adalet.az header logo
  • Bakı -°C
16 Oktyabr 2026 09:00
77
LAYİHƏ
A- A+

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

Dünyada insanı yaşadan birmənalı olaraq sevinməkdir. İnsan sevinirsə,  sabaha ümidlə baxır… İnsan sevinirsə, deməli, o, həyatını qurmağı bacarır… İnsan sevinirsə, onun üçün həyatda bütün çətinliklər arxada qalır… Sadəcə olaraq biz insanlar yaxşı və xoş günlərimizi tez unudur və kədərli, dərdli anlarımızı hər an, hər dəqiqə yada salırıq, xatırlayırıq. 

Düzdür, insan nə dağdır, nə daşdır, nə qayadır.  İnsanın ürəyi var, qəlbi var, iç dünyası var. Bu iç dünyası  sevinəndə tək insan sevinmir, həm də onu yaradan Allah sevinir. Bəzən dağın, qayanın, daşın çəkə bilmədiyi dərdi, kədəri elə insan özü çəkir. Bu da o deməkdir ki, onu qoruyan ilahi qüvvə həmişə üstündə olur, arxa durur,  ayaqda durmağa yardımçı olur. Allahın izni olmadan bir yarpaq belə ağacın budağından düşə bilməz, bir insan belə nəfəs ala bilməz, yeriyə bilməz. Bunu kim bilməsə də ahıl insanlar daha yaxşı bilirlər. Çünki onlar dünyanı görə-görə gəlib bu yaşa çatıblar. 

Yurdundan didərgin düşmüş, 30 il və ondan da bir az çox ən ağır anlar yaşamış, başqa sözlə demiş olsaq, cəhənnəmi  gözləri ilə görmüş cəbrayıllılar da heç vaxt Allaha olan ümidlərini, sevgilərini yaddan çıxarmadılar. Və hər gün dua edirdilər ki, işğal altında  olan kəndləri erməni yağılarından azad edilsin və onlar da öz yurdlarına dönsünlər. Bu duaları  yüz minlərlə insan edirdi ha. Və Allah da o duaları eşitdi, bağlı qapıları onların üzünə açdı. Daha doğrusu, göydə Allah, yerdə Ali Baş Komandan, prezident İlham Əliyev və Azərbaycan Ordusu onların arzularını gerçəkləşdirdi. Şəhidlərimizin, qazilərimizin, qaliblərimizin qəhrəmanlığı ilə işğal altında olan torpaqlarımızın hamısı azad edildi. O azad edilən rayonlardan biri də Cəbrayıl idi.

Belə baxanda elə ilk azad olunan  rayon da Cəbrayıl idi. Bizim 44  günlük İkinci Qarabağ savaşında Cəbrayılın işğaldan azad olunması  ən böyük qələbəmiz idi. O qələbəmiz bizi  Hadruta apardı… Füzuliyə apardı…. Qubadlıya apardı… Zəngilana apardı… Şuşaya apardı… Və ən nəhayət, Ağdama, Kəlbəcərə, Laçına, Xankəndinə, Xocavəndə, Əsgərana, Ağdərəyə apardı... 
Təbii ki, qısa zaman kəsiyində işğaldan azad olunmuş Cəbrayıl rayonunda çox böyük quruculuq və abadlıq işləri həyata keçirildi. Həm şəhərdə, həm də kəndlərdə bu yenidənqurma işləri sürətlə davam etdi. Belə  yerlərdən biri də Cəbrayılın Şükürbəyli kəndidir. Çünki Şükürbəylidə yağı düşmən daşı daş üstə qoymamışdı, söküb apardığını daşımışdı, qalanlarını isə od vurub yandırmışdılar. Amma od vurub yandırılan o Şükürbəyli Ali Baş Komandan, prezident İlham Əliyevin böyük dəstəyi ilə digər şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz kimi yenidən inşa olundu. Şükürbəylidə insanların rahat və normal yaşaması üçün hər cür şərait, infrastruktur yaradıldı  və Cənab prezident də işğaldan azad  olunmuş yaşayış yerlərində gedən quruculuq işlərinə xüsusi önəm verir. 

İndi demək olar ki, Cəbrayılın Şükürbəyli kəndində çox möhtəşəm bir şərait yaradılıb. Burda bir-birindən gözəl, yaraşıqlı evlər inşa edilib. Yollar əsaslı surətdə yenidən qurulub. Bununla yanaşı, həmin kənddə yeni sosial obyektlər, məktəb, uşaq bağçası və dövlət qurumlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. Artıq bir aydan çoxdur ki, şükürbəylilərin yüzə yaxın sakini yeni yaşayış yerində məskunlaşıb. 

Böyük Qayıdış proqramına uyğun olaraq onların həyat və fəaliyyəti üçün birmənalı olaraq hər cür şərait yaradılıb. Bütün mənzillərdə qaz, su, işıq və digər həyati əhəmiyyət kəsb edən elementlər mövcuddur. Adam kəndə girəndə istər-istəməz ürəyi dağa dönür. Bura kənddən çox şəhərə bənzəyir. Çünki bir-birindən yaraşıqlı yaşayış binaları, küçələr, ətrafda salınmış yaşıllıqlar adamı heyran edir. Adamı  heyran edən həm də Şükürbəylinin təmiz havası, təmiz suyu, təmiz insanlarıdır.
Mən Birinci Qarabağ savaşında Cəbrayılın polis rəisi, çox vətənpərvər insan və ermənilərin başına milyonlarla manat pul qoyduğu polkovnik Rəşid Məmmədovla Şükürbəylidə çox olmuşam. Hər dəfə  Rəşid müəllimlə bu kənddə olanda polislərimizin və əsgərlərimizin necə ruhlandığını gözlərimlə görmüşəm. Onlar Qara Rəşidi   görəndə gözlərinə nur, işıq gəlirdi və düşmənin üstünə şir kimi, pələng kimi gedirdilər. 

Həyətdə dörd-beş uşaq oynayır. Onlarla bir-bir tanış oluram. Cavidan adlı uşaq deyir ki, əmi, biz burdan üçotaqlı mənzil almışıq, bilirsiniz nə qəşəngdi? Hər axşam orda yatanda elə bil ki, dünya mənim olur. O, bizi evlərinə aparır, elə qapını da özü döyür. Atası Cəfər kişi gülə-gülə qapını üzümüzə açır. Deyir nə yaxşı gəlmisiniz? Allah qonaq gəlməmişdən əvvəl onun ruzisini göndərir. Xanımım yaxşı Qarabağ aşı bişirib, keçin içəri. Biz də içəri keçirik, bir göz qırpımında masanın üstünə ləziz yeməklər gəlir, o cümlədən toyuq plov.  Əvvəl utanırıq, amma Cəfər müəllimin  təkidindən sonra qaşığı götürüb aşı gözümüzə təpirik. Çox ləzzətlidi, rəhmətlik anamın bişirdiyi aşa oxşayır. Evin xanımı Cəvahir anamız deyir ki, elə bilin ki, öz evinizdəsiniz, rahat yeməyinizi yeyin! 

Öyrənirik ki, Cəfər kişi kimi burda yüzdən çox insan məskunlaşıb və hamısı da aldıqları mənzildən çox razıdırlar. Qonşuluqda yaşayan Tahir Həsənovla da  görüşürük. O da bizi evlərinə dəvət edir, deyirik çox sağ ol, Cəfər kişi bizə yaxşı sufrə açdı, Qarabağ aşı verdi, elə həyətdə bir stəkan çay içərik bəs edər. Onun da yoldaşı Solmaz xanım xoruzquyruğu çayı masanın üstünə qoydu. Ətrafında da şkolad və mürəbbələr... 

Onların gözlərinə baxdım, üzlərinə baxdım, çöhrələrinə baxdım. O gözlərdən, o üzlərdən sevinc yağırdı. O sevinc ki onlar 30 ildən çox bunu gözləmişdilər. İlahi, insanın sevinməyi nə gözəlmiş. İnsanın öz ocağına qayıdıb yenidən o ocağı yandırmağı nə qədər möcüzəli imiş. O adamlar elə sevinirdilər ki, sanki dünyanı onlara vermişdin.

Bəli, dünyanı onlara vermişdilər. Onları 30 ildən çox həsrət qaldığı Şükürbəyliyə qovuşdurmuşdular. Ona görə kəndə köçən və yurda qayıdan bütün insanlar göydə Allaha, yerdə Ali Baş Komandan, prezident İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə və qaliblərimizə minnətdarlıq edirlər. Onlar dua edirlər ki, öz ocaqlarına döndülər və yeni bir xoşbəxt ömür yaşayırlar. Ocağınız  mübarək, şükürbəylilər!
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.