adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

QIRMIZI

VƏSİLƏ USUBOVA
27686 | 2009-08-08 04:00
Satıcı qan qırmızı parçadan kəsib mənə uzadanda böyrümdəki qadın " mübarəkdi" deyir.
   
   - Yox, bu mübarək deyil. Qəbir üstünə alıram.
   
   - Mən də ondan ötrü alıram. Bircə oğlumu itirmişəm.
   
   - Mənimki də bir dənəydi...
   
   Dönüb düz gözlərimin içinə baxır. İlahi, belə baxış olurmu?! Nə ağlayır, nə təsəlli verir. Mavi bəbəklərindən şimşək çaxıb ox kimi mənim də bəbəklərimi dəlir, düz ürəyimə sancılır.Sağ tərəfdəki mağazada qadınlar toya lazım olanları seçirlər. "Elə mən də gül səbətini burdan alım. Axı, onun da buna haqqı vardı." Satıcı qadın qəlbimə dəyir, dönüb tez çıxıram; " Görünür, torpağına da qismət deyilmiş."
   
   
   
   ***
   
   
   
   Uşaqlıqda qırmızı duvaqlı gəlinlərin üzünü görməkdən ötrü basabas salardıq. Elə bil, dünən yolda, arx başında, qonşuda gördüyümüz qız deyildi. Doğrudan da, belə olurdu. Duvağı götürəndə sanki ayrı adamı görürdün. Böyüklər deyirdilər ki, toy günü gəlinə Haqdan gözəllik gəlir...
   
   Al qırımızı bir kəlağayını mən də uzun illər əzizləyib saxladım. Gəlinim olacaq qızın başına salmaqdan ötrü. Ancaq günlərin birində aparıb oğlumun başdaşına bağladım. Günəş soldurdu, külək didik-didik elədi, yağış çürüdüb torpağa qarışdırdı. Mənim puç olmuş xəyallarım kimi.
   
   Mən öz Allahımdan hər şeyi gözləyirdim, ancaq bunu yox!..
   
   

TƏQVİM / ARXİV