SON DƏQİQƏ:

DüYüNçƏ

  30983   |  
Şriftin ölçüsü  
Hərdən məni dostlar-tanışlar qınayır, ən çox da yazılarıma görə. Və iradlarının da bir səbəbi arxaik sözləri, yəni az işlənən, unudulmaqda olan, daha çox əyalətlərimizdə işlədilən sözləri öz yazılarıma gətirməyimdi. Bilmirəm onlar nə qədər haqlıdı, amma mənə elə gəlir ki, söz əgər sənin duyğunu, istəyini özündə əks etdirirsə, mütləq ona nəfəs vermək lazımdır. Onu unudulmağa, ölməyə qoymaq olmaz. Bax, elə düyünçə sözü kimi.
   
   Bu günkü kimi yadımdadı. Yadımda olmaqla yanaşı, həm də yaşlı bir qadın görəndə dərhal gözlərimin də önünə gəlir. Daha çox da kənd rayonlarımıza yolum düşəndə. Köhnə kişilərin dili ilə desək, əl boyda uşaq idim, nənəm təqaüd alırdı. O zamanlar təqaüdü poçtalyonlar gətirib evlərdə sahibinə çatdırırdılar. Nənəm yazı-pozu bilmədiyindən poçtalyon onun əlindən tuturdu, o da qan-tər içində (həmişə də belə olurdu, sonradan bunun səbəbini birtəhər özündən öyrəndim. Bildim ki, poçtalyon cavan oğlan olsa da, nənəm ondan utanırdı, naməhrəmliyinə görə, özü demişkən arranırdı. İkincisi də barmaqları qələm tuta bilmədiyindən xəcalət çəkirdi - Ə.M) iki-üç əyri xətt çəkirdi. Bu da olurdu onun imzası. Sonra da poçtalyon onun 21 rubl təqaüdünü bir-bir sayırdı. Nənəm həmin pulları götürəndən sonra üsütündəki o bir manatlığı yavaşca qaytarıb qoyurdu poçtalyonun imza çəkdirdiyi kartın üstünə və yavaş bir səslə "halal xoşun olsun" deyirdi. Təbii ki, poçtalyon təşəkkür edirdi, guya ehtiyacı olmadığını bildirirdi, amma pulu elə ustalıqla götürürdü ki, qıraqdan ona baxanda məni gülmək tuturdu. Hər dəfə də nənəm mənə göz ağardırdı. Hətta bir dəfə ayaqqabısının bir tayını çıxarıb dalımca selbələdi də...
   
   Mən onun niyə belə etdiyini anlaya bilmirdim. Bilmirdim ki, poçtalyona gülmək olmaz, yoxsa?.. Amma sən demə, həqiqətən də özündən yaşca böyüyə gülmək və bir də bu cür ustalıqla verilən rüşvətə göz qoymaq nənəm üçün bir növü ədəbsizlik sayılırmış. Nə isə...
   
   Deməli, nənəm təqaüdünü alandan sonra əlini salırdı qoltuğuna, alt köynəyinin harasındansa güllü bir dəsmal çıxarırdı. O dəsmalı açırdı, arasında düyünlənmiş, bir az nimdaş dəsmal da görünərdi. Mən bilirdim ki, güllü dəsmal onun rəhmətlik qardaşının nişanəsi idi. Ömrünün sonuna kimi onu özündə saxladı. İkinci dəsmal, yəni düyünçə isə onun pul kisəsi idi. Nənəm hər dəfə təqaüdünü alanda təzə şax pulları düyünçənin içinə qoyurdu, orda bir az, əzilmiş, şaxlığını itirmiş manatlıqdan birini verirdi mənə. Mən də qaçırdım mağazaya, ona bir kilo "şüşə" konfet alıb gətirirdim. O da konfeti dərhal qoyurdu döşəkçəsinin altına, onu da bizə gələn uşaqlara paylayırdı. Guya şirinlik verirdi. Bir az ağlım kəsəndən sonra başladım nənəmin bir manatından kəsməyə. 70-80 qəpiklik "şüşə" konfet alırdım, qalanı da olurdu mənim kino pulum. Bax, düyünçəni ilk dəfə onda belə hörmətli görmüşdüm. Görmüşdüm ki, o düyünçə necə hörmətlə çözülür, onun içindəki pullar necə təmkinlə xərclənir...yəni bizim evdə nənəmin düyünçəsi uşaqlar üçün çox matah, qiymətli bir şey idi. Lap sonralar görürdüm ki, nənəm bayramlarda da balaca paylar düzəldib onu da güllü yaylıqlarla düyünçə kimi bağlayıb bizlə qonşuya, qohuma göndərir və hər dəfə də deyirdi ki, bu düyünçəni apar filankəsə çatdır. Bir sözlə, düyünçə mənim yaddaşımda bu cür qalmışdı...
   
   Amma illər keçdi. Həyatın bərkinə-boşuna düşməyə başladım, gülməklə yanaşı, ağlamağın da nə olduğunu canımda-qanımda hiss etdim və gördüm ki, mənim də ürəyimdə düyünlər, düyünçələr əmələ gəlməyə başlayır. O düyünləri, o düyünçələri özüm özümlə qalanda nənəmin həmin o güllü dəsmalı kimi açıb qoyuram qarşıma və başlayıram çözməyə. Amma təəssüf ki, bu çözüm nə ətrafıma, nə də mənə sevinc gətirmir. Əksinə, istər xatirə düyünçəsi olsun, istərsə də ağrı-acı düyünçəsi. Hamısı başdan-başa göz yaşıdı, sızıltıdı...
   
   
   
   ətrafımda bir boşluq,
   
   ürəyimdə ağrı var.
   
   bir-biriylə danışıq-
   
   aparırlar ağrılar...
   
   
   
   bütün səsim, hüququm
   
   təslim olub ağrıya.
   
   indi ehtiyacım var
   
   nəfəsin tək sarğıya.
   
   
   
   ətrafımdakı boşluq,
   
   sıxır məni dişiylə.
   
   çiling-ağac oynayır-
   
   dərd, mən boyda kişiylə!..
   
   
   
   ***
   
   
   
   Son günlər respublika ərazisində hava şəraiti əməlli-başlı dözülməz olub. Baş açmaq olmur ki, payızdı, yoxsa yaz. Bir anda elə soyuq külək əsir ki, qış da adamın yadına düşür. Yağış da ki... o məşhur filmdə deyildiyi kimi, ucundan tut göyə çıx. Belə bir qeyri-sabit hava şəraitində şəhərin küçələrinin suyu adamın az qala dizinə çıxır. Yolu keçmək üçün daha şalvarın balağını qatlamağa ehtiyac qalmır. Çünki faydası yoxdu. Eləcə bir təhər hoppana-hoppana bu gölməçələrdən keçib getməyə çalışırsan...
   
   Açığını deyim ki, yağışlı havanı çox sevirəm. Ən çox da narın yağış yağanda. Yaxın dostlardan, doğmalardan biriylə söhbət edə-edə yağışın altında gəzmək mənə xüsusi ləzzət verir. Təəssüf ki, Bakı yağışı, Bakı küləyinin günahı üzündən heç vaxt narın olmur. Mütləq külək yerdən nəyisə götürüb üzünə-gözünə çırpmalıdır. Ona görə də bilmirsən iki əllə çətirini tutub saxlayasan, yoxsa qoluna girdiyin kimsənin yıxılmamasına kömək edəsən. Bu da ki, öz-özlüyündə yağışın ləzzətini tamam alt-üst edir...
   
   Ötən həftənin son istirahət gününü doğmalarım yaşadığı qaçqın şəhərciyində keçirməli oldum. Həmin günlərdə yağış elə yağırdı ki, özümü doğulduğum kənddə olduğum kimi hiss edirdim. Tuğda da yağış bu cür, heç kimin xətrinə dəymədən yağırdı və heç kimin xətrinə dəymədən başladığı kimi dayanırdı. Bəzən bizə elə gəlirdi ki, həmin yağış heç vaxt yağıb qurtarmayacaq və biz də o yağışın altında bütün ömrümüz boyu gəzəcəyik. Təbii ki, bütün bunlar uşaq duyğuları, uşaq düşüncələri idi. Həqiqət isə Tanrının ixtiyarında, təbiətin qanunlarında idi.
   
   İndi həmin qaçqın qəsəbəsində, yağışın altında düşüncələrə dalarkən qulağıma tanış bir səs gəldi. Hiss etdim ki, kimsə doğmalardan biri əsəbiləşib və o birisinə irad tutur ki, "sən də öz dağarcığını gətirib bizim çuvala tay edirsən". Bilmədim ki, söhbətin mayasında nə var idi, amma bu atalar sözü məni bir balaca silkələdi. Bildim ki, bu gün artıq az qala unudulan, şəhərlərdə ümumiyyətlə yada düşməyən "dağarcıq", "çuval" zamanı da olub və mən də o zamandan keçib gəlmişəm. İndi dağarcığı da, çuvalı da selofan kisələr əvəz edir. Doğrudur, son vaxtlar mətbuatda belə bir fikir söylənilir ki, həmin selofan kisələr, plastik qab-qaşıqlar müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bunun nə qədər həqiqət olduğunu deyə bilmərəm, bu başqa bir mövzudur. Lakin bir şey mənə gün kimi aydındır ki, selofan torbalar, kisələr Azərbaycanı "işğal" edib, ən çox da Bakını və ətrafını. Şəhərdə hansı tərəfə üz çevirsən, hansı ağaca boylanıb baxsan budaqlarında ən azı üç-dörd selofan torbanın yelləndiyini görə bilərsən. Bu da şəhərimizin bir bəzəyidir.
   
   Bu yağışın altında bir qəriblik hiss etdim, tənhalıq duydum. Və həmin anda könlümdəki o köhnə nimdaş düyünçələr çözülməyə başladı... İlahi, görəsən insan qədər dözümlü dünyada başqa bir varlıq, lap elə əşya varmı? Biz nələrə dözmürük?..
   
   
   
   qərib olmaq təklənməkdi
   
   şum yeri tək ləklənməkdi
   
   kədər üstə köklənməkdi-
   
   mən qəribəm, qərib indi...
   
   
   
   canım aha bükülübdü
   
   ucuz-baha bükülübdü
   
   belim daha bükülübdü-
   
   mən qəribəm, qərib indi...
   
   
   
   yol dirənib çatıb sona
   
   girmək gecdi təzə dona
   
   ay məni incidən sona-
   
   mən qəribəm, qərib indi...
   
   
   
   bax halıma, günümü gör
   
   yarı soyumuş külümü gör
   
   öz verdiyin zülümü gör-
   
   mən qəribəm, qərib indi...
   
   
   
   yerdə dizim, haqda əlim
   
   gətirmir heç, baxtda əlim...
   
   quru cismim, taxta əlim-
   
   mən qəribəm, qərib indi.
   
   
   
   ***
   
   
   
   Hərdən deyirlər ki, "yüyürüb yortmaqla deyil, gərək adamın naxışı gətirsin". Mən əvvəllər bu deyimə o qədər də fikir verməzdim. Amma yaşlaşdıqca görürəm ki, mənə qalan elə o yüyürüb-yortmaq olubdu (yəqin ki, "yortmaq" sözünün də arxaiq olduğunu və mənasını bilirsiniz - Ə.M). Çünki bu yaşa qədər ancaq qayğıların, ağrı-acıların çiyindaşı, sirr yeri, bir az da təbliğatçısı olmuşam. Yəni yaşadığımı, gördüyümü yazmağa, danışmağa meyl göstərmişəm. Bilirəm ki, bunu mənə irad tutanlar da var. Amma neyləyim ki, mənim də xəmirim həmin o ağrı-acılardan yoğrulub...
   
   Sinəsi düyün-düyün olan göy üzünə də baxıram, yarpaqları soluxmuş, gövdəsində düyünlər göz oxşayan ağaclara da göz qoyuram... və mənə elə gəlir ki, Xəzərin də ləpələri bir-birinə düyünlənib. Hətta mən onu da özüm üçün qərarlaşdırmışam ki, sözlər də bir-birinə təkcə calanmır, həm də düyünlənir. O düyünləri açmaq məsləhət deyil. Çünki pərən-pərən düşər onda, sözlər bir-birindən. Küləklərin cənginə aldığı xəzəl kimi...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK