Tural Adışirinin söz və düşüncə dünyası
Dəyərli qələm yoldaşım Tural Adışirinin yenicə çap olunmuş sayca 2-ci “Publisistik və poetik düşüncələr” adlı kitabı ilə tanışlığım mənə tədqiqatçı Tural ilə şair Tural arasında incə bir əlaqə qurmağa şərait yaratdı və anladım ki, müəllifin elmi düşüncələri ilə poetik təxəyyülünün vəhdəti nəticəsində çoxşaxəli bir yaradıcı şəxsiyyət formalaşır. Kitabda poeziya ilə publisistika birləşərək müəllifin yaradıcılıq baxışının tam portretini təqdim edir.
Tural Adışirinin yaradıcılığı onun istedadını aydın şəkildə ortaya qoyur. O, sözlərlə işləməkdə məharətlidir, duyğuları və fikirləri bədii obrazlarla özünəməxsus şəkildə ifadə edə bilir. Onun şeirlərində insan, təbiət obrazları poetik vasitələrlə elə təqdim olunur ki, oxucu bu şeirlər vasitəsilə müəllifin daxili aləminə səyahət edir, onun sonsuz duyğu və fikirləri ilə tanış olur.
Şairin məhəbbət şeirləri Tural Adışirinin poetik dünyasında duyğuların ən incə çalarlarını ifadə edən bədii nümunələrdir. Bu poetik baxışın canlı nümunəsi onun “Tökülər araya giley qar kimi” şeirində özünü göstərir. Şeirdə insan münasibətlərindəki soyuqluq və anlaşılmazlıq bədii obrazlarla ifadə olunur. Burada “giley” və “qar” arasında paralellik qurulur, yəni qar necə səssiz-səmirsiz yağaraq hər yeri örtürsə, giley də münasibətlər arasına hiss olunmadan girir və onlara mane olur. Bu bənzətmə gileyin münasibətlərdəki soyuqluq yaradan təsirini vurğulayır, burada mənəvi soyuqluq fiziki soyuqluqdan əvvəl gəlir. “Aralı düşərik ulduzlar kimi” - deyərək insanları ulduzlara bənzədir. Ulduzlar hər nə qədər parlaq olsa da, soyuq və bir-birindən uzaqdadırlar, bu isə münasibətlərdə yaranan məsafə və yadlaşmanı, soyuqluğu ifadə edir. Şair “Qoymaz görünməyə boran, qar bizi” misrası ilə boranı və qarı artıq sadə giley kimi yox, iki sevgili arasında yaranan uçurumun rəmzi kimi təqdim edir.
Tural Adışirinin məhəbbət dolu lirikası oxucusunu şair duyğularının dərinliyinə aparır, sevgi, həsrət, ümid və iztirab hisslərini poetik vasitələrlə çatdırır. Məsələn, “Səni axtarıram öz ürəyimdə” şeirində sevdiyi insan artıq şairin daxili aləminin bir hissəsinə çevrilir və onun axtarışı fiziki yox, ruhi-mənəvi xarakter daşıyır. Lirik qəhrəman sevdiyi insana üz tutur və xoşbəxtliyinin onunla bağlı olduğunu bildirir. Şeirdə ürək insanın daxili aləmini, sevgi və səmimiyyətini ifadə edən simvol kimi çıxış edir, qəhrəmanın daxili sıxıntısını ön plana çıxarır, deyilməmiş, ürəkdə qalan sözlər isə qaralıb pas atır. Beləliklə, şair dərdin uzun müddət ürəkdə qalmasının insanı necə yorduğunu göstərən güclü metaforadan istifadə edərək şeirə daxili ağrı və emosional gərginlik gətirir. Şair sevdiyini kənarda deyil, öz hisslərində və duyğularında tapmağa çalışır.
“Yolları çiçəyə bələr təbiət” şeirində təbiətin oyanışı və baharın gəlişi canlı və poetik təsvirlərlə təqdim edilir. Dağların yüksəkliyini, saflığını və gözəlliyini vurğulayan “göy yaxa” ifadəsi təbiətin ucalığını oxucuya vizual şəkildə çatdırır. “Gözlərim mürgülər gül qoxusundan” misrası gül qoxusunun təsiri ilə insanın rahatlanmasını, “Qayalar ayılar qış yuxusundan” misrası isə təbiətin dirçəlməsini xarakterizə edir. Burada təbiət canlı varlıq kimi təqdim olunur, yolların çiçəklərlə örtülməsi isə baharın gözəlliyini və bolluğunu əks etdirir.
Bir sözlə, sevgi və hisslərin təsviri üçün şair bədii yaradıcılığı boyu təbiət obrazlarından, metafora və bənzətmələrdən məharətlə istifadə edir. Ürək, qar, ulduz, yaz fəsli kimi elementlər onun yaradıcılığında həm emosional, həm də simvolik məna daşıyır. Məhəbbət şeirlərində yalnız iztirab deyil, eyni zamanda sevgi ilə bağlı ümid, xoşbəxtlik və ruhun yenilənməsi motivləri də diqqəti cəlb edir. Şair oxucuya sevgi ilə bağlı həm həqiqi, həm də poetik baxış təqdim edir.
Qadına, anaya olan məhəbbət Tural Adışirinin şeir dünyasında xüsusi yer tutur və sonsuzluğu ilə diqqəti cəlb edir. Şair qadını həm ailənin, həm də cəmiyyətin mənəvi dayağı, onu yaradan və yaşadan qüvvə kimi təqdim edir. Ana obrazı isə uşağa və ailəyə olan sevgisi, qayğısı və fədakarlığı ilə əbədilik simvoluna çevrilir. Bu məhəbbət təkcə şəxsi duyğu deyil, eyni zamanda insan həyatının və mənəvi dəyərlərin daşıyıcısı kimi oxucuya təqdim olunur. Beləliklə, qadın və ana obrazı Tural Adışirinin poetik dünyasında həm simvolik, həm də real həyatla əlaqəli bir təmsilçilik qazanır. Şair təbiətin canlanması və oyanışı kimi, qadının da həyatdakı rolunu “Qadınlar dünyanın cəfakeşidir” şeirində canlı və emosional şəkildə ön plana çıxarır, onun əvəzsizliyini və ətraf aləmə verdiyi mənəvi zənginliyi vurğulayır.
Şeirin “Dan düşər, gecənin başı ağarar” misrasında gecənin sona çatması poetik şəkildə təsvir edilir. Şair gecədən gündüzə keçidi təsvir etməklə qadının mənəvi rolunu və ana obrazını ön plana çıxarır, təbiət hadisələri ilə insanın daxili aləmi arasında paralellik yaradır.
Burada qaranlıq ilə aydınlıq qarşı-qarşıya qoyulur, bu bədii təzad işığın qaranlıq üzərində qələbəsini göstərir. Kişilərin qəlbindəki işıqlı hisslərin qadınlarla bağlı olduğunu vurğulayan şair qadın obrazını həyatın mənası, sevgi və ümid rəmzi kimi təqdim edir, qadın səsi insan həyatının axarını tənzimləyən, rahatlıq və güvən verən amil kimi çıxış edir.
Beləliklə, Tural Adışirinin yaradıcılığı poetika və publisistikanın vəhdətində oxucuya həm emosional, həm də intellektual təcrübə təqdim edir. Onun şeir nümunələri insana, təbiətə sonsuz məhəbbəti, sevgini, ümidi, sədaqəti, həsrəti, gileyi bədii vasitələrlə təqdim edərkən, publisistik yazıları milli-mənəvi dəyərləri, folklor və etnoqrafiyanı elmi baxışla işıqlandırır. Bu vəhdət oxucuya müəllifin söz və düşüncə dünyasının tam mənzərəsini açır və onun yaradıcılıq baxışını dərin, əhatəli şəkildə təqdim edir.
Tural Adışirinə dəyərli kitabına görə təşəkkürümü bildirir, elmi və bədii yaradıcılığında uğurlar arzulayıram.
Reyhan MİQDADQIZI
Şair-publisist
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin
“İctimaiyyətlə əlaqələr şöbəsi”nin rəhbəri
Digər Xəbərlər
18 Dekabr 2025 10:42
Seyran Səxavət Füzuli dərdi İlə yoğrulmuş sözün səxavətidir - Şəmsi Qoca yazır
17 Dekabr 2025 09:58
Hay ver bizə, cənab leytenant…
16 Dekabr 2025 17:44
ŞƏRƏFLİ ÖMÜR, UNUDULMAZ İNSAN
16 Dekabr 2025 17:34
Tələt Qənbərov ədalətin və vicdanın simvolu
16 Dekabr 2025 15:28
Şəfəq Vilayətqızının ŞEİRLƏRİ
16 Dekabr 2025 09:36
Anar Ələkbərov Xalq yazıçısını evində TƏBRİK ETDİ
15 Dekabr 2025 14:46
“Axırıncı aşırım”ın kölgəsində qalan gerçək Qəmlonun faciəvi həyatı
15 Dekabr 2025 11:16


Bakı -°C

