SON DƏQİQƏ:

XƏYAL ETDiYiM KiMi...

  19197   |  
Şriftin ölçüsü  
Nədən olmadın, dünya?! Gözümü açandan Günəşini Günəş kimi gördüm, Ayını Ay kimi, göyünü göy, ulduzunu ulduz kimi qəbul etdim. Çəmənini, çölünü, dağlarını, meşələrini, çaylarını, dənizlərini də həmçinin. Öz adında, öz rəngində, öz biçimində. Dedilər, Günəşin istidi - isindim, yağışın isladandı - islandım, qarın üşüdəndi - üşüdüm... Xəbərdarlıq elədilər: meşələrin azdırandı - üz tutmadım, dənizlərin, göllərin dərindi -ayaq basmadım, dağların dərd götürəndi - ürək ağrılarımı, sinədolusu ahlarımı göndərdim. Dumanlarında azmaqdan, ilğımlarında yanılmaqdan da qorxmadım. Demək istəyirəm, səni necə var, elə də gördüm, sevdim, qəbul elədim...
   
   Bəs, adamların niyə özünə oxşamır?! Onları niyə olduqları kimi görə bilmirəm? Niyə örtülüdülər, saxtadılar, xəbisdilər?!. Riyaları, maskaları elə təbii təqdim edirlər ki, özünü unudub inanmaq istəyirsən. Sirli, örtülü olan həmişə cazibədar deyil, axı... Əzabverəndi, üzücüdü, yandırandı çox zaman. Gözünün gördüyü ilə ürəyin, xəyalların barışmaq istəmir çox zaman. Qollarını açıb ona tərəf uçmaq istəyirsən. "Sirrini mənə aç! Səni çoxdan gözləyirdim. Heç olmasa, sən başqalarına oxşama! Bu qədər aldanışlardan sonra inandır məni istədiklərimə, arzusunda olduqlarıma. Bilim ki, haqq deyilən, həqiqət adlanan bir şeylər var bu həyatda. İnanım, özümə gəlim, sağalım, yaralarım göz bağlasın..." Əllərin uzalı getdikcə gedirsən. İlahi, elə bu da ilğım imiş ki... Sən getdikcə uzaqlaşan, uzaqlaşdıqca çəkib aparan, apardıqca aldadan, azdıran, vücudunu gah od kimi qarsıyan, gah da buz kimi kəsən görüntü imiş bu da... Haraya qədər gedəcəksən? Daha nə ürəyində taqət qalıb, nə dizlərində...
   
   
   
   ***
   
   Elə sənin kimiyəm mən də. Heç kəs qınamasın, o qədər yorulmuşam, bezmişəm ki... Qorxmağa başlamışam. Birdən yaşamağa, işləməyə marağımı, həvəsimi itirİrəm. Bu da elə ağlını itirmək kimi bir şeydi... Bezmişəm ikibaşlı sözlərdən, soyuq baxışlardan, bəbəklərdə gizlənən ilanlardan, saxta təbəssümlərdən, iblisanə qəhqəhələrdən... Adamların bu üzündən baxıb o üzünü görmək istəyirəm innən belə. Heç olmasa, içlərində mənə aid olanı bilmək arzusu üzür məni. Bu yaxınlarda hardasa oxudum ki, əgər adamlar bir-birinin ürəyindən keçənləri bilsəydilər, çoxları dostsuz qalardı. Çoxları yox, hamı dostsuz qalardı. Həm də təkcə dostsuz yox, lap tək-tənha qalardı. Bir-birlərindən qaçıb uzaqlaşardılar, bir-birlərinə can atmaq, arzulamaq istəkləri gülünc bir həvəsə dönərdi. Əslində, səmimi olanımız kimdi ki?! Heç başqalarının ürəyindən keçənləri bilməkdən qorxmuram da. Zatən, itirəcəyim kimsə yox ki...
   
   ***
   
   Ağlıma batır ki, hər şey qəsdən belə yaradılıb. Sirli, müəmmalı, incidən, çaşdıran, əzab verən... Qoy, hamı üzülsün, öz içini yesin, şübhələr içində qovrulsun... Son anda nəyəsə ümid eləsin, işıqlı, üzə gülən bir şey varsa, mutluluqdan çatlasın... Bəs, hamıda belə olmayanda?! Onsuz da, hamıda belə olmayacaq. Bəs, insanlar necə bölünsün, parçalansın, qütbləşsin?!. Axı, bilinməlidi, seçilməlidi bəxtəvərlikdən qanad taxanlarla, arzusu gözündə qalanlar ayrılmalıdı. Hamı bir-birinə baxıb ya həsəd aparmalıdı, ya da təsəlli tapmalıdı. İnsani duyğuların yuva qurduğu ürəklərdə bu hisslərin olması ürəkaçan sayılmasa da, boynumuza alaq ki, hələ bundan irəli gedə bilməmişik...
   
   ***
   
   Nədən xəstəliklər üzə çıxır, nişanələri olur, həyati təhlükə əlamətləri sezilir, ancaq iç qüsurları məharətlə pərdələnə, aldadıcı ola bilir?
   
   Kimsənin alnına başqalarının oxuya biləcəyi şeylər yazılmır. Bəlkə də yazılır, bizlər bunu oxumağa qabil deyilik hələ. Bəlkə kimlərdəsə belə qabiliyyət var. Hər şeyi anlamaqla özlərini də, yaxınlarını da qoruya bilirlər. Deyirlər, dünya işarələrlə doludu. Bir qədər ağıllı, diqqətli olsaq, özümüzü də, başqalarını da aldatmasaq, çox sirlərdən hali olarıq. Çətindi, vallah, çox çətindi... İşini-gücünü unut, başla aşağı-yuxarı əlamətlər axtarmağa. Ya tapmayacaqsan, ya da tapdıqlarını kimsəyə sübut eləyə bilməyəcəksən. Sonda da olacaqsan dəli. A.P. Çexovun "6 nömrəli palata" əsərində olduğu kimi. Əsəri oxuyanda adamın ürəyi o qədər şişib böyüyür ki, indicə sinəni dağıdıb çıxacağından qorxursan. Sətirdən-sətirə keçdikcə dünyanın elə özü boyda bir dəlixana olmağına inanmağa başlayırsan. Və on-on beş ağıllısı varsa, onların da tutulub 6 nömrəli palataya salındıqlarına şübhən qalmır. Bu 6 nömrəli palataları da ona görə tikiblər ki, dünyanı belə ağıl sahiblərindən xilas eləsinlər. Təki yerdə qalan zırramalar rahat yaşasınlar. Əl-ayaqlarına dolaşan olmasın, sözlərinin qabağına söz deyən tapılmasın. Həmin palatalar da öz missiyalarını çox uğurla yerinə yetirdilər. O gün ki, 6 nömrəli palatanın həkimi də gəlib içəridəki "dəli"ni gördü, gündən-günə ona bağlandı, axır gəlib ona yoldaş oldu, həmin gündə dünyanın şadlığından dağılmaması möcüzə sayılmalıdı. Dünyanı xəyal etdiyi kimi görmək istəyənlərin toxumu kəsildi o gün...
   
   
   
   ***
   
   Uzun-uzun illər ömür sürürük. Saç ağartsaq da, baş sındırıb olanları, üzü soyuq, sərt həqiqətləri görə bilmirik. Gündüz gün işığında saatlarla itiyini axtarıb tapmayan birisi, qaranlıq, yağışlı-tufanlı bir gecədə ani şimşək çaxışı ilə istədiyinə çata bilir. Ömrümüzün qalaq-qalaq sirləri də belədi. İllər uzunu bilmək istədiyimiz, həsrətiynən yanıb-qovrulduğumuz gizlinlər ağızdan qəfil qaçan bir söznən şimşək kimi çaxıb işıq tutur keçmişimizə. Əlimizdən birdəfəlik gedən, bir də dönməyəcək, bizim olmayacaq yaşantılarımıza...
   
   Heyf sənə xəyallarımız, heyf sənə gözləntilərimiz... Hər şey istədiyimiz kimi olardı, hər şey arzularımızdakı şəklini alardı, puça çıxan arzularımız, heçliyə gömülən istəklərimiz sizə ortaqlıq etməsəydi...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK