ANA SƏHİFƏ / YAZARLAR

Yubileyə "Məcburən doktor" çağırıldı

İrəvan Dövlət Azərbaycan Dram Teatrı mövsümə Molyerin əsəri ilə başladı

20394    |   2011-10-15 06:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı növbəti mövsümə start verdi. Bu mövsüm yubiley-sayca 130-cu olduğuna görə kollektiv açılışı daha geniş məkanda qeyd etdi. Özü də yubiley mövsümünün açılışında tamaşaçıların qarşısına premyera ilə çıxdı. Dünya ədəbiyyatının klassiklərindən sayılan Jan Batist Molyerin "Məcburən doktor" komediyası sənətsevərlərə təqdim olundu.
   
   
   
   Taleyinə faciə yazılan teatr
   
   
   
   Kollektiv 130-cu teatr mövsümünün açılışına və "Məcburən doktorun" premyerasına dəvət etdiyi qonaqları Səməd Vurğun adına Rus Dram Teatrında qarşıladı. Oktyabrın 10-na təyin olunan premyeradan öncə yaradıcı kollektivin üzvləri səhnəyə çıxdı.
   
   Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev milli səhnə sənətimizin inkişafında özünəməxsus yeri olan teatrın keçdiyi yola nəzər saldı. Direktor bildirdi ki, 130 il öncə fəaliyyətə başlayan teatr bu illər ərzində Azərbaycan mədəniyyətinə və incəsənətinə görkəmli aktyor və aktrisalar, rejissorlar bəxş edib.
   
   İftixar Piriyev qeyd etdi ki, kollektiv üzləşdiyi çətinliklərə, maneələrə həmişə dəyanətlə üstün gəlməyi bacarıb: "İrəvan Dövlət Azərbaycan Dram Teatrı Ermənistanda yaşayan azərbaycanlıların inam, güvən yeri idi. Bunu yaxşı bilən Ermənistan hakimiyyəti teatrın fəaliyyətinə maneələr yaradırdı. 1988-ci ildə başlayan məlum hadisələr zamanı teatr məcburən qastrola göndərildi və geri qayıtmağa imkan verilmədi, ermənilər teatrın bütün əmlakını da vəhşicəsinə taladılar".
   
   Teatrın direktoru kollektivin bu günə kimi yaşaması üçün fədakarlıq göstərənlərə təşəkkürünü bildirdi: "Vidadi Əliyev, Elmira Əliyeva kimi insanların fədakarlığı, kollektiv üzvlərinin zəhməti, ayrı-ayrı ziyalılarımızın qayğısı və himayəsi sayəsində teatrımız ayaqda qalmağı, işinə davam etməyi bacardı. Azərbaycan prezidentinin sərəncamı ilə İrəvan Dövlət Azərbaycan Dram Teatrının 125 illiyi geniş şəkildə qeyd olundu. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi fəaliyyətimiz üçün lazım olan bütün şəraiti yaradıblar. Biz də bu diqqət və qayğıya öz yaxşı işimizlə, maraqlı tamaşalar hazırlamaqla cavab verməyə çalışırıq.
   
   Bir insan var ki, mən onun xidmətini xüsusi qeyd etmək istəyirəm. Həmin şəxs də mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevdi. Ədalət müəllim Akademik Milli Dram Teatrının sərəncamçı direktoru olanda da, mədəniyyət və turizm nazirinin müavini vəzifəsinə təyin edildikdən sonra da həmişə diqqətini teatrımızdan əsirgəməyib. Çox şadam ki, 130-cu mövsümünün açılışını etdiyimiz bu gün də Ədalət Vəliyev bizimlə birlikdədi".
   
   Direktorun çıxışından sonra tamaşaçılar Molyerin qəhrəmanları ilə baş-başa qaldılar.
   
   
   
   Molyerin
   
   qəhrəmanları
   
   hələ də aramızdadı
   
   
   
   Jan Batist Molyer təkcə ölməz pyeslər müəllifi kimi yox, həm də istedadlı aktyor kimi tarixə düşüb. Onun qələmindən çıxan komediyalar vətəni Fransa da daxil olmaqla dünyanın əksər ölkələrində səhnəyə qoyulub. Azərbaycanlı tamaşaçılar da Molyer qəhrəmanlarını müxtəlif teatrlarımızın səhnəsində görüblər. Teatrlarımız dahi fransızın "Tartüf", "Skapenin kələkləri", "Xəsis" pyeslərini səhnəyə çıxarıblar. İrəvan Dövlət Azərbaycan Dram Teatrı Jan Batist Molyerin məşhur əsərlərindən birini "Məcburən doktor" adı ilə tamaşaya hazırlayıb.
   
   Əsərə teatrın baş rejissoru, əməkdar incəsənət xadimi, "Qızıl Dərviş" mükafatı laureatı Oruc İzzətoğlu quruluş verib. O, həm də tamaşanın quruluşçu rəssamıdı. Musiqi tərtibatı Miranda Qurbanovaya məxsusdu. Tanınmış rəqqas Tahir Eynullayev isə xoreoqraf kimi tamaşanın hazırlanmasında iştirak edib. Bəri başdan deyək ki, onların əziyyəti boşa getməyib.
   
   Deməli belə, kasıb aktyor Sqanarel (Əmrulla Nurullayev) çətin dolanışıqdan, ailədəki sıxıntılardan bezib. Şərab içmək və arvadı Martinanı (xalq artisti Tamella Abdullayeva) aradabir kötəkləməklə ömür sürür. Martina isə ərindən əvəz çıxmaq üçün fürsət gəzir.
   
   Valer (Niyaməddin Səfərəliyev) və Luka (Əjdər Zeynalov) yaxşı həkim axtarırlar. Çünki Jerontun (əməkdar artist Vaqif Kərimov) qızı Lüsənd (Tutu Əliyeva) xəstələnib.
   
   Sqanareldən əvəz çıxmaq üçün bundan yaxşı fürsət? Martina Valer və Lukaya başa salır ki, Sqanarel əsl onlar axtaran həkimdi. Necə deyərlər, lap ölü dirildəndi. Amma bir pis xüsusiyyəti var- kötəklənməyincə bacarıqlı həkim olduğunu etiraf etmir. Valer və Luka bu sözlərə inanınca Sqanareli yaxşı kötəkləyirlər. Üstəlik babat da pul verirlər. Pul kisəsini görüncə Sqanarel həkim olmağa razılaşır. Jerontun yanında özünü əsl təbib kimi aparan başabəla həkim savadlı görünmək üçün Aristoteldən "sitatlar" gətirir, hətta Hippokratın canına belə and içir. Fürsətdən istifadə edib dayə Jaklinanı (əməkdar artist Esmiralda Şahbazova) da ələ keçirməyə çalışır. Qızını imkanlı adama ərə verməyə hazırlaşan Jeront onun bu hiyləsinə tez uyur və xeyli pulundan keçir.
   
   Sonda başabəla həkimin fırıldaqçının təki olduğu aydınlaşır. Hələ bu harasıdı, o da məlum olur ki, Lüsəndin heç bir xəstəliyi yoxdu. Sadəcə, atasının tapdığı varlıya yox, sevdiyi oğlana ərə getmək istəyir.
   
   Tanınmış rejissor, əməkdar incəsənət xadimi Oruc İzzətoğlu müxtəlif teatrların səhnəsində Cəfər Cabbarlının "Aydın", Mir Cəlalın "Dirilən adam", Anarın "Təhminə və Zaur", Elçinin "Mahmud və Məryəm" əsərlərinə uğurlu quruluş verib. Molyerin dramaturgiyasına müraciət edən tanınmış rejissor bu günlə səsləşən səhnə əsəri yaradıb. Səhnədə baş verənləri izləyən hər bir tamaşaçı bir daha əmin olur ki, yazılmasından dörd əsir keçməsinə baxmayaraq, Molyer qaldırdığı məsələlər indi də aktualdı, dahi dramaturqun qəhrəmanları bu gün də aramızdadı. Yalançılar, pul hərisləri cilddən-cildə girərək ətrafdakı insanları aldada bilirlər. Oruc İzzətoğlunun quruluşçu rəssam işi də maraqlıdı.
   
   "Məcburən doktor"dan bəhs edərkən baş rolun ifaçısı Əmrulla Nurullayevin təbii oyununa, səhnə plastikasına toxunmamaq mümkün deyil. Aktyor öz ifası ilə Sqanarelin bütün xarakterini açmağı bacarır. Xalq artisti Tamella Abdullayeva, əməkdar artist Vaqif Kərimov, əməkdar artist Esmiralda Şahbazova, gənc aktrisa Tutu Əliyeva, aktyorlar Əjdər Zeynalov, Niyaməddin Səfərəliyev maraqlı ansambl yaratmaqla tamaşanın canlı, baxımlı və inandırıcı alınmasına nail olurlar.
   
   Yəqin ki, "Məcburən doktor"un ayağı düşərli olacaq. İrəvan Dövlət Azərbaycan Dram Teatrı 130-cu mövsümündə tamaşaçılarını uğurlu tamaşalarla sevindirə biləcək.


YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16
2018-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK