SON DƏQİQƏ:

ZİNDAN UŞAQLARI

  67307   |  
Şriftin ölçüsü  







Heç belə kövrəldiyim olmamışdı. Bir anlıq canımdan bir gizilti keçdi... bir anlıq bədənim donub qurudug ruhum məni tərk etdi. Və bir anlıq harda olduğumu, kimlərlə oturub-durduğumu yadımdan çıxardım. İnan, həmin anda, həmin yerdə bəlkə də adımı soruşan olsaydı fikrə gedəcəkdim. Çünki bütün həyatım boyu anasını xatırlayıb ağlayan övladlar görmüşdüm... Bütün həyatım boyu anası barədə bir-birindən kövrək xatirələr danışan dostla, tanışla bir araya gəlmişdim. Amma bütün həyatım boyu atası barəsində danışıb göz yaşlarını gizlədə bilməyən oğula, kişiyə rast gəlməmişdim. Tanrı onu da qarşıma çıxardı. Və həyatımda ilk dəfə atası barəsində kövrələ-kövrələ danışan və danışdıqca da bu yerdən, oturduğumuz məkandan uzaqlaşıb çox-çox uzaqlara, indi əlimiz-ünümüz çatmayan Laçına gedən bir oğulla üz-üzə dayanmışdım. O danışırdı...
Stolumuzun üstündə bir mobil telefon var. Son model telefonlardandı. Ekranı kifayət qədər görünən, diqqəti çəkəndi. O düyməni basır və... Və Məhəbbət Kazımov - Laçınım! - deyə haray qoparır. O səs içimdən keçir... o səs ruhumu özü ilə birlikdə götürüb aparır... o səs sərhəddi keçir... o səs məni də özü ilə birlikdə sərhəddən keçirir... düşmən görmür bizi. Biz Şuşadan qalxıb Laçına tərəf gedirik. Dərələr, yamyaşıl ormanlar və bir də İstisu bulağı. Dayanıram. O səs də dayanır. Üzünü Kirsə tərəf tutur... Minkəndə tərəf tutur. Və sanki burda qalan nə varsa, kim varsa hamını səsləyir, hamını bir yerə yığır...
Hə, burda olmayanları da çağırır. Azərbaycanın müxtəlif bölgələrində dünyasını dəyişib torpağa tapşırılmış laçınlıları da o səs İstisu bulağının başına yığır. Ruhlar görüşür... ruhlar bir-birirnə sarmaşır... göz yaşı İstisu bulağına qarışır. Bu sevinc yaşlarıdı, ruhlar Laçına dönüb... ruhlar Laçınlaşıb!..
İlahi, sənin böyüklüyünə şükür! İlahi, sənin qüdrətin qarşısında baş əyirəm! Sən bu ruhları bir səsin işığına bir anda necə yığa bildin? Sən bu ruhların hamısını necə Laçınlaşdırdın?
Suallar cavabsızdı. Heç cavab da gözləmirəm. Çünki ona ixtiyarım da yoxdu. Mən bir Allah bəndəsi kimi sadəcə pıçıldayıram və pıçıltını özümdən başqa kimsə eşitmir. Hətta məni özüylə, öz səsiylə Laçına aparıb çıxaran, Minkənddə dayanıb bu mənzərəni seyr etməyə səbəbkar olan Məhəbbət Kazımov da eşitmir. Onun səsi mənim pıçıltımı öz səsinin içində əridir. Və bu an qeybdən gəlirmiş kimi eşitdiyim bir səsə boylanıram - zindan səsinə!
Mən bu yaşıma qədər zindanla bağlı çox yazılar oxumuşam. Zindan həyatından xəbərim var... zindan ağırlığının nə olduğunu bilirəm. Və istər böyük Xəqaninin zindan həyatı olsun, istər Musa Cəlilin zindan həyatı olsun... istər Xəlil Rza Ulutürkün və başqalarının... Bunların barəsində indi danışmaq, indi yazmaq məncə heç yerinə düşməz. Çünki bu məqamda məni düşündürən başqa bir zindandı. O zindan ki...
Yadımdadı, hələ kəndimizdə uşaq yaşlarında özümdən, çəkimdən çox ağır nəyisə yerdən qaldırmaq istəyndə anam deyərdi ki, ay bala, belini gücə salma, görmürsən zindan kimidi. Onu qaldırmağa gücün çatmaz... Mən onda bu zindan sözünün orta məktəbdə ədəbiyyat müəllimimizin bizə izah etdiyi zindan həyatı ilə nə qədər yaxın olduğunun fərqinə varmamışdım. Böyüyəndə anladım fərqini. Və bunu anlamaq üçün yaşadığım kənd, onun özünəməxsus həyatı da köməyimə çatdı. Çünki kəndimizdə əksər kəndlərdə olduğu kimi, bir dəmirçixana da var idi. Adətən dəhrəmizi, baltamızı həmin dəmirçixanaya, həmin o dəmirçinin yanına aparardıq, o da onu alovda bişirib sonra böyük bir dəmir parçasının üstündə döyüb, bülövləyib bizə verərdi. Bizdən pul almazdı. Çünki sovet dönəmi idi, o dəmirçixana da kolxozun əmlakı sayılırdı və orda işləyən də, yəni dəmirçi də kolxozdan əmək haqqı alırdı. Ona müraciət edən hər kəsin işini görmək onun vəzifə borcu idi. Buna baxmayaraq, tay-tuşları, yaşlı adamlar o dəmirçinin həmişə "bığının altından" keçirdilər ki, onların işini keyfiyyətli görsün...
Hə, qulağıma zindan səsi gəldi. O səsin arxasında dayanan kişi başdan-başa sanki bütöv bir tunc idi, polad idi. Sifəti də, baxışları da elə bil o zindanın içində yoğrulmuşdu. Elə bil onun işlətdiyi körüyün alovunda bişmişdi. Bir az özümü toparladım. Çünki belə bir zəhm, belə bir cüssə, belə bir baxış görməmişdim... Mən ovuclarımla gözlərimi ovuşdururam. O baxışlar, o görkəm mənə çox doğma gəlir. Sanki hardansa tanıyıram... sanki nə vaxtsa təmasda olmuşam. Və ...
Başımı qaldırıb mənimlə üzbəüz oturmuş laçınlı balasına baxıram. Kirpiklərinin ucunda göz yaşı muncuqlanır. O göz yaşının parıltısı məni sanki xəyallardan ayırır. Həmkarım, qocaman jurnalist Vaqif Şükürov özünəməxsus səsiylə, bu səsin ahəngiylə aradakı sükutun pərdəsini qaldırır...
- Çox qəribə kişiydi Məhəmmədəli. Qapısına gələn, ona üz tutan heç kəsi əliboş geri qaytarmazdı. Bir dəfə də olsun onun zindanının "lal" qaldığının şahidi olmadım. Nə vaxtkı kəndə yolum düşürdü, o zindanın səsini eşidirdim. Xüsusilə köç vaxtı. Elat adamları dağa, arana gedəndə mütləq Məhəmmədəli kişiyə baş çəkirdilər. Kimi atın - ulağını nalladırdı, kimi dəhrəsini-baltasını bülövlədirdi, kimi də sadəcə köhnə dost kimi onunla həmsöhbət olub bir stəkan çayını içib, fikir bölüşürdü. Bu kişinin qapısı bir dəfə də olsun kiminsə üzünə bağlanmadı. Tanıyan-tanımayan ümid yeri bilirdi Məhəmmədəli kişini. Qolunun gücü, dizinin təpəri, ürəyinin hərarəti gördüyü işlə yanaşı, qarşıladığı, yola saldığı adamlar üçün də bir hədiyyə idi, bir uğur idi. Çünki bu adam heç vaxt üz-gözünü turşutmurdu. Onun aurası ancaq ruzi-bərəkət, sevinc, ümid ünvanı idi...
Hə, mən də dağa, arana gedən böyüklərimdən bu barədə eşitmişdim. Amma ağlıma gətirməmişdim ki, nə vaxtsa onun barəsində bu qədər ətraflı bir söhbətin dinləyicisi olacağam...
- Ailədə 12 uşaq idik. Əksəriyyətimiz də oğlan uşağı. Bircə dəfə də olsun nəyinsə ehtiyacını heç vaxt hiss etmədik. Çünki atam bizi zindan hesabına dolandırırdı. Bizim çörəyimiz zindandan çıxırdı. Xüsusilə atamın ən böyük önəm verdiyi Novruz bayramına bir çərşənbə qalmış, o, Ağdama, Şuşaya, Gəncəyə, eləcə də digər şəhərlərə gedib hamımıza bazarlıq eləyərdi. Biz bayram gününü mütləq təzə paltarda qarşılayardıq. Süfrəmizdə mütləq o bayrama aid nələrsə olurdu. Atam üçün Novruz bayramı ifadə edə bilməyəcəyim bir tarix idi. Bir növraq idi, bir sevinc idi. Yəni hələ də onun bu bayrama necə önəm verdiyini qiymətləndirməyi bacarmıram. Sanki Novruz bayramı atamın özünü də daxilən təzələyirdi. O bizim hamımızı oxutdu... o bizim hamımızın əlinə bir parça çörək verdi və o bizə halallığı öyrətdi. Bizim hamımız o zindanı tanıdıq, o zindana dəyən çəkicin ağırlığını qollarımızda, canımızda hiss etdik... bizim hamımız başqa yerlərdə olanda atamla bağlı düşən söhbətlərdə və yaxud Minkəndli olduğumuzu bilib dəmirçi Məmmədəlini soruşanda "oğluyam!" söyləyib necə xoş sözlər eşitdiyimizi yaddaşımıza, ömrümüzə, ürəyimizə yazdıq. Elə bu gün də atamın adını çəkəndə hamının ona necə ağızdolusu rəhmət oxuduğunu eşidirik, görürük və bundan qürur duyuruq. Ancaq məni bütünlüklə sevinməyə qoymayan bir məqam da var. O, atamın Laçın nisgili ilə dünyasını dəyişməsidi... O, atamın övladlarının bugünkü növrağını görə bilməməsidi. Və bir də o zindanı Bakıya gətirə bilməməyimdi. İndi o zindan da həsrət çəkir bizim kimi (bəllidi ki, milyonçu Hacı Zeynalabdin Tağıyev pinəçi atasının işlətdiyi bizi sonralar, milyonçu olan zaman evdə qapının üstündən asarmış ki, evə girəndə də, çıxanda da onu görsün və kim olduğunu unutmasın. Bəlkə həmsöhbətim də həmin zindanı o istəklə Bakıya gətirmək istəyib)...
Biz atamın zindanın çörəyini yeyirik. Atam bizim çörəyimizi yeyə bilmədi. Bax, məni ağrıdan da, mənim yuxularımın qonağı olan atamla hər görüşümün də ən nisgilli məqamı elə budu...
Bəli, laçınlı dostum Rza Minkənddən... Atasından - dəmirçi Məhəmmədəli kişidən danışır... O, kəndlərinin işğalından bir gün öncə evlərinə baş çəkdiyini, həyət-bacalarını son dəfə gəzib-dolaşdığını, orda baş verən son hadisələri və kənddən çıxmaq istəməyib öz evində ölməyi üstün tutub, sonda da öz həyətindəcə dəfn olunan ağsaqqalla bağlı söylədiklərini mən indi yaza bilmirəm. Çünki onun həmin o anını, o söhbət məqamını ancaq göstərməklə bütün içimi təqdim etmək mümkündü. Təəssüf ki, bu məqamda mən gücsüzəm, mən göstərə bilmirəm. Mən sadəcə yenə o anı yaşaya-yaşaya bu misraları pıçıldayıram.

İlahi, sakitcə yeriyib gedir
Dərədən o duman üzü yuxarı...
Tələsir, can atır, şıltaqlıq edir -
Tüstü də odundan üzü yuxarı...

Durmadan fırlanır vaxt kirkirəsi
Artır yaşadığım ömrün kirəsi...
Özü də, sözü də yerə girəsi -
Boylanır, adından üzü yuxarı!

Bəllidi doqquza, onda nə varsa
Adamı hey çəkir onda nə varsa...
Unudub getdiyin sonda nə varsa -
Silibdi yadından üzü yuxarı...

Canında danışan qan Qarabağın
Havası tükənən can Qarabağın!
Gözümdə sökülən dan Qarabağın -
Daşından, otundan üzü yuxarı.

Mənim nağılımın gerçək üzü var
O üzün görünən dağı, düzü var...
Hər yerdə hər kəsin bir cür sözü var -
Heç nə yoxdu Ondan üzü yuxarı.

P.S. Bu yazı bir ömür hekayəsi də sayıla bilər. Amma nə sayılacaq, necə sayılacaq deyə bilməsəm də, mənim nə saydığım özümə bəllidi.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK