SON DƏQİQƏ:

ÜZ SUYU

  56679   |  
Şriftin ölçüsü  

Quraqlıq təhlükəsi hər gün artır

Neçə gündür ki, başımda bir fikri özümə yük eləmişəm. Hara gedirəm aparıram özümlə. İndi də ondan canımı qurtarmaq qərarına gəlib dayanmışam bilgisayarın qabağında. İstəyirəm çox yumşaq bir şəkildə nə o fikri, nə bilgisayarı, nə də bilgisayar arxasında əyləşmiş xanımın xətrinə dəymədən canımı bu fikirdən qurtarım. O də rahat olsun, mən də. ona görə də bir nağıla üz tuturam və…

Biri var idi, biri yox idi, on beş məmləkətin toplumu olan bir Şura hökuməti var idi. Daha doğrusu, sovet dövləti var idi, ucu-bucağı bilinmirdi. Bir tərəfində gün çıxanda o biri tərəfində gün batırdı. Bir üzü gecəydi, bir üzü gündüz. Bu on beş məmləkətin hamısının dədəsi, anası məlum olsa da, amma bir damın altına yığışıb özlərini qardaş elan eləmişdilər. Bəziləri könüllü, bəziləri zor gücünə. Nə isə…

Hə, deməli, bu sovet hökumətinin özünəməxsus tarixi var idi və bu tarixin də bir səhifəsi ibarət idi şüarlardan. İndi o şüarlardan birini dilə gətirəcəm. Yaşıdlarım, az-çox kitab oxuyanlar o şüarı yəqin ki, unutmayıblar, xüsusilə meliorasiya işçiləri. Çünki onların çörəyi məhz o şüardan çıxırdı…

Hə, deməli, çox böyük hərflərlə məlum yerlərə yazılırdı bu şüar və birbaşa adamın gözünün içinə girirdi:

- SU HƏYATDIR!

Bəli, bu şüarın mənası da, onun tutumu da, onun əhatə etdiyi coğrafiya də öz əhəmiyyətini bu gün də saxlayır. Necə deyərlər, bu şüar «Yaşasın Lenin babamız!» şüarından yerlə göy qədər fərqlənir. Ona görə də ömrü uzun olub bu şüarın. Elə bu gün şüar formasında olmasa da, məna, məram formasında biz yararlanırıq «Su həyatdır!» deyimindən. Axı doğurdan da insanın yaşamı üçün, özü də təkcə insanın yox, bütün canlı aləmin, təbiətə mövcudluğu üçün su bəlli şərtlərdən biridi. Hətta oda sitayiş edən bizlər, yəni Odlar yurdunun övladları yaxşı bilir ki, çərşənbələrimizin birinin də adı su çərşənbəsidi. Ona görə də su məsələsi həmişə önəmli olub və bu gün də önəmlidi. Məhz mən də həmin önəmə söykənib neçə vaxtdı özümə yük etdiyim fikrin tilsimini qırmaq istəyirəm. Belə ki, sizə zarafat kimi görünsə də, mən bunu ciddi şəkildə bəyan edirəm və vurğulayıram ki, o şura hökumətinin zamanında su deyəsən daha bol idi. O qədər bol idi ki, adamların da üzündə su var idi. Yəni üzüsulu insanlar hər yerdə, hər addımda adamın qarşısına çıxırdı. Baxırdın üzünün suyuna və başa düşürdün ki, bu, adam oğlu adamdı. Bununla danışmaq da olar, görüşmək də, hətta yol-yoldaşı da seçmək olar bunu özünə. Deməli, bu günə üz tutanda məhz həmin o üzüsulu adamlar üçün içimdə bir təəssüf, bir nisgil hissi yaşayıram. Hardasa elə bilirəm ki, rəhmətlik şura hökuməti gedəndə özü ilə o dünyaya bir xeyli adamın üzünün suyunu da aparıb. Ona görə də bir qisim üzlər susuz qalıb, par-par parıldayır. Adamı qınayan olmasa o üzlərə baxıb saçını-saqqalını tumarlayar və… Salavat çevirər!

Bəli, mənim bu dediklərimi dağa-arana yozmayın. Həqiqətən bu gün üz suyu böyük bir problemdi. Üzün suyu azaldıqca böyük-kiçiklik də, sayğı da, yerini, dəyərini bilmək də arxa plana keçir. Hətta nəyin nə olduğunu, kimin kimdən törədiyini fərq edə bilməyənlər öz susuz üzləriylə üzüsulu adamları elə tapdalayıb keçirlər ki, adamın yadına məşhur «Axırıncı aşırım» filmində Kərbəlayının dediyi fikirlər düşür. Mən o fikirləri bir az təhrif edib belə deyərdim:

- Üz suyuna hörmət etməyənlər üzüsulu adamların üstündən tank kimi keçirlər!..

Bəli, düşünürəm ki, nəyə işarə vurduğumu və niyə məhz üz suyundan danışdığımı dəyərli oxucular təxmin etdilər. Təxmin etməyənlər edənlərdən soruşarlar. Soruşmaq istəməyənlərə isə onu deyə bilərəm ki, su nemətdi. Deməli, bu nemət də dəyərləndirilməlidi, özü də bütün mənalarda. Hətta əl-üzünü yuyanda belə düşünməlisən ki, bu suya üzümün suyu qarışıb durulanmasın. Yoxsa dərim çat-çat olar, üzüm susuz qalar. Bir az da qəliz desəm, üzün elə parıladayacaq ki, işığı bütün içalatını göstərəcək. Yəqin ki, bunu arzu etməzsən!..

Hə, mən yazımı nağıl diliylə başladım və suyun həyat olduğunu vurğulamaqla sözarası dedim ki, üzüsulu adamlar yaman azalıb. Belə getsə, üzüsulu adamları əliçıraqla axtaracağam. Tapanda da onları tütiyə sayacağıq. Deməli, bizi bir fəlakət də gözləyir. O da üz suyunun qırmızı kitaba düşməsidi. Bunu yəqin ki, düşünməyə başlayacağıq. Təbii ki, bu işdə üzüsulu adamlar qabağa düşməlidi. Əgər qarşı tərəfdən çəkinmirlərsə. Çəkinmək deyəndə mən qol gücünü nəzərdə tutmuram, abır-həyaya işarə edirəm. Axı üzüsulu adamlar elə üzlərinin suyunu abır-həyayla qoruyublar və onlara heç nə xonçada bağışlanmayıb. Dişlə-dırnaqla qazanıblar onlar hər şeyi. Elə bu yerdə övladlarıma yazdığım bir şeir yadıma düşür. Onlara yazmışdım ki:

həyatda

heç nə

qarşıma

gəlmədi xonçada…

əksinə

yaşadıqlarım,

daha doğrusu

nə gəldisə başıma -

hamısı

güvəndiklərimin

qatdığı

su idi

isti aşıma…

odur ki,

seçdiyim

və keçdiyim

bu yolu

bəzən əzmlə,

bəzən bizimlə

dirsəyimlə

açdım…

hətta

addımlamalı olanda da

qaçdım…

qaçdım ki,

ətəkdən tutmayım

təmənnalı,

minnətli

hava da udmayım!..

həyatda

ayaqlarım da

əllərim kimi

qabar bağladı -

zəhmətdən…

dilim dodağım da

ürəyim kimi

qubar bağladı

yurd həsrəti

çəkməkdən!..

həyatda

qarşımda xonçada

görmədiklərimi də

mən ovcumda

aparmadım

övladlarımın önünə

odur ki,

şükür edirəm

xonçasız olan bəxtimin

bugününə!

***

Eşitdiyimə görə, dünyanı nə vaxtsa quraqlıq öz cənginə alacaq və bir də eşitdiyim görə bu proses artıq başlayıb. Və mən də başlanan bu prosesin ilk əlamətlərini elə susuz üzlərdə görürəm. İnanın ki, müxtəlif adlı, müxtəlif geyimli, müxtəlif görkəmli cinsini dəyişənlər və onlara uyğun olanlar barəsində mətbuatda müəyyən bir informasiya ilə qarşılaşanda və yaxud da həmin o bəndəciklərin hüquqlarının qorunması barədə bəyanatları eşidəndə, onların müdafiəsi üçün yaranan təşkilatların qeydiyyata alınmasını və ən vacibi isə bu yaramazların digər əməllərini dəstəkləyənləri görəndə, duyanda ayağımın altından az qala yer qaçır. Elə bilirəm ki, yerin bu qaçmasının ən böyük səbəblərindən biri də məhz o su məsələsidi. Çünki quraqlıq yerin də üzünü çatladır. Yəqin gəzib görmüş olarsınız susuz ərazilərin necə çatlaq-çatlaq olduğunu. Nə isə…

Bütün hallarda günah insanın üzərində qalır. Çünki yaradılan şərait öz ilkinliyindən, öz parametrlərindən uzaq düşəndə boşluğa həmişə bir axın olur. Bax, ali insanlıq barədə düşünənlərin yol verdikləri nöqsanlar həmin o boşluğun yaranmasına və bu boşluğa da xəstə təfəkkürlü yaramazların meyl etməsinə imkan verib. Yəni qaş düzəltmək istəyənlər gözün də korluğuna şərait yaradıblar. Bunu qəbul etsək də, etməsək də, bu həqiqətdi, bir gerçəklikdi. Mən də düşünürəm ki, gerçək nə qədər acı olsa da, onu görmək, demək, onu aradan qaldırmaq insanın təbii ki, əxlaqlı insanın borcudu. Bu mənada son günlər paytaxtda həmin o «bəndəcik»lərin birinin boğazının kəsilməsi barədə oxuduğum informasiya bir insan kimi məni təlaşlandırdı, narahat etdi. Amma həm də hara gəldi çıxdığımızı, hansı nöqtədə durduğumuzu düşünməyə məcbur etdi. Necə deyərlər, bəs bundan sonra?

Bəli, söhbət elə bu sualdan, yəni bundan sonradadı… Bilmirəm, daha doğrusu, bilmək gücündə deyiləm bundan sonra nə olacaq? Bildiyim təkcə odur ki, biz insanlığın erroziyasını yaşayırıq. Bu aşınma insanlığı məhvə aparır. Onu durdurmaq, onu müalicə etmək nə qədər çətin olsa da, mütləq lazımdı. Kimsə məni münəccimlikdə və yaxud ağlıma gələni yazmaqda qınaya bilər. Lakin mən birmənalı şəkildə özüm üçün dəqiqləşdirmişəm ki, bəli, biz özümüz özümüzdən get-gedə uzaqlaşırıq. Özü də yaxşıya doğru yox. Deməli, mənfiliklərin artması fəsadların çoxalmasına və bu çoxluğun da sonda böyük faciələrə yol açmasına indidən son qoymaq hökmünü vermək heç də günah olmazdı. Nə bilim, sizi deyə bilmərəm, amma mən bu fikrimdə israrlıyam.

Bir gerçək də var. Təbii ki, o da həmin o dediyim aşınmanın fonunda açıq bir şəkildə görünür. Yəni insanın ən müqəddəs, ən ali hisslərinin kütləşməsi, şablonlaşması öz mənasını kosmetik bir şəklə çevirməsini yəqin ki, hiss edirsiniz. Burada söhbət sevgidən, duyğulardan gedir. Çox təəssüf ki, həmin o sevgi də, o hisslər də indi hazır mesajlar kimidi. Hansısa bir düyməni basırsan və istədiyin şablon, sevgi mesajları istənilən ünvana özünü çatdırır. Amma o mesajın içərisində ürək olmur, ruh olmur, duyğu olmur. Ölü bir mesaj!.. Hə, deyəsən bu fikir yerinə düşdü. Elə ona görə də bir sevgi şeirinin yeri görünür. Çünki bu şeirdə mən hisslərimi, duyğularımı ismarıca çevirmişəm, yəni mesaja.

Sən ruhumda, qanımdasan

Nəfəs çəkən anımdasan

Hara getsəm yanımdasan -

Mən özümü gəzdirirəm…

Qızılgülün ətrindəsən,

Ürəyimin çətrindəsən

Nə yazıram sətrindəsən -

Mən sözümü gəzdirirəm…

Günüm keçir od üstündə

Od içimdə, od üstümdə

İzin düşən ot üstündə -

Mən gözümü gəzdirirəm…

Bağım barınmaq üçündü

Dağım yarınmaq üçündü

Yarım sarılmaq üçündü -

Mən dözümü gəzdirirəm!..

***

Hə, bütün yazı boyu məni narahat edən fikrə aydınlıq gətirməyə çalışdım. İstədim ki, sizinlə bölüşəm həmin fikri. Bilmirəm, həmin o istəyimə çata bildim, ya yox, amma yazı boyu bir daha anladım ki, həqiqətən su həyatdı. Çünki bilgisayar otağına daxil olan və bu mövzunun diktəsinə gah mane törədən, gah da mövzunu bir az da cilalayan ayrı-ayrı adamların davranışı düşündüklərimdə haqlı olduğuma bir daha inandım. Və mən sizlərin də arasında mənimlə həmfikir olanların sayının az olmadığına şübhə etmədən demək istəyirəm ki, rəhmətlik sovet hökumətinin şüara çevirdiyi «su məsələsi» bu gün üz suyu məsələsinə çevrilib. Ona görə bir-birimizin gözünə, üzünə baxanda diqqətli olaq. Gözümüzdə yaş axtarmayaq, tir axtarmaq. Sadəcə, üzümüzün suyuna baxıb daxilən rahatlanaq və hətta imkanımız olsa üzümüzün suyuna bir salavat çevirək. Yəqin ki, bu, bizim üzümüzün suyunun qorunmasında həm Allah dəstəyini artırar, həm də özümüz bir-birimizə dəstək olarıq. Sizcə bu necə təklifdi? Oxumağa, əməl etməyə dəyər?..


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK