SON DƏQİQƏ:

KİTABA ÇEVRİLMİŞ ANLAR

  179214   |  
Şriftin ölçüsü  

Və yaxud bir ömrün memuarı

Oxuyub başa çıxdığım bu kitab haqqında yazı yazmaq qərarını verənə qədər çox fikirləşdim. Təkcə ona görə yox ki, nə yazacağımı, necə yazacağımı götür-qoy edirdim. Xeyr, sadəcə, oxuduğum kitab məni çəkib aparmışdı 70-ci illərə. Və o kitabda gördüyüm portret cizgilər... üstəlik, həyat lövhələri məni elə bürümüşdü ki, bir növü mən yenidən o illəri yaşadım... yenidən o günlərin, hadisələrin içərisinə qayıtdım... yenidən orta məktəb şagirdi, tələbə, məzun oldum... və yenidən bu kitabın müəllifi ilə ilk dəfə olduğu kimi qarşılaşdım. Bax, bu səbəbdən də bir həftədən artıqdı ki, oxuyub başa çıxdığım kitabdan nə ayrıla bilirəm, nə də yazacaqlarımı iç dünyamda o qədər cızma-qara şəklində işarələyirəm ki, bu işarələr də məni bir daha o zaman kəsiyinə çəkib aparır. Çünki həmin işarələrin hər biri ömrümün anlarıdı... Və nəhayət...

Hə, ilk ondan başlayım ki, oxuduğum kitabın müəllifi Mobil İsmayılovdu. Mobil İsmayılovu oxucular da tanıyır, ictimaiyyətdə, hətta da ölkənin yuxarı elit təbəqəsi də. Oxucular kitablarından, yazılarından onun kimliyi ilə tanışdılar, ictimaiyyət onun çalışdığı bölgələrdə, el adamı olmasından, yuxarı elit təbəqə isə tutduğu vəzifədən tanıyır Mobil İsmayılovu. Üstəlik onun soykökünü da onlar unutmayıblar. Mənim oxuduğum kitab "Altmış ilin hesabatı" adlanır. Açığını deyim ki, kitabın adı mənə o qədər soyuq gəldi ki, bir növü məruzə, rəsmi tədbir, kiminsə qarşısında yaxanı düymələyib, özünü "qurudub" çıxış etmək kimi hallar yaşadım bir anda. Və bu adın məndə oyatdığı assosiasiyayla kitabın ilk vərəqlərini könülsüz oxumağa başladım. Və onu da deyim ki, kitabın ilk vərəqləri redaktorun bir növü ön sözüdü. Ancaq müəllifin oxuculara ünvanladığı yarım səhifəlik müraciətdən sonra əhvalım yavaş-yavaş dəyişməyə başladı. Və mən hiss etdim ki, Mobil İsmayılov bu kitabla 60 illik ömrünün demək olar ki, bütün günlərini, aylarını, illərini əhatə edə biləcək bir kinolent səviyyəli cəlbedici, düşündürücü görüntü yaradıb. Əslində bu görüntü həm də ssenaridi - ömrün ssenarisi! Məhz bu ssenari ilə tanış olanda, elə buradaca xatırladım ki, mən təkcə tamaşaçı, seyrçi olmadım, həm də iştirakçıya çevrildim. Axı, o zamanı mən də yaşamışam. Aramızda çox kiçik yaş fərqi olmasına baxmayaraq, Mobil müəllimin qeydə aldığı detalların ailə və şəxsi nüanslarından başqa qalan mənzərələrini, məqamlarını mən də öz canımda, qanımda hiss etmişəm. Əvvəldə vurğuladığım kimi, məhz bu səbəbdən kitabdan ayrıla bilmirdim.

Oxuculara xatırladım ki, müəllif kitabında dünyanın tanınmış filosoflarının, söz adamlarının, eləcə də Azərbaycanın çox ünlü şair və yazıçılarının fikirlərinin toxunduğu məsələ ilə bağlı elə əlaqələndirib ki, həmin fikir havada qalmayıb, yerinə düşübdü. Mən bunu müəllifin peşəsiylə, yəni onun hüquqşünas-prokuror peşəsi ilə bağlayıram. Çünki o, işində nümayiş etdirdiyi və həmkarlarının da qəbul etdiyi dəqiqliyi bu kitabında da mübaliğəsiz bir şəkildə sərgiləməyi bacarıb. Kitab fəsillərdən, əslində isə mənə görə ömrün anlarından ibarətdir. Hər bir başlıq altında həmin zaman kəsiyi, ömrün həmin anı yazıya çevrilib, kağıza köçürülüb. Üstəlik, bu zəncirvari düzüm müəllifin uşaqlığından başlayır. Onun etiraf etdiyi dəcəlliyindən, bir uşaq həssaslığı, marağı ilə şəkil çəkməyə, şahmat oynamağa, top qovmağa, ağaca dırmanmağa, bir sözlə, əksər kənd uşaqlarının içində olan o boy artımı göstəricisinə uyğun bir gerçəklikdir. Şəxsən mən Mobil İsmayılovun öz uşaqlığı ilə bağlı yazdığı detalları oxuyanda bizim uşaqlığımızın bircə fərqini hiss etdim. O, fotoaparat almaq, şəkil çəkmək azarkeşi olub, mən isə çoxlu kitablar almaq, yazılar yazmaq, daha doğrusu, cızma-qara etmək azarkeşi. Üstəlik, ata ilə, özü də Azərbaycanın ictimai tarixində öz yeri olan Vahid İsmayılov kimi bir ata ilə dost olmaq oğulun, yəni Mobil müəllimin həyatda qəddini düz tutmaq, addımını qətiyyətli atmaq, məntiqini sərrast bir şəkildə ortaya qoymaq imkanı verib. Təsəvvür edin ki, Zəngilanın, Ağcabədinin, Beyləqanın ən böyük rəhbər vəzifəsini, yəni Partiya Komitəsinin birinci katibi vəzifəsini icra etmək, çalışdığın bölgədə də sevilmək Vahid İsmayılovun həyatda da ən böyük qazancı olub. Bu günün özündə də şəxsən mən Beyləqanda, Ağcabədidə onun barəsində həmin dövrün insanlarının söylədiyi xoş xatirələrin kifayət qədər dinləyicisi olmuşam. Deməli, rəhmətlik Vahid müəllim sanki oğlu Mobillə dostluq edəndə təkcə ata kimi yox, həm də dövlət adamı kimi onu sabahın çətinliklərinə hazırlayıb. Sanki o hiss edib ki, öndə Mobili hansı suallar, hansı problemlər, hansı rəngarəng sifətlər qarşılayacaq. Elə kitabda da yazıldığı kimi Vahid İsmayılovun sağlığında onun özünün, ailəsinin, eləcə də Mobilin az qala kölgəsinə çevrilənlər Vahid İsmayılovdan sonra Mobillə üz-üzə gələndə yollarını dəyişdilər. Bax, elə bu yerdə müəllifin bir cümləsini sizə də xatırlatmaq istəyirəm. "Həyat yoluma nəzər salan da keçmişimlə bağlı hər zaman qürur duyuram... Allah dərgahında bağışlanmayacaq böyük günahlarımın olmayacağına əminəm...". Və yaxud "Taleyin zərbələrini də çox görmüşəm, fəlakətlər təkcə təbiətdə olmur...".

Bax, zənnimcə, bir yazı adamının, özü də hüquqşünas olan yazı adamının bu məntiqi istənilən oxucunu mütləq təsiri altına salacaqdı. Elə o təsirin altında mən Mobil İsmayılovun kitabını "Altmış ilin hesabatı" adlandırılmasına müəyyən qədər haqq qazandırdım. Mən özüm də etiraf edim ki, kitabı başa çıxanda gördüm ki, müəllif həm də özü-özünə hesabat verib. Adətən insan gecələr yatağa uzananda əllərini başının altına qoyub gözünü tavana zilləyir. Sanki günə yekun vurur. Bax, mən də öz içimdə belə bir hiss yaşadım. Yəni duydum ki, bu kitab, daha doğrusu, kitabdakı bütün məqamlar məhz müəllifin gecələr göy üzü ilə, Tanrıyla üzbəüz söhbətlərinin yekun yazılı variantıdır...

Bəli, kitabda 52 yaşlı atanı, 54 yaşlı ananı itirmək, atanın faciəsinin ananın qurumayan göz yaşlarına çevrilməsini görmək, eləcə də atadan sonra anaya atalı günlərdə yaşadıqlarını azacıq da olsa bağışlamaq, qaytarmaq istəyi və nəhayət, özünü, kimliyini, əqidəni təsdiqləyib qorumaq üçün sağlamlığını əsirgəməmək... aldığın haqsız zərbələrə dözmək... bütün bunlar dediyim ssenarinin yaşanmış, ömürləşmiş, xatirəyə çevrilmiş və kitab şəklində oxucu qarşısına gəlmiş bütövlüyüdü, gerçəkliyi, tarixiliyidi və nəhayət etirafı, hesabatıdı.

Mən kitabı oxuyanda adətimə uyğun olaraq təsirləndiyi nöqtələri təkrar qayıdıb oxumaq üçün səhifələrin arasına ağ vərəqlər qoyuram. İnanın ki, bu kitabın arasında sayını unutduğum qədər vərəqlər var idi. Üstəlik, ömrün fotoanları da məndə nostalji duyğularımı bir növü "Segah" üstündə kökləmişdi. İçimdə həm kədər, həm də qürurlu sevinc hissi üz-üzə dayanmışdı. Mən bu kitabı Mobil İsmayılovun hesabatı kimi oxusam da, onu özlüyümdə həm də xatirə dəftəri, yaxud memuar kimi də qəbul edirəm. Lap son qərarım isə budur ki, bu, Mobil İsmayılovun 60 illik ömrünün memuarıdı, özü də yaşanmış memuarı.



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09, 06,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK