(böyük yazıçının 90 illiyinə)
Ondan hələ çox yazacaqlar..
Xatirələr, məqalələr, dissertasiyalar, monoqrafiyalar…
Bütün bunlar hələ yazılacaq, hər yazıda da məlum və tanış insani cizgilərindən, yaradıcılığının məlum və bənzərsiz xüsusiyyətlərindən söz açılacaq. Bir insan kimi çox maraqlı, yalnız özünə bənzəyən Yusif Səmədoğlu... Bir yazıçı kimi də orijinal dəst-xətti, kimsənin təkrar edə bilməyəcəyi üslubu ilə seçilən Yusif Səmədoğlu onu tanıyanların və sevənlərin yaddaşında yaşayır.
Onu dünyaya gətirən ANA – Xavər xanım da dünyadan köçüb. Amma sağlığında o, hər gün öz Yusifiylədi. Hər gün onu qucağına alır, yuxuladır, məktəbə yola salır, onu sevir, əzizləyir, boyunu oxşayır. Yusif böyüyür, ali təhsil alır, Moskvaya gedirn və dünya şöhrətli atasının ölüm xəbərini eşidir. Yusif ilk hekayəsini yazır, sonra ssenarist olur, sonra «Astana»nı, «Bayatı Şirazı», «İncə dərəsindəı yaz çağı»nı, «Qətl günü»nü yazır, birdən-birə Azərbaycanda ən məşhur bir yazıçıya çevrilir. Xalq hərəkatının mənəvi liderlərindən birinə çevrilir, Milli Məclisin üzvü olur, Yusifin yazıçı və siyasi xadim ampulası genişlənir. Və günlərin bir günü, bir isti avqust günündə…
Mən bir gün üfüq olmuşdum,
duman çökdü dənizə…
Görünmədim…
Mən bir gün cığır olmuşdum,
gedib-gələn olmadı, ot basdı üstümü..
Görünmədim.
(V.Səmədoğlu)
O isti avqust günündən sonrakı yusifsizliyi bəlkə hamıdan çox duyan Vaqif Səmədoğlu idi - Yusifin qardaşı. «Bəlkə Yusifə indi soyuqdur? İrəlidən də tərs kimi qış gəlir Bəlkə Yusifə bu an, indi..Mehribanın və Humayın, Həmidə xanımın əllərinin hərarəti lazımdır? Bir qədər də qardaş nəfəsi, qucağı boşalmış ana laylası?»
Yusif Səmədoğlunun ən yaxın dostu Anar idi və onun yaradıcılığı haqqında ən düzgün, dəyərli fikrin də müəllifi Anardır. «Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin ən görkəmli simalarındandır. «Soyuq daş», «foto-fantaziya», «İncə dərəsində yaz çağı», «Bayatı Şiraz», «Astana» klassik hekayə örnəkləridir. «Qətl günü» çağdaş romançılığımızın zirvələrindən, ədəbiyyatımızın şah əsərlərinləndir. «Qətl günü» bizim ədəbiyyatımızın həqiqəıt günüdür. Yusif həqiqi yazıçı idi. Nadir istedada malik təkrarsız nasir idi. Yazıb qoyduqları da kəmiyyətcə deyil, ekyfiyyətcə Böyük Ədəbiyyatdır».
Böyük Ədəbiyyat yaradan insanın şəxsiyyəti də böyük olmalıdır. Bu Böyük Şəxsiyyət həyatın xırdalıqlarına, keçici və ötəri anlarına, iddiasından kiçik görünən adamlara qarşı biganə idi. Bütün Böyük Şəxsiyyətlər kimi onun da həyatında son dərəcə gərgin, dramatik, hətta faciəli anlar yaşanıb. Amma Yusif Səmədoğlu üçün faciə deyildi ki, kimsə onu anlamır, dərk eləmir, bir yazıçı və insan kimi heç qəbul eləmir. Hətta faciə də deyildi ki, atası - böyük Səməd Vurğunu qarasınca deyinirlər. Yusif Səmədoğlu bütün bu xırdalıqlardan çox-çox ucada dayanan bir insan idi. O, azərbaycan gerçəkliyində və Azərbaycan ədəbiyyatında Bəy-Ağa missiyasını ləyaqətlə qoruyurdu. Aristokrat idi.
Yusif Səmədoğlunun dostlarının, onu tanıyanların və sevənlərin sayı bizim təsəvvür etdiyimizdən qat-qat çox idi.Lakin o, nəinki öz ailəsində , nəinki sevdiyi Bakıda-Azərbaycanda , hətta bu böyük Dünyada tənha idi. Bu böyük tənhalıq onun faciəsi yox, xoşbəxtliyi idi. O, bu tənhalığı ömrünün sonunacan qorudu.
Tənhalıq istəyitrəm,
Böyük, Dərin,
Dolu Tənhalıq!
(Əli Kərim)
_________
«Dərd də azar kimi, gələndə batmanla gəlir»
«Qətl günü» bu sözlərlə başlayır.
Azərbaycan tavrixində və Azərbaycan ədəbiyyatında qətl günləri çox olub. Yusif Səmədoğlu bu Qətl günlərini millətin faciəsi, həm də Böyüklüyü kimi nəsrə gətirdi.Romandakı şairin faciəsi və həm də böyüksüzlüyü, ölümsüzlüyü səhnələrinə diqqət yetirnək.
Faciəsi budur:
«Bəli, adil hökmdar,- Vəzirin çənəsi titrədi.-bəxşişlərdən imtina ediblər şairlər.
-Səbəbi?
Vəzir bir addım qabağa atdı, indi lap ikiqakt oldu.
-qalada məşhur şair varp, onun başını istəyirlər səndən, ulu hökmdar.
Hökmdar
-Mən çox məmləkətlər görmüşəm, amma şairi şairinin başını istədiyi məmləkəti görməmişdim.»
Böyüklüyü budur ki:
«Şair özü bu dünyadan gedir, amma sözü-söhbəti bu dünyada qalır».
Faciəsi budur:
-Qulaq asın mənə! - dedi. - Bu məmləkəti mən almışam, bu məmləkətin qalasını yerlə-yeksan edən mən olmuşam və mənim igid sərbazlarım olub! Bu məmləkətin xanını edam etdik, kəndini-kəsəyini oda verdik, qolunda təpər qalmış erkəklərinin hamısını qılıncdan keçirib qanına qəlğan elədik və bir kimsə qorxmadı və yerli camaatdan da bir kimsə artıq-əskik danışmadı. Rədd olun, dağılışın! Şairin edamı gün batanda, dediyim yerdə və camaatın gözü qabağında olacaq. Başını da qızıl teştin içində məmləkətin o biri dılğır şairlərinə verəcəyik»
Byüklüyü budur ki:
«Sonra birdən şairə elə gəldi ki, günəşin bugünkü allığı, qürubun bugünkü qırmızılığı məmləkətdə tökülən qanın buxarından əmələ gəlib. Şairn qalan yolu gedə-gedə daha gözlərini al günəşdən çəkmədi».
Yusif Səmədoğlunun dili dəqiqliyi, yığcamlığı və səmimiliyilə seçilir və bunu «Qətl günü»ndən söz açar dilçilərimiz də qeyd edirlər. Personajların hər birinin özünəməxsus dil və danışıq xüsusiyyətləri var. Amma elə sözlər və ifadələr var ki, bunlar get-gedə zərbülməsələ çevrilməkdədir.
“Yolun haradır qardaş!! – Son mənzildir, bacım”, “Dərd də azar kimi gələndə, batmanla gəlir”, “Yandım, kül oldum, ay dağlar!”, “Kökünüz kəsilsin sizin, ay ikiayaqlı bəndələr!”, “Yuxunuz şirin olsun, dirilər!”. Məsələ burasındadır ki, Yusif Səmədoğlu Azərbaycan nəsrinə yeni roman dili gətirir.
«Qətl günü» ilk cümləsindən son cümləsinə qədər milli əsərdir. Son illərdə bu romanla bağlı onu postmodernist bir cərəyana qoşmaq meylini görürük. Qoy olsun! Amma «Qətl günü»nü ilk növbədə, Azərbaycan nəsrinin (bütövlükdə ədəbiyyatının) kontekstində təhlil etmək, dəyərləndirmək lazımdır. «Qətl günü» indiyə qədər yazılan bütün romanların-ən yaxşı nəsr əsərlərinin bir çox xüsusiyyətlərini özündə əks etdirən və təkmilləşdirən romandır. Sanki bu əsər yazılmalıymış ki, biz Azərbaycan nəsrinin bütün estetikasını cəm halda belə bir romanda görək.
Romanı tarixi roman kimi təhlil edənlər də var. Bu əsərdə konkret tarixi şəxsiyyətlər personaj deyillər, amma Azərbaycan tarixinin son üç yüz illik mənzərəsini heç bir konkret tarixi şəxsiyyətin iştirakı olmadan, yalnız müxtəlif tiplərin obrazları ilə işarələnmiş görürük. Romanı psixoloji roman kimi də səciyyələndirmək olar. Hər bir obrazın təkcə hərəkətləri, həyat dinamikası deyil, həm də daxilində gedən proseslər də diqqəti cəlb edir. Romanda mifologiya, mistik və folklor elementləri bir-birilə o qədər bağlıdır ki.. Baba Kaha, Canavar.. Külək.. Nağılvari elementlər. Ancaq bütün bunların heç biri romandakı sərt realizmi zəiflətmir. Və burda qeyd edək ki, «Qətl günü»ndə nəinki əsas obrazlar, hətta əsərdə az gözə dəyən və epizodik surətlər də unudulmur. Əzazil hökmdardan, xacə Ənvərdən, Xəstə ədəbiyyatşünasdan, Sədi Əfəndidən, Tatar Temirdən, Üfləmə Qasımdan, Muxtar Kərimlidən, Salahovdan, Zülfüqar kişidən, feldşer Mahmuddan, Sarıca oğlu Məhəmməddən..
Yusif Səmədoğlu təsvir ustalığında bənzəri olmayan yazıçıdır. «Astana»dakı ölüm qorxusu yaşayan insanın dəhşətli sarsıntıları. «Bayatı Şiravz»dakı Səbzəli dayının keçirdiyi həyəcanların təsviri. «Qətl günü»ndəki şairin edamı, xacə hökmdarın despot olduğu qədər də bir insan kimi zəifliyi.. Yusif Səmədoğlu hətta epizodik bir obrazın təsvirində də heyrətləndirir bizi.
«Elə bu vaxt hökmdar, xacə Ənvər, vəzir, vəkil, saray bağına axşam gəzintisinə çıxmış əyanlar, sərkərdələr hardansa bir qadın səsi eşitdilər: kimsə ağı deyirdi, yanıqlı-yanıqlı kimisə oxşayırdı.
-Bu nədi belə?
Sərkərdələrdən biri yerindən götürülüb, tez də qayıtdı.
-Adil hökmdar, bir qoca arvaddı, şairin cəsədi üstündə ağı deyir.
Hökmdar inildədi.
-Kəsin onun səsini!
Sərkərdə yanaşıb qarının üstünü kəsdirdi.
-Ay arvad, -çığırdı, -Dur get xarabana!
Qarı başını qaldırıb gözləri qabağında dayanmış qaraltını əməlli seçə bilmədi.
-Ay bala – dedi, səsi gordan çıxdı,-Mənnən işin olmasın. Qoy ürəyimi boşaldım».
…Böyük okeanlarda, dənizlərdə buz qatları-aysberqlər olur. Bu aysberqlərin çox hissəsi suyun altındadır. Yusif Səmədoğlu şəxsiyyətini də, yaradıcılığını da o aysberqlə müqayisə etmək olar. Bir on il də yaşasaydı, daha nələr yaradardı…
İsti avqust günlərini birində – 1998-ci ildə –Yusif Səmədoğlu dünyamızı tərk etdi. Bu 27 il ərzində dünyada çox sular dəyişib, çox nizamlar dağılıb. Yusifsiz də bu dünya öz işindədir .Və hər gün dünyadakı dəhşətli mənzərələri seyr edəndə «Qətl günü»ndəki bir çığırtı yada düşür: «Tfu sənin təxtinə, ay çərxi-fələk!»


Bakı -°C
