SON DƏQİQƏ:

MƏN ÇIXIB GEDƏCƏM

  54373   |  
Şriftin ölçüsü  

Bu gün, ya sabah...

Mən zaman-zaman yazılarımın əksəriyyətində xalqdan gələn deyimlərə, inanclara, hətta atalar sözlərinə belə çox böyük önəm vermişəm. Onlardan yerində istifadəyə məqamında yararlanmağa çalışmışam və bunu da özümə mən bir mənəvi, əxlaqi bir borc saymışam, həm də bu mənim üçün bir stimul olubdu. Bilmirəm, bu qənaətimdə nə qədər haqlıyam, amma bildiyim bir məqam var ki, o da yazdıqlarımın hamısını nöqtə-vergülünə qədər ürəyimdən qidalanmasıdı. Yəni mən ürəyimin dediklərini yazmışam. Elə indi də onları yazıram...

Necə, nə cür alınmasından asılı olmayaraq, varını verən utanmaz, deyiblər. Mən də elə ürəyimin nə dediyini, nə cür dediyini və nə üçün dediyini ələkdən-xəlbirdən keçirmədən rəndəsiz, ütüsüz sözə çevirirəm...

Doğrudur, birmənalı şəkildə qəbul etmişəm ki, yazdıqlarımın, dediklərimin hardasa beşdə biri həyata vəsiqə qazanır, oxucusunu tapır, kimlərinsə ürəyinin qapısını döyür. Qalanları isə...

Bəli, son vaxtlar nədənsə köhnə bir meyxananın bir bəndi tez-tez yaddaşımda səslənir. Bilmirəm, bunun səbəbi nədi? Amma gerçək olan budu ki, səslənən həmin bənd hardasa mənim yazmaq istədiklərimin də ipucudu. Bax, həmin o ipucu olan bənddə deyilir ki:

Gedən gedib, yerdə qalan da gedəcək

Qorxma, bizi dərdə salan da gedəcək.

Hə, bu gerçək bir həqiqətdi. Heç kim durduğu, oturduğu yerdə qala bilmədiyi kimi, heç tutduğu mövqedə də zaman-zaman qala bilmir. Fironlardan tutmuş bugünkü krallara, şahzadələrə qədər hər kəsin bir missiya dövrü var. Əsas odur ki, həmin o zaman kəsiyini ətrafındakılara, yanında, canında olanlara sevdirə biləsən. Sənli-sənsiz onlar sənin sevdirdiyin zamanı təkrar yaşamağı təkcə arzulamasınlar, həm də onu məqsədə, amala çevirsinlər!..

Bilmirəm, söylədiyim bu fikir sizi razı saldı, yoxsa yox, amma həqiqətən yaşadığın, idarə etdiyin məqamın davamlı olmasını, tarixləşməsini, onu şirin bir yuxu kimi hər kəsin gündəlik arzusuna haqq edən belə tək-tək şəxsiyyətlər var və bu gün də elə onlar tək-təkdi... Mən isə...

Bir az yazıya qarmaqarışıq fikirlərlə başladım. Müxtəlif səmtlərin sularını bir məcraya yönəltməyə çalışdım. Amma deyəsən alınmadı. Ona görə də elə düşündüyüm kimi, öz-özümə danışdığım kimi yazmağa qərar verdim. Əks halda bu yazdığımı bəlkə də kimsə oxumayacaq. Mən isə oxunmaq üçün yazıram. Deməli, elə yazmalıyam ki, siz də oxuyasınız və biləsiniz ki, həyatın bütün gerçəkliklərini bir müstəvidə, lap elə bir verilişin bir kadrında görmək daha uyğundu, nəinki onu səpələnmiş formada, özü də az qala düyü kimi bir-bir seçib toplamaqla görmək. Bu cümlə də qəliz oldu. Amma gerçəyin ifadəsidi. Belə ki, çılpaq həqiqət nə qədər acı olsa da, onu məqamında, yerində görmək azı beş il, on il yalanlarla yaşayıb yalanların qurbanına çevrilməkdən daha gözəldi, daha mənalıdı. Bax, mən də oturub fikirləşirəm ki, ətrafımda baş verənlər, mənim qaynayıb-qarışdığım və yaxud çəkilib kənardan seyr etdiklərim niyə bu qədər şablondu? Niyə bu qədər eynilik ifadə edir? Niyə bu qədər yorucu və mənasızdı? Ümumiyyətlə, bu az qala inkubator cücələri kimi bir-birini təkrarlayan, bir-birini ifadə edən oxşarlıq nəyə gərəkdi? Bu hansı ümidi doğruldur? Bu hansı ehtiyacı aradan qaldırır? Deyəsən suallar bir-birinə çalandı. Mən də bu bir-birinə calanan sualları ay qaranlıq gecədə göy üzünə ünvanlayıram. Ordan cavab gözləyirəm. Cavab əvəzinə bu misraları eşidirəm:

İndiki

durumumda

nədənsə

daha çox

"gecə uzun olaydı"

dolaşır ağlımda...

və mən

bir

ürək əməliyyatının

yolunu

gözlədiyimi

bildiyimdən

bu gecənin

axırında -

elə kövrək

pıçıltılara,

mahnılara,

bir də xatirələrə

qapı-pəncərə

açıb

ulduzları

görürəm!..

özü də hamıdan

hər kəsdən

yaxınımda...

***

İnsan o yerdə dəyərli, urvatlı olur ki, onu arzulayırlar, gözləyirlər, onun gəlişinə, onun varlığına sevinirlər. Yəni olduğun yer səni sıxmır. Əhatəsində olduqların səndən usanmır, səndən bezmir. Hətta olduğun yerdə hansısa bahalı bir əşyanı salıb sındırsan da...bir dəyərli nəsnənisə görməyib keçsən də... o yerin ən böyük adamına salam verməyi unutsan da...

Bax, belə məqamda, belə yerdə sən rahatlığın, anlayışın, ən vacibi isə insanlığın nə demək olduğunu yaddaşına köçürürsən, ondan ayrılmaq istəmirsən. Amma neyləmək olar ki, həmişə belə olmur. Görünür, elə ona görə də deyiblər ki, "çağırıldığın yerə ar eləmə, çağırılmadığın yeri dar eləmə!". Bəli, bu bir gerçəkdi. Mən şəxsən zaman-zaman çağırılmadığım yerlərin nə qədər cansıxıcı olduğunu, nə qədər adamı yüklədiyini yaşamışam, görmüşəm. Hətta ordakı baxışların iynəsi, sancağı mənim bütün dünyamı alt-üst edibdi. Ancaq çağırıldığım yerdə gördüyüm diqqət, qarşılanmadan tutmuş məclisin sonuna qədər göstərilən qayğı, ümumiyyətlə ordakı aura məni təklənməkdən, sıxılmaqdan, təlaşlanmaqdan xilas edib, qoruyub. Hətta məclisin müəyyən vaxtında özümü bir yerdə arzulanan, aranıb-axtaran birisi kimi görmüşəm. Doğrudu, burda da təbii ki, müəyyən çalarlar olub. Amma ona bəzən məhəl qoymadan, fikir vermədən keçmək faciə yaratmır.

Təəssüf ki, mən həyatım boyu kimi daha çox istəmişəm, kimə daha çox könül açmışam, kimin yanında olmağa çalışmışam həmişə ondan "tərs şillə" payımı almışam, onların tərəfindən incidilmişəm, onların gözündə günahkar olmuşam. Bəzən deyirlər ki, olanlar, baş verənlər mütləq nəyəsə söykənir, nədənsə qaynaqlanır. Mən bunu normal fikir kimi qarşılasam da, amma bu günümüzün bir gerçəyini də deməyə, yazmaya bilmirəm. O da bundan ibarətdir ki, yükləndiyimiz qayğılar, içərisində olduğumuz stresslər özü də həmin o əvvəldə söylədiyim nüanslara bir növü yaşıl işıq yandırır. Tək-tək, xüsusilə ağıllı adamlar belə məqamda, belə yerdə hərəktələri ilə, söz-söhbətləri ilə haqlı çıxırlar. Deməli, yenə bütün məsələnin mahiyyəti insanın özündə ifadəsini tapır. Yəni, arzulanan insan olmaq və həmin o daxili arzu fonunda təkcə görünmək yox, həm də yaşamaq müəyyən mənada əsəblərə su səpir, yola yaşıl işıq yandırır...

Bəli, bir ifadə var. Daha çox diplomatik anlamda özünü büruzə verir, istifadə olunur. Yəqin siz də bunu bilirsiniz. O ifadə belədir:

- Persona non grata!

Yəni arzuolunmaz şəxs. Bax, həyatın mənim düşüncəmdə ən böyük sualı və ən böyük problemi, faciəsi də arzuolunmaz olmaqdı. Yəni çağırılmadığın məclisə getmək, dəvət olunmadığın yerdə tək səbir kimi özünü göstərmək və sair. Mən bunlardan qoruna-qoruna bu günə gəlib çıxdım. Amma tam səmimiyyətimlə etiraf edim ki, bu yol uzunu çox "mənlərdən", çox şərhi mümkünsüz olan durumlardan keçdim. Təbii ki, bu da stresə, sağlamlığa yönələn zərbələr oldu. Neyləmək olar? Görünür, biz təkcə bəzi canlılar kimi özümüzü qorumaq yox, həm də ətrafımızı qorumaq missiyasına imza atmışıq. Yəni, boynumuzda belə bir yük var. Təəssüf ki, bunu çox vaxt hamımız görmürük və yaxud gördüklərimizin hamısını anlayıb qiymətləndirə bilmirik. Nəticədə də stresimiz də artır, içində olduğumuz məqamın xaosu da. Elə bu yerdəcə söylədiklərimin iynə ucu boyda işıq saldığı bir durum yadıma düşür. Mən o durumu misralara çevirmişəm.

Açılmayacaq, gülüm,

bir də dünənki səhər...

dan söküləcək,

düzdü -

günəş yenə doğacaq!..

amma

dünənki sevinc

dönüb,

yəni çevrilib.

olubsa bu gün qəhər

məni

gizli bir əl tək -

öz içimdə boğacaq!..

buna görə

üzülmə...

Bütün yazı boyu müxtəlif yanaşmalara söykənib ifadə etməyə çalışdığım fikrin əsas qayəsi insanın arzu olunan və yaxud olunmayan durumudu. Bu da səbəbsiz deyil. Təbii ki, mən bütün səbəbləri öncə hər kəsin özündə, öz əxlaqında, davranışında, həyat tərzində, dünyaya baxışında, xüsusilə adamlara münasibətində görüb, anlayıb, dəyərləndirməyə çalışmışam. Mən istəmişəm ki, özüm özümü olduğum kimi təqdim etməklə qarşı tərəfin münasibətini qazana bilim, nəyə layiqəmsə onu alım. Çox təəssüf ki, mənim bu sadə, amma ədalətli istəyim həmişə ya sətir təpkilərlə qarşılanıb, ya da elə-belə loyal bir münasibətin səpdiyi su ilə yola verilir. Təbii ki, bu da əksər hallarda dilə gətirməsəm də, içimdə çox telləri kəsib doğrayır...

Hə, biz bax o doğranan, kəsilən tellərin ağrısını, sızıltısını yaşayıb başa çıxmamış bir növü düşdüyümüz soyuq sudan çıxıb əynimizin islanmış geyimini dəyişməmiş başımıza hardansa yenə su ələnir, yenə daş tökülür. Çox qəribədir ki, bu proses daha çox duyğusal adamların yaşantısına çevrilir. Elə bil ki, duyğusu, anlayışı olan insan məhz bu cür münasibət üçün yaradılıb və bu münasibət məhz onları qurbanlığa çevirir. Ona görə də təsir əks təsirə bərabərdir hikməti adamı cəzbetmə dairəsindən vurub uzağa atır. Maqnit sahəsi bir növü yada, yabançıya çevrilir. Özün bilə-bilə uzaqlaşırsan. Hətta ürəyinin istədiyi, könlünün arzuladığı yerə də, həyatının mənasını gördüyün ünvana da üz tutmağa tərəddüd edirsən.

Bütün bunlar da yenə dediyim kimi həmin o "olunub olunmamaqdan" qaynaqlanır. Mən də son zamanlar yaşadığım, qarşılaşdığım və daha çılpaq şəkildə gördüyüm münasibətlərin, yanaşmaların fonunda özümə də, çevrəmə də diqqət yetirməyə çalışdım. İstədim ki, həmin "olunub olunmamaq dilemmasından özümü xilas edim. Onda köməyimə qələmlə kağız çatdı. Və yazdım:

mən çıxıb gedəcəm -

bu gün,

ya sabah...

düşünüb sən bunu

qəmə çevirmə...

boş ver - getməyimi

unut,

danış,

gül

heç nəyi

kirpikdə

nəmə çevirmə...

mən çıxıb gedəcəm -

üzümdə ismət

kimsənin yerini

dar etməyəcəm.

bir də ki

yaşayıb

bu dərdlərimlə

mən sənə

özümü

yar etməyəcəm.

mən çıxıb gedəcəm -

səssiz-səmirsiz

bir sən biləcəksən,

bir də ki, Allah...

sən yanı boşalan -

qalacaq mənsiz -

ruhumu özünə

qatacaq Allah...

Hə, deyəsən kiminsə yerində otururam... Deyəsən kiminsə yerini dar edirəm... Deyəsən kiməsə yükə çevrilirəm... Amma bütün bu "deyəsən"lərin nədənini hələki bütün çılpaqlığı ilə anlaya bilmirəm. Ola bilsin ki, elə anlaya bilmədiyim üçün arzuolunmaza çevrilirəm. Bax, məni qorxudan da bu çevrilmədi...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

10-12 il bundan qabaq möhkəm qar yağanda, Bakı kəndlərinin birində rəhmətə gedən olur. Hava dəhşət soyuq, çovğun olduğuna görə molla Yasini oxuya bilmirmiş.

Qəbirin yaxınlığına bir maşın gətirirlər, deyirlər, otur maşında, oxu. Molla oturub oxuyur, hərdən pəncərəni açıb “Fatihə!” qışqırırmış.

Axırda bir-iki nəfər mollaya yaxınlaşıb deyir ki, molla əmi, sən əziyyət çəkib pəncərəni açma, 2 dənə siqnal ver, özümüz biləcəyik.

ARXİV

TƏQVİM

FACEBOOK