SON DƏQİQƏ:

HAVALANMIŞ ADAM

  30428   |  
Şriftin ölçüsü  
Hərdən eşidəndə ki, filankəs havalanıb, inanmırdım. Yəqin siz də eşidibsizin bu sözü, yəni havalanmaq sözünü. Amma mən artıq bu havalanmanın nə olduğunu artıq yaşadım və gördüm ki, doğurdan da insan havalana bilirmiş. Özü də hər şeydən - münasibətdən də, hadisələrdən də, zamandan da, lap elə dərddən də. Təbii ki, insan daha çox dərddən havalanır. Bax, bu mənada mənim də havalanmam elə dərddən oldu - içimə, varlığıma, ruhuma hakim kəsilmiş dərddən...
Hə, bir neçə günün söhbətidi. İşdə özümü çox narahat hiss edirdim. Hətta bir-iki dəfə dolabdakı təyziq aparatını çıxarıb özüm öz təzyiqimi yoxladım. Gördüm ki, həm ürəyimin, həm də qanımın təzyiqi yavaş-yavaş nəzarətdən çıxır. Dərman qəbul etdim. Bir az həmin o artım dayandı. Amma sonra yenə öz işini davam etdirdi. Növbəti bir dərman da... növbəti fasilə və yenə də davam. Elə bu vəziyyətlə də işin sonuna qədər dözüb dayandım. Sonra iş günü başa çatdı. Çox böyük bir missiyanı yerinə yetirmiş adamlar kimi mən də iş otağımın qapısını bağlayıb evə üz tutdum...
Bakının tıxac problemi sağalmaz bir yaradı. İndi özünüz təsəvvür edin. Qan təzyiqinin gətirdiyi baş ağrısı, gözlərin dumanlanması və üstəlik də tıxac. Belə bir vəziyyətdə yolu birtəhər qət edə bildim. Evə gəldim. Qapını üzümə açanda təccüblə baxdılar. Güclə salam verib birbaşa yataq otağına keçdim. Elə döşəmənin üstündəcə uzandım. Ağlıma ilk gələn o oldu ki, arxamca otağa daxil olmuş həyat yoldaşıma "zəhmətini halal et" deyim. Nə qədər etdim, dillənə bilmədim. Elə gözlərimi üzünə zilləyib baxırdım. O da əlimi ovcuna alıb heyrətlə üzümə baxırdı. Güclə də olsa hiss edirdim ki, kipriklərinin ucu islanır. Birdən əlimi buraxıb telefona tərəf qaçdı. Deyəsən təcili yardıma zəng edirdi. Sonra nələr baş verdiyindən xəbərim olmadı. Həmin gecə yuxumda Vahid Əlifoğlunu gördüm... Dəyərli dostumu... Ürəyimin həmişə axtardığı adamı... Kişi şairi!..
Vahid yuxuma gəlmişdi. Boyu, buxunu yerində idi. Sadəcə, paltarları bir az nimdaşlaşmışdı, bir də saçları pırpız idi. Hiss olunurdu ki, tələm-tələsik gəlib. Saçına daraq vurmayıb. İçəri girən kimi də ilk sözü bu oldu:
- Dur ayağa, gözləməkdən yoruldum. Həsənin yanında (həmişə oturub çörək yediyimiz kafeyə işarə edirdi - Ə.M.) kabab sifariş vermişəm. Çoxdandı vurmuruq. Gedək dərdimizi dağıdaq.
Mən onun üst-başına diqqətlə baxıb dedim:
- Vahid, bu geyimlə, bu görkəmlə camaatın içinə getmək olmaz axı. Gəl paltarını dəyiş, mən də hazırlaşım sonra gedək.
- Yaxşı, sənin təzə köynəklərindən birini ver, geyinim.
Yerimdən qalxıb köynək axtarmağa başladım. Bu vaxt onun bir az qəzəbli, bugünə qədər eşitmədiyim səsini eşitdim:
- Orda çox midiləndin. Vermək istəmirsən vermə, heç mən də çörək yeməyə getmirəm. Qalsın ayrı vaxta, iştahamı korladın - dedi və sağollaşmadan qapını arxasınca örtdü.
Yuxudan hövlank oyandım... Qan-tərin içində idim. Gözüm otaqda Vahid Əlifoğlunu axtarırdı. Görmədim. Oyandığımı hiss edən ailə üzvlərim də başıma yığışdı. Saatı soruşdum. Saat 4:00 idi. Mən onların hələ də yatmadığını görüb təəccübləndim. Səhərə hələ iki saat qalırdı. Yerimdən qalxdım və mətbəxə keçdim. Qarşıma bir stəkan çay qoydular.
- Yaxşıyam, narahat olmayın. Gedin yatın - dedim. Hər kəs öz yatağına tərəf çəkilib getdi. Mən Vahidlə tək qaldım. Bütün dostluğumuzun tarixini günbəgün, anbaan yaddaşımda təzələdim. Onunla axırıncı görüşüm, onunla son telefon danışığım, bir sözlə, hər şey bir kino lenti kimi keçdi gözlərimin önündən. Və təəssüfləndim. Təəssüfləndim ki, ona qoşulub getmədim. Axı o mənimlə oturub köhnə zamanlarda olduğu kimi yeyib-içmək, zarafat etmək, ədəbiyyatı, dünyanı müzakirəyə çıxarmaq istəyirdi. Mən isə onu tək buraxdım. Və əlim dəftər-qələmə tərəf uzandı.

Yuxuma gəlmişdin
yenə
həmin görkəmin də,
həmin ərkin də...
Yerində idi
kəsərli nitqin də,
sözün də...
Bir az
saçın uzanmışdı
pırpızlaşmışdı
Bir az da
kədər var idi
üzündə, gözündə...
Tələsirdin
elə bil
od almağa,
su dadmağa,
hava udmağa
gəlmişdin...
Amma dözməyib
mən də
soruşanda
bir anda
utanmışdım,
səninçün
darıxmışdım! - deyəndə...

***
Səhər açıldı. Necə deyərlər, mənim istəyimdən, iradəmdən asılı olmayaraq, həyat yenə qaynamağa başladı. Təbii ki, yenə işə tələsənlərin tıxac problemi və bu problemi yaşayan bəndələrdən biri kimi mən də könüllü şəkildə bu qaynayan həyata özümü atdım. İşə gəldim. Qapını açıb otağa girəndə diqqətimi bir şey çəkdi. İlk dəfə idi ki, yazı stolumun üstündə hər şey necə gəldi düşüb qalmışdı. Ortada da təzyiq aparatı. Yaddaşı bərpa olunan adamlar kimi gördüklərim məni dünənə çəkib apardı. Anladım ki, dünən mən başqa bir dünyanın qapısının ağzından geri qayıtmışam. Amma məni o yola vadar edən, o yola çəkib aparan səbəblərin, hadisələrin bəlkə də kimlərinsə baxış bucağında o qədər də əhəmiyyəti, mənası yoxdu. Ən azından ona görə ki, hər kəs öz çevrəsinə bir cür yanaşır, məsələyə özünün istədiyi, duyduğu kimi reaksiya verir. Üstəlik də hər kəsin özünə uyğun həssaslığı var. Bu mənada mənim əsəbimi oynadan, təzyiqimi oynadan, hətta məni havalandıran hadisələr ümumi baxışda, ümumi çəkidə bəlkə də milyardlarda birin hissəciyidi... Bəlkə də heç nədi. Amma neyləyim ki, mən havadan da nəm çəkirəm və bu çəkdiyim nəm də içimi də, ruhumu da, düşüncəmi də, davranışımı da, hətta yazmaq istədiklərimi də havalandırır...
Bəli, adətən belə məqamlarda mükəmməl bir ifadə var onu işlədirlər. Yəni "keçmiş olsun" deyirlər. Mən isə bunun keçmiş olduğuna, olacağına inanmıram. Ən azından ona görə ki, mən elə necə yaranmışam, necə varam, o cür də qalıram. Deməli, bu havalanma problemi mənim qalmağımla birlikdə mənim içimdə, yanımda qalır. O, artıq mənim bir əzamdı. Hətta onu kəsib atmaq istəsəm belə, bu mümkünsüz bir iş olacaq. Axı o, ürəyin əzalarından biridi. Ürəyi isə kəsib atmaq...
Hə, iş otağımda axşamdan dağınıq qoyub getdiklərimi yerbəyer edirəm. Təbii ki, yazı adamının əsas işi və bəlkə də ən çətin işi elə qələmlə vərəqi baş-başa gətirməkdi. Əgər qələmlə kağız danışmağa başladısa, onda ruhundan süzülənlər səni bir növü suya çəkir, yüngülləşdirir. Mən də neçə illərdi ki, özümü bu cür suya çəkdiyimdən qələmi kağızla görüşdürdüm və bir də gördüm ki:

Dərd çeynəyir içəridən
Dəlik-dəlik, oyuqdu...
Əlini qoy üstünə -
Ürəyimə soyuqdu...

Nuru sönür, azalır
Gözüm sanma qıyıqdı
Əlini qoy üstünə -
Gözlərimə soyuqdu...

Əlim qalxmır, titrəmir
Əl olmaqdan doyubdu
Əlini qoy üstünə -
Əllərimə soyuqdu...

***
İndi arxada qalan əvvəlki üç günü öz-özümə vərəqləyirəm və elə bilirəm ki, o vərəqlərin arasından nə isə tapıb çıxara biləcəm. Amma deyəsən özümü boş-boşuna yoruram, o vərəqlərin arasında heç nə qalmayıb. Yox! Yanılıram, orda nə isə qalıb. Ən azından mənim ailəmə yaşatdıqlarım, doğmalara, sevdiklərimə "hədiyyə" etdiklərim.
Bilmirəm, onlar buna görə məndən incidilər, küsdülər, yoxsa yox... məni bağışlayacaqlar, bağışlamayacaqlar... Amma bütün hallarda mən olanları bilərəkdən, düşünülmüş şəkildə, qəsdən etmədim. Mən çəkdiyim nəmdən havalandım və bu havalanmanın şah damarı da haqqım hesab etdiyim, umduğum, güvəndiyim gerçəkliyin, istəyin anlaşılmaması, reallaşmaması oldu. Və bunun zərbəsini də mən öz içimə qəbul etsəm də, içimdə sən də varsan və sən də bunu yaşadın. Sən həmin o içimdə olan duyğuların, istəklərin canlı şahidi, iştirakçısı, təşəbbüsçüsü və həm də onun daşıyıcısısan. Deməli, birmənalı şəkildə anlamaq lazımdı ki, baş verən bütün hadisələr təkcə bir ürəyə yox, həm də o ürəkdə olanlara zərbədi. Bax, bunu anlayanda, buna qarşılıq verəndə onda yaşamaq nisbətən, bəli, nisbətən asan olur. Çünki bu yaşam anlayış üzərində dayanmağa cəhd edir və təbii ki, bu cəhdin bütün hüceyrələri də elə anlayışın hüceyrələridi.
Elə bilməyin ki, bu fikirlərim hansısa bir fəlsəfi düşüncənin təkrarı və yaxud bənzəridi. Xeyr. Sadəcə mən bütün bu olanların içərisində kimin, nəyin hansı dərəcədə doğma olduğunu görə bildim. Hiss etdim ki, mənim üçün kim darıxır və bir də hiss etdim ki, mən olmayanda kim darıxacaq. Ona görə də hər şeyin ilkinini və o ilkin paklığını, saflığını bir daha içimdən çıxarıb gözümün önünə gətirdim. İstədim ki, onun da gözlərinin içərisinə baxım. Görüm o da mənim üçün darıxacaqmı?
İnanın, nə qədər diqqətlə baxsam da, oxuya bilmədim o gözlərin içini. Çünki o gözlərin içini bir qəm buludu örtmüşdü. Buludlar isə həmişə göy üzünü gizlədir, pərdələyir. Ona görə də mən ancaq həmin an sənə ünvanladığım şeiri pıçıldamağa üstünlük verdim.

Mənim içim ağlayır
İçimə təsəlli ver...
Üç övladım kövrəlib,
Üçümə təsəlli ver...

Bir qəribə köç oldu
Düşünməyim gec oldu...
Nəyim vardı heç oldu -
Heçimə təsəlli ver...

Axtar, ara, seçginən
Yurd-yuvasız köçkünəm...
Mən səninçün heç kiməm -
Heç kimə təsəlli ver!

Bitirdiyin, bitdiyin
Qucağına getdiyin...
Ötüb məndən, etdiyin -
Seçimə təsəlli ver!..

***

Hə, mən bütün bu yaşananları yazmaya bilməzdim. Ən azından Vahidin ruhu narahat olardı. Çünki o, mənim havalandığımı duyub ardımca gəlmişdi. Mən onun ruhuna baş əyməklə həm də içimi alt-üst edən kəslərə üz tuturam:
- Nə olar, oynamayın ürəklə! Oynamayın dünyaya ürəklə baxanlarla! Oynamayın duyğularla, sevgilərlə və bir də oynamayın özünüzlə! Siz də havalana bilərsiniz!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK