ANA SƏHİFƏ / RUBRİKA

Qorxulu yuxular görəcəyim günü bilirəm... - YUXU QAPISI

9622    |   2017-12-01 15:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanalitik Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı şair Alik Əlioğludur. Adalet.az müsahibəni təqdim edir.

-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

- Mən yuxunun mistikasına inanan adamam. Yuxu mənim üçün çox maraqlı hadisədir. Bəzən real həyatımla yuxularım arasında güclü bağlılıq hiss edirəm. Mənim üçün yuxulamaq ərəfəsi, yəni real həyatdan yuxuya keçid prosesi həmişə daha maraqlı olub. Bax bu zaman kəsiyində gördüyüm yuxular bəzən həyatımda çox ciddi dönüş nöqtəsi ola bilib, bəzən çox ciddi qərarlar qəbul etməyimə təsir göstərib. Bununla bərabər deməliyəm ki, yuxuların hamısını da nəyəsə işarə deyil. Bəzən narahatçılıqdan, bəzən yorğunluqdan, bəzən ağrılardan yuxunu qatmaq mümkündür. İşarəsi olan yuxularla, əhəmiyyətsiz yuxuları ayırd etməyi öyrənmişəm.


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Ola bilsin ki, yuxuda hiss etdiyim hansısa bir işlə bağlı qərar qəbul edim, amma ümumilikdə bütün planlarımı yuxuya görə düzənləmirəm. Mənim mədəmdə ağrılarım var. Bilirəm ki, ağır yemək yediyim gün qorxulu yuxular görəcəm. Bunu tibb də təsdiqləyir. Mədə bağırsaq ağrıları yuxuya təsir göstərir. Ona görə də mədəm ağrıyarkən gördüyüm pis yuxuları, elə oyanan kimi də unuduram.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- Qətiyyən. Əgər nəsə hiss edirəmsə, o andaca hiss edirəm. Yox əgər heç nə hiss etmirəmsə, həmin yuxunu əhəmiyyətsiz yuxular qovluğuna atıram. Bəzi adamların mütəmadi səhər kitabı olan "Yuxu yozumları” mənim üçün çox əhəmiyyətsizdir.


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- Mütləq. Yuxunun bir mistikası var. Həyatda bilmədiyimiz çox şeylərin olduğu kimi, yuxunun da adamlara məlum olmayan mistik tərəfləri var. Məsələn, bəzən heç haqqında belə düşünmədiyin, çoxdan unutduğun bir adamı yuxuda görürsən və ya birdən-birə haradansa yadına düşür. Həmin gün həmin adamla rastlaşırsan. Çox qəribədir və bunun özü artıq mistikadır.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Heç vaxt elə yuxu görməmişəm ki, sonradan o çin çıxsın. Mənim yuxularım adətən hisslərlə bağlı olur. Çox vaxt konkret nəsə görmürəm, sadəcə yuxuda nəyisə hiss edirəm, sanki mənə kimsə nəyisə təlqin edir. Mənə elə gəlir ki, yuxu meditasiyanın bir növüdür. Beyin dincəlir, bədən rahatlaşır və sən o əlaqəni qura bilirsən. Əgər oyaqkən də buna çalışsan mütləq ağlına yuxuyabənzər nələrsə gələcək, nələrsə hiss edəcəksən. Bir əhvalat danışım. Bir dəfə uşaqkən Gürcüstana gedirdik və mənim sənədimdə problem vardı. Anamla atamın narahatlığından hiss etmişdim ki, məsələ ciddidir, mənə görə bizi sərhəddən buraxmaya bilərlər. Avtobusun pəncərəsindən uzandıqca uzanan boşluğa, düzənliyə və səmaya baxırdım. Birdən birə göydən bir enerji aldım, o qədər doğmalıq hiss etdim ki, kövrəldim. Bu enerji məni inandırdı ki, sərhəddə heç bir problem olmayacaq, qeyri-iradi gülümsədim. Sərhədi rahatca keçib getdik... Ona görə də, mənim adətən yuxularım yox, hisslərim çin olur.


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Mənim atam və körpə oğlum dünyasını dəyişib. Bir dəfə onların ikisini bir yerdə gördüm. Oğlum atamın qucağında idi. Atam onu əzizləyirdi. Ondan sonra daha oğlumdan nigaran qalmadım, içimdə bir rahatlıq tapdım.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Sözün düzü, heç vaxt bu barədə eşitməmişəm. Gördüyüm yuxuların rəngi də yadımda deyil. Mənim fikrimcə yuxunun heç rəngi olmur axı, yəni heç ağ-qara da olmur...


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Atamı itirəndən sonra, uzun müddət onu yuxuda görmədim. Sonralar isə yuxuda ən çox onu görməyə başladım.


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Bəli, yuxu bir az ayrı bir paralel həyata oxşayır. Elə bilirsən ki, ora da başqa yerdir, orada baş verənlər həqiqətən də baş verir. Bəzən o qədər inandırıcı yuxular olur ki, oyandıqdan sonra oyandığına ya sevinirsən, ya kədərlənirsən. Deyilənə görə, ən uzunmüddətli yuxu real həyatda 15 saniyə çəkir, amma bəzən bizə elə gəlir ki, bütün gecəni yuxu görmüşük. Bəlkə də yuxu ilə real həyatda zaman anlayışları fərqlidir və bizim məntiqimizə yaddır. Biz yalnız bildiyimiz məntiqi, coğrafi və fiziki qanunları qəbul edirik, ona görə də, bütün digər məntiqimizdən kənar şeyləri mistika adlandırırıq.


-Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?

- Xatırlamıram. Yəqin ki, dahilərdən heç kəsi yuxuda görməmişəm.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Bəzi yuxuların doğru işarə verdiyinə inanıram. Yuxuların öz aurası olur. Bunu hiss etmək lazımdır. Yuxunu görərkən xoşbəxtsənsə, deməli bu yaxşı yuxudur. Yuxu yozumlarına inanmıram. Hər kəs öz yuxusunu yalnız özü hiss edə bilər. Peyğəmbərimiz deyirmiş ki, səhər oyanıb pis yuxularınızı adamlara danışmaqla onların əhvalını korlamayın. Çox doğrudur, pis enerjisi olan yuxuları danışdıqca həmin enerjini yaymış, ətrafındakı adamlara ötürmüş olursan.



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK