SON DƏQİQƏ:

"Körpüdə ümid"

  14813   |  
Şriftin ölçüsü  
Yazıçı Natiq Məmmədlinin "Körpüdə ümid" romanı bu dəfə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbi tənqid" şöbəsində müzakirə olunub. Müzakirəni açan şöbə müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli N.Məmmədlinin yaradıcılığı və yeni romanın bədii məziyyətləri barədə danışıb.
Vaqif Yusifli, filologiya elmləri doktoru: N.Məmmədlinin 2012-ci ildə çapdan çıxmış "Ləyaqət düsturu" hekayələr kitabı da ədəbi ictimaiyyətdə maraqla qarşılandı və xeyli müzakirələrə yol açdı. Hekaylərdə ifadə olunan "zərrəciklər" nəhayət bütövləşərək "Körpüdə ümid" romanının yaranmasına gətirib çıxardı. Xalq yazıçısı Anar Natiqin ilk kitabına yazdığı ön sözündə onun yeni əsərlər yaradacağına ümidini ifadə etmişdi. Bu romanla müəllif həyatın reallıqlarını görərək ədəbiyyata gətirmək bacarığını sübut etdi. Əsərin belə maraqla qarşılanmasını və uğurunu şərtləndirən bir sıra amillər mövcuddur; birincisi, dil faktoru, folklor və mifoloji elementlərlə zəngin olan dil çox canlı və səlisdir. İkincisi, romanın mövzusu müasirdir, konfliktlərin dərindən işlənməsi, insanların ədalət axtarışı bədii xüsusiyyətləri tamamlayır. Əsər müəllifin böyük janrda ilk qələm təcrübəsi olduğundan təbii ki, qüsurlar da nəzərə çarpır, amma bu, ümumi bədii məziyyətə, ideya yükünə xələl gətirmir.
Əlizadə Əsgərli, filologiya elmləri doktoru: "Körpüdə ümid"də toxunulan mövzuya sovet ədəbiyyatında müraciət olunmayıb. N.Nərimanovun "Pir", S.S.Axundovun "Çərxi-fələk" kimi əsərləri olsa da, bunlar həm ideya, həm estetik baxımdan fərqli düşüncənin məhsuludur. Janra münasibət baxımından əsəri təhlil etsək, "Körpüdə ümid"i pisixoloji roman adlandırmaq olar. Dialektlərlə danışan obrazlar maraq doğursa da, əsərdə güclü müəllif təhkiyyəsinin mövcudluğunu qeyd etmək lazımdır. Romandakı "Pir" dünya qavrayışının forması kimi başa düşülməlidir. Əsərin mahiyyətinə hopan Şərq-Qərb qarşıdurması siyasi nəticələr çıxarmağa imkan verir. Doğurdan da iki sivilizasiyanın toqquşmasından biz nə qazanacağıq? Təndirlərin sökülməsi ilə aşınmaya məruz qalan kənd obrazı cəmiyyətin sosial-iqtisadi çalxalanmalarını təcəssüm etdirir. Əsərin qəhrəmanlığa, torpağa, vətənə münasibəti tamamilə yeni rakursda özünü göstərir. Roman ümidin göyərməsi mesajı ilə başa çatır və sanki demək istəyir ki, insan heç bir vaxt özünün sosial məzmununu unutmamalıdır.
Elçin Mehrəliyev, filologiya elmləri doktoru: Romanın dil imkanlarının genişliyi müəllifin xalq dilinə yaxşı bələd olmasının göstəricisidir. Təsvirlər ideyanın açılmasına xidmət etdiyindən çox mükəmməl təsir bağışlayır. İlk baxışda süjet sadə görünə bilər, amma forma baxımdan romanın ustalıqla işləndiyini qeyd etmək lazımdır. Ümumiyyətlə, "Körpüdə ümid" mürəkkəb kompazisyalı intellektual əsərdi. Çox istərdim ki, müəllif müasir gerçəkliyi daha dərindən öyrənərək növbəti dəfə Qarabağ mövzusuna müraciət etsin.
Qürbət Mirzəzadə, filologiya üzrə fəlsəfə doktoru: "Körpüdə ümid" fəlsəfi-pisixoloji əsərdir və elə buna görə də düşünürəm ki, o kütləvi oxucu üçün deyil. Roman ideya və xüsusən də kompazisya baxımından Yusif Səmədoğlunun "Qətl günü", Anarın "Ağ qoç, qara qoç", Mövlud Süleymanlının "Dəyirman" əsərləri ilə səsləşir. Bu səsləşməni Baba kaha-Ümid Piri, Dəyirman-Ümidqovan paralelliyində, həmçinin obrazların adları ilə xarakterlərinin açılması və başqa detallarda görmək olar. Şərq-Qərb qarşıdurmasında fəlsəfi ümumiləşdirmələrin verilməsi əsərin intellektual yükünü artırır. Eyni zamanda tarixə müraciət təsadüfü deyil, burada tarix yazıçıya əslində fakt kimi lazım olub. Maraqla işlənmiş bütün obrazların xarakteri pirə münasibətdə açılır. Bütün bunlarla yanaşı əsərdə yer alan simvollar, onların dindirilməsi kimi ədəbi priyomlardan istifadə yerinə düşür.
Aynurə Mustafayeva, filologiya üzrə fəlsəfə doktoru: Mənim diqqətimi cəlb edən yazıçının bütün proseslərə 12 yaşlı uşağın gözü ilə baxmasıdır. Bu tip yanaşma Çingiz Ayıtmatovun bir çox əsərləri üçün səciyyəvidir. Şəksiz qeyd etmək olar roman ictimai-siyasi məzmunludur, amma bu, onunun bədii məziyyətlərini azaltmır.
Pirağa İsmayılzadə, tarix üzrə fəlsəfə doktoru: Əsərin dili üzərində xüsusi dayanmaq istəyirəm. Canlı danışıq dili elementləri ilə zəngin olan roman hər şeydən əvvəl dil hadisəsi kimi çox yaxşı alınıb. Əsərdə demək olar ki, hər hansı üslub səhvlərinə rast gəlinmir. Dilin axıcılığı ilə yanaşı şəxs adlarının xüsusi mənalandırılması, ilk baxışdan adama qəribə gələn, sonradan əsər boyu mahiyyəti açılan ayamalar etnoqrafik elementlərin ədəbiyyata yansımasının nəticəsidir. Digər mühüm məziyyət isə tarixə münasibət bildirilməklə, keçmişdə olmuşların müasir aspektdə təhlil olunması, süzgəcdən keçirilməsidir.
Nərgiz Cabbarlı, tənqidçi: Əsərdə publisistik ton güclü olsa da bu, bədii elementlərlə səsləşir. Müəllif mətndə bir yox, çoxlu sayda problemləri vermək istəyir: ata-oğul, Şərq-Qərb qarşıdurmaları, tarixə, torpağa münasibət və s. Diqqətimi cəlb edən mətnin çoxqatlı olması və simvolların mənalandırılmasıdır. Simvollarla bütün situasiyanın mənalandırılması hardasa Anarın "Göz muncuğu" povestinin ruhu ilə doğmalaşır. Dil axıcıdır və oxucunu öz arxasınca apara bilir. Bununla yanaşı mətn daxilində, xüsusən də Pirdəli ilə uşağın dialoqlarındakı təkrarlar mövcuddur.
Elnarə Akimova, filologiya üzrə fəlsəfə doktoru: Natiq Məmmədlinin "Körpüdə ümid" əsəri özündə çağdaş Azərbaycan romanının yeni tendensiyalarını ehtiva eləyir, müasirliyə, modern və postmodern epoxanın içinə doğru girmənin daha intensiv konturlarını cızır. Son zamanlar bu tipli romanlara meyl artmaqdadır. Retrospektiv baxış, müxtəlif zamanların bir araya gətirilməsi, tarixi yaddaşın güclənməsi faktı, mifolojiyə meyl, reallıqla irreallıq arasında sərhədlərin itməsi, arxetiplər, simvollarla işləmə çabası. Neyləməli, bu da bizim yazmaq eşqimiz, dünyanı dərk etmək və anlatmaq yolumuzdur. "Körpüdə ümid" əsəri klassik Azərbaycan roman ənənələrindən daha çox qərb romanlarının poetikasına yaxınlığı ilə seçilir. Müasir həyatımızın mənəvi durumu, daxili-ruhi aləmimizdə baş verən aşınma, tənəzzül haqqında mistik fəlsəfi siqlət kəsb edən bu mətndə başlıca məqsəd parçalanan dünənimiz, itirdiyimiz zamanların yaratdıqları boşluqların neqativlərinə işarədir. Həm də yalnız parçalanan, məhv olan sosial sistemlər yox, müqəddəs saydığımız həqiqət, ədalət, mübarizlik, azadlıq anlayışlarıdır. Roman ilk növbədə, müasir insanı mənəvi kamilliyə, yeni zamanın qarşısına dolu mənəviyyatla çıxmağa çağırışdır.
Müzakirələrin sonunda çıxış edən müəllif əsəri dəyərləndirdiyi üçün tənqidçi alimlərə təşəkkürünü bildirib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK