Qarabağın tarixi taleyi Qabilin poetik düşüncə müstəvisində
Rahilə Abdinova,
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi
Xalq şairi Qabil (1926-2007) Azərbaycan poeziyasının özünəməxsus dəsti-xətti ilə seçilən, yaradıcılıq axtarışlarını mövzu və ideyalar aləmini ictimai məna və məzmunla cilalayan müqtədir qələm sahiblərindən biri kimi tanınır. Həyat və zaman, insan və cəmiyyət münasibətləri haqqında poetik mühakimələr yürütmək, münasibət hədəfi seçilən taleyüklü məsələlərə fəal vətəndaşlıq mövqeyindən yanaşma sərgiləmək şairin yaradıcılığına xas olan aparıcı məziyyətlər kimi diqqəti cəlb edir.
İnsanın daxili-mənəvi aləmi, hissi-duyğusal yaşantıları Qabilin şair qələmində fərqli bir rakursdan dəyərləndirilir. Onun zəngin obrazlar qaleriyasında insanın dözüm və dəyanəti, şərəf və ləyaqəti, haqsızlığa qarşı üsyankar xarakteri ilə seçimli bir səciyyə daşıyır. Fikrimizi əsaslandırmaq üçün yalnız bir nümunə gətirməklə kifayətlənmək olar: hurifi ideyalarını dini-fəlsəfi aspektdə tərənnüm edən İmadəddin İmadəddin Nəsimi haqqında poema-epopeya insan ləyaqəti və hakim üsul-idarə paradiqması belə bir həqiqəti yetərincə təsdiqləmək gücündədir.
Cəmiyyətdə baş verən ictimai-siyasi proseslər təbii ki, insan faktoruna, onun sosial-iqtisadi, mənəvi-psixoloji durumuna əsaslı təsir göstərir. Keçən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəlləri belə gərgin situasiyalarla müşayiət olunan dönəm kimi insan talelərini sınağa çəkdi.
Tarixin arxivinə gömülən Sovet İttifaqının süqutu, düşünülmüş şəkildə qızışdırılıan millətlərarası münaqişələr, Azərbaycanda törədilən qanlı yanvar hadisələri, süni şəkildə yaradılan Qarabağ problemi, bir-birinin ardınca itirilən yaşayış məskənləri bir çox sənətkarlar kimi Qabilin yaradıcılığını da nastolji hiss və hüzn üstə köklədi.
Paytaxt Bakıya, onun mərkəzi meydanlarının birində nəhəng abidəsi qoyulan “qızıl ordu”nun qoşun birləşmələrinin əliyalın dinc əhalinin üzərinə yürüdülməsini əsrin ən böyük terror və vandalizm aktı kimi dəyərləndirən şair klassik üslubda qələmə aldığı “Mərsiyə”sində baş verən, az sonra daha geniş miqyas alacaq faciələrin anonsunu, bu qanlı faciələrin baiskarlarının üç üzünü, simasızlığını kəskin ifşa obyektinə çevirirdi.
//Gecəni atəş ilə qırmızı qan eylədilər, Xalqımı-millətimi gülləbaran eylədilər// - mətlə beyti ilə başlayan mərsiyə baş verən qanlı hadisələrə yetkin bir sənətkar-vətəndaş münasibətinin xarakterik bir nümunəsi idi. Burada Qabilin klassik ənənəvi janrın poetikasına gətirdiyi ideya-məzmun yenilikləri də özünün diqqətçəkici məqamları ilə yadda qalır. Baş verən hadisələrdən dolayı iztirab və axıdılan göz yaşları ilə yanaşı, insan qanına susayan cəlladları, onların havadarlarını suçlayan ittihamnamə cəhdi də özünü bu şeirdə qabarıq şəkildə nümayiş etdirməkdə idi:
Qəbrin üstndə də heç kukla olar çanta ilə?
Ağ gəlinlik fatası... qırmızı, al lenta ilə.
Bəs Kremlin görəsən fərqi nədir xunta ilə?!
Açınız tarixi, həm indi elə, onda elə...
Gecəni atəş ilə qırmızı qan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Baş verən faciəvi hadisələrin miqyas və coğrafi konturlarının Qarbağ ərazilərinə fokuslanması Azərbaycan xalqını daha ciddi sınaqlar qarşısına çəkdi. İtirilən doğma yurd yerləri, şəhidlik, əsir və itkin düşənlərin naməlim taleyi, çadır şəhərçikləri, humanitar və xeyriyyə cəmiyyətlərinin yardım bağlamalrı... daha nələr Qarbağ savaşının məhrumiyyət dolu mənzərələri idi.
Qabilin “Şəhid sayılmayır”, “Şəhid anası”, “Alışmayın çadırlara”, “Ümid sənədir ancaq” şeirlərində Qarabağ işğalının insan talelərinə gətirdiyi iztirab dolu yaşantılar təfsilatı ilə canlandırılır. Ancaq onu da birmənalı şəkildə bildirmək lazımdır ki, Qarabağ mövzusu yalnız adları sadalanan bu şeirlərlə məhdudlaşıb qalmır.
“Nisbi sakitlik nədir” adlı şeirdə Qabil ciddi hərbi-siyasi məsələləri münasibət müstəvisinə çıxarır, nisbi sakitliyin arxasında düşmənin gizləyəcəyi məkir və hiyləni ayıq-sayıqlıqla nişan verən mətləbləri diqqətə çatdırır. Poeziya səngərindən səslənən bu fikirlər şairin ictimai-siyasi lirikasına özünəməxsus çalarlar gətirir, mövcud vəziyyətin tələbləri ilə yaxından səsləşməsi ilə əlamətdar məziyyətlər qazanır. Təbiətin özündə sakitliyin, sükunətin sonradan qorxunc faciələrə, fəsadlara gətirib çıxaracağının qorxu və vahiməsi də burada real vəziyyətlə müqayisəyə gətirilir:
Mən tufanın əvvəlki
Sükutundan qorxuram.
Təbiətin bu təslim
Süqutundan qorxuram.
Sonrakı bəndlərdə Qabil nisbi sakitliyin hərb və döyüş meydanında törədə biləcəyi faciələri birər-birər sadalayır, nisbi sakitliyin məğlub durumda olan tərəf üçün elə böyük uğur vəd edəcəyinə şübhə ilə yanaşır:
Nisbi sakitliyin də
Sonrakı dəhşəti var.
Toxtaq tapmış düşmənin
Amansız vəhşəti var.
Burada şair daimi sülhü vəd etməyən nisbi sakitliyin, elə müvəqqəti atəşkəsin özünün də gözlənilən təxribatlara yol açacağını bədii suallar vasitəsilə ifadə etməyə nail olur: // Qəfil həmlə-hücumun, Həsrətindəsən məgər? Möcüzəli yardımın, Möhlətindəsən məgər? //
Elə ilk baxışda bir qədər qeyri-adi təsir bağışlayan “Nəsimi bazarında” adlı şeirdə döyüş və mübarizə əzminə “fasilə elan edən” atəşkəsin özünə, azsaylı Qafqaz xalqlarından olan çeçenlərin işğala, milli dirçəlişə qənim kəsilən “böyük qardaşların” siyasi aventurasına qarşı barışmaz mücadiləsinə münasibət konkret detal və təfərrüatlarla özünün poetik ifadəsini tapır. Burada mühbaribə və onun gətirdiyi sosial-iqtisadi sıxıntı və məhrumiyyətlər də şairin diqqətindən kənarda qalmır: //Nəsimi dönməzliyi Axtarıram, camaat! Nəsimi sönməzliyi Xalqa lazım bu saat. Hədər misal çəkmirəm Nəsimi bazarını Nəsimi bazrında Görüb qan ağlayıram Millətin ruzgarını //
Qabil Nəsimi bazarındakı mənzərəni sadəcə nəql etmir, xalqın yurd, torpaq itkilərini unutqanlıqla qarşılamaq faciəsindən əndişələnir. O, çeçen mücahidlərini də əbəs yerə nümunə kimi gətirmir:
Çeçen küçələrində
Körpə kamikadzelər
Dağ boyda tank üstünə
Fəda olmağa gəlir...
Nəsimi bazarında
Bizim də ki, uşaqlar
Cındır əski əlində
Maşınlara şığıyır,
Şüşə silməyə gəlir.
Şeirin sonrakı misralarında şair bədii sual vasitəsilə iki Qafqaz evindəki fərqli vəziyyətlər üzərində düşünüb daşınır: // Nəsimi bazarına Niyə Çeçenistannan Əsmir odlu küləklər?Atəşkəslə nə sayaq, Sakit olsun ürəklər. //
İşğalla barışmaq, onun insan talelərinə gətirdiyi faciələrə laqeyd qalmaq, unutqanlıq kimi hallara sərt və kəskin münasibət Qabilin şeirlərinə ictimai kəsər və məzmun aşılayan mühüm məziyyətlərdən biridir.
Bu baxımdan “Çadırlara alışmayın” şeirində səsləndirilən fikirlər xalqı ən çətin məqamlarda belə öz mübarizə əzmindən çəkinməməyi, saraylardan, imarətlərdən çadır sakinlərinə çevrilmələrini sükutla qarşılamaqdan çəkindirən ibrətamiz poetik düşüncələrdir: // Cərgə-cərgə, düzüm-düzüm, Görüb qan ağlayır gözüm... Millətimə budur sözüm: Çadırlara alışmayın! //
Əslində şair bütün dünyanın gözü qarşısında sıralanan çadırları insanlığa sığışmayan məhrumiyyətlər və sosial faciələr kimi qələmə alır. Milli qürura, mentalitetə yad olan bu mənzərəni şair çadır sakinlərinə belə xatırladır:
Tayfa deyil, millətik biz,
Bir evik, bir külfətik biz,
Saraylara şəhrətik biz
Çadırlara alışmayın!
Şair bu həqiqətləri və gerçəklikləri lokal bir coğrafi ərazinin timsalında dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətinə çatdırmaq vəzifəsini poeziyanın tribunasından ucadan səsləndirmə nail olur.
Heç təsadüfi deyil ki, Qarabağla, onun taleyi ilə bağlı ictimai müzakirələrdə Qabilin dilindən səsləndirilən: // Ümid sənədir ancaq, Azərbaycan əsgəri! // siyasətdən uzaq bir qələm sahibinin ictimai-siyasi gedişatı uzaqgörənliklə dəqiq dəyərləndirən yanaşması idi.
Dövlət xadimlərinin, siyasət adamlarının xalq diplomatiyasının gözəl nümunəsi olan bu poetik çağırışın tamamilə düzgün və vaxtında səsləndirildiyini etiraf etmələri, illər sonrası gerçəkləşməsi bir daha onun həqiqiliyini təsdiqləmiş oldu.
Araşdırmalar göstərir ki, Qabilin yaradıcılığında klassik janrlar azlıq təşkil edir. Bunu şairin yardıcılığında məhdud bir məziyyət kimi dəyərləndirmək təbii ki, düzgün olmaz. Fikir verilərsə, şair 20 yanvar faciəsini matəm, hüzn üstə köklənmiş mərsiyə janrında qələmə alırsa, Şuşanın iririlməsini qan ağlayan qəzəlin təsirli beytlərində nalə çəkən kaman kimi dilləndirir:
Xar olub Xarı bülbül, Cıdır düzü qan ağlayır,
Deməyin Qabilə siz əsla qəzəlxan, Şuşasız.
(“Şuşasız”qəzəli)
Azərbaycan dövlətinin hərbi-siyasəti qüdrəti Qabilin belə kədərli notlar üstə köklənən beytini təkzib edən bir həqiqəti dünya ictimaiyyətinin diqqətinə yönəltdi. Bu, Qabilin //Ümid sənədir ancaq, Azərbaycan əsgəri!// çağırışının həm də poetik təntənəsinin və həqiqətinin əyani şəkildə təsdiqlənmə anıdır.


Bakı -°C

