SON DƏQİQƏ:

PƏRAKƏNDƏ YAZI

  30871   |  
Şriftin ölçüsü  
...Başımda küt ağrılar var. Özü də təkcə başımda deyil, bütün bədənim yorulub, əldən düşüb. Elə bil ki, mənə bir kəndin əli ağac tutan kimi varsa, hamısı birgə tökülüşüb üstümə və "eşşək sudan gələnə kimi" möhkəmcə əzişdirib. Sonra da mitilimi atıb bir kənara çıxıb gediblər. Və mən də handan-hana bir təhər ayılıb özümə gəlmişəm, güc-bəla ilə mitilimi, yəni canımı yerdən qaldırıb sözümə baxmayan ayaqlarımla bu döyüldüyüm yerdən uzaqlaşmağa, özü də hara oldu fikirləşmədən getməyə, əslində sürünməyə çalışıram. Özü də bu, qabıq qoymuş ilanın sürünməsi kimi bir şeydi. İnsanın bədəni nə qədər sızıldayar, ruhu nə qədər daş-divar cırmaqlayar? - bilmirəm, amma bütün bunları yaşayıram.
   
   Hərdən bir insanın nə boyda yük götürə biləcəyini öz-özlüyümdə müəyyənləşdirmək və bir qərara gəlmək istəyirəm. Burda söhbət pəhləvanlıq edib, hansısa çəki daşını və yaxud ağırlığı yerdən qaldırmaqdan getmir, söhbət böyük anlamda dağın, daşın, elin-obanın, kəndin-kəsəyin, evin-eşiyin, ailənin, uşağın, dostun-tanışın, sevdiklərinin və sevənlərinin və bax beləcə, bütün həyatın yükünü daşımaqdan gedir. O yükdən ki, ondan hər kəsin çiynində var. Birində az, birində çox...
   
   Mən bax, bu barədə düşünərkən gözümün qabağına neçə-neçə adlı-sanlı pəhləvanları, ağırlıq qaldıranları da gətirirəm. Söz-sənət adamlarını, el ağsaqqalını da, hətta kəndimizin ən balaca boylu, uşaqların dediyi kimi, "cıpbılı" kişisini də... Və görürəm ki, həmin o yük bunların hər birinin çiynində çəkə biləcəyi qədərdir. Və adətən də insanların böyük bir qismi çəkə biləcəkləri qədər yükün altına girirlər. Təəssüf ki, sözlə, sənətlə, hissiyyatla, duyğuyla, ruhlarla bağlı olan insanlar bu məqamda başqalarından, yəni əvvəldə dediklərimdən xeyli fərqlənirlər. Onlar üçün dünyanın bütün yükləri gedib çıxacağı nöqtəyə qədər çəkiləndi. Yerisə də, sürünsə də... heç elə bir fərqi yoxdu...
   
   Həyatda o qədər sıxıntılar, o qədər gərginliklər görmüşəm ki, bəzən onları təqvim günləri ilə ardıcıl düzməyə çalışıram. Buna az-çox nail olanda baxıb görürəm ki, hər günün özü boyda, özü çəkidə ağırlığı var. Bax onda istər-istəməz artan sızıltılardan, çiyinlərimdən məni torpağa sıxan yüklərdən bir anlıq qurtulmaq və qaça bildikcə də qaçmaq istəyirəm. Amma hara? Kimin yanına? Niyə?..
   
   Bu sualların hər biri gözlədiyi cavablarla birlikdə , həmin o çəkdiyim yükün bircə damlasını da çiyinlərimdən götürüb kənara qoya bilməz. Çünki o yüklərin bir əli, lap belə obrazlı desək, kökü ürəyimdə şaxələnib. Onun üçün də məndən aralanmır, mənimlə bir yastıqda, bir dam altda, bir yolda yoldaşlıq edir...
   
   Deməli, bütün bu dediklərimin fonunda təsəlli verəcək, ümid qığılcımı yandıracaq insanlar, dostlar, əməllər, hətta yazı-pozu nümunələri belə adamın əlindən tutur. Əgər bunlar olmasa onda ümumiyyətlə, dünyanın bütün yüklərinə və bütün ağırlıqlarına dözüb-dözməməyin heç bir mənası olmaz. Mən də məhz dostlarım, işıqlı insanların, sevdiklərimin və sevənlərimin xatirinə bu yükün altında yol getməyə qərar vermişəm. Təsəvvür edin ki, ölkənin müxtəlif guşələrində, qapısını ərklə döyə biləcəyim kişilər var. Özü də o kişilər cinsləri ilə seçilmirlər. Onlar sözün bütün mənalarında həyat qayələri ilə, məramları ilə, şəxsiyyətləri ilə, bütövlükləri ilə və ən vacibi insanlıqları ilə mənim üçün son dərəcə qiymətli və əvəzolunmazdılar. Bəzən deyirlər ki, əvəzolunmayan heç nə və heç kim yoxdu. Bu hardasa mənim düşüncəmə görə, insanın özünün özünə təsəllisidi. Biz itirdiklərimizi əvəz edirik. Doğrudur, amma onun özü ola bilmirik. Elə bu mənada da hamı əvəz olunur, amma heç kim əvəz etdiyinin işini də, şəxsiyyətini də, daxili və xarici görkəmini də, bütövlükdə varlığını da onun özü kimi əvəz etmir. Bu qeyri-mümkün olan bir şeydi.
   
   Bərdədə bir dostum yaşayır. Təpədən-dırnağa Qarabağdı. Sözü də, danışığı, jestləri də, hətta insana qaynayıb-qarışmağı da. Və mən hər dəfə onun səsini telefonda eşidəndə elə bilirəm ki, Tuğdayam... Şuşadayam... Füzulidəyəm... Ağdamdayam... fərqini tuta bilmirəm onun danışığında bu yerlərin. Çünki o bir ovuc Qarabağ torpağıdı... çünki o bir qurtum Qarabağ suyudu... çünki o büsbütün, təpədən-dırnağa Qarabağın qosqoca bir kişisidir!.. Bundan artıq Qarabağ olmaq üçün nə lazımdır ki? Ürəyi Qarabağ, çörəyi Qarabağ, nəfəsi Qarabağ, həyatı Qarabağ, dostluğu Qarabağ!..
   
   Mərdanla telefonda danışanda da, üzbəüz gələndə də elə bilirəm Tuğu gəzib gəlirəm. Və sonra özüm-özümə fikirləşirəm ki, nə yaxşı ki, Allah mənə başdan-ayağa Qarabağ olan bu cür dostlar bağışlayıb. Və mənim üçün onun Bərdədə hansı vəzifənin sahibi olması, hansı işin qulpundan tutması önəmli deyil. Mənim üçün ən önəmlisi onun Qarabağ olması və böyük diqqəti dostlarından əskik etməməsidir. İstənilən yazıya, istənilən misraya, istənilən söhbətə öz yanaşması, öz baxışı, öz müdaxiləsi var Mərdanın. Bax, bu məntiqlə yanaşanda mənim üçün Bərdə deyəndə Mərdan gəlib durur gözümün qarşısında. Onda dünyanın ən varlı adamı oluram... onda ürəyimi bölüşməyə, yazdıqlarımı oxumağa, sözümü deməyə böyük bir ocağın varlığını daxilimdəki bir rahatlıqla yaşayıram. Çox şükür!
   
   Hə, indi dərdin sözümə baxmadığı, ağrıların at oynatdığı bir məqamda hardasa mənə elə gəldi ki, dünyanın ən varlı, ən nüfuzlu və ən vacibi səlahiyyətli bəndəsi mənim dostluq ölçülərimlə uyğun gəlmir. Çünki onlar ya məndən çox-çox yuxarıdadırlar, ya da çox-çox aşağılarda. Mən isə yanımda, ürəyimdə olanları daha çox istəyirəm.
   
   damıbdı ürəyimə-
   
   bilirəm, gələcəksən.
   
   sən mənimçün
   
   keçmişim,
   
   bu günüm,
   
   gələcəkəsən!
   
   qurduğum xəyal kimi
   
   hopacaqsan ruhuma
   
   səni qarşımda görüb
   
   inanacam yuxuma...
   
   dünənimin hicranı
   
   sabahımın nağılısan
   
   sən görünməz tellərlə
   
   ürəyimə bağlısan...
   
   ***
   
   Dünyanın dəyəri - insanın yer üzünün əşrəfi olmasıdı. Yəqin ki, bilirsiniz. Müdriklər yer üzünün əşrəfi deyəndə insanı nəzərdə tutublar. Amma o müdriklərin o boyda qiymət verdikləri insan artıq yer üzünü cəhənnəmə çeirməklə məşğuldur. Bilmirəm niyə? Təbii sualdı. Amma bu təbiiliyin içərisində min bir dənə də cavab var. Yəni istənilən cavabı verib, arxasında da dayanmaq olar. Amma bunun özü o sualı bütünlüklə əhatə etməyəcək. Yəni hər kəs öz prizmasından, öz məntiqindən yanaşacaq və sual da açıq qalacaq...
   
   Mən bu barədə mübahisə etmək istəmirəm. Məqsədim tamamilə fərqlidir. Məqsəd demişkən insan yarandığı gündən üzüsabaha can atır və çalışır ki, hər gələn sabahda istəklərinin bu və ya digər şəkildə çin olduğunu müşahidə etsin. Hər bir uğurlu sabah ömrə ömür calayır, günə gün. Bax elə insanın o daxili dünyası ilə, böyük dünya arasındakı bu sonsuz mücadilə həmişə böyük dünyanın qələbəsi ilə başa çatır. Ona görə ki, insan ömrü arzuların sonsuzluğu içərisində çox qısadı. Kifayət eləmir... arzudan da arzu doğur, istəkdən də istək... ömür payı isə sanlı təqvim günüdü. Bu da belə...
   
   Bütün hallarda insanı yaşadan məhz çatıb, çatmamağından asılı olmayaraq arzu və məqsəddi. Etiraf etmək lazımdır ki, istənilən şəxs qarşısına məqsəd qoyanda, könlündə arzu qanadlandıranda ona gücü çatıb-çatmayacağını, ona yetişib-yetişməyəcəyini ilk anda nəzərə almır. Yəni atalar demiş "ayağını yorğanına görə uzatmır". Daha çox yorğanı ayağı boyda, üstünü örtəcək qədər təsəvvür etməyə çalışır. Məncə bu da onun haqqıdı. Özü də çox düzgün və məntiqi haqqıdı! Qısıla-qısıla bir yorğanın altında səkkizqat olmaqdansa, elə ya yorğanı boyuna uyğunlaşdırmaq, ya da yorğansız döşəməyə uzanmaq ən doğrusudu.
   
   Sözün ucundan tutub sağa-sola var-gəl etdikcə ürəyimdəki hissləri yazmağa, kağıza köçürtməyə bir az tərəddüd edirəm. Ona görə ki, əvvəldə dediklərimin hamısı indi yazmaq istədiklərimin qolu-budağıdı. Və nə yaxşı ki, içimdəki o duyğular məni yaşadan, məni ilhamlandıran o hisslər qolu-budaqlıdı. Əgər belə olmasaydı əks hücumlardan daha tez yaralanar, daha tez sıradan çıxardım. Məhz o qol-budaqlar olan köklü-köməcli dostlar, düşüncələr, istəklər, mübarizələr əslində mənim sözün yaxşı mənasında sipərlərimdi. Mən onlara borcluyam. Elə sevgimi yaşamaqda da.
   
   Hər dəfə sevgi şeirlərini, ilhamın diqtələrini kiməsə oxuyanda və yaxud da kompüterə köçürəndə ətrafdakılardan kimsə maraqla soruşur:
   
   - Şair, bunu kimə ithaf eləmisən?
   
   Mən də həmişə verdiyim cavabı təkrarlayıram:
   
   - İlham pərilərimə!
   
   Bəli, şairlər, sözlə nəfəs-nəfəsə qalanlar, onu boyuna biçənlər dünyanın bütün gözəlliklərini pəri timsalında, huri bənzərində görürlər. Bəlkə də bu, onların yanlışlığıdır, bəlkə də xoşbəxtlikləri, deyə bilmərəm. Hər nədisə bu onlara ilahi bir vergidir və nə yaxşı ki, şairlərin, o cümlədən az-çox nə isə çatdırmaq istəyən mənim də bəxtimə belə bir yazı yazılıb:
   
   
   
   baxışların od-ocaq-
   
   közünü çəkirəm, közünü...
   
   etiraf et, mən qoçaq -
   
   gözünü çəkirəm, gözünü...
   
   Tanrı yazdığı qismət-
   
   biri-birinə nisbət...
   
   fərq etmir- mənfi, müsbət -
   
   özünü çəkirəm, özünü...
   
   ürəyimin varı tək
   
   yarı, gülüm, yarı tək!
   
   gül dilindən arı tək -
   
   sözünü çəkirəm, sözünü!..
   
   ***
   
   Hə, mən bu yazını çox uzaqlardan başlayıb, çox məsələlərin yanandan keçib canımın ağrıları tək qarışıq bir mövzuya çevirdim. Amma səmimi etiraf edim ki, yazdıqlarım ağrılarıma azacıq da olsa məlhəm oldu, yəni ruhuma bir əl çəkdi. Elə bildim ki, üzümə bahar mehinin dağıtdığı tellər toxundu. Görünür belə lazım imiş...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-20
2021-01-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK