10 Iyul 2025 09:00
127
İQTİSADİYYAT

Əhalidən qaz və işıq üçün əlavə 1 manat tələbi

Azərbaycanda qaz və elektriklə bağlı aylıq sabit tariflər 1 manatı aşmayacaq. Milli Məclisin iyulun 8-də keçirilən iclasında “Qaz təchizatı haqqında” yeni qanun layihəsi və “Elektroenergetika haqqında” Qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı energetika nazirinin müavini Orxan Zeynallı deyib ki, sabit tarifinin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətli bölünməsidir.

Nazir müavini qeyd edib ki, bu, tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinə çəkilən xərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması hesabına olacaq:“Eyni zamanda bu yenilik "Elektroenergetika haqqında" qanun layihəsində təsbit olunub. Sabit tarifin tətbiqi hər ay elektrik enerjisi haqqını ödəyən istehlakçılar üçün tarif yükünün cüzi də olsa azaldılması üçün müəyyən iqtisadi zəmin yaradacaq. Sabit tarifinin maliyyə tutumu məsələsinə gəlincə, hesablamalarımıza görə, bu məqsəd üçün nəzərə alınan faktiki xərclərin həcmi ümumi xərclərin həcminin 2%-dən aşağı hesablanıb. Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq".

Adalet.az-ın məlumatına görə, iqtisadçı Eldəniz Əmirov “Yeni Müsavat” açıqlamasında bildirdi ki, bu dəyişikliklərin edilməsi həm bu xidməti göstərən qurumlara, həm istehlakçılara, həm də dövlətə öz təsirini göstərəcək. İqtisadçının fikrincə, təsir hər 3 istiqamətdə eyni olmayacaq:

“Xidmət göstərən qurumlar üçün bu dəyişiklik birmənalı olaraq müsbət olacaq, çünki istifadə edilib-edilməməsindən asılı olmayaraq ödənişin məbləğinin təyin edilməsi və vahid tarifin müəyyən edilməsi onlar üçün əlverişli imkan yaradacaq. Bu, həm yığımda özünü göstərəcək, həm də prosesin idarə edilməsi daha rahat olacaq. Vətəndaşlar üçün isə təsirin miqyası tarifin məbləğindən asılı olacaq. Elə bir tarif qoyula bilər ki, bu simvolik olsun və vətəndaşın cibinə ciddi yük salmasın. Amma elə bir tarif də müəyyən edilə bilər ki, bu, ailə büdcəsinə əlavə maliyyə yükü gətirəcək. Buna görə də vətəndaşa təsiri ilə bağlı suala cavab vermək üçün məbləğin özü təsdiq edilməlidir. Məbləğin özü təsdiq edilmədən konkret danışmaq çox çətindir. Amma ehtimal ki, orta statistikadan aşağı tarif müəyyən edilməyəcək. Burada mühüm məqam ondan ibarətdir ki, hətta tariflər yuxarı olsa belə, dövlət bundan bir tərəfdən qazansa da, digər tərəfdən itirəcək. Çünki adətən tariflərin yuxarı qalxması, ümumilikdə, ölkədə istehsal olunan məhsul və xidmətlərin qiymətinin artmasına səbəb olur, nəticədə inflyasiya sürətlənir. İnflyasiyanın artması isə istehlak qiymətləri indeksinin yüksəlməsinə gətirib çıxarır. İstehlak qiymətləri indeksinin artması isə növbəti ilin əvvəlindən başlayaraq dövlətin maliyyə yükünü artırır”.

İqtisadçı qeyd etdi ki, öncə pensiyaların və sosial ödənişlərin artırılması üçün daha çox vəsait ayrılmalı olur: “Daha sonra əhalinin həssas qruplarına əlavə yardımlar göstərilməlidir. Eyni zamanda minimum əməkhaqqı və digər sosial təminatlar da artırılmalıdır. Bununla yanaşı, sosial müdafiə proqramlarının genişləndirilməsi də dövlət üçün əlavə maliyyə öhdəlikləri yaradacaq. Bütün bunlar dövlətin xərclərini əhəmiyyətli dərəcədə artırır və nəticədə dövlət özü də əlavə yük altına düşür. Buna görə də bu məsələ çox həssasdır. Geniş müzakirələrə, hərtərəfli təhlil və ciddi qiymətləndirmələrə ehtiyac var. Yalnız belə olduqda hər kəs üçün optimal qərar qəbul edilə bilər”.

İqtisadçı Pərviz Heydərov Şerq.az saytına verdiyi açıqlamada qeyd edib ki, sabit tarif xidmətə çıxış ödənişi və yaxud xidmət haqqı deməkdir: “Yəni istehlakçının faktiki istehlak etdiyi deyil, bir növ, bir neçə məkanda istehlak edə biləcəyi elektrik enerjisi, qaz kimi kommunal xidmətlərə görə müvafiq ödəniş elementidir. Bu, infrastruktura görə ödənilən və yaxud ödənilməli olan məbləğdir. Bildiyimiz kimi, xarici ölkələrdə də belə bir təcrübə var. Burada əsas məsələ ödənilən məbləğ deyil, ödənilən məbləğə görə adekvat keyfiyyətli xidmətin olmasıdır. Kommunal xidmətlər, enerjidaşıyıcıları üzrə xidmət səviyyəsi və keyfiyyəti yüksək olmalıdır. Bunun üçün də həmin sahələrdə infrastruktur keyfiyyətli olmalı və dövlət nəzarətindən kənar olmalıdır. Bizdə enerjinin əldə olunması da, paylanması da, təchizatı da dövlətin əlindədir. Ona görə də dövlət zaman keçdikcə çiynindəki yükü daşıya bilmir. Sabit tarif kimi üsulların tətbiqinə əl atılması infrastruktur xərclərin bir hissəsini əhali ilə bölüşmək istəyi kimi çıxış yolu anlamına gəlir. Kommunal xidmət sektoruna investisiya lazımdır. Bundan ötrü isə kommunal xidmət göstərən sahələrdə islahatlar aparılmalı və idarəetmə təkmilləşdirilməli, xərclər dəqiqləşdirilməli və azaldılmalıdır. Bunun üçün də bəzi infrastruktur sahələri özəlləşdirilməli, hərrac yolu ilə yerli və xarici sahibkarlara satılmalıdır. Yəni dövlət və hökumət qeyd olunan sahələri idarə etməkdən əl çəkməlidir. Hər şey dövlətin əlində olduğu halda məsələn, qaz və işıq təchizatı sahəsində sabit tarif siyasətinin tətbiqi heç bir effekt verə bilməz. Özəlləşdirmə isə paylayıcı şəbəkələr üzrə həyata keçirilməlidir. Özü də tenderlər əsasında”.