SON DƏQİQƏ:

SÖZDƏN HÖRüLƏN TOR

  37874   |  
Şriftin ölçüsü  
Bu dünyanın problemlərini, ağrı-acılarını, ümumiyyətlə, bütün mənzərəsini göz önünə gətirmək o qədər də asan deyil. Çünki bu dünya dediyimiz nə bir kənd deyil, nə bir şəhər deyil, nə bir ölkə deyil ki, onun enini-boyunu biləsən, gəzib-görməli yerlərini tanıyasan, ağrıyan yerindən, uğurlu məqamlarından xəbərin olsun... Kimsə indiki anda irad tuta bilər və deyər ki, dünyanın xəritəsini götür qoy qarşına. Bax, özün üçün, sonra dünyanın bütün mənzərəsini əks etdirən bütün kitabları vərəqlə. Bu da olsun arayıb-axtardığın, öyrənmək istədiyin dünya haqqında bütün bilgilərin toplusu...
   
   Yox qardaş... xeyr bacım... bağışla əziz oxucum... mən heç də kitabın, xəritənin həsrətini çəkmirəm. Onları hər yerdə, hər zaman tapıb ortaya qoymaq mümkündür. Amma heç bir kitab, heç bir xəritə dünyanı bütünlüklə təqdim edə bilmir və edə də bilməz. Ona görə ki, bu dünya onun üzərində olan bütün varlıqlarla dəyərli və qiymətlidir. Biz dünyanı canlı varlıq kimi qəbul edirik. Ona görə də əli qələm tutan hər kəs ona üz tutur, ona müraciət edir. Hətta böyük Səməd Vurğun da yazırdı ki:
   
   
   
   Göylərə baxıram sirli, soraqlı,
   
   Yerlərə baxıram qapısı bağlı.
   
   Həyat ixtiyarı sirli, soraqlı,
   
   Biz gəldi gedərik, sən yaşa dünya.
   
   
   
   Biz dünyanı sirli-soraqlı görürük və bütün həyatımızı da o sirləri açmağa yönəldirik. Doğrudur, kəşflər də olur, sirlərin ipucunu tapmaq da. Amma dünyanın sirri bitib-tükənmir. Bu mənada tükənən insan ömrü həmişə bu sirli dünyadan bir təəssüflə, bir nakamlıqla ayrılır. Görünür, bu da insanın qədəridi...
   
   Bəli, bu sirli-soraqlı dünyada hər kəsin üzərinə bir yük düşür.
   
   Bir az da çılpaq desəm, bu dünya onun sakini olan hər kəsi bir missiyanın daşıyıcısı kimi qəbul edir. Amma yazıqlar olsun ki, bəzən yolunu çaşan, nə edəcəyini unudan həmin o varlıqlar digərlərinə, sonda isə bütün dünyaya problem yaradırlar. Bax, bunun fonunda da bütün dünya bir qınaq ünvanına çevrilir. Bizlər də, yəni söz adamları da içimizin bütün yükünü dünyanın üstünə atırıq. Özümüz də bilirik ki, bu günahlarda dünyanın iynə ucu boyda da olsa xidməti yoxdu. Amma neyləyək ki, günahkarı axtarmaqdansa, həmişə göz önünda olanın yaxasından tutmaq daha asandır. Bax, biz də bu məntiqlə sözümüzü də, iradımızı da, haqqımızı da, gileyimizi də, umacağımızı da, küsdüyümüzü də, incidiyimizi də, görmək istədiyimizi də, göz yumduğumuzu da, bir sözlə, dünyanı necə varsa eləcə, ağ yuyub, qara səririk.
   
   Bir dəfə bütün olub-keçənləri yaşadıqlarımda, öz yaddaşımda və ən vacibi dünyaya baxışımda götür-qoy etmək istədim. Çalışdım ki, olmuşlarla olacaqların arasında bir yer tapım. O elə bir yer olsun ki, oradan olmuşlara və olacaqlara baxa bilim. Amma nə yazıq ki, nə olmuşlar, nə də olacaqlar bütün çılpaqlığı ilə özünü göstərmədi. Duruxub qaldım. Ona görə ki, olmuşların nədən olduğunu milyon yerə yozmaq mümkün idi... olacaqların da nədən olacağını yenə milyon yerə ünvanlamaq sadəcə bir həqiqət kimi ortalıqda at çapırdı... Bax, mən də bu iki məqamın arasında sağa-sola baxmaqdan yoruldum və öz-özümə pıçıldadım.
   
   
   
   Gözümdə bu dünyanı
   
   Heç elədin, tulladın...
   
   Məni bitməz bir işin
   
   Arxasınca yolladın-
   
   Bacarmadın! - deyəsən...
   
   
   
   Ruha simsar olanı
   
   Qapı ağzında qoydun
   
   Ruhumu Nəsimi tək
   
   Ayaqdan başa soydun-
   
   Bac almadın! - deyəsən...
   
   
   
   Zaman cilov tanımır
   
   Gecəm gündüzə calaq
   
   Baxıb mənə, hazırsan
   
   Vurub bir tərs şapalaq
   
   Baş açmadın! - deyəsən...
   
   
   
   ***
   
   Mən insanlara həmişə onların danışığı ilə, ifadə etdiyi fikirlə qiymət verməyə çalışmışam. Mənim aləmimdə deyilən söz, ifadə edilən fikir həmişə hər şeydən üstün olub. Bir az da açıqlasam, ən nimdaş paltarın içərisində olan bir kəsin dilinə gətirdiyi adi bir söz mənim üçün o geyimdən min dəfə dəyərlidir. Yəni mən adamları geyiminə, xərclədiyi pula, təmtəraqına görə yox, ifa etdiyi, dilinə gətirdiyi sözə görə qiymətləndirməyə çalışmışam. Bilirsiniz niyə?...
   
   Mənə görə hər kəs ifadə etdiyi sözü, fikri özü yaradır, özü dünyaya gətirir. O söz əvvəllər nə qədər işlənmiş olsa da, amma hər bir dilin, hər bir dil sahibinin timsalında yenidən doğulur. Bax, elə böyüklük də, bütövlük də odur ki, dil öz sahibini və eləcə də dünyaya təqdim etdiyi sözü bütün mənalarda tanıda bilsin, təqdim edə bilsin. Amma təəssüflər olsun ki, indi dillə sözün, sözlə sahibinin arasında elə uçurumlar yaranıb ki, o uçurumların üzərindən körpü salmaq da mümkün deyil.
   
   Mənim son dərəcə xətirlərini istədiyim mətbuat adamları var. Mən bu söz adamlarını təkcə xarici görkəmlərinə görə yox, həm də sözlə işlədiklərinə, sözlə yaşadıqların görə çox istəyirəm. Və düşünürəm ki, bu adamlar söz yaratdıqları üçün ifadə etdikləri sözə heç vaxt biganə, etinasız, laqeyd ola bilməzlər. Ən azı ona görə ki, o sözü onlar dilə gətirib səsləndiriblər və o söz də onların dilində dünyaya ayaq açıbdı. Deməli, onlar da o sözün sahibi olmalı, onun qayğısına qalmalı, onun gerçəkləşməsi üçün əllərindən gələni etməlidirlər.
   
   Təəssüf ki, həmişə belə olmur. Adicə bir məqama fikir verək. Özümə doğma bildiyim söz adamları var. Məsələn, Vüsal, Şamxal, Nüsrət, Arzuman və başqaları. Amma mən neyləyim ki, bunların hər biri ifadə etdikləri sözlə onun üzərindən keçən zamanın fərqinə fikir vermirlər. Elə düşünürlər ki, sözü bir dəfə dedilər, elə oradaca yaddan çıxıb unuduldu. Amma bilmirlər ki, onların dilindən dünyaya söz gəlibdi. Bu sözü öldürmək, ayaq altına atmaq olmaz, bu sözə sahib çıxmaq lazımdır. Təəssüflər olsun ki, indi bu cür düşünənlər çox azdır. Onlar sözü ən çox məqamı, günü yola vermək üçün dilə gətirirlər və düşünürlər ki, deyilən söz heç hara yazılmır, heç bir yerdə sübut deyil. Ən yaxşı halda bir məclisi, bir görüşü, bir qarşılıqlı münasibəti yola vermək üçün təmasdı.
   
   Xatırlatdığım dostlarla bağlı düşüncələrimi diqtə etdiyim anda böyük dostum, dəyərli həmkarım Polad Qasımovun bir fikri yadıma düşdü. O, dostlara istinadən mənə dəfələrlə xatırlatmışdı ki, bu cavanlar həmişə elə-belə etinasız, bir az da qırdı-qaçdı olublar. Çünki onlar vaxtı dəyərləndirməyə o qədər də əhəmiyyət vermirlər. Və bir də onda xəbər tuturlar ki, nə qədər vaxt, gün öldürüblər. Ortada isə heç nə yoxdu. Sonrakı təəssüf isə heç nəyi geri qaytarmır...
   
   Bütün bunlara baxmayaraq, mən həmişə özümdən yaşca böyük və kiçik dostlara öz görkəmlərindən daha çox, sözlərinə qiymət vermişəm. Onların söylədikləri fikir, ortaya qoyduqları məntiq mənim üçün əsas cəhət olubdu. Elə bu yanaşmanın sonunda da məni həmişə yola verən gənc dostlarımı bağışlamağa çalışmışam. Bilmişəm ki, onlar hələlik sözlərinə sahib olmaqdan daha çox, sözlə günü keçirməyə üstünlük verirlər. Olsun, bu başa düşüləndi. Amma bu adətə çevrilməməlidi. Yoxsa dost itkisinə gətirib çıxarar. Bu isə arzuedilən deyil...
   
   Bəli, insan duyğusu ilə, düşüncəsi ilə yaşayanda, həyata baxışını formalaşdıranda onda söz də, davranış da bir-birini tamamlayır. Bax, tamlığın içərisində hər şeyin gözəlliyi özünü sorğu-sualsız təqdim edir. Həmin təqdimat isə bəzən şeirə də çevrilir.
   
   
   
   nə deyə bilərəm ki?-
   
   əslində heç nə...
   
   deyilməli sözərin-
   
   artıq zamanı keçib
   
   gedən qatarın dalınca
   
   baxmaq acı təsəlli-
   
   görünür bu taleh də
   
   məni qəmlə, kədərlə-
   
   susdurmaq üçün seçib!..
   
   olsun...
   
   susum, dinməyim
   
   hətta yumum gözümü
   
   gözümlə isinməyim...
   
   əlim də toxunmasın
   
   nəfəsim də
   
   buz olsun
   
   arada işlədilən
   
   tək ikicə söz olsun-
   
   "yox!" və "hə!"
   
   razısansa bu sadə
   
   sözlər olsun bəhanə
   
   danışmaq üçün-
   
   ürəyinlə,
   
   ürəyimlə!..
   
   
   
   ***
   
   Heç kim dünyaya dahi kimi gəlmir. Və heç kim də dünyadan gedəndən sonra öz dahiliyini özü ilə götürüb aparmır. Əslində insanın böyüklüyü də bax, bu iki məqamda bəlli olur. Yəni nə o dahiliyi gözə soxmur, nə də dahiliyini özü ilə götürüb aparmır. Mən bu sadə məntiqin həmişə gerçəkliyinin qarşısında baş əymişəm. Düşünmüşəm ki, insan özünün bütün halları ilə olduğı kimi də qalmalıdı. Çünki o şəraitə, məqama uyğun olaraq dəyişərsə, onda özü-özündən tamam uzaqlaşacaq, hətta özünə yadlaşacaq da. Bax, bu gerçək duruma əvvəldən hazır olub onu dəyərləndirmək insanın gəlimli-gedimli dünyadakı (təbii ki, mənə görə - Ə.M) ən böyük dahiliyi sayılmalıdır. Əks halda, bütün olub-keçənlər milyonların gözündə fərqli görünəcək. Bu da sonda ən yaxşı halda fikir pərakəndəliyi yaradacaq. Çaşqınlıq isə heç vaxt dəqiq məntiqə gətirib çıxarmır.
   
   Mənə görə bu bütün məqamları anlaşılmayan dünyada sözünün sahibi olmaq, həyatını sözündə ifadə etdiyi kimi təsdiqləmək çox böyük və nümunə ola biləcək xüsusiyyətdi. Kaş bütün insanlar bunu dəyərləndirə bilsin və birmənalı olaraq özü üçün yəqinləşdirsin. Dünyanın rəngarəngliyi kimi, sözün də çox mənası, pərakəndəliyi qaçılmazdı. Amma...
   
   Bəli, amma gərək pillələrin üzü yuxarı ucalığa doğru qalxdığını gördüyümüz kimi, onun enişini də yaddan çıxarmayaq. Bir-birimizə nə əməlimizlə, nə də sözümüzlə cələ hörməyək. Axı, bütün hörgülər həm də naxışlardan ibarətdi. Naxışlar isə ömür deməkdi. Ömür özünün naxışları ilə gözəldi. Təbii ki, o naxışlar süni, aldadıcı olmasın. Bax, bu yerdə içimdən bu pıçıltılar gəlir:
   
   
   
   pillələri enirəm
   
   aram-aram,
   
   rahat...
   
   nə nəfəsim tıncıxır
   
   nə ürəyim çatlayır
   
   nə də başım fırlanır...
   
   gəlib keçir ağlımdan
   
   elə həmin o bir an-
   
   axı,
   
   görəsən adam
   
   bircə pillə qalxanda
   
   elə həmin o zaman
   
   kimdi ondan asılan?
   
   nəfəsini təngidib,
   
   gözlərini qaraldan?..
   
   yoxsa yüksəliş zülm,
   
   eniş min dəfə asan
   
   söylə bu pillələrin-
   
   fərqindədirmi insan?!..
   
   
   
   Bəli, biz bu gerçəkliyi yaşayırıq... Sən də, mən də, o da, biz də, siz də, onlar da... Amma fərqini sən, mən, o, biz, siz, onlar görəsən müəyyənləşdirə bilirikmi?... Bu sualın cavabının çətinliyini mənim ünvanıma yazın...
   
   

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK