adalet.az header logo
  • Bakı -°C

Sözün və adamlığın ƏŞRƏFİ - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
98 | 2026-06-12 09:10
A- A+

Mən həmişə gecikmişəm. Özü də istəyərək yox, yəni qəsdinə durmadan, arzu etmədən, hətta ağlıma gətirmədən gecikmişəm. Maraqlı bir də burasıdır ki, gecikdiyim yer, gecikdiyim məqam və gecikdiyim an həmişə məni ağrıdıb. Çünki o istəyə içimin ehtiyacı olub. O yeri görmək, o anı yaşamaq, o adamın gözlərinin içinə baxıb ürəyini oxumaq istəyim gözümdə qalıb. Ona görə həmişə özümü qınamışam, bu gün də qınayıram. Xüsusilə, indiki anda o qınaq, o daxili əzab məni qəlbən sıxır, ağrıdır, hönkürtüm içimdə qalır, boğuluram elə bil. Çünki...

Əlimi ürəyimin üstünə qoyub Allah və vicdan qarşısında etiraf edirəm ki, onu həmişə ən yaxşılardan, ən ucalardan, ən dəyərlilərdən biri hesab etmişəm. Və onun imzasını, sözünü, söhbətini eşidəndə nəfəs dərmədən bütün diqqətimi cəmləyib özümə hakim olmuşam dinləmək üçün, öyrənmək üçün, yaddaşıma köçürmək üçün. Bəlkə də inanmayacaqsınız, amma mən daxili inamla deyirəm ki, bu dünyada onunla cəmi ikicə dəfə görüşdüm. Daha doğrusu, görüşmək nəsibim oldu. Onların ikisi də ona və mənə ruhən yaxın olan doğma adamların övladlarının xeyir məclisləri oldu. Necə deyərlər, toy adamı kimi atüstü hal-əhval tutduq. Bir-birimizi oxuyub izlədiyimizi bir-birimizə dedik. Və o, əlini çiynimə qoyub "Yaxşıdı, xoşum gəlir" - dedi. Bu mənə bir ustad, bir müəllim, bir sözün içalatını bilən adamın verdiyi qiymət idi. Mən onda özümə söz verdim ki, onunla ayrıca bir yerdə, ayrıca bir məkanda üz-üzə oturub sözdən, ədəbiyyatdan danışmaq və onun dünyasında olmaq fürsətini əldə edəcəm. Elə bu istəklə də hər telefon söhbətində vaxtı dəqiqləşdirməyə çalışdıq. Amma...

Onu ilk dəfə mənə rəhmətlik, dəyərli yazıçı-publisist Nemət Veysəlli təqdim etdi. Nemət müəllim hər görüşümüzdə məni Sumqayıta aparacağını, Əşrəf Veysəlli ilə yaxından tanış edəcəyini deyirdi. Və biz bu ömürdə Nemət Veysəlli ilə Əşrəf Veysəllinin qonağı ola bilmədik...

Onun barəsində mənə dəyərli yazıçımız, mənim üçün doğma olan Seyran Səxavət də dəfələrlə söz açdı. Hər dəfə də dedi ki, "Əbili, Əşrəf çox böyük şairdi, lap çox böyük". Seyran müəllim də bir gün Sumqayıta gedəcəyimizi deyirdi. Yenə gedə bilmədik...

Onun barəsində el-obamızın ağsaqqalı, çox hörmətli Nəbi müəllim də söhbətlərində mənə danışırdı. Hər dəfə də deyirdi ki, "biz Xocavənddə (keçmiş Martuni qəsəbəsində - Ə.M) orta məktəbdə oxuyanda mən Əşrəfi lap yaxından tanıdım. Biz bir kənddənik. Əşrəfin fitri istedadı, canıyananlığı, qayğıkeşiyi heç kimdə yoxdu, Əşrəf ayrı adamdı".

Bax bu, onun barəsində eşitdiklərimin sadəcə bir qismidi. Amma onun barəsində ən çox özü danışıb, özü deyib mənə. Təkcə mənə yox, bütün Azərbaycana. Deyib ki:

 

Nəvələri gözü kimi sevərdi,

Gec görəndə ürəyini yeyərdi.

"Allah, məni daşa döndər" - deyərdi,

Mənim anam daşa döndü axırda.

 

Nəvələrinə yazmışdı bu şeiri Əşrəf Veysəlli. Sevgisini belə ifadə etmişdi. O sevginin içərisində hər şey vardı. Daş da ana olmuşdu hətta. Onun ardınca ataya üz tutmuşdu. Demişdi ki:

Allahdan aşağı Allahım ata!

 

Bu, İlahi bir sevgidi, bu, İlahi bir pıçıltıdı. Onu duymaq və duyduğun kimi də demək sözün və adamlığın əşrəfi olanların gücündədəir. Çünki sözün və adamlığın əşrəfi açıq şəkildə hamıya etiraf edir:

 

Nə mən özüm bir gün gördüm,

Nə sizə bir gün ağladım.

 

Bu, övlada, ürəyinin parçasına olan ata etirafıdır. Özü də mərdi-mərdanə.  Hər şeyi çılpaq şəkildə, amma poetik etirafdı. Çünki bu etiraf sahibi ömrün hər üzünü görüb. Dəyişən cəmiyyətdə, dəyişən çevrədə duymadığı, gözündən yayınan heç nə olmayıb. Və onun öz həyatı ürəyinin səsi ilə qol-qola girib ağayana bir şəkildə sanki əlini havada yelləyərək bəyan edib ki:

 

Günlər qanadlanır, uçur, quş olur,

İllərin karvanı ötüşmüş olur,

Ömür yetmişində yetişmiş olur -

Yetmişdən o yana qorxusu yoxdu.

 

Yetmişin qorxusu olmadığını hər kəsə şair ərkiylə çatdıran Əşrəf Veysəlli əlini səksənin ətəyində görür və yazır:

 

Deyirlər səksəndə səksənir insan,

Səksəndən o yana qorxusu yoxdu.

 

Və səksənlə görüşüb bizimlə həmsöhbət olacağını telefonda mənə söyləyən Əşrəf Veysəlli onu da əlavə etdi ki:

 

Doxsana yetməyin özü qorxudu,

Yüzdən o tərəfə qorxusu yoxdu!

 

Mən bu şeirin sonuncu bəndini oxuyanda eləcə telefonda dedim ki, Əşrəf müəllim, mənə elə gəlir ki, siz biraz tələsmisiniz. Yüzdən sonrasına da yazmaq nəsibiniz olacaq. O isə özünəməxsus səsi ilə "təki sizə nəsib olsun" - dedi. Söz ilişib qaldı yaddaşımda. Demək vəhy varıymış sözün və adamlığın Əşrəfində. Ona görə doxsana yetməyin qorxu olduğunu öncədən deyib. Amma...

Mən bugün onun barəsində keçmiş zamanda düşünmək istəməsəm də dinlədiyim xatirələr, eşitdiyim söhbətlər zaman hökmünün gücünü mənə də göstərir. Və mən Sumqayltda onunla üz-üzə otura bilmədiyim üçün özümü qınayıram. Bəlkə də görüşsəydik bir gözəl müsahibə alınacaqdı, bir maraqlı söhbətimiz olacaqdı. Mütləq nəsə olacaqdı. Təəssüf. Bu təəssüfün bircə təsəllisi var. O da Əşrəf müəllimin öz misralarıdı:

 

Yazan qalar söz ömrünün hayında,

Ozan qalar saz ömrünün hayında,

İnsan da var - öz ömrünün hayında,

İnsan da var - Vətən ömrü yaşayır!

 

Bəli, bu gün bizdən barmaq sayı məsafədə bir ayrılıq yaşanır. Cismani ayrılıq. Amma Əşrəf Veysəlli həm söz ömrü, həm də Vətən ömrü yaşayır. Çünki o, şair kimi - şair, adam ki ADAM idi. Və ümumilikdə sözün və adamlığın Əşrəfi idi.

Ruhuna sonsuz sayqılar.

TƏQVİM / ARXİV