SON DƏQİQƏ:

MEHRABI GÖYLƏR OLAN…

  100195   |  
Şriftin ölçüsü  

 İndi təbiətin elə bir çağıdır ki, insanın əhvalında müəyyən gəzişmələrin baş verməsi təbii sayılır. Necə deyərlər, qan qaynayır və ətrafdakı hər bir hadisə özü ilə birlikdə müxtəlif dalğaları da, təsirləri də insana yönəldir. Bir də baxıb görürsən ki, bir ucdan "dolub boşalan", bir yandan "açılıb-solan" dünyanın gözəllikləri və adamları bir-birinə qarışıb. Ona görə ki, qışın şaxtasından sivrilib çıxan bu həyat oyanışını büruzə verir… Təbii ki, oyanış da mütləq bir silkələnmə, bir tərpəniş nüanslarını göstərmək zorunda qalır. Bax, həmin o anda, yəni qanın isindiyini, tumurcuqların çırtladığını, quşların səs-səsə verdiyini seyr edə-edə, dinləyə-dinləyə köklənmək, xəyala dalmaq təbii ki, suyun öz axarıyla baş alıb getməsi kimi bir gerçəklikdir, bir rahatlıqdır…

Bəli, məhz yazın bu çağında təbiətin şıltaqlığı, havanın haldan-hala düşməsi, üstəlik də bəzən əttökən, bəzən insanı özündən çıxaran, bəzən də ürəkdən gülməyə, az qala qəşş etməyə səbəb olan hadisələr, səbəblər öz çalarlarıyla mənim də ovqatımı sarı simdə kökləyir. Zarafat deyil, günün  ən gülməli və ən əttökən xəbəri, yəni ərlərin arvadlarının yemək barəsində söylənilən fətva dünyanın ya barmağa dolandırılmasıdı, ya da yerin öz oxundan çıxması… Amma hər nədisə bu insan düşüncəsi, insan əxlaqıdı. Mən də həmin o düşüncənin, o əxlaqın son günlər mediada, çayxanada, nə bilim marşrutda və hər yerdə insanları bir nöqtəyə dəvət etdiyini müşahidə edə-edə ağlımdan keçirirəm ki, görəsən müəyyən bir formada Qarabağla bağlı fətva veriləsydi bu qədər qızğın müzakirələrə səbəb ola bilərdimi? Açığını deyim ki, heç inanmıram. Amma hər halda Qarabağla bağlı hansısa bir fətvanın verilməsinə yaman ehtiyac var!..

Yazını hardan başlayıb hara gəlib çıxdım - onu düşünə-düşünə mətləb üstə qayıtmaq istəyirəm. O mətləbin ki, onun arxasında, daha doğrusu onun mayasında təkcə hiss, həyəcan, duyğu deyil, həm də gerçəklik dayanır. Gerçəklik isə həmişə haqlı və qalibdi. Mən  zaman-zaman düşünüb sonda birmənalı şəkildə inandım ki, Allah insanın qəlbinə nəyi və necə əkirsə, o da məhz həmin formada cücərir, göyərir. Ancaq ətrafdakılar, olan həmlələr, hətta bilərəkdən və yaxud da təsadüfdən yönəltmələr bu göyərəni ya vaxtından tez soldurur, ya da onu qol-budaqlı edir. Məhz bu prizmadan baxanda tam anlayıram ki, ürək təkcə bir parça ət deyil. O həm də insanın, onun yaşadığı cəmiyyətin, onun ailəsinin və ümumiyyətlə bütövlükdə insanlığın bütün yükünü çəkməyə gücü, dözümü, qüdrəti yetən bir varlıqdı, bir canlıdı, bir bütövlük deməkdir. Ola bilsin ki, mən ürəyin nə olduğunu bütünlüklə ifadə edə bilmədim. Hər halda  az-çox anlada bildiyimə şübhə etmirəm. Düşünürəm ki, elə mənim də, sənin də, elə bizim hamımızın da sığındığı, tapındığı, məni də, səni də, elə bizi də yaşadan, özü ilə mənzil başına aparan məhz ürəkdi. Deməli, hər şey üçün Allahdan sonra ürəyə minnətdar olmaq gərəkdi. Və…

 

Mən

bugünə qədər

nə yaşadımsa

hər anım üçün

sənə borculyam…

Sən

bu  dünyada

nə yaşadınsa

hər anın üçün

Tanırya minnətdarsan…

Mən

həyatımın

hər anını

canım,

səndə tapdım

sən

həyatının

hər anını

və onun mənasını -

Tanrıda!

Deməli,

mən səni sevəndə

sən mənim

həyatım,

hər anım,

canım olanda -

Tanrını da sevmişəm.

Amma

sən

Tanrıdan başqa

kimi sevmisən?!

mən onu bilməmişəm…

 

*** 

Bütün

 xoşbəxtliklər nisbidi. Elə bütün bədbəxtliklər də. Bu nə aforizmdi, nə də yeni bir fikir. Bunu min illərdi deyirlər və mən də həmin o deyilən, eləcə də həyatda təsdiqini tapan fikrin əlindən tutub illərdi ki, yol gəlirəm. Özü də yolboyu həmişə düşünmüşəm, götür-qoy etmişəm. Anlamağa və anlatmağa çalışmışam ki, mənim də xoşbəxtliyim olub - uşaqlığımda, kəndimdə, elimdə, obamda… Mənim də bədbəxtliyim olub - uşaqlığımın izləri yananda, elimdə, obamda, kəndimdə qaçqınlıq, didərginlik, ağrı-acı, şəhidlik hakim olanda. Yəni bu millətin bir qaçqın sıra nəfərinə çevriləndə… Mənim də xoşbəxtliyim olub - bir gecəqonluya sığınıb, ailə-uşağı başıma yığıb baba olanda… kitablarım, yazılarım işıq üzü görəndə… Mənim də bədbəxtliyim olub - yurddan uzaq yerlərdə düynasını dəyişən doğmaları dəfn etmək üçün məzarlıq axtaranda, ağrılarla vuruşanda, ən əsası isə uzaqdan görüb, gedə bilmədiyim kəndimə həsrət-həsrət baxanda…

Deməli, xoşbəxtliklə bədbəxtliyin yanaşı dayandığını mənim timsalımda görə bildiniz. Bax elə həmin o gördüyünüz nöqtədə dayanıb mən də hər kəsə baxıram və özümə inandığım kimi inanıram ki, bütün həyatını xoşbəxt və yaxud bədbəxt yaşamış və yaxud da yaşayan bir Allah bəndəsini kimsə mənə göstərə bilməz. Və inanın ki, hətta ağlımdan gəlib keçir ki, heç mələklər də bütünlüklə xoşbəxt deyil. Çünki onlar göy üzündən, Tanrının yanından yerə, adamların arasına hər dəqiqə gələ bilmirlər. Onların da bir növü proqramlaşmış həyatları var. Deməli, bütün azadlıqlar da sən demə nisbidi. Təkcə nisbi olmayan etiraf edək ki, böyük Füzulinin də göylərə qaldırdığı və göylərin mehrabı adlandırdığı eşqdi, sevgidi. Çox şükür ki, həmin o göylərin mehrabı da insan ürəyinin, insan ağlının, insan duyğularının həm məhsuludu, həm də ifadəsi. Ona görə də dünyanı xilas edən gözəlliyin də şah damarı sevgi sayılır. Çünki gözəlliyə sevgi ilə baxmasan ondan ləzzət ala bilməzsən, hətta onu heç görməzsən də!..

Hə, yazın bu çağında, ruhumuzun qanadlı, duyğularımızın həsas məqamında xoşbəxtliklə bədbəxtliyi müzakirə etmək, onu hansısa bucaqlar altında gözdən keçirmək bəlkə də  doğru deyil, yalnışlıqdı. Amma etiraf edim ki, mən son vaxtlar içimdə bu dünyaya, onun adamlarına, onun daşına, torpağına, suyuna, ağacına, bir sözlə, bütün mövcud olanlara bir az başqa cür, yəni həsrətlə, acgözlüklə, lap elə son dəfə baxırmış kimi baxmağa başlamışam. Bunun müəyyən səbəbləri özümə bəllidi. Amma anlaya bilmədiyim bir şey var. Görəsən min il bundan öncə olduğu kimi min il bundan sonra da həmin o göylərin mehrabı öz yerində qalacaqmı?

Deyəsən, qəliz, dolaşıq sual oldu. Amma nədənsə mən sualın qəlizliyindən yox, onun cavabının bitkinliyindən, inandırıcı olmasından narahatam. Yəni məni inandıra biləcək bir cavabı tapa bilməməkdə əziyyət çəkirəm. Düzdür, köməyimə sözlər. Misralar, kağız-qələm çatır. Və mən də onlara söykənib özümü unuduram. Necə deyərlər, başımı qatıb duyğuları, hissləri yola verirəm. Bu isə bir növü özü özünü aldatmaq kimi bir şeydi. Amma həyatda fərqli nüansların da olduğuna inamsız deyiləm. Axı fərdlər qədər də inamlar və baxışlar var. Elə bəxtəvərliyə və bədbəxtliyə olan baxışlar, yanaşmalar kimi.

Bu yerdə yadıma könlümün atlanan vaxtı sənə yazdığım misralar düşür. Çünki elə onda sən də, eldə mən də bəxtəvər idik.

 

Yerişi bir nağıldı -

Nağıldı bəxtəvərin!

Təmənnasız aldığı -

Ağıldı bəxtəvərin!

 

Baxmadan sağa, sola

Xoşbəxtliyi,- qol-qola

Addımladığı yola -

Yağırdı bəxtəvərin!

 

Söz gərək, söz yazıla

Bu yer, bu göy qızına…

Allah özü nazına -

Baxırdı bəxtəvərin!..

 

***

Bütün ömrüm boyu heç kimin var-dövlətini, qazancını, yəni pulunu saymamışam… Heç kimin villasının, sarayının, bahalı maşınının, həyat tərzinin həsədini çəkməmişəm və həmişə də Allahıma dua etmişəm ki, kimin nəyi varsa, sağ canla istifadə etsin. Amma indi boynuma alım ki, mənim də içimdə bir həsəd hissi var. O hissi ən çox yaz, yay fəsillərində dişimlə sıxıb ürəyimin bir güşəsində əsir saxlayram. İstəmirəm ki, onu kimsə görsün,duysun. Amma əlimi ürəyimin üstünə qoyub yenə and içirəm ki, bu həsəd kiminsə ünvanına, kiminsə qazancına deyil, bu sadəcə mənim bir insan kimi Allahdan gələn haqqımdı… Mən kənd həsədi çəkirəm, həyət-baca həsədi yaşayıram. Elə istəyirəm ki, şənbə-bazar olanda mən də qaçıb gedim kəndimə. Həyətimdə bir ağac əkim, bir gül budayım, bir lək göyərti səpim… Amma gedən yerim yoxdu… hərdən dostlar bu həsədimi bildiklərindən məni özləriylə kəndlərinə aparırlar və yaxud da kəndi, onun narahat yollarını gözdən salmaq üçün müxtəlif fikirlər səsləndirirlər. Çalışırlar məni o həsəddən uzaqlaşdırsınlar. Lakin mən tam çılpaqlığı ilə hələ  o dostları başa düşə bilmirəm. Anlaya bilmirəm ki, onlar niyə kənddən, torpaqdan daha çox asfalta meyl edirlər? Nə görüblər bu göydələndə? Nə tapıblar bu "karopka" evlərdə?

Hə, yəqin ki, bu yazımı oxuyanda həmin o mövzunu təkrar-təkrar müzakirə etdiyim dostlarım hücuma keçəcəklər, təzə arqumentlər qoyacaqlar ortaya. Olsun! Mən öz içimi, yəni ürəyimin həsədini onlardan gizlətməmişəm. Sadəcə, onların bir fikri məndə ümid yeri qoyub. Onlar deyirlər ki, kəndə qocalanda getmək lazımdı ki, əl-ayağa dolaşmayasan. Nə deyirəm, təki ağrısız-acısız, normal bir qocalığın qapısını döyə bilsinlər. Mən oldum-olmadım onda kəndin nə demək olduğunu yaşayıb bilərlər. Və…

Bəli, mən bütün yazı boyu çalışdım ki, bir insanın, xüsusilə bir ruh adamının indiki durumunu, indiki görünən və görünməyən halını bir az diqqətə təqdim eləyim. Yəni bizim gerçək həyatımızın görünən və görüməyən tərəflərini azacıq qabardım. Bilmirəm, bu istəyim çin oldu, yoxsa yox. Şəxsən mən insan əti yemək, xüsusilə fətvası verilən ətin dadına baxmaq fikrindən çox-çox uzağam. Eyni zamanda həm də mən mehrabı göylər olan eşqin daşıcısıyam. Elə ona görə də bu yazını xoş ovqatla, yəni sənə ünvanladığım misralarla bitirmək istəyirəm.

 

Səssizliyin içində

Səssiz qala bilmədim…

Səssizliyin içindən

Səssiz ala bilmədim -

Səni!

 

Sükutun caynağında

Fikrə dala bilmədim…

Sükutun caynağından

Çəkib ala bilmədim -

Səni!

 

İçimdən qaçan özüm

Tənhalığa çəkildim…

Axtaranda gördüm ki,

Ürəyimə əkirdim -

Səni!

 

Hə, bu yazı kimlərin ürəyinə azacıq da olsa sevgi toxumu səpə bildisə, deməli, yazmağa və oxumağa dəyər...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-20
2020-09-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK