27 Oktyabr 2025 09:55
171
MƏMLƏKƏT

“Əgər kimsə ölüsü üçün fayda vermək, rəhmət qazandırmaq istəyirsə...”

Ağstafada iki qardaş vəfat edən atalarına dəbdəbəli ehsan verməyiblər. Onlar ehsan süfrəsinə sərf olunacaq vəsaitlə yaşadıqları kəndin mərkəzi yolunu təmir etdiriblər. Onlar bu addımı kənd sakinləri tərəfindən də müsbət qarşılanıb. 

Məsələyə münasibət bildirən ilahiyyatçı Tural İran Adalet.az-a açıqlamasında dinimizdə ölü yerində yemək vermək və ehsan süfrəsi açmaq göstərişi olmadığını dedi.  

Onun sözlərinə görə, Həzrət Muhəmməd Peyğəmbərin həyatında belə nümunəyə rast gəlinmir:

“Heç İmamlar, yəni, Əhli Beyt mənsubları da vəfat edərkən, şəhid olarkən ehsan verilməyib. Yemək ehsanı bir növ sevincli hadisələr olanda verilir. Adam vəfat edəndə ehsan vermək dinin əleyhinədir. Xüsusən dəbdəbəli ehsan vermək lap günahdır. Ona görə ki, israf dində haramdır. Əgər kimsə ölüsü üçün fayda vermək, rəhmət qazandırmaq istəyirsə, o niyyətlə xeyirxahlıq işlər görməlidir. Körpü salamaq, yol çəkmək, bulaq tikmək savabdır. Əgər Ağstafada belə bir nümunə ortaya qoyulubsa, bunu təqdir etməliyik. Bir qədər əvvəl Bakının Fatmayi kəndində də oxşar nümunə həyata keçirilmişdi. Əsl ehsan budur”.  

İlhahiyyatçının sözlərinə görə, ən pisi odur ki, bizim cəmiyyətdə çoxu ehsanı yalnız yemək kimi qəbul edirlər: 

“Halbuki İslamda ehsan, ümumiyyətlə yaxşılığa, xeyirxahlıq əməlinə deyilir ki, burada da heç bir təmənna güdülmür. Qəbristanlıqda, kənddə, qəsəbədə abadlıq işləri görüb savabını mərhuma hədiyyə etmək əbədi savaba səbəb olur. Amma yemək süfrəsi isə bircə dəfəlikdir. Daha yaxşı olar ki, bu kimi nümunələri məmurlar, səlahiyyətli şəxslər, hətta din xadimləri də göstərsinlər. Bir neçə il bundan əvvəl deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin valideyni vəfat edərkən yas sahibləri kəndin yollarının təmirinə dəstək oldular, sadə və dəbdəbəsiz şəkildə də süfrə təşkil olunmuşdu. Bu kimi nümunələr faydalıdır, amma gərək digərləri də əməl etsinlər”. 

O deyib ki, belə nümunələr artdıqca əhalinin israfçılığına son qoyular, qəsəbələr, yollar da abadlaşar:

“Məmurlar, vəzifəli şəxslərin, deputatların önə düşməsi, ilk nümunələri təqdim etməsi bir çox yöndən zəruridir. Çünki çox zaman əhaliyə dəbdəbəli ehsan əvəzinə yol çəkmək, abadlıq işləri görmək tövsiyə edəndə cavab verirlər ki, elədirsə niyə filan məmur, filan imkanlı şəxs elə etmir? Müəyyən mənada bu iradlar əsaslıdır. Ona görə yaxşıdır ki, əhalinin bütün təbəqələri bu cür addımlar atsınlar”. 

Vasif ƏLİHÜSEYN