hacklink Adalet.az | ACLIĞINI ÇƏKDİYİM SƏS Adalet.az | ACLIĞINI ÇƏKDİYİM SƏS Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ACLIĞINI ÇƏKDİYİM SƏS

Fəridə RƏHİMLİ

104481    |   2017-05-19 13:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Musiqinin vətəni yoxdur deyirlər, çünki musiqi dil, din, irq, millət, cinsiyyət fərqi qoymadan, yaşından və mədəniyyətindən asılı olmadan hər bir insana eyni təsir edir. Zövqlər fərqli olsa da - kiminə klassik, kiminə müasir müsiqi, kiminə muğam və s. janrı xoş gəlsə də, ümumilikdə, musiqi bizim psixologiyamıza təsirsiz keçmir.

Qədim mənbələrdə hələ uzaq keçmişdə musiqidən müalicə vasitəsi kimi istifadə edilməsinə dair məlumatlar var. Musiqi və təbabət əsrlər boyu bir-birindən ayrılmaz olub və musiqi həmişə insan üçün estetik və mənəvi zövq mənbəyi rolu oynayıb.

Musiqi terapiyası barədə olduqca geniş məlumatlar var - muğamla, klassik musiqi ilə insanların müalicə edilməsi faktları çoxdur. Qədim dövrlərdən bəri xəstəliklərin müalicəsində də istifadə edilən musiqi, tibbin bir çox sahəsində olduğu kimi, xüsusilə insan psixologiyası üzərində böyük təsirə malikdir. Bu terapiya növündən bizdə də zaman-zaman istifadə olunub. XX əsrin ortalarında görkəmli alim, professor İbrahim Topçubaşov Azərbaycanda "musterapiya” adlı tibbi müalicə sisteminin əsasını qoymuşdu. Ağır xəstələr musiqinin müşayiəti ilə əməliyyat edilirdi və yaxşı nəticələr əldə olunurdu... Bəyəndiyimiz musiqilər zövqümüzü oxşayır, ruhumuzu dincəldir, insanı sakitləşdirmə və yaxud da həyəcanlandırma təsirləri var. Səs, xüsusi riyazi tənzimləməyə sahibdir. Mütəxəssislərin fikrinə görə, xoş melodiyalar dinləyən insanın

beynindəki alfa dalğaları hərəkətə gəlir, bunun nəticəsində o, sakitləşir, bədən və ruh dincəlir, qavrama funksiyası daha güclü işləyir. Xüsusilə, klassik musiqi və xalq mahnıları ruhumuz qədər beynimiz üzərində də rahatladıcı, sakitləşdirici təsirə malikdir. Ana bətnindəki körpəyə klassik musiqi dinlədildikdə körpə sakitləşir, inkişafı sürətlənir.

Səs hansısa mühitdə, məsələn, havada, suda, dəmirdə dalğalar şəklində yayılan mexaniki hadisədir. Səs mənbəyindən mühitdə sıxlaşma və seyrəlmə baş verir. Eşitdiyimiz ən zəif səs 10 dB-dir. Bu, budaqdan qopub yerə düşən yarpağın səsidir. Pıçıltı 30 dB, qışqırıq 70 dB, göy gurultusu 100 dB-dir. 130 dB-dən gur səslər qulaqda ağrı və baş gicəllənməsi əmələ gətirir, çünki qulaqdakı səslər sinir impulslarına çevrilir və səs siniri ilə beyinə ötürülür. Buna görə gur musiqidən başımız ağrıyır.

Səsin, musiqinin təsiri haqqında belə uzun-uzadı yazmamın səbəbi bu yaxınlarda, bir xəzinə tapmış adamın sevincinə bərabər tapıntım oldu – uzun illər həsrətində olduğum səsi "tapdım”... Kimin, hansı millətin insanı olduğu, musiqinin adının nə olduğu haqda heç bir bilgim olmadan axtardığım səsi... Uşaqlıq illərimdə o səsin payına düşən çoxlu xatirələrim vardı.

Əmim dərsdə olarkən onun radiosunu qurdalayıb xarici musiqilər dinləyərdim. Sərt xasiyyəti olduğu üçün təbii ki, bunu özünün yanında eləyə bilməzdim, o gedəndən sonra nənəmin yanında "əl-qol açardım”. O zaman Türkiyə, Hindistan, Əfqanıstan, Pakistan, İran, İraq musiqiləri dinləmək çətin idi. Sovet tərbiyəsi buna da qadağalar qoyurdu. Amma o səslər məni daha çox cəlb edirdi. Sözlərini anlamasam da, musiqinin təsirindən çıxa bilmirdim. Növbəti dəfə bir səs məni sehrinə saldı, iliyimə qədər işləyən bir səs. Bədəni və ruhu dincəldən bir

səs. İnsan qəlbinə son dərəcə sirayətedici təsirə malik bir səs. Həzinliyi, əzəməti qarşısında heyrət oyadan bir səs. Ruhuma hakim kəsilən və o zamandan könlümün, qulağımın həsrət çəkdiyi səs. Çəkinməsəydim, bəlkə elə o zamandan tapa bilərdim və bu həsrət içimdə qalmazdı...

Sosial şəbəkələrdə bu yaxınlarda rast gəldiyim o səslə dünyasını dəyişmiş əmimin gəncliyi, onun çox sevdiyi xanımının biz uşaqlarda maraq oyadan geyimi, davranışı, nənəmin nurani üzü, babamın pəhləvan cüssəsi, bir sözlə, uşaqlıq illərim xoşbəxtliyi, nisgili, acısı-şiriniylə yenidən kino lenti kimi keçdi gözlərimin qarşısından və səsdəki qüdrətə bir daha heyran oldum.

Abdulbasid Abdussamedmiş adı. Dünyasını çoxdan dəyişmiş bu insan əslində qare - müəzzən imiş. Uşaq ağlımla onun oxuduqlarını musiqi zənn etmişəmmiş. Səsin insan psixologiyasına təsirini bu səs mənə elə gözəl anlatmışdı ki, uşaqlıq illərimdən. Onu dinlədikcə, bu dünyanı cismani tərk etsə də, illərdi hələ də dinin təbliğinin keşikçisi olan, öz iliyə işləyən səsinin ecazkarlığı ilə insan qəlbini oxşayan bu insanın Allah dərgahında məqamının çox ucada olduğuna əmin olmaya bilmirsən. Onun ifasında Quranın hər hansı bir ayəsini dinləyən insan (Məni onun ifasında ən çox cəlb edən "Bələd” surəsidir-F.R) təkrar-təkrar dinləmək istər. Bu surəni dinlərkən içindəki kin, nifrət, acıq, xof – insan qəlbinin naqisliyi silinib gedir, yerinə bu dünyanın faniliyini, müvəqqətiliyini xatırladan, ona görə də pisliklərdən çəkinməyi təlqin edən bir əhval yaranır.

Eyni zamanda kövrək hisslər yaradan səs idi. Sevinirdim ki, bu səsi yaxşı ki, qonşumuz Səkinə nənə eşitmir. Hər gün bizim pəncərəyə baxan tərəfdəki bağlarında ağacın altında, yaxud evinin divarının yanında oturub həzin-həzin ağı deyər, ağlardı Səkinə nənə. Böyüklərimiz artıq təskinlik verməkdən

yorulmuşdular, amma Səkinə nənənin gözləri yollardan çəkilmir, göz yaşları qurumurdu... Onun bacısının ayrılıq zamanı "o tayda” qaldığını eşitmişdim və "o tay” mənə o qədər sirli, müəmmalı, qorxunc gəlirdi ki... Onun bacısını dəfələrlə o taydan bu taya gətirmiş, nənəni sevindirmişdim xəyalımda...

O ecazkar səs də Səkinə nənənin nisgiliylə inləyirdi sanki və bacısının da o tayda bu səslə ağı dediyini düşünürdüm...

Bəzən bir qoxu, bir səs, bir söz insanı uzaq bir keçmişə götürüb gəzdirmək imkanına malikdir, yetər ki, o "səyahət” xoş səyahət olsun, qəlbi didib-parçalamasın...




İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK