ŞAİRLƏ GÖRÜŞ
Bu günlərdə tanınmış şair, nasir, puğblisist, Əfqanıstan və Birinci Qarabağ müharibələrinin iştirakçısı, qazi İmam Cəmilli ilə Gəncə MKS-də oxucularla görüşü keçirildi.
Oxucularla görüşə gələn şair əliboş gəlməmişdi. Bir-iki ay bundan öncə çapdan çıxan «Şərəflə yaşanmış bir ömrün dastanı» və «Təhlillər və mülahizələr» adlı kitablarının təqdimatı ilə oxucularını sevindirdi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi şair-dramaturq Xəzangül xanım İmam Cəmillinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Çıxışının sonunda Xəzangül xanım təqdimatı keçirilən kitabların İmam Cəmillinin 22-ci kitabı olduğunu xüsusi qeyd etdi. Yeni işıq üzü görən kitablarına görə müəllifi təbrik edərək, ona yeni yaradıcılıq uğurları arzuladı.
AYB-nin Gəncə bölməsinin məsləhətçisi, şair-nasir Aləmzər Əlizadə çıxışında İmam Cəmilli yaradıcılığında vətənpərvərlik mövzusunun aparıcı xətt olduğunu diqqətə çatdırdı.
Azərbaycan Respublikasının Milli Məclisinin «Xəbər az» portalının direktoru Dəniz Əlizadə çıxışı zamanı İmam Cəmilli yaradıcılığında dostluğa xüsusi səhifə ayırmasını, uzun illər dostluq etdiyi tanınmış həkim Azər İbrahimova həsr etdiyi «Şərəflə yaşanmış bir ömrün dastanı» adlı sənədli povestində və «Didərginlik ölümdən betərmiş» məqaləsində, üzrlü səbəbə görə yazıçı dostu Fazil Sənanın yubiley tədbirində iştirak edə bilmədiyinə görə yazdığı «Bağışla» şeirində səmimi ürək sözlərini qeyd edir.
Şair-nasir İqbal Baba İmam Cəmillinin əsərlərində müharibənin törətdiyi fəsadların insan taleyində sağalmaz yaralar qoyduğuna diqqət çəkməklə bərabər, xüsusi vurğuladı ki, müharibə mövzüsünda yazılmış hər bir əsəri müəllifin həmişə şahidi olduğu hadisələrdir.
Çıxışının sonunda İqbal Baba qeyd etdi ki, İmam müəllim nədən yazırsa yazsın, hadisədə milli psixologiyanı, milli mentaliteti, Azərbaycançılığı həmişə diqqətdə saxlayır.
Şair, əməkdar müəllim Saleh Qurbanov çıxışı zamanı İmam Cəmilli yaradıcılığının bədii məziyyətlərinə toxundu. Bir çox ədəbi janrlarda yazıb-yaradan müəllifin dilinin sadə, axıcı olması, xalq yaradıcılığından qaynaqlanması, yaratdığı obrazların hərtərfli1i təsvir edilməsi, obrazın dünyagörüşünə uyğun danışması oxucu diqqətini çəkən məsələlərdir.
Gəncə Dövlət Universitetinin dosenti, şair Fəxrəddin Sərrast çıxışı zamanı qeyd etdi ki, İmam Cəmilli yaradıcılığı XX əsrin sonu və XXI əsrin əvvəlində baş verən ictimai-siyasi hadisənin bədii səlnaməsidir.
Xüsusən, müəllifin yaradıcılığında otuz ilə yaxın torpaqlarımızın işğal altında olması, qaçqın və didərginliyin ağrılarının reallığa söykənərək hərtərəfli təsvir edilməsi indiki nəslin gələcək nəslə bir mesajıdır.
Şair-publisist Şəfəq Vilayətqızı çıxışı zamanı İmam Cəmillinin yeni kitabları haqqında öz fikrini bildirəndən sonra İmam Cəmilliyə həsr etdiyi şeirini oxudu.
İmam Cəmilli
O, şair doğulub, sözlə danışan,
Qəlbinin səsini yayar dünyaya.
Misra-misra dolar kükrəyər, daşar,
Sözünün hökmünü qoyar dünyaya.
Sükutu dinləyən, hər dərdi duyan,
Kədərin içindən doğandı İmam.
Hər damla göz yaşı, bir şeirə dönən,
Hissini içində boğandı, İmam.
İmamın qəlbində min dünya yatır,
Hər sözün içində duyğular var.
Qələm toxunanda lal vərəqlərə,
Sətirlər, misralar fəryad qoparır.
Hər zaman yüksəkdən qoy gəlsin səsi,
Yazsın eşqdən şeir İmam Cəmilli.
Vətən fədaisi, eşq fədaisi,
Həm qazi, həm şair İmam Cəmilli.
Şair-publisist Səlbi Baxış müəllifin yeni çapdan çıxmış kitabları haqqında mülazizələrini söyləyərkən «Təhlillər və mülahizələr» kitabında gedən məqalələr haqqında dedi:
– Bu kitabda yazıları oxuyarkən müəllifin gərgin zəhmətinin şahidi oluruq. Kitabda tanınmış qələm adamlarından Qərib Mehdi, Ələsgər Əlioğlu, Fazil Sənan, Həsən Göyçəli, Rəfail Tağızadə, Yusif Namazoğlu, Tofiq Əmrah, Taleh Cəfərov və başqalarının yaradıcılığına geniş güzgü tutulması İmam Cəmillinin gərgin zəhmətinin nəticəsi olaraq özünü təsdiq edir.
Səlbi Baxış çıxışının İmam Cəmillinin xoşagələn bir şeiri ilə yekunlaşdırdı.
Fazil Sənan çıxışında qeyd etdi ki, İmamla dostluğumuzun otuz ilə yaxın bir tarixi var. Dostumun bütün yaradıcılığı ilə yaxından tanışam. İmam haqqında bir monoqrafiya və iki hissədən ibarət «Özü də sözü kimi» xatirələrimi yazmışam. Bunlardan əlavə İmamın bir çox kitablarının redaktoru olmuşam. Demək olarki, İmamın bütün əsərləri mənim gözüm önündə ətə-qana gəlibdir.
İmamın yaradıcılığında, xüsusən nəsrində canlı həyat lövhələri, yaşanmış hisslər öz əksini tapıbdır. Bir çox əsərlərinin qəhrəmanı dostumun özüdür. Əlli ilə yaxın bədənində Əfqanıstan müharibəsinin askolunu gəzdirən İmam, əsərlərində öz ağrılarını bədii baxımdan məharətlə ümumiləşdirərək bugünkü gənclikdə müharibəyə nifrət hissi aşılayır. İmam Cəmilli şairliyindən, yazıçılığından əlavə təmənnasız və sədaqətli dostdur.
MKS-nin şöbə müdiri və tədbirin aparıcısı Aidə Abdullayeva çıxışı zamanı İmam Cəmilli yaradıcılığından danışarkən müəllifin əsərlərində hadisələrin günümüzlə səsləşməsini xüsusi olaraq vurğuladı. Poeziyasında təbiət və insan gözəlliyi ilə bərabər, bütöv Azərbaycan arzusuna nə vaxtsa nail olunacaq ümidi ilə oxucusunu inandırmağa çalışır. Aida xanım çıxışının sonunda şairin şeirini ruh oxşayan qiraətlə söyləməsi tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratdı.
Tədbir iştirakçılarından «Nur» ocağı ədəbi birliyinin rəhbəri Seyran Süleymanova, Tahirə Aslan, Ziyafət Həsənova, İlqar Müzəffəroğlu, Yusif Namazoğlu, Nailə Nubar, Məhəmməd Böyükkişiyev və başqaları İmam Cəmilli yaradıcılığı haqqında öz mülahizələrini söylədilər.
MKS-nin sədri Səbinə Cəlilzadə çıxışında qələm adamlarının yaradıcılığına həsr olunmuş belə tədbirlərin tez-tez keçirilməsinə dəstək olacağını qeyd etdi.
Tədbirin sonunda İmam Cəmilli ona göstərilən diqqətə görə tədbir iştirakçılarına və başda Səbinə Cəlilova, Aidə Abdullayeva olmaqla MKS-nin bütün işçilərinə öz minnətdarlığını bildirdi.
Sonda müəlliflə xatirə şəkli çəkildi.
Fazil Sənan,
10.10.2026


Bakı -°C

