SON DƏQİQƏ:

DAR AğACI iLƏ SÖHBƏT

  33228   |  
Şriftin ölçüsü  
Bu yazını yazmaq üçün ipucu tapa bilmirdim. Ona görə ki, ürəyim həddindən artıq yüklənmişdi. Sanki kiminsə ovcunun içindəydi. Özü də təkcə ovcunun içində yox, həm də dırnaqlarının ucundaydı. Toxunduqca, sıxdıqca dırnaqları batırdı ürəyimə. Bilmirəm, onun dırnaqları qana bələnirdi yoxsa yox, amma doğrudan-doğruya mənim içim qan ağlayırdı. Yad bir şəhərdə dil bilməyən, yol tanımayan, ünvan tapa bilməyən bir insan kimi özüm öz içimdə var-gəl edirdim. Hətta bu anlar küçədə, dükan-bazarda anasını itirmiş uşağa da bənzəyirdim. Gözümün yaşı bəbəyimdən, didəmdən kənara axmırdı. Əlimi yumruqlayıb gözlərimi silmirdim. Nə də uca səslə hönkürmürdüm, ağlamırdım, "anna!" deyə qışqırmırdım. Ona görə də nəfəsim bir az tıncıxırdı, ürəyim bir az da çox ağrıyırdı...
   
   Qarşıma kitabları tökmüşəm. Əvvəl Məmməd Arazdan oxudum, sonra Şahmar Əkbərzadədən. Sonra Rüstəm Behrudinin "Salam, dar ağacı"nı vərəqlədim. Bu da Ramiz Rövşən... Təkcə göy üzü yox, indiki halda heç mənim özüm də ovcumda daş saxlaya biləcək halda deyiləm. Çünki ovcum da ürəyim kimi qan-tərin içindədi. Allah, Allah insan necə də sudan çıxarılmış balığa bənzəyirmiş. İndi fəhm elədim ki, bütün canlılarda mütləq və mütləq bir oxşarlıq, bir qohumluq, bir təmas yeri var. Bax, elə götürək insanı... İnsan suda boğulanda kömək diləyə-diləyə ağzını açıb-yumur. Balıq isə açıq havada boğulanda çapalayıb kömək diləyir, o da ağzını açır. Gətirə bildinizimi bunları gözünüzün önünə. Mən elə bil həmin mənzərəni yaşayıram. Və birdən özümdən xəbərsiz mobil telefonun düyməsinə toxunuram. Danışmaq üçün yox, təklikdən, kimsəsizlikdən, havasızlıqdan boğulduğumu demək üçün. Elə bil niyyətim oxunur, elə bil üzümə bir nəfəslik açılır və zəng vurduğum nömrənin musiqi səsi məni qoynuna alır...
   
   Rəhmətlik Şəfa Hüseynova oxuyur: "Geri dön"... İlahi, sənin möcüzələrinə inanmayana lənət! Dünyasını dəyişmiş Şəfa hardan bildi ki, mən kiminsə geri dönməsini istəyirəm, mən kimisə haraylayıram, çağırıram... mən kiminsə yol-yoldaşı olmaq, yanında dayanmaq istəyirəm... mən ürəyimi bölüşmək, fikirlərimi ələyib ələkdən keçirmək, duyğularımı təbəssümə bələmək istəyirəm. Hardan bildi, o bunu?! Və bir də nə yaxşı ki, dostum telefonuna bu musiqini yazdırıb. Axı mən öncə ona zəng çalanda heç vaxt bu musiqini eşitməmişdim. Bəlkə bu da Allahın onun qəlbinə saldığı mənim xilasım, mənim umduğum nəfəsdi. Ola bilər...
   
   Zəng çalıram, telefonu açmaq istəyir. Söndürüb təkrar zəng çalıram, Şəfanı dinləmək üçün. Gedənləri geri çağıran bu haray üçün, bu səs üçün. Sonra başqa bir dosta zəng çalıram. Amma bunu bilə-bilə edirəm. Çünki o, Qədir Rüstəmovun dəlisidir. Son 5-6 ildə mən onun telefonundan ancaq Qədirin "Sona bülbüllər"ini dinləmişəm. O da bunu bildiyindən heç vaxt mənim ilk zəngimə telefonunu açmayıb. Bilib ki, mən Qədiri dinləmək istəyirəm. İndi də açmadı. Və indi də mən yeri-göyü lərzəyə gətirən, canımdan can alan, məni öldürüb-dirildən "Sona bülbüllər"ə qulaq asıram. Qulaq asdıqca da ürəyimin sıxıntısı, sızıltısı yavaş-yavaş azalır. Yavaş-yavaş adam olmağa başlayıram, özümə qayıdıram. Özümə qayıtdıqca gözümün önündə dayanmış kölgəni dar ağacına bənzədirəm. İstəyirəm qışqıram, asılmağa hazır olmadığımı söyləyəm. Amma...
   
   Kimdi, asmamışdan əvvəl səni sorğu-sual edən, asılmağa hazır olub-olmadığını öyrənmək istəyən? Mən belə bir məqama nə yazı-pozuda, nə də həyatda rast gəlməmişəm. Sadəcə, bildiyim odur ki, sabunlu kəndir boğaza keçməmişdən öncə ürəyində hər kəs son duasını oxuyur, hər kəs Allaha üz tutur. Və dərk edir ki, onu Allahdan başqa heç kəs xilas edə bilməz və Allahdan da böyük kimsə yoxdur...
   
   Özümə qayıtdıqca əlim qələmə, vərəqə doğru uzanır. Nə vaxtdan bəri yaddaşımda qalan, amma necə başlayıb, necə yazacağımı anışdıra bilmədiyim bir günün şeirini kağıza köçürürəm.
   
   
   
   Bakıda
   
   Xəzərin
   
   burnunun ucunda
   
   Türkanla Hövsanın
   
   arasında
   
   irili-xırdalı
   
   evlərin sırasında
   
   ovuc içi boyda
   
   nəfəs üçün
   
   qəribsəmiş
   
   bir bağda
   
   gözləməkdən
   
   yorulmuş
   
   üzüm salxımları
   
   döşənib
   
   qumların üstünə...
   
   sahibini gözləyir
   
   dərilmək istəyir
   
   tərif umur -
   
   sanki
   
   üzüm salxımları
   
   bu son nəfəsdə...
   
   sağ əlimə
   
   alıram ürəyimi
   
   salxımların işığında
   
   mənə çox
   
   doğma gəlir
   
   bu dözüm də
   
   həvəs də...
   
   amma səbrimin qaşığında
   
   qan var -
   
   günahkaram
   
   mən də bu qəsddə!
   
   sizi gözlətməkdə
   
   üzüm salxımları...
   
   
   
   ***
   
   Əvvəllər də xatırlatmışam və əvvəllər də dönə-dönə vurğulamışam ki, mənim üçün ən çətini və çətin olduğu qədər də asanı aydınlı bir gecədə əllərimi başımın altında daraqlayb, ya da hansısa bir ağaca söyəkənib göy üzü ilə söhbət etməkdi, ayla, ulduzlarla baş-başa qalmaqdır. Bundan rahatı, bundan əzablısı mənim ağlıma da gəlmir. Ona görə ki, danışdıqca rahatlanıram. Amma rahatlandıqca da bütün olanları təkrar yaşayıram, bütün ağrı-acılar təkrar məni özündən, özünü də məndən keçirir. Bax, buna görə də əzablıdı, həm də rahatdı. Xüsusilə sənə heç kim mane olmadığı üçün, sənə ancaq göylər və Tanrı qulaq asdığı üçün hər şey gözəldir. Bu gözəlliyi sadəcə yaşamaq lazımdır, sadəcə duymaq lazımdı və bir də sadəcə bu gözəlliyi duya biləcək insan olmaq lazımdı. Onda hər şey elə istədiyimiz kimi də olacaq.
   
   İndi ürəyimin yükləndiyi bu məqamda köməyimə çatan o qəmli musiqilər və o böyük səs məni bir azca səhmana saldı, bir az adamlığımı qaytardı. Və mən də bu adamlığımın içərisində son günlərin bütün olub-olacaqlarını sandıq kimi açıb-tökdüm ortalığa. Başladım bir-bir sıralayıb, çeşidləyib hər biri öz yerinə qoymağa. Günahımla günahını, sözümlə sözünü, əməlimlə əməlini, bir sözlə, özümlə özünü qarşılaşdırdım. Bu qarşıdurmada bir nizam-tərəzi yarandı. Amma neyləyim ki, bu tərəzinin də tarazlıq nöqtəsi sənin əlində, çəki daşları məndə idi. Ona görə ki, çəkilən də mən idim, daş-daş yüngülləşən də, ağırlaşan da...
   
   Çox qəribə məqamdı. Hər şey ortada ola-ola, hər şey gün işığında, ay işığında görünə-görünə və hər kəsin də ürəyi üzündən oxuna-oxuna sorğu-sual da olur, mizan-tərəzi də gəlir ortaya. Görünür, hardasa bir incə məqam var, mənim də, sənin də nəzərindən qaçıb. Biz səninlə hər şeyi dürüst hesablaya bilməmişik, nəyisə unutmuşuq, nəyisə görməmişik. Bəlkə hisslər aldadıb bizi, bəlkə duyğular güc gəlib. Bilmirəm, bircə anladığım, dərk etdiyim odur ki, bu pozulan mizan-tərəzinin günah deyilən nəyi varsa, o ikimizi də tutur. Biz ikimiz də eyni dərəcədə, eyni çəkidə, eyni ölçüdə günahkarıq. İstərsən bunu qəbul et, istərsən də yox. Axı gecənin gündüzü olduğu kimi, sevincin kədəri olduğu kimi, həsrətin vüsalı olduğu kimi, ayrılığın görüşü olduğu kimi, mənim də sən, sənin də mənin var. Bunu yəqin ki, etiraf etmək çətin deyil.
   
   Və bir də duyğulu olmaq insanı nə qədər yükləsə də, nə qədər təsirlərə məruz qoysa da, o duyğunun əlifbası, durğu işarələri heç vaxt yerini dəyişmir. Deməli, mənim düşündüklərim də, mənim içimi didib-parçalayan da, yükləyən də... hamısı o qoşa ünvanla bağlıdır - gecəylə, gündüzlə, həsrətlə, vüsalla...
   
   İndi nə vaxtdan yaddaşımda saxladığım və təkrar-təkrar məqamı düşəndə öz-özümə pıçıldadığım misraları sənə ünvanlayıram. Elə bu misralarda da duyğular hakimdi - kövrək, səmimi və bir az da nisgilli...
   
   
   
   həmişə
   
   istəmişəm
   
   sakit
   
   uzaq bir bağda
   
   yazı masam
   
   və bir də
   
   balaca otağımda
   
   divara bərkidilmiş
   
   taxta-
   
   üstündə
   
   siqaret izi olan
   
   nimdaş yataqda
   
   səni düşünmək
   
   imkanım ola...
   
   həmişə istəmişəm
   
   günəş pəncərəmdən
   
   qəfil
   
   kölgəni üstümə sala...
   
   və beləcə
   
   həmişə istədiyimə
   
   hələ də
   
   inana-inana
   
   yaşayıram xəyalla...
   
   ***
   
   Söz sözü çəkir. Nə qədər çalışsam da duyğuların əlindən xilas ola bilmirəm. Elə bil hardasa əliağaclı, sözü hökmlü kimsə dayanıb gözümə görünmədən, özünü mənə hiss etdirmədən sadəcə bütün yazdıqlarımı oxuyur, düzəlişlər edir və mənə istiqamət verir. Mən də həmin o istiqamətin hansı səmtə olduğunu fəhmlə bilə-bilə heç nə demədən, heç bir etiraz etmədən gedirəm. Çünki hara getdiyimi, kimin üçün getdiyimi ürəyim çoxdan bilir, lap çoxdan. Bildiyini təkrar etmək heç vaxt günah sayılmır, qələt hesab olunmur. Hətta deyirlər ki, təkrar biliyin anasıdır.
   
   Bax, mən də bildiklərimin izi ilə gedə-gedə duyğu dəryasının bir dalğıcı kimi hərdən sahilə də üz tuturam. O sahilə ki, orada izlər var, ləpirlər var, xatirələr var, görüş yerləri var, yarpaqda, çiçəkdə ilişib qalmış xatirə var, pıçıltı var. Nə yaxşı da ki, var. Hardasa oxumuşam ki, bütün səslər göy üzündə yaşayır, xüsusilə məlahətli səslər, ilahi səslər. Bilmirəm, bizim pıçıltılar o səsə daxildir, yoxsa yox, amma tam səmimiyyətimlə etiraf etməliyəm ki, mən bizim pıçıltıları yaşamaq hüququ olanların sırasında görürəm. Ən azı ona görə ki, biz ürəyimizin diliylə, səsiylə özümüzü etiraf etmişik. Elə bu şeiri də həmin səsin notları üzərində kağıza köçürmüşəm.
   
   
   
   döydü yarın qapısın
   
   gözlükdən baxıb, susdu...
   
   bu sükutla canımı
   
   yandırıb, yaxıb susdu...
   
   
   
   içimdə od qaraldı
   
   şaxta vurdu, qar aldı...
   
   son ümidi yar aldı-
   
   oxlara taxıb, susdu...
   
   
   
   bir anda bulud gəldi
   
   sinəmi qəhər dəldim...
   
   ağlıma "unut!" - gəldi-
   
   şimşək tək çaxıb susdu...
   
   
   
   etirafdı - bu doğru
   
   o bir zinət, mən oğru...
   
   görüş yerinə doğru
   
   son qanım axıb, susdu...
   
   
   
   Bəli, gözümə görünən dar ağacı ilə ürəyimin ovuc içində olduğu bir vaxtda Şəfanın, Qədir Rüstəmovun kövrək və adamı dəli edən nəğmələrinin qoynunda mən təkcə üzbəüz deyildim, həm də asılmağa hazır idim...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 21, 19, 17, 14, 12, 11, 07 05, 03,
October: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK