adalet.az header logo
  • Bakı -°C

Allaha yaxınlıq hicabla ölçülmür... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
84 | 2026-10-12 09:00
A- A+

Bir həftədir ki, sosial şəbəkələrdə,  saytlarda, qəzetlərə , eləcə də televiziyalarda hicabla bağlı  müxtəlif fikirlər səsləndirilir! Burda təəccüblü heç nə yoxdur! Təəccüblü odur ki, bu mövzu ilə bağlı başı çıxan da danışır, başı çıxmayanlar da! Və mən də bir qədər düşünəndən sonra bu qərara gəldim ki, bu məsələyə öz yanaşmamı  bildirim! Çünki din pərdəsi altında bir çox qara qüvvələr bundan öz  mənafeyləri üçün əməlli - başlı istifadə edirlər!

Deməli, belə! Vahid geyim formasına keçməklə bağlı  bütün təhsil ocaqlarında məlum qərar  yerinə yetirilir. Belə ki, Azərbaycan dünyavi, hüquqi, demokratik və sivil bir dövlətdir! Və nə yaxşı ki, ölkəmizdə dünyavi  dəyərlərə yüksək qiymət verilir!Ölkəmizdə dini dəyərlərə həmişə böyük önəm verilib! Əgər bütün müəssisələrində vahid məktəbli formasına keçilibsə, heç şübhəsiz ki, hicabla da təhsil ocaqlarına getmək özü də bir  yanlış addımdır. Amma buna  hicablı insanlar birmənalı yanaşmırlar! Hətta onlar bu addıma sosial şəbəkələrdə etiraz da edirlər. Və onları belə etirazlara  qoşulmağa vadar edən qüvvələr də mövcuddur! Çünki din millətin çox zəif yeridir!

Bir çoxları da bu zəif yerdən ustalıqla  istifadə edirlər! Lakin bizdə təbliğat işləri bəzən zəif qurulur. Ən azından hicabla bağlı bu məsələlər ideoloji  baxımdan həmin insanlarla  ciddi söhbət tələb edirdi. Çox təəssüf ki, belə insanlarla  maarifləndirici söhbətlər uzun müddət aparılmayıb! Və birdən- birə deyilib ki, hicab taxan şagird, tələbə  və müəllim dərsə buraxılmır! Bu cəmiyyətdə birmənalı qarşılanmır və ajiotaj yaradır! Bax bu, ajiotaj da  heç şübhəsiz ki, müəyyən problemlər yaradır! Bu gün hara gedirsən bu məsələdən danışırlar: məktəbə  gələnlər hicab taxsınlar, yoxsa, taxmasınlar? Bax bu gün cəmiyyət bu dilemma qarşısında qalıb! Bir çoxları deyir ki, ölkəmizdə hicab   geyinmək qadağan olub!

Amma bu, əsla belə deyil, analar, bacılar! Sadəcə olaraq, məktəbə hicabla gəlmək qadağandır! Biz dinin çox vaxt fanatizm, cəhalət tərəfinə meyilli  olmuşuq! Ona görə də bir çox millətlərdən  və xalqlardan geridə qalmışıq! Müstəqil dövlət  yaradandan  sonra yavaş-yavaş özümüzə  gəlmək istəyirik , onda da belə- belə işlər  meydana çıxır, hicab ortaya çıxır! Və qalırıq odla- su arasında: hicab taxsınlar, yoxsa, taxmasınlar! Burda heç bir insanın hüquqları pozulmadan məsələlər öz həll yolunu tapmalıdır.Və bir çox valideynlər hələ beş-altı yaşlı uşaqlara belə zorla hicab  taxdırırlar! Hələ o uşaqlar hicabın nə olduğunun mahiyyətini belə dərk  eləmirlər!

Bu gün qonşumuz Usta Tahirlə küçədə rastlaşdıq  və hal-əhval tutandan sonra  Usta Tahir məndən soruşdu:" Mirzə, bu hicabın axırı necə olacaq?"  Mən də dedim:" Hər şey yaxşı olacaq! Ölkəmizdə hicab geyinmək qadağan edilməyib, usta!" Elə bil ki, bu sözlərim Usta Tahirin ürəyinə sarı yağ kimi yayıldı  və cöhrəsində  təbəssüm yarandı! Və bir də cənablar, bəylər və xanımlar Allaha olan sevgi hicabla ölçülmür!  Və Allaha olan məhəbbət əməllə, təmiz ürəklə, təmiz qəlblə ölçülür! Yetər ki, ürəyiniz və qəlbiniz təmiz təmiz olsun siz Allahı çox istəyəsiniz, Allah da sizi!!! Yoxsa " hicab! hicab!" - deyib dava- dalaş salmağa heç bir ehtiyac yoxdur!!!

  • Oktyabr:
  • 2
  • 9

TƏQVİM / ARXİV