SON DƏQİQƏ:

HALAL SƏSİN İŞIĞINDA

  51092   |  
Şriftin ölçüsü  
Xanəndə Təşkilat Nəsirovun doğum gününə 

Sağdan Təşkilat Nəsirov dostu Ənvərlə birlikdə

Onu lap çoxdan tanıyıram. Təqribən 45-46 il olar. Ona görə təqribən deyirəm ki, hələ orta məktəbin son siniflərində oxuyanda onun adını eşitmişdim. Hətta toyların birində adını eşitdiyim bu oğlanı mənə göstərmişdilər də. Orta boylu, çox tutumlu və rahat səsi olan bu oğlan özlərinə yaxın olan bir ailənin toy məclisində qohumların xahişi ilə necə deyərlər, bir ağız oxudu. Hamı onu dinlədi və hamı da bir daxili sevgi ilə onu alqışladı. Təbii ki, mən də əl çaldım. Amma düzünü deyim ki, içimdə qəribə bir hiss var idi. Mənə elə gəlirdi ki, dinlədiyim səs elə bu mağarda, bu ailənin içərisində donub qalacaq. Çünki böyüklərdən eşitmişdim ki, yaşın müəyyən dövründə səs itə bilir. Bax, bu mənada həmin cavan oğlanın mənim düşüncəmə görə səsinin keçid dövrü idi. Amma...

Bəli, illər keçdi, mən o səsi daha tez-tez dinləməyə başladım. Özü də təkcə toylarda yox, həm də mötəbər məclislərdə, konsert salonlarında, efirdə, ekranda. Hər dəfə də özüm öz içimdə onun barəsində ilk dəfə ağlıma gələn fikrə görə özümü qınamışam, yanıldığım üçün üzülmüşəm, amma həm də sevinmişəm. Çünki o səs püxtələşə-püxtələşə, köklənə-köklənə daha da təravətlənib və hamımızın, bütün Azərbaycanın sərvətinə çevirilibdi. Bu səsin sahibi bu gün çox dəyərli bir xanəndədi. Özü də adı ilə, səsi ilə tanınan bir xanəndə. Bugünlərdə telefonuma bir zəng gəldi. Dostlardan biri idi. Daha doğrusu, musiqinin, özü də diri, oturuşmuş musiqinin dəlisi olan Ənvər idi zəng vuran. Dedi ki, sənə təzə disk tapmışam. Görüşək, sən də bir dinlə. Təbii ki, bu, Ənvərin ilk təşəbbüsü deyildi. O hər dəfə mənə bir-birindən maraqlı səslər təqdim edir, məni heyrətləndirir. Bu dəfə də belə oldu. Görüşdük, çay süfrəsi arxasında ordan-burdan danışdıq. Sonra dedi ki, indi əyləş maşına, sənə bağışlamaq istədiyim diskə qulaq as, gör nələr var bu dünyada.

Bir uşaq sadəlöhvlüyü ilə maşina əyləşdim və o, düyməni basdı. Həzin bir musiqi maşının salonunu bürüdü. Musiqi yavaş-yavaş məni özünə çəkirdi. Çalğı o qədər bitkin, o qədər cilalı idi ki, elə bil doğulduğum kənddə dağ çayının səsinə qulaq asırdım və bu səs məni özümdən almaqla yanaşı, həm də nəyə isə hazırlayırdı. Amma etiraf edim ki, kimin oxuyacağını və nə oxuyacağını, necə oxuyacağını bilmirdim. Sadəcə musiqiyə qulaq asırdım. Bəli, ilk söz, ilk səs bir həzin meh kimi gəlib yanımdan keçdi. Ardınca son dərəcə doğma və son dərəcə də ruhu ayağa qaldıran, adamın bütün diqqətini bir yerə toparlayan və həm də "sən mənim auramdasan!" deyən bir səs... Mən bu səsi ilk dəfə dinlədiyim məqamı yadıma saldım. Təsəvvürünüzə gətirin ki, 45 illik məsafədə bu səs öz şirinliyini, öz təravətini heç itirməmiş, üstünə şeh də düşməsinə imkan verməmişdi. Səs o qədər canlı idi, o qədər tembr baxımından şəffaf idi ki, onu hətta görürdüm. Elə bil gözümün qabağında dayanmışdı və o səs özü-özünü təqdim edirdi....

Burda bir etiraf edim. Mən adətən uzaq yola çıxanda özümlə xalq musiqisindən ibarət, xüsusilə muğamlarımızdan ibarət olan disklər götürürəm. O disklərin arasında Dədə Süleyman da var, İslam Rzayev də, Arif Babayev də, Yaqub Məmmədov da, Mənsum İbrahimov da, bal səsin sahibi Cabir Abdullayev də... Və bir də onun diski var. Yenə bir etiraf edim ki, o diski də mənə Ənvər bağışlayıb. Özü də 5 il bundan öncə mənə 50 yaşıma hədiyyə edibdi. Hər dəfə mən onu dinləyəndə kəndimə qayıdıram, uşaqlığıma dönürəm, gəncliyimi yenidən yaşayıram. Bu səsin sahibi Təşkilat Nəsirovdu!
Füzulidə doğulub... Füzulidə boya-başa çatıb... Füzulidə musiqinin sehrli dünyasına qədəm qoyub... Yəni elə böyük dünyaya da məhz doğulduğu torpağın təqdimatıyla addım atıb, gəzib, oxuyub. Təkcə Füzulini yox, həm də Azərbaycanı təqdim edib. Dünyanın bir çox ölkəsinin salonlarında Azərbaycan bayrağı altında ifa etdiyi segah və təsniflər bu səsin sahibini hamıya sevdirib. Üstəlik bu səs sahibinin sadəliyi, təvazökarlığı və bir də musiqiyə məsuliyyətlə yanaşması heç kimin diqqətindən yayınmayıb. Hamı görüb ki, böyük sənətkarlardan öyrənməyi özünə şərəf sayan və öyrəndiyini də özünün, səsinin işığında cilalayan Təşkilat Nəsirov papağı günə yandırmır. Sözün bütün mənalarında əlindəki qavalın da, mikrafonun da məsuliyyətini çox gözəl bilir. Deməli, o, musiqiçilərin dediyi kimi, xaltura etmir. Əksinə, o "xaltura" edənlərə musiqi dərsi keçir. Onlara bildirir ki, laylası musiqi olan bu xalqa nəyisə sırımaq mümkün deyil. Bu xalq hamını dinləyir, amma özünün ruhuna, canına, qanına doğma olanları sevir. Həmin o sevilənlərdən biri də məhz Təşkilat Nəsirovdu. Elə bu yerdəcə ötən ayın sonlarında 60 yaşını qeyd edən Təşkilat Nəsirovun şərəfinə keçirilən tədbirdə Dədə Süleymanın dediyi bir fikri xatırlatmaq istəyirəm. Çünki Azərbaycanın canlı klassik sənətkarı olan Dədə Süleyman qısaca, iki-üç cümlədən ibarət bir nitq söylədi və dedi:

- Sağ ol, Təşkilat! Səsinə görə sağ ol! O səsi qoruduğuna görə sağ ol! Sən Allahın verdiyi, hamımızın da bəh-bəhlə dinlədiyimiz səsi qorumağı bacardın, bu gün də qoruyursan. Allah özünü də qorusun, səsini də!

Doğrudan da hər adamın, xüsusilə musiqiçilərin böyük qisminin Allahın verdiyi istedadı qorumağa çox vaxt gücləri, dözümləri çatmır. O səsi, o istedadı yerli-yersiz "xərcləyib" müxtəlif təsirlərlə şikəst edib sonra sıradan biri olurlar. Amma mən şəxsən yetkinlik çağlarımın diri səsi olan Təşkilat Nəsirovun səsinin indiki şaqraqlığını, indiki zənguləsini, indiki təravətini onun dözümünün, səsə sədaqətinin bəhrəsi, nümunəsi sayıram. Və bir də...

Xalq artisti, böyük sənətkarımız mərhum İslam Rzayevin yəqin ki, səsini dinləməyən, o səsə köklənməyən az adam tapılar. Mən İslam Rzayevin "Segah" təsnifinə qulaq asanda nədənsə kövrəlirəm. O səs mənim yaddaşımda daha çox itirdiklərimi, həsrətini çəkdiklərimi, xatirələrimi salır. Və mən onun səsinin işığında "Dost gedib özümə gələ bilmirəm" misrasını dinləyəndə doğurdan da özümə gələ bilmirəm. Bu sözləri, bu cümləni elə-belə yazmıram. Təşkilat Nəsirovun da "Dilkeş" təsnifini, "Zabul"u, "Mirzə Hüseyn" segahını, "Çahargah"ı dinləyəndə Bakıdan çıxıb gedirəm. Çünki onun səsindəki yanğı qarışıq bir ittiham "neyçün bəs burdasan?" deyir mənə. Nə ölümün var burda? Niyə çıxıb getmirsən kəndinə-kəsəyinə? Suallar çoxdu. O sualların içərisində biri xüsusilə cavab tələb edir. O da yurdundan perik düşən səsin yurda dönüşü ilə bağlıdı. Mən bilirəm ki, Təşkilat Azərbaycanın hansı bölgəsində səsini dinləyicilərə ərməğan etsə də o səs daha çox Qarabağda, Füzulidə dinlənilir. Mənə gün kimi aydındır ki, efirdə, ekranda az-az görünsə də o səs, onun sahibi ruhən hər gün Füzuliyə baş çəkir, Füzulini gəzib dolaşır, Quru çayı qoyub Köndələnin yamacında "Qarabağ" şikəstəsini üzü Tanrıya səsləndirir. Ardınca da bir dərin "ah" çəkir. O "ah" əslində kar qulaqlara, kor gözlərə tuşlanır. Yatanları oyatmaq üçün, eşitməyənləri dinləməyə məcbur etmək üçün. Görməyənləri gözünün qara suyunu, qara pərdəsini götürməyə məcbur etmək üçün...

Bəli, Seyid Şuşinskinin, Ağabala Abdullayevin, Zöhrab Abdullayevin, İslam Rzayevin, Süleyman Abdullayevin, Qəndab Quliyevanın və onlardan sonra gələn neçə-neçə gözəl səslərin biri də Təşkilat Nəsirova Allahın payıdı. Mən bu yazını birnəfəsə, heç bir kağıza, dəftərə baxmadan, heç bir kitab vərəqləmədən, sadəcə içimdə Təşkilatın səsinə qulaq asa-asa diqtə elədim. İstədim ki, onun yubileyinə gecikmiş bir təbrik kimi səslənsin. Düşünürəm və əminəm ki, Təşkilat Nəsirov daha gözəl yazıya və daha gözəl təbrikə layiqdi. Amma mən elə bu yazını da ürəyimin səsi olduğuna görə hədiyyə kimi qəbul ediləcəyinə şübhə etmirəm. Üstəlik onu da bilirəm ki, dostum Ənvərin, yeri gəlmişkən, o həm də Təşkilatın vurğunu və yaxın dostudu, mənə bağışladığı diski təkrar-təkrar dinləyib, o ifaya köklənəndən sonra mütləq bir yazı doğulacaq, bir yazı kağıza köçəcək. İndilikdə isə "Doğum günün mübarək, halal və işıqlı səsin sahibi Təşkilat Nəsirov!"




Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-20
2020-09-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK