adalet.az header logo
  • Bakı -°C

Vətən təəssüratları 2025 - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
206 | 2025-12-22 09:28
A- A+

Gəzməyə də vətən yaxşı

Artıq dörd aya yaxındır ki, yay tətilimiz bitib. Hər il çalışırıq ki, yay tətilimizi Azərbaycanda keçirək. Bu il də fərqli olmadı. Şifahi xalq ədəbiyyatımızda, bayatıların birində:

… Gəzməyə qərib ölkə,

Ölməyə vətən yaxşı -  deyilir. Amma qürbətdə olanların bir çoxu, ilk fürsət düşən kimi, gəzməyə vətənə gəlir.

 

Təkrarçılıq olmasın

 

Adətən məmləkətdən qayıtdıqdan sonra “Vətən təəssüratları” adlı yazı yazardım, hətta bəzən silsilə yazılar. Bu dəfə yazmamışdım. Səbəblər içərisində həm də məmləkətdə elə bir dəyişiklik olmadığından idi. Nə yazım? Ötən illərdə yazdıqlarımı təkrar edim? Oxucular düşünməzlər ki, bu nədir, eyni şeyləri təkrar yazıb?  Halbuki bəzi şeylərin yaxşı istiqamətdə dəyişməsini arzu edərdim. Amma yenə də bu il bitməmiş təəssüratlarımı bölüşmək istədim.

 

İrəliləyiş varmı?

 

 

Məmləkətdə olanda görüşdüyüm dostların əksəriyyəti mənə bu sualı ünvanladı. Ötən illərdə, yay tətilində, məmləkətdə olduğum zaman sosial şəbəkələrin birindəki səhifəmdə “İrəliləyiş var” başlığı ilə silsilə statuslar yazdığım üçün. İrəliləyiş varmı? Olmasını istərdim. Məsələn, çox istəyərdim ki, Heydər Əliyev adına Hava Limanınındakı avtomobil dayanacağı sıra ilə nömrələnsin. Məsələn, 1 – ci, 2 -ci, 3 – cü, 4 – cü və.s. Sıralara ad da vermək olar. Məsələn, alma, armud və.s. Amma yoxdur. Kimsə avtomobilini park edir və sonra da tapmaq üçün xeyli axtarmalı olur. Bunu etmək o qədər çətindir? Deyil, məncə.

 

Təhlükə

 

Həm onlar, həm də sürücülər üçün. Kimdir “onlar”? Avtomobil yollarının kənarlarının təmizliyinə cavabdeh olan o zəhmətkeş insanlar. Səhər o başdan, havanın isti, yaxud da soyuq olmasından aslı olmayaraq, sürət yollarının kənarlarını süpürürlər. Bəzən yolu bir tərəfdən digər tərəfə belə keçirlər. Sözünü etdiyim yollarda isə sürət həddi yüksəkdir. Bunun nə demək olduğunu dərk etmək o qədər çətindir? Deyil, məncə.

 

Sürət yolunu bir tərəfdən digər tərəfə keçən tək onlar deyillər. Digər bir çox vətəndaş da həm öz həyatlarını, həm də baqalarının həyatını risqə ataraq sürət yolunu bir tərəfdən digər tərəfə keçirlər. Bəzən isə keçidin lap yaxınlğından. Lap yaxınlıqda olmasa belə, bir qədər əziyyət çəkib ən yaxındakı keçidə getmək və yolu ordan keçmək olmaz? Bu adamlar həm öz, həm də başqalarının həyatını rsqə atdıqlarının fərqində deyillər?  Deyillər, məncə.

 

Qaşqabaqlı üzlər

 

İnsanların bir çoxunun üzündə təbəssüm görmək olmur. Hətta dükanlarda belə, müştərilər ilə gülərüzlə danışmalı olanların belə bir çoxunun üzündə təbəssüm görmək, hardasa, mümkün deyil. İnsanlarda bir-birlərinə o qədər də böüyük inam olmadığını hiss etdim. Kimi dindirir, yazdıqlarımın səbəblərini soruşdumsa, əksəriyyəti gündəlik qayğıların çoxluğundan şikayət etdi.  İnsanları gündəlik qayğılardan azad etməyin yollarını tapmaq çoxumu çətindir? Deyil, məncə.

Yollar, yenə də yollar

 

   Yollardakı tıxaclar da ötən ildə olduğu kimi idi, artmışdı ki, azalmamışdı. Ancaq etiraf edim ki, yaxşı mənada azalan bir şey gördüm. Bu dəfə DYP məni cəmi bir dəfə saxladı. Ötən illərdə isə eyni müddətdə bu rəqəm bir qədər çox olurdu.

 

   Səkilərdə (olan yerlərdə), yeraltı, yerüstü keçidlərdə əlil arabası, uşaq arabası ilə olanlar üçün hərəkət etmək, yolu keçmək, yenə də ötən illərdə olduğu kimi, hardasa mümkünsüz görsənirdi. 

 

   Bakıdan çıxıb regionlara gedəndə də eyni durumlarla rastlaşdım. Məsələn, tualet problemi. Benzin doldurma məntəqələrində tualet var, insafnan desək. Amma hamısı “aziatski”,  bir çoxunda sabun yox, tualet kağızından söhbət gedə bilməz. Anladıq, müsəlmana “aziatski” tualet lazımdır, tualet kağızı isə gərək deyil. Axı məmləkətə turistlər də axın edir, ən azından AZTV – yə insansaq. Yenə də A. Düma kimi biri gəlib onun “Qafqaza səyahət” əsərində yazdığı kimi  “Fransa yollarında dayanacaqlarda su dolu bardaqlar, ləyənlər olduğu halda, buralarda yoxdur” yazmalıdır?  Bunları düzəltmək çətindir? Deil, məncə.

 

Qiymətlər

 

Ucuz deyil, nə dükanlarda, nə də restoranlarda. Regiondakı otellərin qiymətləri də, səmimi desək, məmləkətdəki əmək haqqları ilə müqayisədə çox bahadır. Hətta, avropalılara az-çox bələd olan biri kimi, deyərdim ki, sadə avropalı üçün belə bu qiymətlər ucuz deyil. Xidmət də o qədər yüksək deyil. Çalışırlar ki, yüksək xidmət göstərsinlər, düzünü desək. Amma yüksək xidmətin necə oldğunu bilən çox azdır. Bunları öyrətmək çətindir? Deyil, məncə.

 

Əyləncə

 

Əyləncə məkanlarını, restoranları və.s. dolu gördüm, nə vaxt və hara getdimsə. Çoxları bunu əhalinin yaşayış səviyyəsinin yüksək olması ilə əlqələndirir. Əgər belədirsə, deyə bilərik ki, necə deyərlər, məmləkət əhli kef edir.

 

İrəliləyiş var?

Sözüsüz ki, olmamış deyil. Olan və olmayan irəliləyişlər barədə yazanlar çoxdur. Bir də mən o sıraya girməyim. Mən irəliləyiş olmasının vacib olduğu sahələrdən, tərəflərdən yazdım, düz bildiyim qədər. Əslində çox şey lazım deyil. İş yerlərinin, həmçinin regionlarda, sayının artması, əmək haqqlarının bazar qiymətlərinə uyğunlaşdırılması, maarifləndirmə və.s. Bunları etmək çətindir? Deyil, məncə.

 

Son

Burada, Niderlandda da məmləkətdəki xəbərləri izləməyə çalışıram. Son izlədiklərim mənə Dostayevsikinin “İdiot” əsərindən “Pulun ən əclaf və nifrətli cəhəti burasındadır ki, o hətta istedadlar da yaradır”  seçməsini xatırlatdı. Şərurlu İsfəndiyarın müsahibəsini, Rəqsanənin üç aya 300 kitab oxuması iddiasını, A. Qasımovun Şəbnəm Tovuzlu ilə muğam oxumasını və.s. izləyib, dinləyib, eşitdikdən sonra ağlıma ilk gələn məhz bu seçmə oldu. Hələ Şərurlu İsfənidyarın dəfələrlə özünün çoban olduğunu deməsindən sonra ona “müəllim” deyə müraciət edilməsi də bir başqa məsələdir.  Bu yerdə isə V. Hüqonun “Səfillər” əsərindən bu hissəni xatırlamamq olmur: “Müvəffəqiyyət qazanın-nəzəriyyə belədir. Varlanmaq, guya, qabiliyyətdir. Lotereyada udsanız, sizi ağıllı hesab edəcəklər. Qalib gələnə təzim edərlər.”

 

Bu yazı uzun alındı. Ötən yayda gördüklərimi, müşahidə etdiklərimi qısaca yazmaq, bir yazıya sığışdırmaq istədim, amma yenə də uzun alındı. Qısa edə bilməzdim? Edərdim, amma bu dəfə “məncə” yazmağıma ehtiyac yoxdur. Bilirəmki, edə bilərdim. Amma etmədim, çünki yarımçıq alınardı.

 

Vüqar Abbasov. 

Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı.

 

  • Noyabr:
  • 28

TƏQVİM / ARXİV