18 Iyul 2025 09:25
93
SİYASƏT

Ersin Tatar: “Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb”

“Prezident İlham Əliyevə təşəkkür edirəm, o hər zaman bizə sahib çıxıb və dəstək olub”.

Adalet.az xəbər verir ki, bunu report.az-a açıqlamasında Türkiyənin və BMT-nin vasitəçiliyi ilə Nyu-Yorkda keçirilən Kipr mövzusunda geniş formatda qeyri-rəsmi toplantıdan sonra Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar deyib.

O bildirib ki, Azərbaycan ilə ŞKTC arasında münasibətlər son illər yeni mərhələyə qədəm qoyub.

Prezident qeyd edib ki, ŞKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusu ilə qəbul edilməsi bu yaxınlaşmanın ən önəmli addımlarından biri olub: “Kipr türklərinin problemləri çoxdur, bu, asan məsələ deyil. Biz müxtəlif embarqolar, izolasiya və siyasi basqılarla mübarizə aparırıq. Amma Azərbaycan bizə qardaş dövlət kimi sahib çıxır. Biz Şimali Kiprdə "Bir millət, üç dövlət" deyirik: Kipr, Türkiyə və Azərbaycan. Bu qardaşlığı hər zaman hiss edirik.

"Son illərdə Azərbaycana bir neçə dəfə səfər etmişəm. Prezident İlham Əliyev, sağ olsun, məni yüksək səviyyədə, rəsmi protokolla qarşılayıb. Prezident səviyyəsində çox səmərəli görüşlərimiz baş tutub. Artıq Azərbaycan xalqı da Şimali Kipr Türk Cümhuriyyətini daha yaxından tanıyır. Biz də Azərbaycanı həmişə yaxından və böyük sevgi ilə izləyirik”.


Tatar əlavə edib ki, qarşıdakı dövrdə Türkiyə, Azərbaycan və ŞKTC arasında iqtisadi sahələrdə əməkdaşlıq genişlənəcək, bu isə xüsusilə gənc nəsillərə yeni ümidlər və imkanlar yaradacaq.

Prezident Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və orada iştirak etdiyi beynəlxalq tədbirdən də danışıb: “Qarabağa getdim və gördüm ki, orada genişmiqyaslı yenidənqurma işləri aparılır. Mən orada çıxış edərkən İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında dedim ki, Azərbaycan - Qarabağ, Qarabağ - Azərbaycandır. Bu sözlərimdən sonra Prezident İlham Əliyev mənə baxaraq əlini sinəsinə qoydu və bununla da mənim haqlı olduğumu təsdiqlədi. 

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi tarixi zəfərdir.

Çox sayda şəhid verdiniz, siz də bizim kimi ağır itkilər yaşadınız. Mən bütün şəhidlərimizi rəhmətlə anıram. Sizin vasitənizlə Azərbaycanın qəhrəman xalqını salamlayıram və o zəfərin fatehi Prezident İlham Əliyevi bir daha təbrik edirəm”.