SON DƏQİQƏ:

YAD QIZI

  37193   |  
Şriftin ölçüsü  
Kim evinə gəlin gətirirsə sevinir ki, mənzilinə işıq gəlir. Düzdü, təzə gəlin qapını açıb içəri girəndə əvvəlcə onun ayağının altına boşqabdan və nəlbəkidən atırlar ki, sındırıb içəri keçsin, bundan sonra gənclərin xoşbəxt anları başlasın. Burda elə bir qaranlıq məsələ qalmır. Amma bircə hər şey yeni ailə quran cavanların ümidinə qalır. Yəni bilmək olmur ki, bu ailənin axırı xoşbəxtliklə qurtaracaq, ya yox?!
   
   Gəlinlər evə gələndən sonra əsl çətinliklər başlayır. Yəni bir-birinə can deyən və bir-birinin yolunda canından keçmək istəyən qardaşlar arasında əvvəlki isti münasibətlər zaman-zaman soyumağa başlayır. Və günlərin birində hətta bu qardaşlar bir-biri ilə küsülü çıxır, toyda-bayramda belə bir-birinin qapısını açıb görüşmürlər. Əvvəlki ata ocağının istisindən və hərarətindən artıq bir şey qalmır. Sönən ocaq kimi sonuncu közlər də yavaş-yavaş öləziməyə başlayır.
   
   Bir dəfə rəhmətlik atam biz qardaşlardan (üç qardaş idik, biri rəhmətə gedəndən sonra ikimiz qalmışıq) soruşdu ki, siz bir-birinizlə mehribansınız? Üçümüzdə bir ağızdan dedik ki, hə, çox mehribanıq. Atamsa dedi ki, siz mehriban deyilsiniz. Mehriban olmağınızı ailə qurandan sonra görmək olacaq. Rəhmətlik kişi o qədər gözəl demişdi ki, bu gün də həmin sözlər qulağımızda sırğa kimi qalıb. Düzdü, biz ailə qurandan sonra da mehriban qardaşlar olmuşuq, amma yenə yad qızları müəyyən zamanda öz işlərini görüb, aramıza su aşırıblar. Amma bu su uzun müddət qalmayıb.
   
   Yad qızları gələndən sonra bir çox evlərdə mehribanlıq və istilik əriyib gedir. İş o yerə çatır ki, nə qardaş bacını, nə də bacı qardaşı görmək istəyir. Hətta biri övladına toy edəndə xala-xətrin qalmasın o biriləri toya gəlsə də o dəqiqə hiss olunur ki, qardaşlar və bacılar arasında bir soyuqluq var. Ancaq o gəlinlər onu bilmir ki, nə vaxtsa onların da qardaşları evlərinə gəlin gətirəcək və həmin gəlin də isti ocaqda soyuqluq yaradacaq. Biz demirik ki, bütün gəlinlər araqarışdıran və isti ocağa soyuqluq gətirən insanlardı. Lakin onların da arasında elələri var ki, gəlin gələndən sonra evdəkiləri boğaza yığır, nə qayınata sayır, nə qayınana sayır, nə də böyük-kiçik bilir. Elə hansı hava ilə gəlin gəlibsə, o hava ilə də hərəkət eləyir, öz bildiyindən əl çəkmir, ara qarışdırır, evdəkiləri bir-birinə vurmaqla sanki nəyəsə çatmaq uğrunda mübarizə aparır.
   
   Rəhmətlik Dədə Qorqud deyib ki, mən dörd şeyə ad verərkən düz qoymamışam. Gərək ayrana doyran deyəydim, gəlinə ayran deyəydim, iynəyə tikən deyəydim, tikana da sökən deyəydim.
   
   Deməli, Dədə Qorqudda gözəl bilib ki, gəlin evə gələndən sonra hər şey dəyişir və tamamilə başqa bir aura yaranır. Amma sirr deyil ki, bəzən elə gəlinlər olur ki, onun gəlişi ilə ər evinə ruzi, xeyir-bərəkət və istilik gəlir. Təəssüf ki, bu cür gəlinlər barmaqla sayıla bilər. Ən azından ona görə ki, indiki gəlinlərin böyük əksəriyyəti gəlin gedəndən sonra sanki evdə ağalıq eləmək istəyir və heç kimin sözünü eşitmək istəmir. "Qaynana" filmində qaynana (xalq artisti rəhmətlik Nəsibə Zeynalova) deyir ki, gəlin mənim süpürgəmdi, harda qoysam orda durmalıdı. Amma indiki gəlinlərsə deyir ki, qaynana mənim süpürgəmdi, mən nə desəm o susmalı və nazımla oynamalıdı. Nazı ilə oynamırsa, onda o gəlin bir az yumuşaq qaynananın başına elə oyunlar açır ki, qayınana yarandığına peşiman olur. Hətta bu cür gəlinlər az bir müddətdə ananı və atanı oğulun gözündən salır. Oğul da deyir ki, iti görüm, qurdu görüm anamı-atamı görmüyüm. Əgər bu cür gəlinlər ananı, atanı oğulun nəzərində belə gözdən sala bilirsə, onda görün qardaşı, bacını və digər yaxın qohumları hansı asanlıqla hörmətdən salmaq olar.
   
   Mənim tanıdığım çox namuslu, qeyrətli bir qadın var. 23 yaşı olanda həyat yoldaşını faciəli surətdə itirib. Bir üzü qız, bir üzü gəlin olan qadın yetim qalmış üç yaşlı qızını və bir yaşlı oğlunu gecə-gündüz yatmadan işləyib çörək pulu qazanaraq boya-başa çatdırıb. Hətta uşaqlarına ali təhsil də verib. Oğlu da bu gün yaxşı yerdə işləyir. Amma ömür boyu əzab-əziyyət çəkən və dişi-dırnağı ilə balalarını böyüdən bu qadın indi tək oğlunun evinə gedə bilmir. Deyir ki, oğlum evlənəndn sonra elə dəyişib ki, heç elə bil mənim övladım deyil. Aylarla, illərlə qapımı açmır. Adi bayram günlərində gəlib mənimlə bayramlaşmaq istəmir. Yenə anayam ürəyim dözmür, paydan-pürüşdən düzəldib gedirəm oğlumun evinə ki, rəhmətlik ərimin adını daşıyan iki yaşlı nəvəmlə görüşüm. Onda da gəlin mənə bir sifət göstərir ki, gəl, görəsən. Bax, qalıram yana-yana. Bilmirəm, dərdimi kimə deyim. Əsəblərim pozulub və tez-tez xəstələnirəm. Hətta xəstə olanda belə oğlum gəlib mənə dəymir, qonşuların ümidinə qalıram. Gəlinlər bu cür oğulları nə cür ovsunlayıblarsa, onlar doğma analarından belə üz döndərirlər. Onsuz da analar övladlarının xoşbəxtliyi naminə bu cür əzab-əziyyətlərə dözməyə məcbur olurlar. Amma bu oğullar onu fikirləşmir ki, 9 ay anası onu bətnində gəzdirib. Dünyaya gətirəndən sonra gecələr yatmayıb, ona laylay deyib. Deyib ki, oğlum böyüyər, mənə arxa olar. Ancaq oğlu böyüyüb ona arxa olmaq əvəzinə, dəyirman daşı boyda bir dərd olub. Bəziləri də bu dərdi uzun müddət içərilərində çəksələr də, günlərin birində dəyirman daşı kimi ağır dərdə dözə bilməyib dünyasını dəyişir. Anasının ürəyini partladan oğul heç onda da ayılmır. Elə bilir ki, həmişə kefi kök olacaq və həyat yoldaşı ilə rahat həyat tərzi sürəcək. Amma onu bilmir ki, anasına hörmət eləməyən, atasını saymayan oğlu heç vaxt xoşbəxt ola bilməz. Çünki nə vaxtsa onun da qabağına özü kimi övlad çıxacaq və həmin övlad da onun başına o oyunları açacaq. Yəni gəlin onun başında turp əkəndə həmin övlad da ona göz yumacaq.
   
   Bizim millət yara, sevgiliyə o qədər vurğun olub ki, hətta bəzi hallarda atasını, anasını və əzizlərini ona qurban vermək istəyir. Bir mahnının sözlərində belə bir misra var:
   
   
   
   Atadan, anadan
   
   Yar şirin olar, şirin...
   
   
   
   İndi siz buna baxın. Görün, bu mahnının sözləri o fərsiz oğullara, anasını təpiyinin altına salıb döyən övladlara necə də gözəl yaraşır. Görəsən, atadan, anadan şirin olan yar axırda ona hansı xəyanətlər edəcək? Bilmək olmur ki, bu mahnının sözlərini yazanda şair nə fikirləşib? Amma onu bilmək olur ki, bizim gənclər bir mini yubkalı qadın görəndə nəinki ona, ata-anasını, hətta özünü belə qurban vermək istəyir. Başqa bir mahnının sözlərində isə deyilir:
   
   
   
   Anam sənə qurban,
   
   Ay sarıköynək...
   
   
   
   Qardaş, ananın günahı nədir ki, sən ananı sarıköynəyə qurban deyirsən. Yaxşı özünü qurban de, bunu başa düşək, mal-dövlətini qurban de, bunu da anlayaq. Tay durub hər hansı bir sarıköynəyə görə ay Allah evini tiksin, ananı niyə qurban verirsən? Elə bəzi oğullar ilk gündən ananı sarıköynəklərin, gəlinlərin ayağına verirlər. Yəni gəlin deyəndə ki, sənin anan məni incidir, gün verib işıq vermir, oğul da buna inanır, sonra başlayır anasını burunlamağa. Yazıq ana evə gələn təzə gəlinə yol-yolağa öyrədir ki, ay qızım, ata evində necə olmusan özün bilərsən, amma bizim evdə qayınatana, qayınanana, baldızlarına və qayınlarına hörmət elə, bərkdən gülmə, bərkdən danışma. Gəlin də bu nəsihətlərdən nəticə çıxarmaq əvəzinə olur qayınanana ilə düşmən. Və həmin gündən evdə dığ-dığ başlayır, nə başlayır. Heç kimin sözü heç kimin boğzından keçmir. Hər addımbaşı tikanlı sözlərlə gəlin qayınanaya sataşır və bəzən heç onun qabağına çaydan-çörəkdən qoymaq istəmir. Hətta bəzi gəlinlər deyir ki, qayınanamdan iyrənirəm. Çünki ondan mal-qoyun iyisi gəlir. Tay o gəlin bilimr ki, o mal-qoyunu saxlamaqla o qayınana və qayınata neçə oğul və neçə qız böyüdüblər. Elə onun əri də bu mal-heyvanın hesabına ev-eşik tikib və adam olub. Bax, onda heç olmasa oğul qeyrətə gəlib demir ki, ay gəlin, sən düz eləmirsən. Əksinə, deyir ki, anam düz eləmir. Bundan da sonra hər şey itir və ev-eşikdə gəlin hegemonluğu başlayır. Gəlin də ərinə deyir ki, mən nə desəm onu tutmalısan. Ya məndən yapış, ya da ata-anandan. Bivec oğullarda ata-anasından üz döndərib gəlinin anasına mama, atasına da papa deyir. İllah da ki, gəlinin atası varlı-hallı və imkanlı adam ola. İmkanlı adam oldu, onda oğlan evinin evi yıxıldı. Yəni həmin adam atasına, anasına oğulluq eləməyəcək. Möhkəm-möhkəm yapışacaq varlı və imkanlı qayınatasının ətəyindən. O vaxta qədər ki, ya ağlı başına gəlib ata-anasını axtaracaq, ya da qayınatası müflisləşib kasıblaşacaq.
   
   Bilirəm ki, bu yazım bir çox gəlinlərin xoşuna gəlməyəcək. Onsuzda yazı oxuyan kimdi. Onların xoşuna gəldi-gəlmədi, mən nə vaxtı gördüyüm və içimdə gəzdirdiyim hissləri və duyğuları qələmə aldım. Dedim ki, bəlkə bundan sonra bəzi gəlinlər haqqın yoluna qayıdıb qayınanaları ilə yola gedələr və evdə özlərini ataman kimi yox, gəlin kim aparalar.
   
   

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK