SON DƏQİQƏ:

"QARABAğA DÖNƏCƏYiK"

  41662   |  
Şriftin ölçüsü  
... Heç vaxt ağlıma gətirməmişdim ki, onunla üz-üzə dayanıb həmsöhbət olacam... heç vaxt ağlıma gətirməmişdim ki, onunla bir süfrə arxasında əyləşib çörək kəsəcəm, çay içəcəm, hətta əlimi badəyə uzadacam... heç vaxt ağlıma gətirməmişdim ki, ona aftoqraflı kitablarımı bağışlayacam... heç vaxt ağlıma gətirməmişdim ki, onu öz səsiylə öz ifasında, necə deyərlər, canlı-qanlı dinləyə biləcəm...
   
   Dostlarla zəngləşdik. Dağdan-arandan, yəni bizim yaralı yerimiz olan və hər söhbətimizdə içimizdən gəlib keçib bir də içimizə qayıdan Qarabağ ağrılarımızdan danışdıq. Bu danışıqda da yenə söz-sözü çəkdi, yenə söz-sözə calandı, yenə Qarabağ dərdini öz dərdi bilən insanlar yada düşdü. Təbii ki, bu insanların bir çoxunu qiyabi, saytlardan, mətbuatlardan tanıyırıq... bir çoxunu üzbəüz görmüşük və bir çoxunun isə sadəcə sorağını eşitmişik. Bax, bizim söhbətimizin mayası olan Qarabağ həmin adamları onların xəbəri olmadan bizə yaxınlaşdırıb, doğlmalaşdırıb. Hətta bu doğmalıq elə bir mərhələyə çatıb ki, biz özümüzü onlarısız qolsuz-qanadsız görürük, sanki budanmış ağacıq... çarpanaqları qoparılmış qaya parçasıyıq... dibi oyulmuş, özülü laxlayan qaim qədim bir binayıq... Onlar yanımızda olanda isə biz bütövlüyün, tamlığın bir əl çatan məsafəsində oluruq. Sadəcə, Qarabağın olmaması torpaq dərdimiz həmin o əlçatan məsafəni hələ ki, bizə bitişdirməyib, bizi bütövləşdirməyib və biz o məsafəni keçmək üçün, o yolu qət etmək üçün, o dağa dırmanmaq üçün, o dəryaya baş vurmaq üçün, biz sözlə, canımızı, qanımızı, varlığımızı, yaranışdan olduğu kimi görmək üçün vuruşuruq, çarpışırıq. Amma təəssüf ki, bu vuruşda, bu çarpışmada hələ hamı iştirak etmir, hələ hamı bizimlə birlikdə deyil, hələ hamı bir olmayıb, bütövləşməyib. Sadəcə, fərd olaraq sözlə, əməllə, mübarizəmizlə həmin o məsafəni ayrı-ayrılıqda, təkbaşına getməyə üstünlük verənlərimiz çoxdu. Bilmirəm niyə?
   
   Bütün çağırışlar birlikdən keçir, birliyi dilə gətirir, birliyi önə çıxarır. Təəssüf ki, bütün çağırışlar belədir. Gerçəklikdə isə birlik arzumuz, birlik iddiamız, birlik tələbimiz hələ mürgülüdü, hələ atılan toplara diksinmir...
   
   Bax, belə bir məqamda dostlarla olan telefon bağlantımız məni də səfərə, yəni üzü Qarabağa səslədi. Bu səfərə getməyə bilməzdim. Ən azı ona görə ki, orada mən görmək istədiyim, sorağını eşidib, səsini dinləyib, ziyarət etmək arzusunda olduğum bir türk oğlu türklə, bir türk sənətçisi ilə, bir türklük amalını, amacını, varlığını görk etməyi bacaranla tanış olmaq, şəxsən onun əlini sıxmaq imkanı yaranmışdı mənim üçün. Bu imkanı Tanrı hər bəndəsinə nəsib etmir. Və mən də Tanrının yardımı, dostların təşəbbüsü ilə səsinə vurulduğum, xüsusilə Qarabağ şarkısını dinləməkdən doymadığım Əhməd Şəfəqlə görüşə tələsirdim. Hələ bilmirdim ki, o görüşdə xeyli vaxtdı üz-üzə, göz-gözə söhbət etmədiyim daha bir türk oğlu türklə də baş-başa qalacam. Təbii ki, indiki məqamda onun da adını açıqlamağın əsl yeridi. Həmin türk oğlu türk də səsi ilə Qarabağ savaşında hamını ayağa qaldıran, şarkıları ilə insanın iç dünyasını alovlandıran Şəmistan Əlizamanlı idi...
   
   Bəli, Bakıdan üzü Xocavəndə uzanan yol elə bil ki, bitib tükənmək istəmirdi. Sanki yola yol calanır, yolun təkcə məsafə baxımından uzanması yox, həm də narahatlığı qurtarmaq fikrində deyildi.
   
   İnanın ki, bitməyən bu narahat yolun içərisində, daha doğrusu, son ucunda məni gözləyən işıq olmasaydı, bəlkə də tez-tez mobil telefonla harda qaldığımı, niyə gecikdiyimi soruşan dostlarımdan bu qədər təlaşın yersiz olduğunu düşünüb bir balaca mızıldanardım. Amma onların mənə hazırladıqları görüş-sürprizi həyatımın ən gözəl bir anı, ən maraqlı tarixçəsi olacağına heç bir şəkki-şübhəm yox idi. Və mən bu görüşə tələsirdim...
   
   Bəli, bu da sorağına uçduğum, görüşüb şərəflənmək istədiyim həmin o dostlar, həmin o türk oğlu türklər, həmin o məclis... Məclisin ziyafət hissəsini zənnimcə təsvir etməyə ehtiyac yoxdur. Necə deyərlər, kasıbın olanından hər şey vardı süfrədə. Nemətlər kifayət qədər süfrəni bəzəmişdi. Amma mən qətiyyətlə bildirə bilərəm ki, bu süfrə arxasında oturanların heç biri mədəsi barədə düşünmürdü, nə yeyəcəyinin fərqində deyildi. Çünki bu məclisdə oturan insanlar. Xüsusilə şərəfinə ziyafət verilən Əhməd Şəfəq özünün söhbətləri ilə, özünün böyük dünya görüşü ilə, təhlilləri ilə, məsələlərə yanaşması ilə bizləri əlimizi süfrəyə uzatmaqdan bir növ "təcrid" etmişdi. Biz ancaq onu dinləmək, onun canlı ifasını eşitmək, onun "Qarabağ!" sözünü özünəməxsus sevgi ilə, ürəyi atlana-atlana dilə gətirməsini təkcə eşitmək yox, həm də görüb o təşnə ürəyin alovuna bürünmək istəyirdik və o da bunu bizə çox görmürdü, bəlkə də heç fərqində deyildi.
   
   O olduğu kimi yaşayırdı, danışırdı və biz də onu olduğu kimidən də bir az artıq görürdük, onunla birlikdə yaşayırdıq. Onun səsinə səs verən Şəmistanın, Bəxtiyar Qaracının, Eyvaz müəllimin, Kəmalə xanımın səsləri bir bulağın zümzüməsinə, bir şəlalənin hayqırtısına bənzəyirdi. İlahi, müxtəlif ürəklərin, daha doğrusu, müxtəlif bədənlərin səsini, nəfəsini birləşdirib bir alova, bir tonqala çevirmək, bir not üzərində bir bəstə kimi dinlətmək necə də gözəlmiş. Bu gözəlliyi dinləmək və onun təşnəsinə çevrilməmək mümkün deyil.
   
   Çünki məclis iştirakçılarının hamısı həmin o süfrənin arxasında səslərini, ürəklərini, varlıqlarını birləşdirmək üçün əyləşmişdilər.
   
   Bax, mən onda tam əminliklə əlimi müqəddəs kitaba qoyub and içə bilərdim ki, insanları birləşdrimək, xüsusilə türkləri bir, bütöv etmək mümkündü!!! Sadəcə, bu ürəklər, bu pıçıltılar, bu çırpıntılar, bu arzular, bu diləklər həmin o bir istəyin çevrəsində, daha doğrusu, canında qərar tuta bilsə, ona köklənsə, ona sığınsa, onun özünə çevrilsə... onda hamımız doğrudan da bir olarıq...
   
   Gecə keçirdi. Biz ayrılmaq fikrində deyildik. Baxmayaraq ki, Xocavəndə təşrif buyurmuş Əhməd bəyin də, Şəmistan bəyin də, onların səfərini təşkil edən Bəxtiyar bəyin də, Kəmalə xanımın da sabahkı gün üçün xüsusi proqramları, yəni layihələri var idi. Aydın idi ki, Əhməd bəy Xocavəndə gəlməklə əlimizdə olan bir parça Qarabağ torpağını ziyarət etmək, Nərgiztəpəyə baş çəkmək, şəhid ailələri ilə görüşmək, Xocavənd ictimaiyyəti qarşısında çıxış etmək və bir də burada müəyyən mövzularla bağlı kameranın yaddaşını tarixləşdirmək istəyirdi. Xüsusilə Qarabağ mövzusunda ifa etdiyi şarkılara məhz buradan müəyyən məqamları lentə köçürmək arzusunda idi. Bu işədə də onun yardımçısı Bəxtiyar Qaracanın başçılıq etdiyi yaradıcı qrup idi...
   
   Ertəsi gün demək olar ki, səhərin ilk şəfəqləri altında Əhməd bəy xocavəndlilərlə planlaşdırdığı görüşə başladı. Şəhidlərin adlarının əbədiləşdirildiyi kompleksi ziyarət etdi, şəhid ailələrində oldu, bir övlad, bir türk oğlu türk sevdası ilə onları dinlədi.
   
   Onları bağrına basdı, "Biz varıq!", "Biz yaşayırıq!", "Biz Qarabağa qayıdacağıq!" - dedi. Onun bütün görüşlərində bir məqam xüsusilə fərqli idi. Bu da ziyarətə gələnlərlə ziyarət olunanların bir ruhda çıxış etməsi, bir ruhun daşıyıcısına çevrilməsi idi. Təbii ki, o görüşlərin bütün detallarını yazmaq mümkün deyil. Çünki anbaan yazılmalı olan bu görüşlərdə təkcə dünən, keçmiş, xatirələr yox, həm də bu gün və sabahın özü də hakim idi, yaşanırdı, təkrarlanırdı, insanlar ümidlənirdi, inamları artırdı. Bunları isə onlara Əhməd Şəfəqin, Şəmistan Əlizamanlının ifaları, çıxışları bəxş edirdi...
   
   ... Həmin gün Xocavənddə dostlarımın sayəsində bir gözəl ömür payı yaşadım. Təbii ki, bu payı mənim bəxtimə həm də Tanrım yazmışdı. İnanıram ki, Tanrım mənim də, dostlarımın da, türk oğlu türk Əhməd bəy Şəfəqin də, Şəmistan bəy Əlizamanlının da həmin ömür payımızda etdiyimiz duaları, arzuları dinləyəcək və bizi Qarabağın bir parçasında yox, Qarabağın Şuşasında, bütövlükdə bütöv Azərbaycanın Zəngilanında, Qubadlısında, Laçınında, Kəlbəcərində, Füzulisində, Cəbrayılında, Ağdamında, Xocavəndində görüşdürəcəkdi. Bu mənim və bizim hamımızın böyük arzusudur. Həmin görüşə qədər.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK