmaq istəyirəm. Yəni əsərin süjeti məni öncə oxuduğum əsərlər barəsində də nələrisə xatırlamağa həvəsləndirir, hətta bəzən məcbur edir. İndi oxuyub başa çıxdığım "Bitməmiş son" bir anlıq mənə xalq yazıçısı İlyas Əfəndiyevin, sonra Hüseynbala Mirələmovun, sonra Varisin və digərlərinin əsərlərini xatırladır. Buradakı mövzunun görüntüsü bir-birilə hardasa eyni müstəvidəydi. Amma əsəri oxuyub başa çıxandan sonra apardığım o paralelləri, necə deyərlər, süfrə kimi açdım qarşımda, sərdim yazı masamın üstünə. Və gördüm ki, "Bitməmiş son” bir oxucu kimi şəxsən mənə görə əsərin qəhrəmanının hardasa monoloqudur. Yəni bu əsər bir xətt boyunca, bir insanın yaşantılarını ifadə edir. Burada konkret olaraq Rüstəmin, yəni əsərin qəhrəmanının özəl həyatı qələmə alınıb. Adını çəkdiyim digər müəlliflərdən fərqli olaraq "Bitməmiş son"da Rüstəm obrazı bir kənd uşağı, bir yetimçə əslində özünün digər fəaliyyətini, digər işlərini, uğurlarını və yaxud məğlubiyyətlərini dilə gətirmir. Onun özünün özü ilə etdiyi söhbətin ilkdən sona qədər olan məsafəsi şəxsi taleyidi. Özü də sevgi, məhəbbət taleyi. Mən bunu hardasa həm də bir şəhvət hissinin qurbanı kimi də ifadə etmək niyyətimi gizlətmirəm.

Bəli, əsəri sözün həqiqi mənasında çox qısa müddətə oxudum. Səbəb müəllifin yazı dilinin səmimiliyi və şirinliyidi. O səmimi və şirin yazının qəhrəmanı kənddən şəhərə oxumağa gəlsə də kirayədə qaldığı evdə bir anın qurbanına çevrilir, girovuna çevrilir. Və özü də etiraf edir ki, ev sahibinin dul qızıyla olan münasibəti həyatını alt-üst etdi. Kənddə qalan sevgisini də, anasını da, elə kəndinin özünü də həmin o bir anlıq kəndi onun əlindən aldı, onun yolunu o kəndə bağladı. Kəndə qayıtmağa üzü qalmadı. Və anası da bir anın qurbanı olan, girovu olan oğlunu bağışlamadı. Düzdür, anaların ürəkləri böyükdü. Bunu əsərdə da bir daha görürük. O Rüstəmi dildə bağışlasa da, amma ürəyində oğul böyüdərkən onunla bərabər böyütdüyü arzuları ölür, ümidləri daşa dəyir. Əl qabarıyla, alın təriylə, yuxusuz gecələrlə və böyük ümidlərlə oğul böyüdən ana bir ocağın işığının necə söndüyünü bilib ürəyinə yazandan sonra özünə çəkilir. Eləcə həmin o damın altında təkliyinin, tənhalığının nöqtəsini qoyur.

Mən əsəri oxuduqca real həyatın bir məqamı olan süjetin gerçəkliyinə oxucu kimi inandım. Və hətta müəyyən xatırlamalarım da oldu. Bu xatırlamaları mənim yaddaşımda təzələyən əsər də məhz oxucuya, yəni mənə təsir etmək gücündə olduğuna görə bəyəndim, qəbul etdim. Doğrudur, mənim bu əsəri və yaxud başqa hansı bir kitabı əsəri qəbul edib-etməməyim heç nəyi dəyişmir. Amma söhbət ondadır ki, mən bu kitabı və həsr etdiyim zamanı itirilmiş saymadım. Əksinə, bu əsərdəki yazıçı üslubuyla razılaşdım, yazıçı təqdimatıyla həmfikir oldum. Gördüm ki, əsərin müəllifi Rüstəmin simasında mənim də tələbə olduğum illərin, müəyyən mənada həm də bu günlərin reallıqlarını bədiiləşdirə bilibdi. Ona görə də tələbə həyatının müəyyən detallarını əsərə əlavə etməklə qəhrəmanın, yəni Rüstəmin özəl həyatını oxucu üçün cansıxıcılıqdan qurtarıb. Bir az da dəqiq ifadə etsəm, yazıçı Rüstəmin təkcə intim duyğularını, intim həyatını deyil, onun xatirələrinin fonunda uşaqlığını da, kənddə keçən günlərini də, şəhərə necə gəlib çıxmasını da oxucu üçün anlaşılan səviyyədə ifadə edibdi. Əgər tələbənin, özü də kirayədə qalan tələbənin necə yaşadığını, vəziyyətinin necə keçdiyini yada salsaq, onda bu əsərdəki məqamlarla birmənalı şəkildə razılaşmalı oluruq.

Mən "Bitməmiş son”u oxuyub başa çıxanda bir məqamı da özüm üçün müəyyənləşdirdim. O da müəllifin öz qəhrəmanını qəbul etdiyi tənhalığı sonna kimi diqqətdə saxlamasıdı. Öz evini cəhənnəm sayan Rüstəm o cəhənnəmi, o xarabanı özü ilə doğulduğu ocağa daşımır. Və anası dünyasını dəyişəndə onun yanında olmaması, sonra da ata ocağını, anadan qalan müəyyən əmlakı heç bir təmənna ummadan paylaşdırması da həmin o təkliyin, tənhalığın yekunudu. Özünün də böyük həvəslə ocağının yanmasına çalışdığı, orta məktəb illərində evin kişisi kimi hər bir zəhmətinə qatlaşdığı yuvanın sonda taleyi kimi qəbul etdiyi tənhalığın ağuşuna atır. Bax, mənim bir oxucu olaraq Rüstəmin monoloqu kimi qəbul etdiyim bu əsəri yazıçı ilə oxucu arasında yaxşı bir körpü yaradır. O körpüdən rahatlıqla keçmək olar. Çünki əsərin aurası, yaratdığı mühit gerçəklikdən yoğrulur. Və bir də əvvəldə xatırlatdığım kimi, kitabdakı ötəri personajlar, eləcə də Rüstəmin gerçək sevgisiylə qurbanlığı olduğu sevgi notları da dediyim oxucu, yazıçı körpüsündən keçmək gücündədi.

Bəli, mən Seymur müəllimin "Bitməmiş son" kitabını oxuyub yekunlaşdırandan sonra bir anlıq duşundum. Bu əsərin oxucuya təsir gücü görəsən nə boydadı? Əgər bu yaşımda mən müəyyən nostalji duyğular yaşadımsa, müəyyən fikirlərlə ilk dəfə qarşılaşdımsa, deməli, başqaları da az və ya çox bu düşüncələri içindən keçirəcək. Və onda məlum olacaq ki, "Bitməmiş son" həm də hardasa sonun başlanğıcıdı. Ona görə də sonun başlanğıcına elə "Bitməmiş son"un özündəki reallığın prizmasından baxmaq lazımdı. Əgər baxa bilsək, onda əsərin təsir gücünü də hesablamış olacağıq.

P.S. Mən bu əsəri oxumamışdan öncə mətbuatda çıxan yazılara rast gəldim. Hətta kitabın ön sözünü də gördüm. Amma heç birini oxumadım. İstəmədim ki, onların təsiri altına düşüm. İstədim ki, kitabı necə bir oxucu olaraq görmüşəm, hiss etmişəm, yaşamışamsa o cür də münasibətimi ifadə edim. Zənnimcə, nəsə edə bildim.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK